Məhkəmə qərarları › İş №2(105)-2093/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2093/2022

07.12.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2093/2022 07.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İddiaçı və onun vəkilləri X5, X2, Cavabdeh nümayəndəsi X6, nümayəndəsi və vəkili Kreditor iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müqavilələrin ləğv edilməsi tələbinə dair iş üzrə Quba Rayon Məhkəməsinin 27 avqust 2020-ci il tarixli, 2(027)-1178/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən 19 saylı evin 10 saylı mənzili ilə bağlı Cavabdeh ilə onun, yəni İddiaçı arasında Bakı şəhəri 50 saylı notariat kontorunda bağlanmış xx.xx.2017-ci il tarixli beh müqaviəsinin və xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ona qarşı məhkəmədə mənzilin boşaldılması tələbinə dair iddia qaldırmışdır. Səbail Rayon Məhkəməsinin 2(009)- 1468/2019 saylı qətnaməsinə əsasən onun iddia tələbi təmin olunaraq, o, ailə üzvləri və digər şəxslər tərəfindən Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 19 saylı evin 10 saylı mənzilin boşaldılması və iddiaçı Cavabdeh təhvil verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədən narazı qaldığı üçün apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019 tarixli, 2(103)- 10858/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunaraq, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli, 2(009)- 1468/2019 saylı qətnaməsi iddia tələbinin təmin edilən Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən 19 saylı evin 10 saylı mənzilin cavabdeh İddiaçı ailə üzvləri və digər şəxslər tərəfindən boşaldılması hissəsində ləğv edilməsi, həmin hissədə iddia rədd edilməsi, qətnamə qalan hissədə və apellyatora münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Sonradan Bakı Apellyasiya Məhkəməsinin çıxardığı qətnamədən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-8096/2019 saylı qərarına əsasən, onun tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-ci il tarixli, 2(103)-10858/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən 19 saylı evin 10 saylı mənzili ilə bağlı Cavabdeh ilə onun, yəni İddiaçı arasında Bakı şəhəri 50 saylı notariat kontorunda xx.xx.2017-ci il tarixdə beh müqaviəsi, xx.xx.2017-ci il tarixdə isə alqı-satqı müqaviləsi tərtib olunmuşdur. xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi üzrə Cavabdeh üzərinə götürdüyü öhdəliyi layiqincə yerinə yetirməmiş, yəni mənzilin pulu tam şəkildə ona ödənilməmişdir. Bu səbəbdən də sözügedən, mübahisəli alqı-satqı müqaviləsinin ləğvi ilə bağlı məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Quba Rayon Məhkəməsinin 27 avqust 2020-ci il tarixli, 2(027)-1178/2020 nömrəli qətnaməsi ilə (hakim R.T.Həsənov) iddia rədd edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin 27 avqust 2020-ci il tarixli, 2(027)-1178/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 fevral 2021-ci il tarixli, 2(105)-573/2021 nömrəli qətnaməsi ilə (hakim L.M.Məmmədovanın sədrliyi və məruzəsi ilə, hakimlər T.O.Quliyevdən və G.F.Tağızadədən ibarət tərkibdə) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 27 avqust 2020ci il tarixli, 2(027)-1178/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 fevral 2021-ci il tarixli, 2(105)-573/2021 nömrəli qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 01 noyabr 2021-ci il tarixli, 2(102)-5398/2021 nömrəli qərarı ilə (hakim A.Q.Hüseynovun sədrliyi və məruzəsi ilə, hakimlər Ə.G.Nurməmmədovdan və Z.Ə.Əliyevdən ibarət tərkibdə) iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 fevral 2021-ci il tarixli, 2(105)-573/2021 nömrəli qətnaməsi ləğv olunmuş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 mart 2022-ci il tarixli, 2(105)-486/2022 nömrəli qətnaməsi ilə (hakim S.A.Qafarinin sədrliyi və məruzəsi ilə, hakimlər Ş.R.Abasovdan və T.Q.Məmmədovdan ibarət tərkibdə) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Quba Rayon Məhkəməsinin 27 avqust 2020-ci il tarixli, 2(027)-1178/2020 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 50 saylı notariat kontorunda bağlanmış 12 iyun 2017-ci il tarixli beh müqaviləsinin və 19 oktyabr 2017-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi qət edilmişdir. Cavabdeh kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 mart 2022-ci il tarixli, 2(105)-486/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 18 iyul 2022-ci il tarixli, 2(102)-3752/20202 nömrəli qərarı ilə (hakim E.Y.Şamayevin sədrliyi və məruzəsi ilə, hakimlər E.R.Vəliyevadan və A.Ə.Abbasovdan ibarət tərkibdə) cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 mart 2022-ci il tarixli, 2(105)-486/2022 nömrəli qətnaməsi ləğv olunmuş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh ona qarşı məhkəmədə mənzilin boşaldılması tələbinə dair iddia qaldırmış, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1468/2019 saylı, 18 iyun 2019-cu il tarixli, qətnaməsi ilə Cavabdeh iddia tələbi təmin olunaraq, onun ailə üzvləri və digər şəxslər tərəfindən Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 19 saylı evin 10 saylı mənzilin boşaldılması və iddiaçı Cavabdeh təhvil verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədən narazı qaldığı üçün apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10858/2019 saylı, 22 avqust 2019 tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin olunaraq, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli, 2(009)-1468/2019 saylı qətnaməsi iddia tələbinin təmin edilən -Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən 19 saylı evin 10 saylı mənzilin onun ailə üzvləri və digər şəxslər tərəfindən boşaldılması hissəsində ləğv edilməsi, həmin hissədə iddianın rədd edilməsi, qətnamə qalan hissədə və apelyatora münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin çıxardığı qətnamədən narazı qalaraq kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)8096/2019 saylı 24 dekabr 2019-cu il tarixli Qərarına əsasən, kassasiya şikayəti təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10858/2019 saylı, 22 avqust 2019ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən 19 saylı evin, 10 saylı mənzili ilə bağlı Cavabdeh ilə onun arasında Bakı şəhəri 50 saylı notariat kontorunda 12 iyun 2017-ci il tarixdə "Beh müqaviəsi" və 19 oktyabr 2017-ci il tarixdə isə "Alqı-satqı müqaviləsi" tərtib olunmuşdur. 19 oktyabr 2017-ci il tarixli "Alqı-satqı müqaviləsi" üzrə Cavabdeh üzərinə götürdüyü öhdəliyi layiqincə yerinə yetirməmiş, yəni mənzilin pulunu tam şəkildə ona ödəməmişdir. Bu səbəbdən də sözügedən, mübahisəli "Alqı-satqı müqaviləsi"nin ləğvi ilə bağlı məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Bakı Şəhəri 50 saylı Notariat Kontorunda bağlanmış 19 oktyabr 2017-ci il tarixli daşınmaz əmlakın "Alqı-satqı müqaviləsin"dən görünür ki, o, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 36 kv.m, yaşayış sahəsi 15 kv.m olan 1 otaqlı mənzilin tam mülkiyyət hüququ üzrə 40.000,00 (qırx min) manata Cavabdeh satmış, müqavilənin şərtlərinə görə 10.000,00 (on min) manat beh müqaviləsi bağlanarkən və "Alqı-satqı müqaviləsi" zamanı 7.000,00 (yedi min) manat olmaqla ümumilikdə 17.000,00 (on yeddi min) manat ödənilməsi, qalan 23.000,00 (iyirmi üç min) manat məbləğində pul isə ona 18 aprel 2018-ci il tarixinədək Cavabdeh tərəfindən ödənilməsi nəzərdə tutulmuşdur. İş materialarında olan orderlərin kserosurətlərindən təsdiq olunur ki, Cavabdeh tərəfindən notariusun bankda açılan depozit hesabına 10 iyun 2017-ci il tarixdə 10.000,00 (on min) manat, 18 oktyabr 2017-ci il tarixdə 7.000,00 (yeddi min) manat, müqavilə üzrə üzərinə düşən öhdəlik vaxtından sonra yəni 05 iyun 2018-ci il tarixdə 11.500,00 manat məbləğində pul notariusun depozit hesabına köçürülməsi vasitəsi ilə, həmçinin Cavabdeh əri X10 tərəfindən ona 03 iyun 2017-ci il tarixdə isə 500,00 (beş yüz) manat və 27 mart 2018-ci il tarixdə çıxarışın alınması üçün 1.000,00 (bir min) manat nağd qaydada pul ödənilmişdir. Ümumilikdə isə ona 30.000,00 (otuz min) manat ödənilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə məhkəmə Cavabdeh ona alqı-satqı müqaviləsi üzrə yerdə qalan ödənilməli olan 10.000,00 (on min) manatını ona aiddiyəti olmayan qəbz ilə yəni X6 İlqar Əliyev adlı şəxsə 07 dekabr 2017-ci il tarixdə 6.500,00 (alü min beş yüz) manat məbləğində pul ödənilməsi ilə qalan 3.500,00 (üç min beş yüz) manat isə heç bir qəbzlə sübuta yetirilməmişdir. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Quba Rayon Məhkəməsinin 2(027)-1178/2020 saylı, 27 avqust 2020-ci il tarixli qətnaməsini ləğv edərək iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı İddiaçı və onun vəkilləri X11, X4 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdilər. Cavabdeh nümayəndəsi X10, nümayəndəsi və vəkili Kreditor apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxs Bakı şəhəri 50 saylı notariat kontoruna məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri 50 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş 10 iyun 2017-ci il tarixli beh müqaviləsi ilə İddiaçı və Cavabdeh 12 iyun 2018-ci il tarixə kimi ünvan 2 ünvanında yerləşən mənzilin 30000 manat məbləğə satılması barədə alqı-satqı müqaviləsi bağlamağı öhdələrinə götürmüşlər. Cavabdeh gələcəkdə bağlanacaq alqı-satqı müqaviləsinin təminatı kimi İddiaçı 10000 manat məbləğində pul vəsaiti ödəmiş, qalan 20000 manat məbləğində pul vəsaitini alqı-satqı müqaviləsi rəsmiləşdirilərkən satıcıya ödəməsini öhdəsinə götürmüşdür. Bakı şəhəri 50 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş 19 oktyabr 2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 36 kv.m, yaşayış sahəsi 15 kv.m olan 1 otaqlı mənzilini 40 000 manata Cavabdeh satmış, alıcı müqavilənin şərtlərinə görə 10000 manat beh müqaviləsi bağlanarkən və alqı-satqı müqaviləsi zamanı 7000 manat olmaqla ümumilikdə 17000 manat məbləğində pulu İddiaçı vermiş, qalan 23000 manat məbləğində pulu isə 18 aprel 2018-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı Cavabdeh 27 mart 2020-ci il tarixli pretenziya məktubu göndərərək, 19 oktyabr 2017-ci il tarixli alqı-satqı müqaviləsi üzrə Cavabdeh üzərinə götürdüyü öhdəliyi layiqincə yerinə yetirmədiyinə, yəni mənzilin pulu tam şəkildə ödənilmədiyinə görə alqısatqı müqaviləsinin ləğvi ilə bağlı məhkəməyə müraciət olunacağını bildirilmişdir. Birinci instansiya məhkəməsi İddiaçı ilə Cavabdeh arasında bağlanmış AN-1 № ******* saylı, xx.xx.2017-ci il tarixli alğı-satqı müqaviləsinin notariat qaydada təsdiq edilməsini, müqavilədə daşınmaz əmlakın qiymətinin tərəflərin razılaşmasına əsasən 40.000 manat müəyyən edilməsini, iddiaçının cavabdehə satılmış mənzillə bağlı cavabdehin ona 11.500 manat məbləğində pulu borclu olduğunu iddia etsə də, bununla bağlı heç bir sübut təqdim edilməməsini, tərəflərin notariat qaydada hər hansı kənar təsir olmadan könüllü şəkildə imzaladıqları müqavilənin mühüm şərti barədə müddəaları iddiaçının iddiası ilə şübhə altına alına və ya ləğv edilə bilməməsini, İddiaçı ilə Cavabdeh arasında bağlanmış AN-1 № ******* saylı, xx.xx.2017-ci il tarixli alğı-satqı müqaviləsinin etibarlılığı üçün qanunda nəzərdə tutulmuş bütün şərtlərə riayət olunmasını müəyyən edərək iddianı təmin etməmiş, gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567, 491.1, 492, 646.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. İş materiallarından görünür ki, kassasiya instansiyası məhkəməsi mülki işi yenidən baxılması üçün Apellyasiya Məhkəməsinə qaytararkən qərarında qeyd etmişdir ki, apellyasiya məhkəməsi təkrar baxışda ödənişlə bağlı işdə olan sübutları (cavabdehin nümayəndəsinin izahatını, tərəflər arasında əvvəllər olmuş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, iş materiallarında olan qəbzləri və qanuni qüvvəyə minmiş hökmü) sadalasa da, Mülki Prosessual Məcəllənin 218.1 və 420-ci maddələrinin tələblərini pozaraq qeyd olunan sübutlar əsasında iş üçün əhəmiyyətli olan halı: cavabdehin müqavilə üzrə öhdəliyini hansı hissədə icra etməməsini müəyyən etməmişdir. Halbuki, həmin hal iddianın təmini üçün xüsusi əhəmiyyətə malikdir. İlk olaraq bu səbəbdən ki, müqavilənin ləğvi üçün öhdəliyin istənilən pozuntusu deyil, əhəmiyyətli pozuntusu əsas ola bilər. Digər tərəfdən iş materiallarından müəyyən olunur ki, cavabdehin nümayəndəsi təkrar apellyasiya baxışı zamanı verdiyi izahatında cavabdehin iddiaçıya 3000-3500 manat məbləğində borcunun qaldığını, lakin iddiaçının öhdəliyini ilk icra etməli olduğu halda, onun öhdəliyini pozmasını, mənzili müqavilədə müəyyən edilmiş vaxtda təhvil vermədiyini göstərməklə, həmin məbləği iddiaçıya ödəməyə hazır olduğunu göstərmişdir. Lakin, apellyasiya məhkəməsi alqı-satqı müqaviləsində qarşılıqlı olaraq öhdəliklərin hansı tarixlərdə icra edilməli olmasını, tərəflərdən hansının birinci öz öhdəliyini pozmasını araşdırmadan, cavabdehin iddiaçıya borcunun qalıq məbləğini, həmin borcun ödənilməməsinin səbəbini araşdırmadan, o cümlədən cavabdehin göstərdiyi kimi onun Mülki Məcəllənin 562.1-ci maddəsində nəzərdə tutulmuş ləngitmə hüququndan istifadə etməsinə əsasların olmasını və belə əsaslar olmasa da belə, öhdəliyinin icra olunmamış hissəsinin alqı-satqı müqaviləsinin əhəmiyyətli pozuntusu olmasına hüquqi qiymət vermədən iddianı təmin etməklə, yuxarıda qeyd olunan maddi və prosessual hüquq normalarını pozmuşdur. Məhkəmə kollegiyası yaranmış mübahisə ilə bağlı aşağıdakıları qeyd edir. Mülki Prossesual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Hazırki iş üzrə kassasiya instansiyası məhkəməsinin qərarlarında qeyd olunduğu kimi, hazırki iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 421.2-ci maddəsi təşkil edir ki, həmin normaya əsasən satıcının tələbi ilə alqı-satqı müqaviləsi yalnız alıcının müqaviləni əhəmiyyətli dərəcədə pozması halında ləğv edilə bilər. Mülki Məcəllənin 567-ci maddəsinin məzmunundan müəyyən edilir ki, alqı-satqı müqaviləsi, o cümlədən daşınmaz əmlakın alqı-satqısı müqaviləsi ikitərəfli müqavilə olmaqla, hər iki tərəf üçün müəyyən öhdəliklər yaradır: satıcı əşyanı alıcının mülkiyyətinə verməli, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməlidir. Həmin öhdəliklərin tam və ya qismən müxtəlif vaxtlarda icra olunmasının razılaşdırılması qanunla istisna olunmur (Mülki Məcəllənin 569.1, 598.1, 600.1-ci maddələri). Hazırki mübahisənin predmetini təşkil edən alqı-satqı müqaviləsinin məzmunundan müəyyən olunur ki, satıcı olan İddiaçı Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 19, 10 saylı mənzili Cavabdeh mülkiyyətinə verilməsini öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4 və 5-ci bəndlərinə əsasən daşınmaz əmlakın dəyəri 40000 manat məbləğində müəyyən edilmiş, alıcı həmin qiymətin 10000 manat hissəsini 10 iyun 2017-ci il tarixli beh müqaviləsi ilə, 7000 manatı müqavilə bağlanarkən notariusun depozit hesabı vasitəsi ilə ödəmiş, qalan 23000 manat məbləği isə 18 aprel 2018-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 11-ci bəndinə əsasən isə satıcı daşınmaz əmlakı 19 yanvar 2018-ci il tarixədək alıcının faktiki sahibliyinə verilməsini öhdəsinə götürmüşdür. Göründüyü kimi tərəflər arasında alqı-satqı müqaviləsi 19 oktyabr 2017-ci il tarixdə bağlansa da, hər iki tərəf öhdəliklərini müəyyən müddət sonra, lakin müxtəlif vaxtlarda icra edəcəklərini razılaşmışlar. İddiaçı cavabdehin üzərinə götürdüyü öhdəliyi icra etmədiyini əsas gətirərək müqavilənin ləğv edilməsini xahiş etmişdir. İş materialarında olan orderlərin kserosurətlərindən görünür ki, Cavabdeh tərəfindən notariusun bankda açılan depozit hesabına xx.xx.2017-ci il tarixdə 10.000 manat, xx.xx.2017-ci il tarixdə 7000 manat, xx.xx.2018-ci il tarixdə 11.500 manat məbləğində pul köçürülmüşdür. İş materiallarında olan Bakı şəhəri 50 saylı Notariat Ofisinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri 50 saylı Notariat Ofisində xx.xx.2017-ci il tarixdə rəsmiləşdirilmiş 4Ə-817 reystr nömrəli “Alğı-satqı müqaviləsi” əsasında özgəninkiləşdirilən əmlakın müqavilə ilə razılaşdırılmış dəyərini təşkil edən 40.000 manat məbləğində pul vəsaitindən 10.000 manatı xx.xx.2017-ci il tarixli “beh müqaviləsi” əsasında, 7.000 manatı xx.xx.2017-ci il tarixdə “alğı satqı müqaviləsi”ni rəsmiləşdirərkən, 11.500 manatı isə xx.xx.2018-ci il tarixdə notariusun depozit hesabı vasitəsi ilə “satıcı” İddiaçı ödənilmişdir. Əmlakın dəyərinin qalan 11.500 manat təşkil edən hissəsinin ödənilməsi barədə notariat işində heç bir rəsmi sənəd əlavə edilməmişdir. İş materiallarında olan qəbzlərin surətlərindən görünür ki, X1 Nigar Paşa qızına xx.xx.2018-ci il tarixdə çıxarışın alınması üçün 1000 manat, X1 Nigar Paşa qızına xx.xx.2017-ci il tarixdə 500 manat, X3 İlqara xx.xx.2017-ci il tarixdə 6500 manat məbləğində pul vermişdir. Qanuni qüvvədə olan xx.xx.2022-ci il tarixli hökmdə də mənzilə görə hazırki iş üzrə cavabdehin əri X10 tərəfindən iddiaçıya çatası 6.500 (altı min beş yüz) manat pulun onun xahişi ilə İlqar Əliyevə verilməsi müəyyən edilmişdir. Beləliklə cavabdeh tərəfindən iddiaçıya xx.xx.2017-xx.xx.2018-ci il tarixlərində 36500 (10 000+7 000+11500+1000+500+6500=36500) manat müqavilə üzrə ödəniş edildiyi təsdiqini tapır. Beləliklə müqavilə üzrə cavabdeh qalan 23 000 manatı son tarix kimi 18 aprel 2018-ci il tarixədək ödəməyi öhdəsinə götürmüş, xx.xx.2018-ci il tarixədək 36500 manat ödəniş etmişdir. Müqavilə şərtlərinin ilk öncə kim tərəfindən pozulması ilə bağlı kollegiya qeyd edir ki, müqavilənin 11-ci bəndinə əsasən satıcı daşınmaz əmlakı 19 yanvar 2018-ci il tarixədək alıcının faktiki sahibliyinə verilməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2018-ci il tarixli qəbzin surətindən isə görünür ki, iddiaçı, 2018-ci ilin avqust ayının sonunda evin Cavabdeh təhvil verilməsinə söz vermişdir. Beləliklə göründüyü kimi, müqavilə şərtləri ilk öncə iddiaçı tərəfindən pozulmuş, mənzil hazırki vaxta kimi iddiaçının sahibliyindədir. Belə ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən 19 nömrəli evin 10 nömrəli mənzilin İddiaçı, onun ailə üzvləri və digər şəxslər tərəfindən boşaldılması və mənzilin Cavabdeh təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 avqust 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 iyun 2019cu il tarixli qətnaməsinin iddia tələbinin təmin edilən - Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən 19 nömrəli evin 10 nömrəli mənzilin cavabdeh İddiaçı ailə üzvləri və digər şəxslər tərəfindən boşaldılması hissəsində ləğv edilməsi, həmin hissədə iddianın rədd edilməsi, qətnamənin qalan hissədə və apellyatora münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki kollegiyasının 24 dekabr 2019-cu il tarixli qərarı ilə cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından və cavabdehin vəkilinin istər hazırki, istərsə də bundan əvvəlki apellyasiya baxışı zamanı verdiyi izahatından müəyyən olunur ki, cavabdehin iddiaçıya 3000-3500 manat məbləğində borcu qalmış, lakin iddiaçı öhdəliyini ilk icra etməli olduğu halda, öhdəliyini pozmuş, iddiaçı mənzili müqavilədə müəyyən edilmiş vaxtda təhvil verməmiş, bu səbəbdən cavabdeh ləngitmə hüququndan istifadə etmiş, həmin məbləği iddiaçıya ödəməyə hazır olduğunu göstərmişdir. İddiaçı apellyasiya baxışı zamanı pulu qəbul etməkdən imtina etdiyini bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iş materialları ilə 40000 manat pulun 36500 manatının cavabdeh tərəfindən ödənilməsi tam olaraq sübuta yetirildiyindən, cavabdehin 3500 manat pulu evin ona müqavilədə nəzərdə tutulan müddətdə onun faktiki sahibliyinə verilməməsi səbəbindən ödəməməsi müqavilənin əhəmiyyətli pozuntusu kimi qiymətləndirilə bilməz. Çünki iddiaçıya ödənilməli məbləğ müqavilənin əhəmiyyətli dərəcəsini təşkil etməmişdir. İddiaçı özü müqavilənin şərtini birinci pozmuş, bu səbəbdən o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olan tərəf kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 562.1-ci maddəsinə əsasən əgər bu Məcəlləyə və ya müqaviləyə görə borclunun kreditor barəsində hüququ və ya bununla əlaqədar ödəniş müddəti çatmış tələbi varsa, borclu onun barəsində öhdəlik icra edilənədək öz öhdəliyinin icrasından imtina edə bilər (ləngitmə hüququ). Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 569.1-ci maddəsinə əsasən satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393, 405 -ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 27 avqust 2020-ci il tarixli, 2(027)-1178/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar