Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2091/2022 27.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-5822/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonuncudan, xx.xx.2006-cı il təvəllüdlü X3, xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay uşaqa görə 193 manat olmaqla, ümumilikdə 579 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-5822/2022 nömrəli qərardadı ilə iddia ərizəsi, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. (hakim Ə.Ələkbərov) Bu qərardaddan narazı qalan İddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini, iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin ərazi aidiyyatı ilə bağlı iddia ərizəsini geri qaytarma barədə mövqeyi qəbul edilməzdir. Belə ki, məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı qeydiyyat ünvanı Xızı rayonu, Cavabdeh qeydiyyat ünvanı isə Şəki şəhəri olduğu halda, Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən (əgər iş ərazi üzrə həmin məhkəmədə baxılmalı deyilsə o zaman iddia ərizəsi geri qaytarılır) iddia ərizəsi geri qaytarılmalıdır. Halbuki, Azərbaycan Mülki Prosessual Məcəlləsinin 36.3-cü maddəsinə əsasən alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. İddiaçı iddia ərizəsinə ünvan 3 ünvanında yaşaması ilə bağlı arayış əlavə etməsinə baxmayaraq məhkəmə əsassız olaraq iddia ərizəsi və ona əlavə sənədləri geri qaytarmışdır. Göstərilənlərə əsasən qərardad ləğv olunmalıdır. Sumqayıt Şəhər Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli, 2(060)-5822/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)- 5822/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Eyni Məcəllənin 36.5-ci maddəsinə əsasən iddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə də nikahın pozulması haqqındakı iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər. Yenə bu Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri- tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 3-cü maddəsinə görə yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə-yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsiyyət vəsiqəsinin təsviri»nin müddəalarının şərh olunması barədə 31 yanvar 2003-cü il tarixli qərarında qeyd olunmuşdur ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 1-ci maddəsinin ikinci hissəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Daimi və ya müvəqqəti yaşayış yeri haqqında qeydiyyat orqanlarının məlumatlandırması vətəndaşın həm hüququ, həm də vəzifəsidir. Qeydiyyat orqanları isə Qanunla müvəkkil olunurlar ki, vətəndaşın iradəsinə uyğun olaraq daimi və ya müvəqqəti yaşadığı yerin azad seçilməsi aktını təsdiq etsinlər. Buna görə, vətəndaşların yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınması vətəndaşların özünə yaşayış yerini azad seçmək hüququnu pozmamalıdır. İş materiallarına əlavə edilmiş Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, İddiaçı Xızı rayonunda, Cavabdeh isə Şəki şəhərində rəsmi qeydiyyatdadırlar. Bununla yanaşı iddiaçı öz şikayətində, iddia ərizəsinə Sumqayıt şəhərində yaşaması ilə bağlı arayış əlavə etdiyini qeyd etsə də, iş materiallarında bu hal öz təstiqini tapmamışdır. Sadalanan hallara hüquqi qiymət verən apellyasiya kollegiyası qeyd edir ki, hazırkı halda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən AR MPMin daha öncə qeyd olunan tələblərini pozmuşdur. Azərbaycan Respublikası MPM-nin 398.0 və 398.0.1-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini qeyd olunan əsasla geri qaytarılması barədə düzgün nəticəyə gəlmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 35.1, 152, 263-264, 395-396, 398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ Şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-5822/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2091/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2091/2022
27.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver