Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2089/2021 23.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçı “Azərişıq” açıq səhmdar cəmiyyətinin nümayəndəsi X3 iştirakı ilə açıq məhkəmə iclasında Xaçmaz Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2(067)-241/2021 saylı qətnaməsindən iddiaçı “Azərişıq” açıq səhmdar cəmiyyətinin apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2(067)-241/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Anar Sadıqov) iddiaçı “Azərişıq” açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Cavabdeh 225,39 manat məbləğində pulun və 15 manat dövlət rüsumunun tutularaq “Azərişıq” açıq səhmdar cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmiş, iddiaçı “Azərişıq” açıq səhmdar cəmiyyəti qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, “Azərişıq” açıq səhmdar cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 1540,95 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq cəmiyyətin xeyrinə ödənilməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 10.02.2015-ci il tarixli sərəncamı ilə təsis edilmiş “Azərişıq” açıq səhmdar cəmiyyəti istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. Cavabdeh elektrik enercisindən istifadə etməsi ilə bağlı iddiaçıya cəmi 1540,95 manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət olunmuş, lakin cavabdeh müxtəlif bəhanələrlə istifadə etdiyi elektrik enerjisinin haqqı olan 1540,95 manatı ödəməyərək “Azərişıq” açıq səhmdar cəmiyyətinə zərər vurmuşdur. “Azərişıq” açıq səhmdar cəmiyyətinin əməkdaşları hər ay cavabdehin ünvanına gələrək sayğacın göstəricisini götürməklə borcu haqqında bildirişxəbərdarlıq təqdim etmişdir. Cavabdeh tərəfindən isə vaxtaşırı müəyyən miqdarda ödənişlərin edilməsi onun öz öhdəliklərini etiraf etməsi kimi qiymətləndirilməlidir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: İddiaçı “Azərişıq” açıq səhmdar cəmiyyəti apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, məhkəmə nəzərə almamışdır ki, Cavabdeh enerjitəchizatı müəssisəsi ilə elektrik enerjisinin alqı-satqı münasibətində olmuşdur. Buna görə də cavabdeh “Elektrik enerjisindən istifadə Qaydaları”nın tələbinə uyğun elektrik enerjisindən istifadə etməli idi. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 9.1-ci bəndinin tələbinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərinin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin “Dövlət Enerjinəzarət” idarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Məhkəməyə təqdim edilmiş sübutlarla müəyyən edilir ki, Cavabdeh “Azərişıq” açıq səhmdar cəmiyyətinə elektrik enerjisindən istifadəyə görə 14.07.2020-ci il tarixə 1540,95 manat məbləğində borcu olmuşdur. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək yaranmış borcu ödəməmişdir. Abunə haqqında çıxarışdan da göründüyü kimi, göstərilən borc məbləği ümumi borc məbləğidir, yəni yaranmış borcun sırf elektrik hesabat sayğacı əsasında və ya tərtib edilmiş akta əsasən yarandığını müəyyən etmək olmur. Həmçinin də ödənişlərin hansı təyinat üzrə, yəni sayğac üzrə yaranmış borcdan və ya akt üzrə hesablanmış borcdan ödənilməsi barədə hər hansı məlumat yoxdur. Məhkəmə bütün bunları araşdırmadan, cavabdeh tərəfindən olan ödənişləri hər hansı bir əsas olmadan, yalnız sayğac üzrə aparılmış hesabatdan çıxararaq, akt üzrə yaranmış borc məbləğindən olam ödənişləri nəzərə almamışdır. Göründüyü kimi, məhkəmə qətnaməsində işin yuxarıda qeyd olunan həqiqi hallarına və məhkəməyə təqdim edilmiş sübutlara hüquqi qiymət verməmişdir. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin qismən ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş olunmuşdur. İddiaçı “Azərişıq” açıq səhmdar cəmiyyətinin nümayəndəsi X5 məhkəmə iclasında apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMnin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi iddianın təmin olunmamış hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi bu hissədə təmin edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin olunmamış hissəsində ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan “Azərişıq” açıq səhmdar cəmiyyətinin 14 iyul 2020-ci il tarixli borc barədə arayışından görünür ki, **********00031 saylı abunə kodu ilə qeydiyyatda olan Cavabdeh 14 iyul 2020-ci il tarixə istehlak edilmiş elektrik enerjisinə görə 1540,95 manat borcu vardır. İş materiallarına əlavə edilmiş “Azərişıq” açıq səhmdar cəmiyyətinin Şimal RETSİnin X2 əməkdaşları tərəfındən tərtib olunmuş 146419 saylı, 16 iyul 2019-cu il tarixli aktın surətindən görünür ki, Xaçmaz rayonu, Bəbəli kəndində yaşayan Cavabdeh məxsus evdə sayğaca baxış keçirilən zaman abonentin elektrik sayğacının giriş xəttindən kənar xətt götürərək enerjidən istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri və texniki sahələr üzrə tələblərdən görünür ki, Cavabdeh yaşadığı Xaçmaz rayonu, Bəbəli kəndində yerləşən ev üzrə 146419 saylı, 16 iyul 2019-cu il tarixli akta əsasən itirilmiş elektrik enerjisinin dəyəri 1315,56 manat təşkil etmişdir. İş materiallarında olan abunə haqqında məlumatdan görünür ki, Cavabdeh akt üzrə 1315,56 manat borc hesablanmışdır. İşdən görünür ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən “Azərişıq” açıq səhmdar cəmiyyəti tərəfindən tələb olunan pul məbləğinin 225,39 manat hissəsinin elektrik enerjisindən istifadəyə görə yaranmasını, digər hissəsinin isə, yəni 1315,56 manatın isə akt üzrə hesablanan məbləğə aid olması nəticəsinə gəlmiş, lakin akt üzrə hesablanan məbləğin cavabdehin tutulmamasını qətnamədə əsaslandırmamışdır. “Elektroenergetika haqqında” qanunun 11-ci maddəsinə əsasən, enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat təqdim etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.1-ci bəndinə əsasən elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxsdir. Həmin Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparılır. Məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məişət abonentində ölçü transformatoru vasitəsilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Həmin Qaydaların 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. İş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, “Azərişıq” açıq səhmdar cəmiyyətinin Şimal RETSİ-nin X2 əməkdaşları tərəfındən Xaçmaz rayonu, Bəbəli kəndində yaşayan Cavabdeh məxsus evdə quraşdırılmış sayğaca baxış keçirilən zaman abonentin elektrik sayğacının giriş xəttindən kənar xətt götürərək enerjidən istifadə etdiyi aşkar edilmiş, bu barədə 146419 saylı, 16 iyul 2019-cu il tarixli akt tərtib olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, şəbəkəyə qanunsuz qoşulma halı qadağan edilməklə hüquqi məsuliyyət yaradır. Məişət abonenti də “Elektrik enerjisindən istifadə Qaydaları”nın pozulmasına görə enerjitəchizatı müəssisəsinə dəymiş zərərin əvəzini ödəməlidir. Məişət abonentinin elektrik xəttinə kənar (qanunsuz) qoşulması təsbit edildiyi halda, elektrik enerjisinin verilməsini dayandırmaq tədbiri kimi onu şəbəkədən açmaq tətbiq edilən təsir vasitələrindən biri olub, elektrik enerjisindən qanunsuz istifadənin davam etdirilməsinin qarşısının alınmasına yönəlmişdir. Elektrik sayğacından kənar xəttə qanunsuz qoşulma öz-özlüyündə sayğaca elektrik enerjisi sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi qiymətləndirilməlidir, yəni qanunsuz qoşulma nəticəsində məişət abonenti pozuntu aşkar edilən günədək elektrik enerjisindən istifadəyə görə ödəməli olduğu məbləğdən daha az məbləğ ödəmişdir. Qeyd edilən pozuntunun, yəni qanunsuz xətlə elektrik enerjisindən istifadə edilməsinin məişət abonentinin iradəsindən kənar edilməsi istisna edildiyindən, məişət abonenti istifadə etdiyi elektrik enerjisinin tam dəyərini ödəmək vəzifəsi daşıyır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, “Azərişıq” açıq səhmdar cəmiyyətinin Şimal RETSİ-nin X2 əməkdaşları tərəfındən tərtib edilmiş 146419 saylı, 16 iyul 2019-cu il tarixli aktda elektrik sayğacının Cavabdeh evinin həyətində quraşdırıldığı, tələb kimi elektrik sayğacının yeni elektron tipli sayğacla çöl divarda quraşdırılması qeyd edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmamış hissəsində gəldiyi nəticə işin hallarına uyğun gəlməmiş, bu isə iş üzrə iddianın təmin olunmamış hissəsində düzgün olmayan qətnamə qəbul edilməsinə səbəb olmuşdur. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iş üzrə məhkəmə qətnaməsi iddianın təmin olunmamış hissəsində ləğv edilməli, Cavabdeh “Azərişıq” açıq səhmdar cəmiyyətinin xeyrinə 1315,56 (1540,95-225,39) manat tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci və 385.1.4-cü maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi əsasdır. Həmin Məcəllənin 390-cu maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi iddianın təmin olunmamış hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia bu hissədə təmin edilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya şikayəti vermək üçün ödənilmiş 15 manat dövlət rüsumu Cavabdeh “Azərişıq” açıq səhmdar cəmiyyətinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. İşdən görünür ki, iddiaçının tələb etdiyi məbləğ iki min manatdan azdır. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinin tələbinə əsasən hazırki iş üzrə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı “Azərişıq” açıq səhmdar cəmiyyətinin apellyasiya şikayəti təmin edilsin. İş üzrə Xaçmaz Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2(067)-241/2021 saylı qətnaməsi iddianın təmin olunmamış hissəsində ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilsin, iddia bu hissədə təmin edilsin. Cavabdeh iddiaçı “Azərişıq” açıq səhmdar cəmiyyətinin xeyrinə 1315,56 manat (bir min üç on beş manat 56 qəpik) manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumu tutulsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2089/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2089/2021
23.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver