Məhkəmə qərarları › İş №2(105)-2081/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2081/2022

07.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2081/2022 07.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Hüseynov Mirazər Mirsaleh oğlunun katibliyi, ilkin İddiaçı, ilkin iddiaçının nümayəndəsi Vəkil2 iştirakı ilə, İlkin İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı aliment məbləğinin azaldılması tələbinə dair ilk, qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı aliment məbləğinin artırılmasına dair qarşılıqlı tələbinə dair mülki iş üzrə Qubadlı Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli, 2(028)-345/2022 nömrəli qətnaməsindən ilkin İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Qubadlı Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim V.Ruvinov) ilkin iddianın rədd edilməsi, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin azaldılması tələbinə dair iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı Qubadlı Rayon Məhkəməsinin 2(028)-367/2021 nömrəli xx.xx.2011-ci il tarixli qətnaməsi ilə qət edilmiş alimentin məbləğini dəyişərək xx.xx.2011-ci il tarixdə doğulmuş X5 və xx.xx.2013-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 193 manat sabit pul məbləğində aliment qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulub Cavabdeh ödənilməsi, qalan hissədə qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. İlkin İddiaçı qətnamədə apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İlkin İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qubadlı Rayon Məhkəməsinin 2(028)-367/2021 nömrəli qətnaməsi ilə xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ondan hər ay sabit pul miqdarında tutulması müəyyən olunmuş aliment məbləğinin azaldılaraq hər uşağa görə 100 (bir yüz) manat olmaqla, ümumilikdə 200 (iki yüz) manat məbləğində müəyyən edilməsi, maddi vəziyyətinin məhkəməyə müraciət edənədək yaranmış aliment üzrə borcları ödəməyə imkan vermədiyinin nəzərə alınaraq onun həmin borcları ödəməkdən tamamilə azad edilməsinə dair qətnamənin qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Qubadlı Rayon Məhkəməsinin 2(028)- 367/2021 nömrəli qətnaməsi ilə onunla cavabdeh arasında bağlanılmış nikaha xitam verilmiş, birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X2 cavabdehin yanında qalması müəyyən edilmiş, ondan 10 iyun 2021-ci il tarixdən başlayaraq tutulub hər ay 175 manat sabit pul məbləğində alimentin xx.xx.2011-ci ii təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün və hər ay 175 manat sabit pul məbləğində alimentin xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh verilməsi qət olunmuşdur. Adı çəkilən məhkəmə qətnaməsindən o, şikayət verməmiş, həmin qətnamə qanuni qüvvəsini almış və o, müəyyən edilmiş aliment məbləğini mütəmadi olaraq cavabdehə ödəmişdir. Ancaq onun maddi imkanı həmin aliment məbləğini tam şəkildə ödəməyə imkan vermir. Belə ki, o, “Qayalı” marketdə fəhlə işində işləyir, əmək haqqı cəmi 300 manat təşkil edir. Gün ərzində marketdə çalışdığından başqa bir işlə də məşğul olub əlavə qazanc əldə edə bilmir. Nəticədə 300 manat qazancı olduğu halda ondan 350 manat aliment tələb olunur ki, bu pulu ödəmək iqtidarında deyil. Nəticədə cavabdehin onun guya alimenti ödəməməyi barədə etdiyi şikayətlər əsasında icra məmuru tərəfindən onun barəsində inzibati qaydada tədbirlər görülməsi təhlükəsi ilə üz-üzə qalmışdır. Bu səbəbdən hesab edir ki, onun işlədiyi yer üzrə rəsmi əmək haqqı olduğu halda aliment məbləği sabit pul məbləği şəklində deyil, alimentin məbləği azaldılmaqla əmək haqqısından qanunvericiliklə müəyyən edilmiş qaydada tutulmalıdır. Bu səbəbdən yaranmış belə bir şəraitdə onun bütün bu yükü daşımağı mümkünsüzdür ki, bununla bağlı olaraq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müəyyən olunmuş aliment məbləğinin azaldılmasını tələb etməyi qərara almışdır. Qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qubadlı Rayon Məhkəməsinin 2(028)-367/2021 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğinin artıraraq hər uşağa görə 200 (iki yüz) manat olmaqla, ümumilikdə 400 (dörd yüz) manat məbləğində aliment tutulmsı barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Qubadlı Rayon Məhkəməsinin 2(028)- 367/2021 nömrəli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş və hər bir uşağın saxlanması üçün 175 manat sabit pul məbləğində aliment müəyyən olunmuşdur. Hal-hazırda Cavabdeh uşaqları saxlamaqda çətinlik çəkir, çünki uşaqlarının tələbatları artır. Oğlu xəstədir və mütəmadi olaraq onun müalicəyə ehtiyacı var. Cavabdeh hipotit xəstəsidir, özü heç bir yerdə işləmir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və hər bir uşağın saxlanması üçün 200 manat aliment tutulmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İlkin İddiaçı Qubadlı Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin qismən-onun iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia ərizəsinin təmin edildiyi hissəsində ləğv edilməsi və ilkin iddia tələbinin təmin olunması, qarşılıqlı iddia ərizəsinin tam şəkildə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli olduğu halda, hal-hazırki işə baxarkən məhkəmə bu normanın tələblərini pozmuşdur. İş materiallarında onun aylıq qazancının nə qədər olduğunu və onun maddi vəziyyətinin hansı vəziyyətdə olduğunu müəyyən edən kifayət qədər aşkar sübut və dəlillər olduğu halda, məhkəmə bu hallara, ümumiyyətlə qiymət verməmiş, sübutlarla bağlı obyektiv və hərtərəfli araşdırma aparmadan, sübut kimi qəbul edilən bu sənəd və dəlillərə müvafiq əsaslandırma aparmadan qiymət verə bilməyərək iş üzrə aşkar səhv nəticəyə gəlmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, məhkəmə müvafiq maddi hüquq normalarını ancaq sadalamaqla kifayətlənmiş, həmin normaların tələbləri baxımından işdə olan hallara qiymət verməmiş, həmin normaları açıq-aşkar səhv təfsir edərək qanun normalarını təhrif edilmiş şəkildə tətbiq etmişdir. Hesab edir ki, bununla da məhkəmə mülki-prosessual qanunvericiliyin qətnamənin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılması və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair normasının tələblərini aşkar şəkildə pozmuşdur. Məhkəmə alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu araşdırmamış, tərəflərin alimentin miqdarının dəyişdirilməsi barədə iddia tələblərinin hüquqi əsaslarını müəyyənləşdirməmiş və ümumiyyətlə, iş üçün əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Belə ki, məhkəmə bu halları aydınlaşdırmaqla sözügedən iddia tələbləri üzrə tamamilə fərqli nəticəyə gələ bilərdi. Məhkəmə alimentin məbləğinin dəyişdirilməsi barədə işə baxarkən tərəflərin maddi vəziyyətinin dəyişməsini sübut edən mötəbər dəlillər olmadığı halda, ona qarşı qərəzli münasibət göstərərək aliment məbləğinin artırılması ilə bağlı qanunazidd nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi tərəfindən tərəflərin maddi vəziyyətinin dəyişməsini, uşaqların əvvəlki təminat səviyyəsinin saxlanılması ilə bağlı halların müəyyən edilməsi bildirilsə də, bu hallar mötəbər və əsaslı dəlillərlə sübuta yetirilməmişdir. Məhkəmə iş üzrə şəxsi mülahizələri əsasında qənaətə gələrək sübuta yetirilməyən halları sübut olunmuş kimi təqdim etmiş, iş üzrə əhəmiyyət kəsb edən hallar qanunvericiliklə müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi halda, mötəbər sayıla bilməyən şəxsi qənaətinə əsaslanaraq iş üzrə ziddiyyətli nəticəyə gəlmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən ilkin iddiaçı ilkin İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən ilkin iddiaçının nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən qarşılıqlı iddiaçı Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən qarşılıqlı iddiaçı Cavabdeh nümayəndəsi Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini, tərəflərin və onların nümayəndələrinin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddia tələbinə aid hissədə ləğv edilməli və həmin hissədə iddianın rədd, mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi ilkin iddia tələbinin təmin edilməməsini alimentin müəyyən olunmuş miqdarının azaldılması üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsində nəzərdə tutulmuş əsasların movcud olmaması, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsini isə uşağın mənafeyini nəzərə alması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan ilkin iddiaçı apellyasiya şikayəti verərək, qətnaməni ilkin iddia tələbinin təmin edilməyən, qarşılıqlı iddia tələbinin təmin edilən hissəsində mübahisələndirir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsində göstərilənləri və eləcə də apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə mübahisələndirilən hissədə hüquqi qiymət verilməlidir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsi). Konstitusiyanın 34-cü maddəsinin İV hissəsinə görə ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.2. maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1. maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının tə min olunmasına şərait yaratmalıdırlar. Həmin Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi tə minat almaq hüququ vardır. Qeyd etmək lazımdır ki, hər bir valideyn övladını saxlamağa, onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etməyə borcludur. Hər hansı bir valideyn övladının saxlanmasından yayındıqda və ya saxlamaqdan, maddi tələbatının ödənilməsindən imtina etdikdə onun valideynlik borcunun yerinə yetirilməsi üçün məcburi qaydada aliment alına bilər. Bu zaman ilk növbədə həmin valideynin aylıq qazancının olub-olmaması aydınlaşdırılmalı, əgər hər hansı bir aylıq qazancı yoxdursa və ya şəxsin qazancı uşaqların saxlanılması üçün yetərli hesab olunmazsa, onda ondan sabit məbləğdə aliment alınmalıdır. Alimentin miqdarı uşağın maddi tələbatının ödənilməsinin minimum həddində müəyyən edilir ki, uşağın saxlanılmasının yaşayışı minimum həddə təmin edilsin. Uşağın saxlanılması üçün yaşayış minimumdan az olmayaraq, daha yüksək həddə də alimentin tutulması istisna edilmir. Uşağın tələbatı yaş artıqda onun saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı da artırıla bilər. Hazırkı iş üzrə tərəflərin birgə nikahından olan xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X1 10 iyun 2021-ci il tarixdə müəyyən edilmiş alimentin miqdarı hər ay hər uşaq üçün 175 manat müəyyən edilmişdir ki, hazırda həmin vaxtdan qısa müddətin keçməsi, tərəflərdən hər hansı birinin ailə və maddi vəziyyətində dəyişikliyin olmadığı nəzərə alınarsa, qarşılıqlı iddia tələbi təmin edilə bilməz. Həmçinin qeyd edilməlidir ki, uşağın saxlanılmasından ötrü maddi və mənəvi tələbatının ödənilməsi üçün hər iki valideyn birgə məsuliyyət daşıyır. İlkin iddiaçı övladının saxlanılması üçün müəyyən edilmiş hər ay hər uşağa görə 175 manat məbləğində alimentin azaldılmasını xahiş etsə də, qeyd edilən məbləğin azaldılması uşaqların mənafeyinə uyğun olmamaqla onların təminatlarının azaldılmasını qaçılmaz edəcəkdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddia tələbinin təmin edilməməsi hissəsində gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qubadlı Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli qətnaməsi qarşılıqlı iddia tələbinə aid hissədə ləğv edilməli və həmin hissədə qarşılıqlı iddia tələbinin rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməli, mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası MPM-nin 112.1.3. maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə mübahisələndirilən hissədə tələb birinci instansiya məhkəməsi tərəfindən tutulan bir uşaq üçün 175 manat olmaqla, 350 manat miqdarında olan alimentin azaldılaraq hər ay bir uşaq üçün 100 (yüz) manat olmaqla, 200 (iki yüz) manat miqdarda tutulması təşkil edir (350-200=150 manat). Həmin artımın bir il ərzində məcmusu isə (150 X 12 ay = 1800 manat) 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İlkin İddiaçı apellyasiya şikayəti mübahisələndirilən hissədə qismən təmin edilsin. Qubadlı Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli qətnaməsi qarşılıqlı iddia tələbinə aid hissədə ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı aliment məbləğinin artırılmasına dair qarşılıqlı iddia tələbi rədd edilsin. Qətnamə mübahisələndirilən ilkin iddia tələbinə aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar