Məhkəmə qərarları › İş №2(105)-2069/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2069/2021

23.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2069/2021 23.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1, iddiaçı Cavadov İlqar Məsud oğlu, cavabdeh Cavadova Banuçıçək Cahıd qızının iştirakı ilə Şuşa Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(077)-109/2021 saylı qətnaməsindən İddiaçı verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Şuşa Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(077)-109/2021 saylı qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) iddiaçı Cavadov İlqar Məsud oğlunun cavabdeh Cavadova Banuçıçək Cahıd qızına qarşı təyin edilmiş alimentin miqdarının azaldılması tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verib, Şuşa Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(077)-109/2021 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavadov İlqar Məsud oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 13 noyabr 2013-cü il tarixdə nikaha daxil olmuş və birgə nikahlarından 25 noyabr 2014-cü il təvəllüdlü Hüseyn adlı bir nəfər uşaqları doğulmuşdur. Cavabdehlə münasibətləri pozulduğundan aralarındakı nikah qeydi pozulmuş və birgə nikahdan olan azyaşlı Hüseyn anasının himayəsində saxlanılmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 fevral 2015-ci il tarixli, 2(007)- 1009/2015 saylı qətnaməsi ilə onun aylıq qazancının ¼ hissəsi miqdarında və əlavə olaraq sabit aliment qismində 108 manat məbləğində alimentin Cavabdeh xeyrinə tutulması müəyyən olunmuşdur. Həmin qətnamədən apelyasiya şikayəti vermiş və Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 iyul 2015-ci il tarixli, 2(103)-3990/2015 saylı qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilib, hər ay onun aylıq qazancının ¼ hissəsi miqdarında və əlavə olaraq sabit pul məbləğində 50 manat alimentin tutulması qət edilmişdir.Qətnamə çıxarılan vaxtdan hazırkı vaxtdadək o X6 kimi fəaliyyət göstərən Bakı şəhəri Təcili və X3 Stansiyasında işləyir və 2015-ci il tarixdə onun aylıq qazancı 310 manat təşkil edirdi. Buna görə də,məhkəmə aylıq qazancının uşağın saxlanması üçün yeterli olmadığından həmin məbləği 108 manata çatdırmaq üçün ondan əlavə olaraq 50 manat məbləğində aliment tutulmasını müəyyən olunmuşdur. Hazırda onun orta aylıq əmək haqqı 1800-2100 manat təşkil edir və uşağın saxlanması üçün ödədiyi məbləğ Azərbaycan Respublikasında 2021-ci il üçün uşaqlara təyin olunan yaşayış minimumu məbləğindən 2 dəfə çoxdur. Ona görə də, Cavabdeh ilə birgə nikahdan olan 25 noyabr 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin olunmuş əlavə 50 manat sabit pul məbləğində alimentin azaldılaraq hər ay əmək haqqının ¼ hissəsinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şuşa Rayon Məhkəməsi 11 mart 2021-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinin və Azərbaycan Respublikası MPM-nin 14, 77, 88, 217, 218-ci maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün huquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materaillarında olan Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 05.11.2016-cı il tarixli, AZ-T № 011846 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və Cavabdeh birgə nikahından 25 noyabr 2014-cü il təvəllüdlü X4 doğulmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 fevral 2015-ci il tarixli, 2(007)-1009/2015 saylı qətnaməsi ilə 25 noyabr 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 23 yanvar 2015-ci il tarixdən başlayaraq hər ay İddiaçı aylıq qazancının ¼ hissəsi miqdarında və əlavə olaraq sabit aliment qismində 108 manat məbləğində pul tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 iyul 2015-ci il tarixli, 2(103)- 3990/2015 saylı qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti qismən təmin edilib, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 fevral 2015-ci il tarixli, 2(007)-1009/2015 saylı qətnaməsi dəyişdirilərək 25 noyabr 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 23 yanvar 2015-ci il tarixdən başlayaraq hər ay İddiaçı aylıq qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında və əlavə olaraq sabit pul məbləğində 50 manat aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Bakı şəhər Təcili və X3 Stansiyası” X6in 24.12.2020-ci il tarixli 1028 saylı məktubundan görünür ki, İddiaçı Bakı şəhər Təcili və X3 Stansiyasının 15 saylı bölməsində işləyir və onun əmək haqqından Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin 10.10.2016-cı il tarixli 17/71-21-17764 nömrəli icra sənədinə əsasən bügünə qədər aliment tutulur. İddiaçı 01.01.2020-ci ildən - 31.12.2020-ci ilədək əmək haqqı barədə arayışından görünür ki, İddiaçı 2020-ci il ərzində cəmi 3928,22 manat məbləğində aliment ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbryə etmək valideyinlərin borcudur. Konstıtusiyanın 34-cü maddəsinin İV-cü bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin etdirilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1 və 78.2-ci maddələrinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəmdəyişən olarsa, ya da qazancı (gəliri) natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edildikdən sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 17-ci bəndinin mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideyinləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideyinlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideyinlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarından görünür ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Göründüyü kimi istinad olunan qanunvericilik aktlarının əsas istiqaməti ona yönəlmişdir ki, heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla, yetkinlik yaşına çatmayan uşaqların mənafeyi, normal qida rasionlarına uyğun şəkildə qidalanması, fiziki cəhətdən inkişafı, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutulmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olur ki, Bakı Apelyasiya Məhkəməsinin 06 iyul 2015-ci il tarixli, 2(103)-3990/2015 saylı qətnaməsi ilə 25 noyabr 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 23 yanvar 2015-ci il tarixdən başlayaraq hər ay İddiaçı aylıq qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında və əlavə olaraq sabit pul məbləğində 50 manat aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir.Lakin hazırda İddiaçı aylıq əmək haqqının 1800-2100 manat təşkil etdiyini və uşağın saxlanması üçün ödədiyi məbləğ Azərbaycan Respublikasında 2021-ci il üçün uşaqlara təyin olunan yaşayış minimumu məbləğindən 2 dəfə çox olduğunu,ona görə də,hər ay ondan tutulan əlavə 50 manat sabit pul məbləğində alimentin azaldılmasını xahiş etmişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisənin hazırki qaydada həlli tərəflərə, xüsusən də uşağa münasibətdə ədalətli və ağlabatandır. İddiaçı apelyasiya şikayətinin dəlillərini təsdiq edən və birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsinə dair heç bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutlarla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən və apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də apelyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə tələb 25 noyabr 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin olunmuş əlavə 50 manat sabit pul məbləğində alimentin ödənilməsindən azad edilməsindən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Belə olan halda ödənilməsi müəyyən edilmiş əlavə 50 manat alimentin məbləği bir il ərzində məcmu ilə (50 X 12 ay) 600 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı verdiyi apelyasiya şikayəti təmin edilməsin. Şuşa Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(077)-109/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar