Məhkəmə qərarları › İş №2(105)-2065/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2065/2021

08.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2065/2021 08.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı “xxxx” MMC BOKT-nın nümayəndəsi Verdiyev Siyavuş Səyyaf oğlunun iştirakı ilə, cavabdeh “xxxx” MMC-nin təsisçisi X1 iştirakı ilə,iddiaçı “xxxx” MMC BOKT-nin cavabdehlər “xxxx” MMC, Cavabdeh1 və Cavabdeh2 qarşı ipoteka hesabına borcun qaytarılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2(012)7261/2016 saylı qərardadından iddiaçı xxxx” MMC BOKT tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 05 avqust 2016-cı il tarixli, 2(012)7261/2016 saylı qərardadı ilə Kredit Agentliyi MMC BOKT-un cavabdehlər xxxx ınıraqı MMC-yə, Cavabdeh1, Cavabdeh2 qarşı ipoteka hesabına borcun qaytarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Abşeron Rayon Məhkəməsinin 12.08.2016-cı il tarixli, 2(012)-7261/2016 saylı qərardadı ilə iddiaçı xxxx MMC BOKT-un cavabdehlər “xxxx” ittifaqı MMC-yə, Cavabdeh1, Cavabdeh2 qarşı ipoteka hesabına borcun qaytarılması tələbinə dair mülki iş üzrə qəbul edilmiş Abşeron Rayon Məhkəməsinin 05.08.2015-ci il tarixli, 2(012)-1429/2015 saylı qərardadı ləğv edilmişdir. Abşeron Rayon Məhkəməsinin 05.10.2016-cı il tarixli, 2(012)-7261/2016 saylı qərardadı ilə iddiaçı xxxx MMC BOKT-un cavabdehlər xxxx MMC-yə, Cavabdeh1, Cavabdeh2 qarşı ipoteka hesabına borcun qaytarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Abşeron Rayon Məhkəməsinin 09.12.2020-ci il tarixli, 2(012)-7261/2016 saylı qərardadı ilə iddiaçı “xxxx" MMC-nin cavabdehlər “xxxx” MMC-yə, Cavabdeh1, Cavabdeh2 qarşı ipoteka hesabına borcun qaytarılması tələbinə dair Abşeron Rayon Məhkəməsinin 2(012)-7261/2016 saylı, 05.10.2016-cı il tarixli qərardadından iddiaçı “xxxx” MMC tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Abşeron Rayon Məhkəməsinin 15.01.2021-ci il tarixli, 2(012)-7261/2016 saylı qərardadı ilə iddiaçı “xxxx" MMC-nin cavabdehlər “xxxx” MMC-yə, Cavabdeh1, Cavabdeh2 qarşı ipoteka hesabına borcun qaytarılması tələbinə dair Abşeron Rayon Məhkəməsinin 2(012)-7261/2016 saylı, 05.10.2016-cı il tarixli qərardadından iddiaçı xxxx” MMC tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. İddiaçı “xxxx" MMC 05.10.2016-cı il tarixli qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 10.03.2021-ci il tarixli, 2(012)-7261/2016 saylı qərardadı ilə müddətin bərpasından imtina edilmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)- 7261/2016 saylı, 05.10.2016-cı il tarixli qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə iddiaçı “xxxx" MMC tərəfindən verilmiş ərizə geri qaytarılmışdır. Həmin qərardadddan iddiaçı “xxxx" MMC tərəfindən şikayət verilərək Abşeron Rayon Məhkəməsinin 10.03.2021-ci il tarixli, 2(012)-7261/2016 saylı qərardadının ləğv edilərək işə mahiyyəti üzrə baxılması xahiş edilmişdir. Abşeron Rayon Məhkəməsinin 16 aprel .2021-ci il tarixli, 2(012)-7261/2016 saylı qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı xxxx” MMC BOKT-nın nümayəndəsi Verdiyev Siyavuş Səyyaf oğlu şikayəti onunla əsaslandırdı ki, hazırki iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edilmişdir. Tələblə bağlı məhkəməyə ilkin müraciət hələ 2014-cü ildə olmuşdur, ancaq məlum olmayan səbəblərdən 2015-ci ilin fevral ayında yenidən iddia ərizəsi tələb olunmuşdur. Uzun sürən məhkəmə iclaslarından sonra iddiaçının iddiasının təmin olunduğu elan edilmişdir. Ancaq xeyli müddət keçməsinə baxmayaraq məhkəmə tərəfindən qəbul olunmuş qərar barədə iddiaçıya heç bir məlumat verilməmiş və nəhayət dəfələrlə müraciət edildikdən sonra şifahi şəkildə bildirilmişdir ki, iddia ərizəsi baxılmamış saxlanılmışdır. Ancaq baxılmamış saxlanılmanın səbəbi barədə heç bir məlumat verilməmişdir. Məlum olmuşdur ki, iş üzrə icraatın dayandırılması Abşeron Rayon Məhkəməsinin qəbul etdiyi 05.08.2016-cı il tarixli qərardadı ilə həyata keçirilmişdir. Məcburiyyət qarşısında qalaraq baxılmamış saxlanılmanın ləğvi üçün ərizə ilə məhkəməyə müraciət etməli olmuş, məhkəməyə təqdim edilmiş ərizə məhkəmədə bir dəfə itirildikdən sonra nəhayət, yeni müraciətlə iddia ərizəsinin baxılmamış saxlanıldığı 05.08.2015-ci il tarixli 2(012)-1429/2015 saylı qərardad 12.08.2016-cı il tarixli 2(012)-7261/2016 saylı qərardadla ləğv edilmişdir, işlə bağlı keçirilən məhkəmə iclaslarında iddiaçı “xxxx” MMC Bank olmayan Kredit Təşkilatının iddiasının təmin olunduğu elan edilmişdir. Ancaq dəfələrlə işə baxan hakimə müraciətlər edilsə də məhkəmənin qərarını əldə edilə bilməmişdir. Nəhayət, Abşeron Rayon Məhkəməsinə edilən müraciətə 11.11.2020-ci il tarixli 22/01644/20-1 saylı cavab məktubundan məlum olmuşdur ki, Abşeron Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi 05.10.2016-cı il tarixli, 2(012)-7261/2016 saylı qərardadla iddia ərizəsi yenidən baxılmamış saxlanılmışdır. Abşeron Rayon Məhkəməsində adı çəkilən iş üzrə keçirilən məhkəmə iclasının 05.10.2016-cı il tarixə təyin edilməsi barədə iddiaçının məlumatı olmamışdır. Odur ki, iddiaçı tərəfindən Abşeron Rayon Məhkəməsinin 05.10.2016-cı il tarixli, 2(012)-7261/2016 saylı qərardadının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması xahişi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 09.12.2020-ci il tarixli, 2(012)-7261/2016 saylı qərardadı ilə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.4.2-ci maddəsinə istinad olunaraq 20 manat məbləğində dövlət rüsumunun ödənilməli olduğu bildirilmişdir. Tələb olunun dövlət rüsumu ödənilmiş və ödəniş barədə mədaxil qəbzi əlavə olunaraq yenidən şikayətlə Abşeron Rayon Məhkəməsinin 05.10.2016-cı il tarixli, 2(012)- 7261/2016 saylı qərardadının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması xahişi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edilmişdir. Məhkəmənin 15.01.2021-ci il tarixli, 2(012)-7261/2016 saylı qərardadı ilə nəzərdə tutulmuş şikayət verilmə müddəti ötürüldüyündən şikayət geri qaytarılmışdır. Müddətin bərpası ilə bağlı verilən ərizə məhkəmənin 10.03.2021-ci il tarixli 2(012)-7261/2016 saylı qərardadı ilə təmin edilməmişdir. Məlum olduğu kimi, yayılmış Covid-19 pandemiyası ölkə iqtisadiyyatının bütün sahələrinə ciddi təsir edərək normal iş ahəngini pozmuşdur. Məlumat üçün bildirir ki, təşkilatın hüquq məsləhətçisi 12.11.2020-ci il tarixdə “Covid-19” virusuna yoluxmuş, tələb olunan qaydalara uyğun olaraq ciddi karantin şəraitində saxlanılmaqla işə davamiyyəti dayandırılmışdır. Yalnız 26.11.2020-ci il tarixdə (həftənin cümə axşamı) işdə hesab edilsə də təşkilatın müvafiq əmrinə əsasən infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi, eləcə də digər işçilərin həyatına risk yaradılmaması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarlarında nəzərdə tutulan məhdudiyyətlər çərçivəsində qısaldılmış iş erijiminə keçirilmiş, hüquq məsləhətçisinin yalnız 30.11.2020-ci il tarixdə iş fəaliyyətinə başlaması qərara alınmışdır. Adı çəkiləm pandemiyanın təsiri məlum olduğu kimi məhkəmələrin fəaliyyətindən də yan keçməmişdir. Bununla da cüzi müddət, yəni bir gün gecikmə olmuşdur. Odur ki, şikayətin təmin edilərək Abşeron Rayon Məhkəməsinin 10.03.2021-ci il tarixli, 2(012)-7261/2016 saylı qərardadının ləğv edilərək işə mahiyyəti üzrə baxılması xahiş edir. Məhkəmə kollegiaysının iclasında cavabdeh “xxxx” MMC-nin təsisçisi X2 şikayətin dəlillərinə etiraz edərəkşikayətin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin 10.03.2021-ci il tarixli, 2(012)-7261/2016 saylı qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş edir. İş üzrə cavabdehlər X3 və Cavabdeh2 teleqramla məhkəmə müraciət edərək məhkəmə qərardadının qanuni və əsaslı olması təbəbindən şikayətin təmin edilməməsini, məhkəmənin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apelyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 10.03.2021-ci il tarixli, 2(012)-7261/2016 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki iş materiallarından müəyyən edilir ki, məhkəmə iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardadın 2016-cı il tarixdə qəbul edilməsini, həmin tarixdən 5 ilə yaxın müddət keçməsinə baxmayaraq iddiaçının hazırki iddia müddətinin bərpa edilməsi ilə bağlı ərizə ilə müraciət etməsini, eyni zamanda buraxılmışmüddətin keçməsini “covid-19 “pandemiyası ilə əlaqədar məhdud iş rejimi ilə əlaqələndirməsini, işin baxılmasından 5 ilə yaxın müddətdə iddiaçı tərəfin işin nəticəsi ilə maraqlanmamasını müəyyən edərək müddətin bərpasına dair ərizəni təmin etməmiş, gəldiyi nəticəni də Mülki Prosessual Məcəllənin 268, 133.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni işin hallarına və tətbiq edilən hüquq normalarına uyğun hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Həmin Məcəllənin 268.2-ci maddəsinə əsasən qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Həmin Məcəllənin 128.2-128.3-ci maddələrinə görə prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Həmin Məcəllənin 129-cu maddəsinə görə illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Həmin Məcəllənin 130-cu maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi apellyasiya şikayətini qaytarır. Məhkəmə kollegiyası qeyd olunan qanunvericilik normalarından çıxış edərək və iş materiallarının araşdırılmasına əsasən belə nəticəyə gəlir ki, məhkəmə qərardadı 05.10.2016-cı il tarixdə qəbul edilmiş, həmin qərardaddan iddiaçı tərəfindən 07.12.2020-ci il tarixdə şikayət verilmişdir. Həmin şikayət məhkəmənin 09.12.2020-ci il tarixli qərardadı ilə geri qaytarılmış, bundan sonra iddiaçı təçkilat təkrar şikayət ərizəsi ilə 13.01.2021-ci il tarixdə müraciət etmiş, şikayət məhkəmənin 15.01.2021-ci il tarixli qərardadı ilə geri qaytarılmış, bundan sonra iddiaçı təşkilat 17.02.2021-ci il tarixdə prosessual müddətin bərpasına dair ərizə ilə müraicət etmişdir. Bununla da prosessual müddəti ötürmüş və müddəti üzrlü səbəbdən ötürməsi barədə də heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 133-cü maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edirsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Qanunvericiliyin tələbinə görə müddətin buraxılmasının səbəbi üzürlü hesab edilərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddət bərpa oluna bilər. Eyni zamanda iddiaçı təşkilat qətnamədən apelyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasını xahiş edərkən məhkəmənin gəldiyi nəticədən məlumatlı olmamaları, bu barədə məhkəmənin 11.11.2020-ci il tarixli məktubu ilə məlumat almalarını, bundan sonra covid-19 pandemiyasına əsasən iş rejiminin məhdud olması, təşkilatın hüquq məsləhətçisinin 30.11.2020-ci il tarixdə iş fəaliyyətinə başlamasını, bundan sonra qərardaddan şikayət verilməsini bildirsə də, məhkəmə kollegiyası qeyd edilən dəlilləri əsaslı saymır. İlk olaraq məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı təşkilatın məhkəməyə verdiyi iddia ərizəsinin gedişatından məlumatlı olmaması barədə dəlilini əsaslı saymır. Belə ki, iddia ərizəsi təqdim etmiş təşkilatın iddia ərizəsinin gedişatı, nəticəsi ilə 5 il müddətinə maraqlanmaması, ondan məlumatının olmaması ağlabatan deyildir. Eyni zamanda ölkə ərazisində yayılmış covid-19 pandemiyasına görə iş rejimində məhdudiyyətlər olsa da, poçt xidmətləri fasiləsiz fəaliyyətdə olmuşdur ki, iddiaçı təşkilat işin nəticəsində 11.11.2020-ci il tarixdə məlumatlı olduqdan sonra da 10 gün müddətinə poçt vasitəsi ilə şikayət ərizəsini məhkəməyə göndərə bilərdi, xəstə olması səbəbindən müddətin ötürülməsini bildirsə də, buna dair hər hansı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası əlavə olaraq onu da qeyd edir ki, işdə iştirak edən şəxs qanunla müəyyən edilmiş müddəti üzrlü səbəbdən buraxmasını bildirirsə, belə olan halda, müddətin buraxılmasına səbəb olmuş halların üzrlü olmasını sübut etmək vəzifəsi də həmin şəxsin üzərinə düşür. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçı təşkilatın ərizədə göstərdiyi dəlillər onun qətnamədən apelyasiya şikayəti verməsi müddətini üzrlü səbəbdən buraxmasını təsdiq etmir və şikayətin təmin edilməsi üçün əsas deyil. Məhkəmə kollegiyası şikayəti təmin etməyərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna da istinad edir. “C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 iyun 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Hüquqi müəyyənlik prinsipi hüquqi tənzimləmənin sabitliyini nəzərdə tutur; hüquqi münasibətlərin iştirakçıları ağlabatan müddət çərçivəsində öz hərəkətlərinin nəticələrini əvvəlcədən görmək və öz rəsmi statuslarının, əldə olunmuş hüquq və vəzifələrinin dəyişilməz olduğuna əmin olmaq imkanına malik olmalıdırlar. Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Burada əsas amil ondan ibarətdir ki, tərəflərdən heç biri həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədilə qüvvəyə minmiş yekun məhkəmə qərarının yenidən baxılmasını tələb edə bilməz. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və ya dəyişdirilməsi üçün əsaslar konstitusiya əhəmiyyətli məqsədlərə cavab verməli və mütənasiblik prinsipinə uyğun olaraq məhkəmə qərarının ədalətliliyini, stabilliyini və tarazlığını pozmamalıdır. Konstitusiya Məhkəməsinin adı çəkilən Qərarda hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyuziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. «Kudrina Rusiyaya qarşı» iş üzrə 21 iyun 2007-ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, Kovensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə təmin edilən məhkəmə araşdırması hüququ hüququn aliliyi prinsipininin Razılığa gələn Dövlətlərin ümumi irsinin hissəsi kimi tanınmasına dair Kovensiyanın Preambulasına uyğun təfsir olunmalıdır. Hüququn aliliyinin əsas aspektlərindən biri də hüquqi müəyyənlik prinsipidir ki, sair şərtlərdən başqa məhkəmələrin qəti qərarlarının mübahisələndirilə bilinməməyini tələb edir. Sözü gedən prinsipə görə tərəflərin yalnız işə yenidən baxılması və yeni qərar çıxarılması məqsədli ilə məhkəmə qərarına yenidən baxılması hüququ yoxdur. Yalınz iş üzrə iki mövqeyin mövcudluğu işə yenidən baxılması üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2(012)7261/2016 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Abşeron Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2(012)7261/2016 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. İddiaçı “xxxx” MMC BOKT tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar