Məhkəmə qərarları › İş №2(105)-2141/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2141/2021

20.08.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2141/2021 20.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Zümrüd Ruslan qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-107/2021 saylı, 12 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-107/2021 saylı, 12 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh su sərfiyyatı və kanalizasiya xidmətləri üzrə yaranmış 143,5 manat borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 163,5 manat məbləğində pulun tutularaq İddiaçı ASC-ə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. (hakim Ə.Ələkbərov). İş üzrə İddiaçı ASC qətnamədən apelyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-107/2021 saylı, 12 fevral 2021-ci il tarixli qətnaməsinin iddianın rədd edilmiş hissəsində ləğv edilərək, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı ASC məhkəməyə müraciət edərək, Cavabdeh 807,68 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 837,68 manat pulun alınaraq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehə su təczihatı sistemindən su buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərə görə onun 20.12.2019-cu il tarixinə 807,68 manat borcu qalmışdır. Dəfələrlə borcunun qaytarılması ilə bağlı cavabdehə bildirişlərin göndərilməsinə baxmayaraq, o, borcunu ödəməmiş, xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərə görə tam ödəniş etməmişdir. Belə ki, abonent üçün hesabat su ölçən cihaza uyğun olaraq aparılır. Azərbaycan Respublikası Prezidentinin 08.04.2011-ci il tarixli Fərmanına əsasən, 01.02.2011-ci il tarixə cavabdehin ünvanına hesablanmış 713,39 manat borc silinmişdir. Hazırda tələb edilən borc isə bu müddətdən sonra yaranmışdır. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı ASC apelyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki,məhkəmə öz qətnaməsini onunla əsaslandırmışdır ki, istifadə edilən suyun dəyərinin ödənilməsi vaxtaşırı edilən ödənişlər növünə aiddir. Belə olan halda, iddiaçının cavabdehdən 2017-ci ildən əvvələ yaranmış sudan istifadəyə görə edilməli olan 664,18 manat ödənişi tələb etmə müddəti keçdiyindən iddianı qismən təmin edərək hesablanmış borcdan 143,50 manatın ödənilməsini məqbul hesab etmişdir. İstehlakçı ilə su təchizatı və kanalizasiya müəssisəsi arasındakı qarşılıqlı münasibətlər və onunla əlaqədar yaranan digər məsələlər “Su təchizatı və tullantı suları haqqında” Qanunla və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “X3” ilə tənzim olunur. Cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında içməli su və kanalizasiya xidmətlərindən istifadə etmişdir. Su təchizatı və kanalizasiya xidmətlərinə görə hesabat 01.04.2008-ci il tarixdə mənzildə quraşdırılmış su ölçən cihaz göstəricilərinə uyğun olaraq aparılmış və sayğacın göstəricisinə görə Cavabdeh 807,68 manat borcu yaranmışdır. Cavabdeh xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərə görə tam ödəniş etməmiş, nəticədə qüvvədə olan qanunvericiliyin tələbini pozmuşdur. Digər tərəfdən, Sumqayıt Şəhər Məhkəməsi hazırkı iş üzrə qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəllənin 551.2.1-ci maddəsinin tətbiqində səhvə yol vermişdir. Belə ki, iddia ərizəsi ilə məhkəməyə 20 dekabr 2019-cu il tarixdə müraciət edilmişdir. Məhkəmə isə 2017-ci ildən əvvələ yaranmış 664,18 manat borcu 5 illik tələb etmə müddəti keçdiyi üçün silmişdir. Əslində məhkəmə 5 illik müddəti tətbiq edərkən 20 dekabr 2014-cü il tarixinədək olan borcu silməli olduğu halda, səhv edərək 2017-ci ilədək olan borcu silmişdir. Bununla da məhkəmə tərəfindən maddi hüquq normaları pozulmaqla qətnamə qəbul edilmişdir. Bu hallar məhkəmə tərəfindən araşdırılmadığından qətnamə qismən ləğv edilməli, iddia tam təmin olunmalıdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 apelyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verdi və şikayətin təmin edilməsini xahiş etdi. Nümayəndə əlavə etdi ki, hazırkı iddianı 2019cu ildə qaldırmışlar. Abonent vaxtaşırı ödənişlər etmişdir, lakin tam deyil. Cavabdeh su xəttinə sayğac vasitəsilə qoşulub. Borcun ödənilməsi üçün cavabdehə gedən su xəttini əsas xətdən ayırmaq qeyri-mümkündür. Buna görə də yaranmış borcu məhkəmədə iddia qaldıraraq tələb etmişlər. Apelyasiya baxışı zamanı Cavabdeh məhkəmə kollegiyasında bildirdi ki, şikayət əsassızdır və o, qanuni qətnamənin ləğv edilməsinə əsas hesab edilə bilməz. Buna görə də o, şikayətin rədd edilməsini xahiş etdi. Cavabdeh bildirdi ki, borcunu qəbul edir, onun icrasından imtina etmir, lakin maddi imkanı olmadığından bu borcu ödəyə bilmir. Maddi vəziyyəti düzələn kimi borcunu ödəyəcəkdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Sumqayıt şəhər İH MKTİB-nin 7 saylı MKS tərəfindən verilmiş 15.08.2019-cu il tarixli, 1808 nömrəli arayışdan görünür ki, ünvan 1 ünvanında Cavabdeh və digərləri qeydiyyatdadır Yenə iş materiallarında olan 20.12.2019-cu il tarixli abonent kartından görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış müqaviləyə əsasən ünvan 1 ünvanına su sayğacı quraşdırılmış, sayğaca əsasən mənzilə su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə 807,68 manat məbləğində borc hesablanmışdır. Yenə də iş materiallarında olan 10.06.2019-cu il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 823,13 manat borcunu öəməsi barədə xəbərdarlıq edilmişdir. İşdə olan İddiaçı ASC-nin hesabatından görünür ki, Cavabdeh 01.02.2011-ci il tarixdən 20.12.2019-cu il tarixədək su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadə etməsi nəticəsində 807,68 manat borcu yaranmışdır. O, 1267,68 manatlıq xidmətlərdən istifadə etmiş və ümumilikdə 460 manat ödəniş etmişdir. İllər üzrə borc bu qaydada hesablanmışdır: 2011-ci ilə 120 manat, 2012-ci ilə 98,72 manat, 2013-cü ilə 137,60 manat, 2014-cü ilə 95,44 manat, 2015-ci ilə 124,40 manat, 2016-cı ilə 98,52 manat, 2017-ci ilə -10,50 manat, 2018-ci ilə 90,50 manat, 2019-cu ilə 53 manat. MƏHKƏMƏNİN HÜQUQİ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda istinad olunan hüquq normalarına əsasən apelyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-107/2021 saylı, 12 fevral 2021-ci il tarixli qətnaməsi ləğv olunmalı, yeni qətnamə qəbul edilərək iddia təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh ailəsilə birlikdə ünvan 1 ünvanında yaşamışdır. Su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadə etməsi nəticəsində onun müəyyən məbləğdə borcu yaranmışdır. Azərbaycan Respublikası Prezidentinin 08.04.2011-ci il tarixli Fərmanına əsasən, 01.02.2011-ci il tarixə cavabdehin ünvanına hesablanmış 713,39 manat borc silinmişdir. Hazırda isə İddiaçı ASC məhkəməyə müraciət edərək, Cavabdeh 2012-ci ildən yaranmış 807,68 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 837,68 manat pulun alınaraq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. AR Su Məcəlləsinin 97-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş hallar istisna olmaqla Azərbaycan Respublikasında sudan ödənişli istifadə edilir. Yenə həmin Məcəllənin 105-ci maddəsinə görə fiziki və hüquqi şəxslər su qanunvericiliyini pozmaqla vurduqları zərəri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ödəməlidirlər. Yenə də həmin Məcəllənin 43-cü maddəsinin tələbinə görə su obyektlərindən istifadə edənlərin pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulan qaydada bərpa edilməlidir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). «Su təchizatı və tullantı sular haqqında» Azərbaycan Respublikasının Qanununun 4.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər bu Qanunda və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada və şərtlərlə su ehtiyatlarından istifadə etmək və bu məqsədlə su kəmərləri və kanalizasiya qurğularını tikmək və istismar etmək, tullantı sularını və tullantıları atmaq hüquqlarına malikdirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “X3”nın 5.1.5-ci bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək hüququ var. Həmin Qaydaların 7.6-cı bəndinə verilmiş suyun və axıdılmış tullantı sularının hesabı istehlakçı tərəfindən tam ödənildikdən sonra, STKM tərəfindən hesablamada yol verilmiş səhvə görə əlavə vəsaitin ödənilməsi istehlakçıdan tələb edilə bilməz. İş materiallarından görünür ki, Cavabdeh 01.02.2011-ci il tarixdən 20.12.2019-cu il tarixədək su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadə etməsi nəticəsində 807,68 manat borcu yaranmışdır. O, bu müddət ərzində 1267,68 manatlıq xidmətlərdən istifadə etmiş və ümumilikdə 460 manat ödəniş etmişdir. İllər üzrə borc isə bu qaydada hesablanmışdır: 2011-ci il üçün 120 manat, 2012-ci il üçün 98,72 manat, 2013-cü il üçün 137,60 manat, 2014-cü il üçün 95,44 manat, 2015-ci il üçün 124,40 manat, 2016-cı il üçün 59,80 manat, 2017-ci il üçün - 10,50 manat, 2018-ci il üçün 90,50 manat, 2019-cu il üçün 53 manat. Abonentin etdiyi ödənişlərdən görünür ki, bu ödənişlər cüzi də olsa, 2012-ci ildən ödənilmişdir. Beləliklə də, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh 2012-ci ildən su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadə etmiş, buna görə də onun 807,68 manat borcu yaranmışdır və bu borc İddiaçı ASC-yə ödənilməlidir. Məhkəmənin tələb etmə müddəti keçdiyindən 5 ildən öncəki tələbin qüvvəsini itirməsinə istinad etməsi və 551.2.1-ci maddəsinə əsaslanması qanunsuzdur, çünki yuxarıda da qeyd olunduğu kimi, abonent Cavabdeh 2012-ci ildən 2019-cu ilədək istifadə etdiyi xidmətə görə hər il qismən də olsa ödənişlər etmişdir, yəni cavabdeh öhdəliyin icrasından imtina etməmişdir. Belə olan halda, mübahisə üzrə hər hansı tələb etmə müddətinin keçməsindən söhbət gedə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Yenə də həmin Məcəllənin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Mülki Məcəllənin 552.1-ci maddəsinə əsasən müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. Həmin Məcəllənin 553.1 və 553.1.1-ci maddələrinin tələblərinə görə mükəlləfiyyətli şəxs tələbi ixtiyarlı şəxsə hissə-hissə ödənişlərlə, faizlər ödəməklə, təminat verməklə və ya digər üsulla icra edirsə müddətin axımı kəsilir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, istifadə edilən suyun və xidmətlərin dəyərinin ödənilməsi vaxtaşırı edilən ödənişlər növünə aiddir. İşdən görünür ki, 2012-ci ildən 2019-cu ilədək Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadə etmiş, bu xidmətlərin dəyərini tam ödəməsə də hissə-hissə icra etmiş və onun iddiaçıya 807,68 manat manat borcu qalmışdır. Odur ki, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı 2012-ci ildən istifadə etdiyi suyun dəyərini ödəməyə borcludur. Mübahisə üzrə birinci instansiya məhkəməsi daha öncə istinad olunan Mülki Məcəllənin 553.1 və 553.1.1-ci maddələrinin tələblərini pozaraq bu xidmətlərin dəyərini tələb etmək hüququna müddətin keçməsinə görə xitam vermiş və iddianı qismən təmin etmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv edilməli, yeni qətnamə qəbul olunmalı, iddia təmin edilərək cavabdehdən 807,68 manat borc tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı istər iddiasına, istərsə də apelyasiya şikayətinə dair dəlillərini sübut edə bilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına düzgün qiymət vermədiyindən və mübahisə üzrə səhv normaya istinad etdiyindən qətnamə ləğv olunmalı, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-107/2021 saylı, 12 fevral 2021-ci il tarixli qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia təmin olunmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPMnin 119-cu maddəsinə əsasən, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat və apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumunun əvəzi (cəmi 45 manat) Cavabdeh tutularaq iddiaçıya verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddianın qiyməti iki min manatdan az olduğu üçün ondan kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-107/2021 saylı, 12 fevral 2021-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə qəbul olunsun. İddia təmin edilsin. Cavabdeh su sərfiyyatı və kanalizasiya xidmətləri üzrə yaranmış 807,68 manat borc və cəmi 45 (30+15) manat məbləğində ödənilmiş dövlət rüsumları olmaqla, ümumilikdə 852,68 manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar