Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2075/2022 30.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: yaşayış sahəsinə köçürülmə) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Quliyev Telman Osman oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, məhkəmə katibi X3, İddiaçı iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, 2(012)- 2557/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edib, onun və övladı X9 ilə birlikdə Cavabdeh məxsus Abşeron rayonu, Masazır kəndi, X22 küçəsi, döngə 4, ev 13 ünvanına köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 13 fevral 2015-ci il tarixdə rəsmi nikaha daxil olmuş və birgə nikahlarından xx.xx.2016-cı il tarixdə Nərgiz adlı bir nəfər uşaqları doğulmuşdur. Ailə kimi yaşadıqları 2020-2022-ci illərdə cavabdehlə münasibətlərində gərginlik yaranmış, faktiki olaraq ayrılmışlar. Abşeron Rayon Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli, 2(012)276/2022 nömrəli qətnaməsi ilə aralarında olan nikah pozulmuş, övladı X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün onun xeyrinə alimentin tutulması qət edilmişdir. O, cavabdehlə birlikdə Abşeron rayonu, Masazır kəndi, X22 küçəsi, döngə 4, ev 13-də yaşamışlar və qızı ilə həmin ünvanda qeydiyyatdadırlar. Hazırda yetkinlik yaşına çatmamış övladı ilə birlikdə Bərdə şəhərində müvəqqəti kirayədə yaşayırlar. Yaşadığı kirayə mənzilin kirayə haqlarını vaxtlı-vaxtında ödəyə bilmir. Cavabdeh isə onları mübahisəli evə buraxmır. Hüquqları kobud surətdə pozulduğu üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
3. Cavabdehin iddia ərizəsinə qarşı yazılı etirazı daxil olmuşdur.
4. Yazılı etirazda qeyd olunur ki, İddiaçı iddia ərizəsində qeyd etdikləri və iddia tələbi əsassızdır. Belə ki, iddiaçı xx xxxxxx 1983-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, doğulduğu vaxtdan 27 avqust 2020-ci il tarixə qədər Bərdə şəhəri, X19 küçəsi, ev 8 ünvanında qeydiyyatda olmaqla bu günə qədər faktiki olaraq həmin ünvanda yaşayır. 27 avqust 2020-ci il tarixdə Bərdə “Asan xidmət” mərkəzində onun razılığı əsasında Abşeron rayonu, Masazır kəndi, X22 küçəsi, döngə 4, ev 13 ünvanına qeydiyyata düşmüşdür. Lakin, qeydiyyat yeri dəyişməsinə baxmayaraq ünvan 5 ünvanında faktiki olaraq yaşamağa davam etmişdir. İddiaçı 2008-ci il tarixdən Bərdə şəhəri akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseyin, eyni zamanda Bərdə rayonunda fəaliyyət göstərən məcburi köçkünlər üçün nəzərdə tutulan Ağdam rayon Təhsil şöbəsinin orta ümumtəhsil məktəblərinin birində ingilis dili müəllimi vəzifəsində çalışmışdır. Bununla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial X20 hüquqi şəxsinə, Bərdə rayon Təhsil Şöbəsinə və Ağdam rayon Təhsil şöbəsinə iddiaçının əmək fəaliyyəti və gəlirləri barədə müvafiq sorğu edilsə, onun iddiasının əsassız olduğu sübuta yetirirlər. İddiaçı ilə birgə nikahları dövründə hər hansı daşınmaz əmlak alınmamışdır. Abşeron rayonu, Masazır kəndi, X22 küçəsi, döngə 4, ev 13 ünvanında yerləşən fərdi yaşayış evinin torpaq sahəsi 13 noyabr 2008-ci il tarixdə ******* AN-1 №-li Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi əsasında onun tərəfindən satın alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon idarəsində onun adına mülkiyyət hüquq sahibi olaraq **********39 reyestr nömrəsi ilə 01 dekabr 2008-ci il tarixdə qeydiyyata alınmışdır. Həmin torpaq sahəsində fərdi evin tikintisi 2011-ci il tarixdə başa çatmış və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MA ******* nömrəli çıxarış alınmışdır. 02 avqust 2011-ci il tarixli, ********* qeydiyyat nömrəsi ilə Cavabdeh tam mülkiyyət sahibi olaraq tanınmışdır. İddiaçı ilə 13 fevral 2015-ci il tarixdə Bərdə rayon qeydiyyat şöbəsində nikaha daxil olmuş və həmin tarixdə ünvan 7 ünvanında qeydiyyatda olmuşdur. Toy məclisi 28 fevral 2015-ci il tarixdə Gəncə şəhəri “Dan Ulduzu” şadlıq sarayında olmuş və iddiaçı ünvan 7 ünvanına gəlin köçmüşdür. Həmin ev ata evi olmaqla onun mülkiyyətində olmamışdır. O, 03 dekabr 2015-ci il tarixdə Abşeron rayonu, Masazır kəndi, X22 küç, döngə 4, ev 13 ünvanına qeydiyyata düşmüşdür. İddiaçı ilə birgə nikah dövründə heç bir mülkiyyət əldə etməmişlər. İddiaçı əmək fəaliyyəti müddətində əmək haqqını və gəlirlərini özü istifadə etmişdir. 2016-cı ildən münaqişəli ailə həyatı yaşamışlar. Ailə həyatı qurduqdan sonra onun ata və anasına bağlı yaşamaq istəyi ailə münaqişələrinin əsası olmuşdur. Ata və anasının tək yaşaması, qardaşları X10 və X2 Rusiya Federasiyası vətəndaşı olması və həmin ölkədə yaşaması, onun ata-anası ilə birgə yaşamaq zərurətini yaratmışdır. O, ailə münasibətini qorumaq və onun övladlıq borcunu yerinə yetirməsinə şərait yaratmaq üçün qulluq keçdiyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyindən iş yerinin həmin regiona dəyişdirilməsini xahiş etmiş, 24 aprel 2017-ci il tarixdən Nazirlik yanında X14 Xidməti yanında 8 saylı region üzrə X8 rəis vəzifəsinə keçirilmişdir. İş yeri Yevlax rayonu Mərkəz olmaqla Mingəçevir-Naftalan şəhərlərini və Yevlax-Goranboy rayonlarını əhatə edirdi. 24 aprel 2017-ci il tarixdən Abşeron rayonu, Masazır kəndi, X22 küç, döngə 4, ev 13 ünvanına İddiaçı heç vaxt yaşamamışdır. 2017-ci ildən Mingəçevir, Yevlax və Bərdə rayonlarında kirayə və ya şəxsi münasibəti olan tanışlara aid mənzillərdə tək başına yaşamışdır. Onun İddiaçı ilə həmin illər ərzində heç vaxt birgə yaşamadığını sübut edə bilər. Bununla bağlı çox sayda şahid təqdim edə bilər. Bərdə rayonunda, Mingəçevir şəhərində dəfələrlə mənzil kirayəyə götürsə də, İddiaçı bir həftədən artıq həmin mənzillərdə ailə olaraq birgə yaşamaqdan imtina etmişdir. Xüsusiyyətlərinin bir-birinə tamamilə zidd olduğuna görə heç bir halda münasibətini bərpa etmək mümkün olmamışdır. O, həmişə barəsində ictimaiyyət arasında onu nüfuzdan salmağa yönəlmiş hərəkətlər etmişdir. Tanıdığı insanlara onun barəsində əsilsiz ittihamlar irəli sürmüş, onun şəxsiyyətini və ləyaqətini aşağı salan hərəkətlərə yol vermişdir. Bütün bu münaqişələr 30 iyun 2020-ci il tarixdə işdən çıxarılmağı ilə nəticələnmişdir. O, ailə münasibətində olduqları müddətdə bütün gəlirlərini valideyinlərinə vermişdir. 2020-ci ildə İddiaçı “Kabital Bank” **********30029 nömrəli hesabı sorğulansa həmin hesaba aid vəsaitlərin hansı ərazidən, hansı kartla, hansı bankomat terminalından və kim tərəfindən çıxarılması sorğulansa bütün həqiqətlər ortaya çıxar. Ümumilikdə Bərdə Təhsil şöbəsindən və müvafiq bankdan sorğulansa həmin vəsaitlərin hansı tarixlərdə və kimlər tərəfindən nəğdləşdirildiyi ortaya çıxar. İddiaçı iddia ərizəsində qeyd edir ki, o guya kirayədə yaşayır və kirayə pulunu ödəməkdə çətinlik çəkir. Təqdim etdiyi sənəddə kirayə məbləği 50 manat göstərilir. O, onlarla şahid göstərə bilər ki, İddiaçı ünvan 10 ünvanında ata evində yaşayır və onun maddi durumu qənaətbəxşdir. O, eyni zamanda repititorluq ilə məşğuldur və hər il 50-dən çox şagirdə ödənişli əsaslarla ingilis dili fənni üzrə hazırlıq keçir. Ümumiyyətlə Bərdə şəhərində doğulan, orada yaşayan və işləyən bir şəxsin ailə münasibətində olduğu müddətdə yaşamaqdan imtina etdiyi fərdi yaşayış evinə köçürülməsini tələb etməsi məqsədlidir və onun mülkiyyət hüququnu əsassız olaraq məhdudlaşdırmaq məqsədi daşıyır. İddiaçı Abşeron rayonundan Bərdə rayonuna işə gedib-gəlməsi reallığa uyğun gəlmir. Ümumiyyətlə İddiaçı həmin evə qeydiyyata düşdüyü tarixdən sonra həmin ünvanda faktiki olaraq yaşamamışdır. Qeydiyyatda olmaq istifadə hüququna əsas vermir. Abşeron Rayon Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli, 2(012)-276/2022 nömrəli qətnaməsi ilə nikaha xitam verilmiş və qətnamə 13 mart 2022-ci il tarixdə qüvvəyə minmişdir. Bu tarixə qədər o, ailə üzvü olaraq mülkiyyətində olan əmlakdan istifadə hüququna sahib olmuşdur. Nikahın pozulması ilə onun ailə üzvü statusu ortadan qalxmışdır. Buna görə də, o əsasız ittihamlarla keçmiş ailə üzvü kimi istifadə hüququ əldə edərək mülkiyyət hüquqlarımı məhdudlaşdırmaq, bundan təzyiq vasitəsi kimi istifadə edərək mənimlə şəxsi intriqalarını davam etdirmək və mənə qarşı təxribatlara əl atmaq məqsədi güdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarında yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələləri əhatə olunmuşdur. Həmin qərara əsasən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə isə yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Göründüyü kimi, Mülki Məcəllənin 228.5-ci maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra da onun (yaşayış sahəsinin mülkiyyətçisinin) keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ nəzərdə tutulduğu halda, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun olmaması aydın şəkildə müəyyən olunmuşdur. İddiaçı sonradan əldə etdiyi saxta kirayə müqaviləsi ilə və yanıldıcı məlumatlarla məhkəmədə qənaət yaratmağa çalışmışdır. Həm nikahın pozulmasına dair məhkəmə bildirişləri, həm həmin iş üzrə İddiaçı məhkəməyə ünvanlandığı teleqramlar, həm hazırkı baxılan iş üzrə iddiaçının Bərdə şəhəri, X19 küçəsini faktiki yaşayış ünvanı olaraq göstərməsi iddianın əsassız olduğunu ortaya qoyur.
5. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MA, ******* nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndi, X22 küç, döngə 4, ev 13 ünvanı xx.xx.2011-ci il tarixdə ********** qeydiyyat nömrəsi, **********939-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır.
6. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X11 arasında xx.xx.2015-ci il tarixdə Bərdə rayon Qeydiyyat Şöbəsində nikah bağlanmış, X5 Mövlayeva soyadı verilmişdir.
7. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2016-cı il tarixdə Bakı şəhəri, Səbail rayonunda andan olmuş, atası Cavabdeh, anası İddiaçıdır.
8. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci i tarixli, ******* №-li arayışdan görünür ki, İddiaçı Abşeron rayonu, Masazır kəndi, X22 küç, döngə 4, ev 13 ünvanında xx.xx.2020-ci il tarixdən qeydiyyatdadır.
9. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-276/2022 nömrəli qətnaməsi ilə Cavabdeh və İddiaçı arasında xx.xx.2015-ci il tarixdə Bərdə rayon qeydiyyat Şöbəsində bağlanmış 70 nömrəli akt qeydli nikahın pozulması, tərəflənn birgə nikahlarından anadan olmuş xx.xx.2016-cı il təvəllüdlü X4 anası İddiaçı yanında saxlanılması, Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay 180 (yuz səksən) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması, alimentin tutulması hissəsində qətnamənin dərhal icra edilməsi qət edilmişdir.
10. 22.02.2022-ci il tarixli mənzilləri, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsindən görünür ki, X1 Aişə Firdovsi qızına Bərdə şəhəri, X23 küçəsi, ev 34 ünvanında yerləşən fərdi yaşayış evini kirayəyə vermiş və kirayə haqqı 50 manat təşkil edir.
11. Abşeron Rayon Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, 2(012)- 2557/2022 nömrəli qətnaməsi ilə (hakim Cəmilə Səfiyeva) İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddiası təmin ediləmiş və iş üzrə ödənilmiş 50 (əlli) manat dövlət rüsumu xərcinin İddiaçı aid edilməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi iddia ərizəsinin təmin edilməməsi nəticəsinə gələrkən hesab etmişdir ki, qanuna əsasən ailə münasibətlərinə xitam verildikdə keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanılmır. Qanunun qeyd edilən norması əsas tutulmalı tərəflər arasında ailə münasiblərinə xitam verildiyindən iddiaçının yaşayış yerindən istifadə hüququ tanınmamalıdır. Qeyd edildiyi kimi qanunvericilik iddiaçı tərəfin keçmiş ailə üzvləri ilə birlikdə yaşadığı mənzilə istifadə hüququnu tanımır. Lakin istifadə hüququ müəyyən müddətə saxlanıla bilər. İş materiallarından göründüyü kimi iddiaçının daimi yaşayaış yeri Bərdə şəhəri olmuş, həmin şəhərdə yaşamış, işləmiş və hazırda da orada işləyir. Bu əsas da müəyyən müddətə, yəni bir-iki il müddətinə iddiaçının mübahisəli evdə istifadə hüququnun saxlanması onun mənzillə bağlı ehtiyacının təmin edilməsi kimi qiymətləndirilə bilməz, bu hal əsassız olaraq mülkiyyətçinin hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxara bilər.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.4, 228.5-ci maddələri, Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4-cü maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3, 217.4-cü maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
14. İddiaçı apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, 2(012)- 2557/2022 nömrəli qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Şikayətin dəlilləri:
15. Ailə qurduğu müddətdən Abşeron rayonu, Masazır kəndi, X22 küçəsi, döngə 4, ev 13-də yaşamış və qızı ilə həmin ünvanda hal-hazırda qeydiyyatdadırlar. Ona məxsus cehiz əşyaları da həmin evdədir. Hazırda yetkinlik yaşına çatmamış övladı ilə birlikdə Bərdə şəhərində müvəqqəti kirayədə yaşayır. Övladının təhsili ilə əlaqədar Bakı şəhərində yaşamaq məcburiyyətindədir. Cavabdeh isə onları evə buraxmır. Hüquqları kobud surətdə pozulmuş, Cavabdeh yaşadığı, Abşeron rayonu, Masazır kəndi, X22 küçəsi, döngə 4-də yerləşən 13 saylı evə, yəni birgə nikah dövründə gəlin köçdüyü fərdi yaşayış evinə övladı ilə birlikdə köçürülməyinə ehtiyacı vardır.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
16. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur.
17. Etirazda iddia ərizəsi ilə anoloji məzmun daşımış və apellyasiya şikayətinin təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasına yönəlmişdir.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
18. İddiaçı apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi.
19. Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edib, təmin olunmamasını xahiş etdi.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
20. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
21. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
22. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
23. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
24. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
25. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
26. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
27. Maddə 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar.
28. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Mülki Prosessual Məcəllə
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
33. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
34. Maddə 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır.
Apellyasiya baxışının hədləri
35. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
37. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında ifadə olunmuş mövqeyinə görə vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Yaşayış sahəsindən istifadə müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2013-cü il tarixli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarları və s.)
38. Mövcud qanunvericiliyə əsasən ailə münasibətlərinə xitam verildikdə keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanılmır. Məhkəmə hesab edir ki, qanunun qeyd edilən norması əsas tutulmalı tərəflər arasında ailə münasiblərinə xitam verildiyindən iddiaçının yaşayış yerindən istifadə hüququ tanınmamalıdır. Qeyd edildiyi kimi qanunvericilik iddiaçı tərəfin keçmiş ailə üzvləri ilə birlikdə yaşadığı mənzilə istifadə hüququnu tanımır. Lakin istifadə hüququ müəyyən müddətə saxlanıla bilər.
39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair» 22 yanvar 2015-ci il tarixli qərardadında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, «yaşayış sahəsi mülkiyyətçisinin keçmiş ailə üzvünə qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və çıxarılması ilə əlaqədar iddia ərizəsinə baxılarkən cavabdehin iddianın təmin olunmasına etirazı zamanı məhkəmələr Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəalarından çıxış edərək, mübahisəli münasibətlərin tərəflərinin maraqlarının ədalətli tarazlığını təmin etmək məqsədi ilə keçmiş ailə üzvünün onun tərəfindən qarşılıqlı iddianın verilməsindən asılı olmayaraq yaşayış sahəsindən müəyyən müddətə istifadə etmək hüququnun saxlanılması məsələsini həll etməlidirlər».
40. Konstitusiya Məhkəməsi daha sonra bildirmişdir ki, «mülkiyyətçinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətinin (davamlılığının) müəyyənləşdirilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxaraq, Mənzil Məcəlləsi hər bir halda müvafiq yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanılması üçün həqiqətən də əsasların olub-olmamasının yoxlanılmasının vacibliyini nəzərdə tutur, həmin şəxslərin istifadədə olan yaşayış sahəsindən çıxarılması isə yalnız işin hüquqi əhəmiyyət kəsb edən bütün hallarının məhkəmə tərəfindən yoxlanılmasından sonra mümkündür».
41. İş materiallarından göründüyü kimi iddiaçının daimi yaşayaış yeri Bərdə şəhəri olmuş , həmin şəhərdə yaşamış, işləmiş və hazırda da orada işləyir.
42. Birinci instansiyası məhkəməsi bu əsasla hesab etmişdir ki, müəyyən müddətə yəni bir-iki il müddətinə iddiaçının mübahisəli evdə istifadə hüququnun saxlanması onun mənzillə bağlı ehtiyacının təmin edilməsi kimi qiymətləndirilə bilməz, bu hal əsassız olaraq mülkiyyətçinin hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxara bilər.
43. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
44. Apellyasiya şikayətinin dəlillərinə birinci instansiya məhkəməsi tərəfindən tam qiymət verilib.
45. İddiaçı birinci instansiya məhkəməsin qətnaməsinin ləğv edilməsi hallarına dair dəlillərini təsdiq edən başqa bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir.
46. Göründüyü kimi, birinci instansiyası məhkəməsi işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Çünki tətbiq edilən maddi hüquq normalarının dispozitiv şərtləri işin müəyyən edilmiş hallarına uyğun olaraq iddianın təmin edilməsini istisna edir.
47. Birinci instansiyası məhkəməsi sübutları Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.
48. Bu baxımdan, birinci instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsi barədə şikayətin dəlilləri əsassızdır.
49. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 405.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı verdiyi apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, 2(012)- 2557/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.