Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-208/2025 13.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Quba rayon Tüləkəran Bələdiyyəsinə qarşı mülki iş üzrə (Açar sözlər: əmək münasibətlərindən əmələ gələn əmək haqqı tələbi, sübutetmə yükü) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X3 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Quba rayon Tüləkəran Bələdiyyəsinə qarşı əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-2240/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları
1. İş materiallarına əlavə olunmuş əmrlərin qeydiyyatı kitabından görünür ki, Quba Rayon Tüləkəran Bələdiyyəsinin 01 yanvar 2019-cu il tarixli əmrinə əsasən İddiaçı 01 yanvar 2019-cu il tarixdən Quba rayonu, Tüləkəran bələdiyyəsində kargüzar vəzifəsinə qəbul edilmiş, əmək haqqı 150 manat hesablanmışdır
2. 01.09.219-cu il tarixli əmrinə əsasən İddiaçı əmək haqqları prezidentin fərmanına əsasən 250 manat civarında hesablanmalıdır.
3. X2 Verilməsi ilə X4 Bildirişindən görünür ki, Quba rayon Tüləkəran Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2.b, əmək müqaviləsinin müddətinin qurtarması əsasına görə xx.xx.2020-ci il tarixdən xitam verilmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, 01 yanvar 2019-cu il tarixdən işlədiyi dövr üzrə onun əmək haqqlarının tam hissəsi birdəfəlik şəkildə, Quba rayonu, Tüləkəran bələdiyyəsindən alınaraq ona ödənilməsi, tərəfindən İMS üçün ödənilmiş 50 manat məbləğində pul vəsaitinin və kargüzarlıq üçün ödənilmiş 10 manat məbləğində pul vəsaitinin əvəzi olaraq ümumilikdə 60 manat məbləğində pul vəsaitinin Quba rayonu, Tüləkəran bələdiyyəsindən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Quba rayonu, Tüləkəran bələdiyyəsinin sədrinin 01 yanvar 2019-cu il tarixli, 01 №-li əmri ilə həmin tarixdən bələdiyyəyə kargüzar vəzifəsinə qəbul edilərək əmrin verildiyi tarixdən bu vəzifəni icra etmişdir. İşəgötürən Quba rayonu, Tüləkəran bələdiyyəsi, büdcədə pulun olmaması bəhanəsi ilə onun əmək-haqlarını ödəməmiş, büdcədə pul vəsaiti olduğu andan əmək haqqının ödəniləcəyi vədi vermişdir. Lakin, həmin vədlər davamlı şəkildə təkrarlandığından və əmək haqları ödənilmədiyindən məsələ ilə Qusar 1 saylı mediasiya təşkilatına, sonra isə rəsmi məktubla cavabdehə Quba rayonu Tüləkəran bələdiyyəsinə müraciət etmişdir. Cavabdeh Quba rayonu. Tüləkəran bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 87 nömrəli məktubu ilə uydurma fikirlər əsasında onun əmək haqqları ödənilməsindən imtina etmişdir. Belə ki, Tüləkəran bələdiyyəsinin sədri Rauf Hüseynov həmin məktubda qanunvericilik normalarna əsasən, bağlanmış X2 verildikdən sonra 1 (bir) il təqvim ərzində əmək haqqını tələb etmək hüququnun olduğunu, onun, istifadəsində olan (070) ***-**-** mobil telefon nömrəsi ilə 2021-ci ilin yay aylarında zəng edərək, daha sonra isə Quba şəhəri “Köhnə Avtovağzal adlanan ərazidə ona şifahi şəkildə bu barədə məlumat verdiyini bildirmişdir. X2 verilməsi mövzusunda Tüləkəran bələdiyyəsin sədri Rauf Hüseynovla arasında heç vaxtı danışıqlar aparılmayıb, X2 verilməsi ona bildirilməyib. Əksinə, bələdiyyə sədri Rauf Hüseynov əmək müqaviləsinin müddətinin onun tərəfindən artırıldığını ona deyib. Tüləkəran bələdiyyəsinin sədri Rauf Hüseynov, müəyyən vaxtlar ərzində Quba şəhəri "Köhnə Avtovağzal” adlanan ərazidə yox, onun iş otağına gələrək onunla görüşlərdə bələdiyyənin fəaliyyəti ilə bağlı məsləhətlər alıb, həm mülki qanunvericiliklə, həm də bələdiyyələr haqqında qanunvericiliklərlə bağlı məsləhətlər alıb, ondan, qanunlardan çıxarışlar alıb. R.Hüseynov əmək haqlarının ona ödənilməməsini, bələdiyyənin büdcəsində pulun olmaması ilə əsaslandıraraq hətta, həmin səbəbdən onun özün və digər işçilərin də əmək haqları almadıqlarını bildirib. O, torpaqların satışının dayandırıldığını, əhalidən vergilərin natamam yığıldığını əsas gətirərək torpaqların satışına start verildikdən sonra satışlardan gələn pul vəsaiti hesabına əmək haqlarının, o cümlədən qalıq borcların ödənilməsinə başlayacağını bildirib. Tüləkəran bələdiyyəsinin sədri Rauf Hüseynov 2024cü ilin əvvəlinə qədər onun əməyindən faydalanıb. Lakin, əmək haqlarının ona ödənilməməsi uzun dövrü əhatə etdiyi əmək müqaviləsindən yaranan və pozulmuş hüquqlarının müdafiəsi üçün qanunla müəyyən edilmiş qaydada Qusar 1 saylı mediasiya təşkilatına, sonra isə rəsmi məktubla cavabdehin özünə müraciət etmişdir. Hazırki iddia ərizəsinə əlavə edilmiş Qusar 1 saylı mediasiya təşkilatı xx.xx.2024-cü il tarixli, MSQ-MT- 027-2024-00442 nömrəli “İlkin medias sesiyasında (İMS) iştirak edilməməsi barədə” arayışının əslindən göründüyü kimi cavabdeh Quba rayonu, Tüləkəran bələdiyyəsi xx.xx.2024-cü il tarixdə, saat 11:30-12:30 vaxt ərzində İMS-da iştiraka gəlməmiş və İMS üçün 50 manat məbləğində, kargüzarlıq üçün isə 10 (on) manat məbləğində pul ödəmişdir. Göründüyü kimi, Quba rayonu, Tüləkəran bələdiyyəsinin günahı səbəbindən ona 60 (altımış) manat məbləğində əlavə zərər dəymişdir. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.
6. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-2240/2024 nömrəli qətnaməsi ilə (hakim V.Seyidov) iddia təmin edilməmişdir.
7. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı hazırki iddia tələbi ilə bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsində nəzərdə tutulmuş 1 illik iddia müddətini ötürmüşdür. Belə ki, mülki işin materiallarından və tərəflərin izahatlarından aydın olur ki, Quba rayon Tüləkəran Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə xitam verildiyi halda, iddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş və bununla da iddia müddətini ötürmüşdür. Bu səbəbdən məhkəmə iddia tələbinin rədd edilməsi qənaətinə gəlmişdir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsi və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 217.4, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri
9. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir.
10. İddiaçının apellyasiya şikayətinin dəlilləri təxminən iddia ərizəsi ilə analoji məzmunda tərtib olunmuşdur. Şikayətdə göstərilir ki, məhkəmənin qəbul etdiyi qətnamə qanunsuz və əsassızdır. Belə ki, məhkəmə mübahisəyə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci, 2-ci və 3-cü bəndlərini, 175-ci maddəsinin 2 və “a” bəndlərini, 288-ci maddəsini və onun “b” bəndini, 292-ci maddəsinin 1-ci bəndini, 296-cı maddəsinin 3-cü bəndini tədbiq etməli olduğu halda tədbiq etməyərək, 296-cı maddəsinin 4-cü bəndini düzgün təfsir etməyərək və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət etməyərək iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1, 2 və 3-cü bəndlərinin, 175-ci maddəsinin 2 və “a” bəndlərinin, 288-ci maddəsinin və onun “b” bəndinin, 292-ci maddəsinin 1-ci bəndinin, 296-cı maddəsinin 3 və 4-cü bəndlərinin mənasına görə, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi gün, hüququnun pozulmasının aşkar edildiyi gün hesab edilir və məhz həmin gündən etibarən 1 il ərzində məhkəməyə müraciət hüququ yaranır. İşin hallarından göründüyü kimi cavabdeh Quba rayonunun Tüləkəran bələdiyyəsi , iddiaçıya işdən azad edilməyi ilə bağlı müvafiq əmri, (sərəncamı, qərarı), əmək kitabçasını, haqq-hesab sənədlərini (kitabçasını, vərəqəsinin, çeki) sonuncuya verməmişdir. Bu səbəbdən mübahisə üzrə iddia müddətinin ötməsi ilə bağlı məhkəmənin gəldiyi nəticə əsaslı hesab edilə bilməz. İşin hallarından göründüyü kimi cavabdeh iddiaçını 01 yanvar 2019-cu il tarixdən işə qəbul edərək, 2024-cü ilin yanvar ayınadək tarixə qədər əməyindən istifadə etmiş, lakin, ona əmək haqqı ödəməmiş, onun əmək fəaliyyətilə bağlı Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə məlumatlar verməmiş, sosial sığorta və vergi ödənişləri həyata keçirməmişdir. Həmin əsasla hesab edir ki, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti maraqlı şəxs qismində hazırki mülki iş üzrə məhkəmə baxışına cəlb edilməlidirlər. Beləliklə işə baxan məhkəmə həm maddi həm prosessual normaların tələblərini kobud Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, onun iddia tələbi əsaslı və qanunidir. O 2019-cu ildən Tüləkəran Bələdiyyəsində işə düzəlmişdir. Onun işə qəbul əmrində hər hansı müddət göstərilməmişdir. İşlədiyi müddətdə ona əmək haqqı ödənilməmişdir. Səbəb kimi isə bələdiyyənin büdcəsində pul olmaması və torpaqların satışına icazə verilən kimi əməkhaqqı ödənişinin icra ediləcəyi bildirilmişdir. Onun işi kargüzarlıq məsələlərin həlli məhkəmə proseslərində cavabdehin səlahiyyətli nümayəndəsi qismində iştirak etmək, habelə qaunvericiliyin tətbiqi məsələlərində Sədrə hüquqi məsləhətlərin verilməsi ilə bağlı olmuşdur. İşə isə həftədə bir dəfə gedib-gəlmiş, zəruri sənədləşmə işlərini öz ofisindən icra etmişdir. 2019-cu ildə onun aylıq əmək haqqısı 150 manat, həmin ilin sentyabr ayından isə aylıq əməkhaqqı artırılaraq 250 manat məbləğində müəyyən edilmişdir. Lakin faktiki olaraq ona hər hansı məbləğ ödənilməmişdir. Göstərilənlərə əsasən iddiaçı sonda apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada və vaxtında məlumat verilməsinə baxmayaraq, cavabdeh Quba rayonu, Tüləkəran bələdiyyəsi məhkəmə iclasında təmsil olunmamış və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Əmək Məcəlləsinin:
Maddə 2 (2-ci hissə). Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Maddə 2 (3-cü hissə). Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsipinə əsaslanır. Maddə 42.1.Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Maddə 154. Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Maddə 157 (1-ci hissə) işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər. Maddə 296 (2-ci hissə) İşçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Maddə 296.4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 372.1.Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin;
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Maddə 372.2. Əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayırKassasiya baxışının hədləri Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya şikayətindən görünür ki, apellyator Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixl, 2(027)-2240/2024 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlanılmasını zəruri hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işdə iştirak etmiş tərəfin izahatı və iş materialları ilə birlikdə əlaqəli şəkildə təhlil edərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir .
20. Mübahisələndirilən iddia tələbinin mahiyyətindən müəyyən edilir ki, tələb işçi ilə işəgötürən arasında yaranmış mübahisədən və ödənilməmiş əmək haqqının ödənilməsindən ibarətdir.
21. İddiaçı tələbinin faktiki əsası kimi ona istinad edir ki, o, Quba rayonu, Tüləkəran bələdiyyəsinin sədrinin 01 yanvar 2019-cu il tarixli, 01 №-li əmri ilə həmin tarixdən bələdiyyəyə kargüzar vəzifəsinə qəbul edilərək əmrin verildiyi tarixdən bu vəzifəni icra etmişdir. Quba rayonu, Tüləkəran bələdiyyəsi, büdcədə pulun olmaması bəhanəsi ilə onun əmək-haqlarını ödəməmiş, büdcədə pul vəsaiti olduğu andan əmək haqqının ödəniləcəyinə vəd vermişdir. Bu vədlərin davamlı şəkildə təkrarlandığından və əmək haqları ödənilmədiyindən məsələ ilə Qusar 1 saylı mediasiya təşkilatına, sonra isə rəsmi məktubla cavabdehə Quba rayonu Tüləkəran bələdiyyəsinə müraciət etmişdir. Cavabdeh Quba rayonu Tüləkəran bələdiyyəsinin xx.xx.2024-cü il tarixli № 87 nömrəli məktubu ilə uydurma fikirlər əsasında onun əmək haqqları ödənilməsindən imtina etmişdir. Hazırda iddiaçının tələbi 01 yanvar 2019-cu il tarixdən 2024-cü ilin yanvar ayınadək ona ödənilməli olan əməkhaqqının hesablanıb birdəfəlik ödənilməsindən ibarətdir.
22. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən öz mövqeyini müddətin keçməsi ilə əlaqələndirmişdir.
23. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, mülki qanunvericilik iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizəsi əsasında tətbiq edilməsini nəzərdə tutmuşdur. Lakin iş materiallarında cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə verildiyi müəyyən edilmir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işə baxan zaman yuxarıda qeyd edilən maddi hüquq normasının tələbini pozmaqla qətnamə qəbul etmişdir.
24. Apellyasiya instansiya məhkəməsi həmçinin qeyd edir ki, apellyasiya icraatı zamanı işə baxılan zaman yuxarıda qeyd olunan nöqsanlar aradan qaldırmaqla yanaşı, həmçinin iddia tələbinin həlli məhz sübutetmə ilə əlaqəli olmasına xüsusi diqqət yetirilməlidir.
25. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə təmin olunmalı deyilsə) iddia rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
26. Araşdırılan iş üzrə İddiaçı 01 yanvar 2019-cu il tarixdən 2024-cü il tarixdədək sözügedən bələdiyyədə işlədiyini bildirir.
27. Lakin işin mübahisəsiz hallarından müəyyən edilir ki, iddiaçı 01 yanvar 2019-cu il tarixli, 01 №-li əmrə əsasən Quba rayonu, Tüləkəran bələdiyyəsində kargüzar vəzifəsinə qəbul edilmiş, xx.xx.2020-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2.b. bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir.
28. Belə olan halda iddiaçının iddia etdiyi vəzifədə yalnız yuxarıda göstərilən dövr ərzində, yəni bir il 15 gün işləməsi sübut olunur, qalan 2024-cü ilin yanvar ayınadək işləməsi isə öz təsdiqini tapmır. Qeyd olunan dövr ərzində ( 01 yanvar 2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək) iddiaçının işləməsi cavabdehin nümayəndəsi tərəfindən də mübahisələndirilməmişdir.
29. Bundan əlavə apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparılarkən müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə əmək haqqının ödənilməsi ilə bağlı Quba rayonu, Tüləkəran bələdiyyəsinə müraciət etmiş, xx.xx.2024-cü il tarixli məktubla cavab verilərək təhvil-təslim aktlarında bələdiyyənin iddiaçıya hər hansı əmək haqqı borcunun olub-olmaması barəsində qeyd olunmadığı, həm də artıq müddətin keçdiyi göstərilmişdir.
30. Birinci instansiya məhkəməsinin araşdırması zamanı da cavabdehin nümayəndəsi iddiaçının Bələdiyyədə bir il işlədiyini inkar etməmiş, əmək müqaviləsinin müddəti bitdiyinə görə onunla bağlanmış X2 verildiyini, sonda isə əmək haqqı ilə bağlı qanunvericiliyin bir il müddət müəyyən etdiyini bildirmişdir.
31. Göründüyü kimi, cavabdeh tərəf iddiaçıya işlədiyi dövr üçün əmək haqqı ödənilməsi barədə heç bir mübahisə açmamış, bununla bağlı ümumiyyətlə fikrini bildirməmişdir. Yalnız iddia müddəti keçdiyinə görə iddianın təmin olunmamasını xahiş etmişdir.
32. Kollegiya bununla bağlı izah edir ki, mülki qanunvericiliyə görə iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizəsi əsasında tətbiq edilməsini nəzərdə tutmuşdur. Lakin iş materiallarından müəyyən olunur ki, cavabdeh tərəf izahatında bununla bağlı mövqe sərgiləsə də, məhkəməyə yazılı ərizə təqdim etməmiş, işə baxan məhkəmə də bunun əhəmiyyətinə varmadan, müddət tətbiq etməklə iddianı rədd etmişdir.
33. Göründüyü kimi, iddia müddəti institutu tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi (borclunun öhdəliyini icra etməyə məcbur edilməsi) imkanının müəyyən müddətlə (zaman kəsiyi) məhdudlaşdırılmasını nəzərdə tutur.
34. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur (Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarı).
35. Beləliklə, iddia müddəti hüquqi təyinat və mahiyyəti etibarı ilə haqların və öhdəliklərin mövcud olması və onların aradan qalxması ilə bağlı olmayıb, borclunun özünü müdafiəsi üçün nəzərdə tutulmuş mülki hüquqi vasitədir. Qanunvericilik mülki münasibət iştirakçılarının pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsinə müvafiq müddətlər daxilində təminat verir.
36. Vurğulanmalıdır ki, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır.
37. Beləliklə apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya tələbin qismən əsaslı olması qənaətə gəlir və hesab edir ki, nə qədər ki, cavabdeh tərəf iddiaçının rəsmi işlədiyi dövr ərzində (xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək) sonuncuya əmək haqqının ödənildiyini mübahisələndirməyib və etirazını yalnız şifahi qaydada müddətin keçməsi ilə əsaslandırıb, onda iddiaçı tərəf rəsmi işlədiyi dövr üçün (01.01. 2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək) əmək haqqı tələb etməyin subyektiv daşıyıcısıdır.
38. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə, İddiaçı rəsmi işlədiyi dövr üçün (01.01. 2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək) ödənilməmiş əmək haqqı (əmək müqaviləsində göstərilmiş məbləğ nəzərə alınmaqla) ödənilməlidir.
39. Kollegiya sonda qeyd edir ki, iddiaçı ödəniləcək məbləğ 5000 manatdan az olduğuna görə qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.
40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.2, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-2240/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Quba rayonu, Tüləkəran Bələdiyyəsi tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2020ci il tarixədək dövr üçün ödənilməmiş əmək haqqı (əmək müqaviləsində göstərilmiş məbləğ nəzərə alınmaqla) hesablanaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.