Məhkəmə qərarları › İş №2(105)-2095/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2095/2020

29.09.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2095/2020 29.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), X25 və X8 ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçılar İddiaçı2, İddiaçı3, cavabdeh X6, onun nümayəndəsi və vəkili X9 iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh X10, üçüncü şəxslər Sumqayıt Regional “ASAN XİDMƏT” X18 və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin X19rşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-410/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-410/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim Azər İsmayılov). Qətnamədən narazı qalan iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-410/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. İ Ş İ N H A L L A R İ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh X10, üçüncü şəxslər Sumqayıt Regional “ASAN XİDMƏT” X18 və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin X19rşı bağışlama müqaviləsindən imtina və ləğvinə dair dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2017-ci il tarixdə təsdiq edilmiş bağışlama müqaviləsindən imtina edərək və həmin müqavilənin ləğv olunaraq mərhum anaları X11 məxsus Sumqayıt şəhəri, 5-ci mkr, ev 34, mənzil 23, yeni qaydalarla AZ 5007, Sumqayıt şəhəri, Nəriman Nərimanov küçəsi 709, M3, m 1 saylı ünvanda yerləşən mənzilə dair mülkiyyət hüquqlarının (vərəsəlik hüquqlarının) bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X20 tərəfindən xx xxxxxx 2017-ci il tarixdə təsdiq edilmiş bağışlama müqaviləsinin etibarsız hesab edilməklə, cavabdeh X6 adına qeydiyyata alınmış və ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilərək mülkiyyət hüquqlarının bərpa olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında İddiaçı2 apelyasiya şikayətinin dəlillərini müdafiə edərək göstərdi ki, mərhum anası X14 Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin X33 tərəfindən verilmiş ******* saylı, xx.xx.2016-cı il tarixdə qeydə alınmış, Sumqayıt şəhəri, 5-ci mkr, ev 34, mənzil 23, yeni qaydalarla: AZ 5007, Sumqayıt şəhəri, Nəriman Nərimanov küçəsi, 709, M3 mənzil 1 saylı ünvanda yerləşən, ümumi sahəsi 61,7 m2 xüsusi mülkiyyətdə olan mənzili xx xxxxxx 2017-ci il tarixli etibarnamə əsasında cavabdeh, doğma bacısı X10 bağışlamışdır. Bu bağışlama müqaviləsi Sumqayıt “ASAN XİDMƏT” Mərkəzində notariat kontorunun xüsusi notariusu X20 tərəfindən xx xxxxxx 2017-ci il tarixdə təsdiq edilmişdir. Həmin mübahisəli mənzildə onlar, yəni o, qardaşı Adil və bacısı Elmira ilə birlikdə yaşayırlar. Cavabdeh olan digər bacısı isə ümumiyyətlə mübahisəli mənzildə deyil, özünə məxsus başqa mənzildə ailə üzvləri ilə birlikdə yaşayır. Mübahisəli mənzilin mülkiyyətçisi olmuş anaları məhrum X14 xx xxxx 2019-cu il tarixdə vəfat etdikdən sonra cavabdeh X15 onları hədələyərək bağışlama müqaviləsi əsasında ona verilmiş yaşayış yerindən çıxmalarını tələb etmişdir. Onlar anlamışlar ki, bacılarının niyyəti mübahisəli mənzili ələ keçirərək vəziyyətlərini ağırlaşdırmaq olmuşdur. Bundan sonra mübahisəli mənzildən çıxarılmaları barədə cavadeh məhkəmədə onlara qarşı iddia qaldırmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7640 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən, iddia təmin edilərək qardaşı İddiaçı3 və onun Sumqayıt şəhəri, 5-ci mkr, ev 34, mənzil 23 saylı mənzilinə (yeni qaydalarla: AZ 5007, Sumqayıt şəhəri, Nəriman Nərimanov küçəsi, 709. M3, m 1) olan istifadə hüquqlarına xitam verilmişdir. Həmin məhkəmə tərəfindən İddiaçı1 X15 tərəfindən 8000 (səkkiz min) manat kompensasiya verilməklə həmin mənzildən çıxarılmaları qət edilmişdir. Qeyd olunan məhkəmə qətnaməsində işin bütün halları tam öz əksini tapmamışdır. Göründüyü kimi, cavabdeh bağışlama müqaviləsi əsasında hədiyyə olunmuş mənzildən onları məhkəmə qaydasında yaşamaqdan məhrum etməsi bir daha da onların vəziyyətinin ağırlaşdırılmasını təsdiq edir. Həmçinin cavabdehin əvvəlcədən niyyəti bağışlama müqaviləsi əsasında analarının adına olan mənzili ələ keçirərək mülkiyyət hüquqlarını məhdudlaşdırmaq olmuşdur. Doğma bacısı olan cavabdeh anasının xəstə olmasını və onların hüquqi savadsızlığından sui-istifadə edərək heç bir zərurət olmadığı halda mübahisəli mənzili bağışlama müqaviləsi əsasında mülkiyyətinə keçirmişdir. Anası vəfat edən kimi mübahisəli mənzilə dair onlara qarşı iddia qaldırması bir daha təsdiq edir ki, cavabdehin niyyəti əvvəlcədən mülkiyyət hüququndan məhrum etmək olmuşdur. Xüsusilə məhkəmənin nəzərinə çatdırılmışdır ki, cavabdeh hazırda da mübahisəli mənzildə yaşamır. Eyni zamanda mübahisəli mənzilə dair onlara qarşı iddia qaldırdıqdan sonra onlar bağışlama müqaviləsini əldə edərək, cavabdehin niyyətini həmin vaxt anlamışlar. Yəni hüquqlarının əlverişsiz vəziyyətə düşdüyünu və bağışlama müqaviləsinin mövcudluğunu cavabdeh onlara qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra bilmişlər. Mübahisəli mənzildən çıxarılmaları barədə məhkəmə qətnaməsinin mövcud olması kifayət qədər əsas verir ki, xx.xx.2017-ci il tarixli bağışlama müqaviləsi etibarsız hesab edilməklə, Cavabdeh adına qeydiyyata alınmış və ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli dövlət reyestrindən verilmiş çıxarış ləğv edilərək mülkiyyət hüquqları bərpa olunmalıdır. Məhkəmə iclasında bibisi X16 şahid qismində dindirilərkən ifadəsində bildirmişdir ki, tərəflərin münasibətləri analarına kimin baxması ilə əlaqədar pozulmuşdur. X3 ölən günə kimi iddiaçılar baxmışlar. Cavabdeh onları aldadaraq mübahisəli evi öz adına keçirmişdir. Məsələ ilə bağlı cavabdeh X10 iradlarını bildirəndə, o bildirmişdir ki, anası ona cehiz vermədiyi üçün həmin ev onundur. Mərhumun 2017 və 2018-ci illərdə huşu və ağlı üstündə olsa da, həmin vaxt gözləri görməmişdir. X12 şahid qismində dindirilərkən ifadəsində bildirmişdir ki, X3 vəfat edənə qədər iddiaçılar baxmışlar. Hətta İddiaçı1 ailəsi anasına baxmaq üstündə dağılmışdır. Cavabdeh iddiaçıları aldatmaqla mübahisəli evi öz adına keçirmişdir. Cavabdeh X15 anasının üç mərasimi bitən kimi iddiaçıları məhkəməyə vermiş və buna görə iddiaçılar mənzildən istifadə hüquqlarını itirmişdir. Mərhum 2017 və 2018-ci illərdə elə ağır xəstə olmasa da, şəkər xəstəliyindən tamamilə görmə qabiliyyətini itirmişdir. Şahid qismində dindirilmiş qonşu X21 ifadəsində bildirmişdir ki, mərhuma 12 il ərzində İddiaçı1 baxmışdır. Əvvəllər mərhum baxımsız olsa da, İddiaçı1 qayıtdıqdan sonra anasına və xəstə qardaşına çox yaxşı baxmışdır. Cavabdeh İddiaçı1 aldatmışdır ki, anasına və xəstə qardaşına o baxacaqdır. Cavabdeh X15 anasının üç mərasimi bitən kimi iddiaçıları məhkəməyə vermişdir. Bundan əlavə “Briz-L Göz klinikası”na verilmiş xx xxxxxx 2020-ci il tarixli, 08 saylı sorğunun cavabından göründüyü kimi X5 xx xxxxxxxx 2016-cı il tarixdə “Briz-L Göz klinikası”na müraciət etmişdir. Həmin müraciətə dair çıxarışdan da görünür ki, artıq beş ildir ki, Nurcahan Kərimova tamamilə görmə qabiliyyətini itirmişdir. Eyni zamanda müayinənin nəticəsi olaraq X7 görmə qabiliyyətinin olmaması öz təsdiqini tapmışdır. xx xxxxxxxx 2016-cı il tarixli diaqnozda hər iki gözdə tam yetişmiş Katarakta (mirvari suyu), terminal qlaukoma (göz daxili təzyiq) olduğu müəyyən olmuşdur. X4 tərəfindən xx.xx.2019-cu il tarixli Sumqayıt Şəhər Məhkəməsinə verilmiş iddia ərizəsində “qardaşımın vəziyyətini və gözləri tutulmuş anamım vəziyyətini bacım nəzərə almırdı” qeyd edilmişdir. Qeyd edilənlərə əsasən apelyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-410/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı3 apelyasiya şikayətinin dəlillərini müdafiə edərək apelyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-410/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh X15 apelyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, mübahisəli mənzilə dair bağlanmış bağışlama müqaviləsi tam qanuna uyğun həyata keçirilmiş, mənzili bağışlayan mərhum Nurcahan Kərimova hələ sağlığında hazırda iddiaçı olan İddiaçı1 iştirakı ilə öz iradəsini ifadə edərək mənzili ona bağışlamışdır. Bu səbəbdən bağışlanma müqaviləsinin etibarsız hesab edilməsinə heç bir əsas yoxdur. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 410/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh X6 nümayəndəsi və vəkili X27 apelyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-410/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Üçüncü şəxs X32 Xidmət Mərkəzində Notariat Ofisinin notariusu ərizə ilə məhkəməyə müraciət edərək ofisinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı1 və üçüncü şəxs DƏDRX X24 nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimi, proses iştirakılarının izahatını dinləyib, apelyasiya şikayətlərinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-410/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində göstərdi ki, o, tərəflərin bibisidir. Tərəflərin münasibətləri analarına kimin baxması ilə əlaqədar olaraq pozulmuşdur. X3 ölən günə kimi iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 baxmışlar. Cavabdeh X15 iddiaçıları aldadaraq mübahisəli evi öz adına keçirmişdir. Onlar məsələ ilə bağlı cavabdeh X10 iradını bildirəndə X15 onlara bildirmişdir ki, anası ona cehiz vermədiyinə görə həmin ev onundur. X1 2017-2018-ci illərdə huşu və ağlı üstündə olsa da, həmin vaxt gözləri görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X26 ifadəsində göstərdi ki, o, tərəflərin bibisidir. X3 ölən günə kimi iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 baxmışlar. Hətta İddiaçı1 ailəsi anasına baxmaq üstündə dağılmışdır. Cavabdeh X15 iddiaçıları aldadaraq mübahisəli evi öz adına keçirmişdir. Cavabdeh X15 anasının üçü çıxan kimi iddiaçıları məhkəməyə vermiş və iddiaçıların mənzildən istifadə hüquqularını itirmişdir. X5 2017-2018-ci illərdə elə də ağır xəstə olmamış, lakin həmin vaxt şəkər xəstəliyindən gözləri görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X21 ifadəsində göstərdi ki, tərəfləri tanıyır. Belə ki, o, iddiaçılarla qonşu olmuşdur. X3 12 il İddiaçı1 baxmışdır. Əvvəllər mərhum baxımsız olsa da, Elmira qayıtdıqdan sonra anasına və xəstə qardaşına çox yaxşı baxmışdır. Cavabdeh X15 İddiaçı1 aldatmışdır ki, anasına və xəstə qardaşına o, baxacaqdır. Cavabdeh X15 anasının üçü çıxan kimi iddiaçıları məhkəməyə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, 5-ci mikrorayon, 34 saylı evin, 23 nömrəli mənzili (Yeni qaydalarla: AZ 5007, Sumqayıt şəhəri, Nəriman Nərimanov küçəsi, 709, M3, m 1) X7 adına xx.xx.2016-cı il tarixdə qeydiyyatdan keçmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X2 şəhəri, 5-ci mikrorayon, 34 saylı evin, 23 nömrəli mənzilini Cavabdeh bağışlamışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli razılıq ərizəsininn notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı2 və İddiaçı3 X7 Sumqayıt şəhəri, 5-ci mikrorayon, 34 saylı evin, 23 nömrəli mənzilini Cavabdeh bağışlamasına etiraz etməmişlər. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı Yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2016-cı il tarixli məktubunda, Komissiya ünvan 2, mənzil 23 ünvanında yerləşən, anası X11 məxsus mənzilin Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli, 94 nömrəli sərəncamı ilə xx.xx.1974-cü il təvəllüdlü qardaşı X30 üzərində təyin olunmuş qəyyumu olan Cavabdeh bağışlanılmasına etiraz etməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin yaninda Daşinmaz Əmlakin Dövlət Reyestri Xidmətinin 2 saylı X33 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, **********37 nömrəli məktubdan görünür ki, ünvan 2 ünvanda yerləşən 23 saylı mənzil sahəsi ( Yeni qaydalarla : AZ 5007, Sumqayıt şəhəri, Nəriman Nərimanov küçəsi, 709, M3, m 1 ) Sumqayıt “Asan xidmət” mərkəzinin notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli, 4Ə-66 reyestr nömrəli bağışlanma müqaviləsi əsasında X6 adına qeydiyyata alınmış və ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli dövlət reyestrindən çıxarış verilmişdir. Birinci instansiya məhkəməsi X1 hələ öz sağlığında İddiaçı1 işirakı ilə, yəni xx.xx.2017-ci il tarixdə mülkiyyətində olan Sumqayıt şəhəri, 5-ci mikrorayon, 34 saylı evin, 23 nömrəli mənzilini Cavabdeh bağışlamasını, X1 mənzili bağışladıqdan 2 il 6 ay sonra, xx.xx.2019-cu il tarixdə vəfat etməsini, bu müddət ərzində qeyd olunan bağışlama müqaviləsini sağlığında mübahisələndirməməsini, başqa qeyd olunan bağışlama müqaviləsi bağlanarkən qanunvericiliyin tələblərinə əməl olunmasını müəyyən edərək iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edirək qeyd edir ki, məhkəmə iddia tələbinin təmin edilməməsi qənaətinə gələrkən haqlı olmuşdur. Belə ki, birinci instansiya məhkəməsi işin bütün hallarını araşdırmış, iddiaçıların anası, X1 öz mülkiyyətində olan əmlakı cavabdehə bağışlamasını, bağışlama müqaviləsinin etibarsızlığı, çıxarışın ləğvi üçün heç bir əsasın olmaması qənaətinə gəlməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 668.1.1-ci maddəsinə görə daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlı sayılır. Qeyd edilən qanunvericiliyin tələbindən də görünür ki, daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması notariat qaydasında həyata keçirilir. Hazırki işdə də mübahisələndirilən müqavilə qanunvericiliyin tələbinə uyğun olaraq notariat qaydasında bağlanmışdır. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Göründüyü kimi, bağışlama müqaviləsi hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Hazırki müqavilədə də qeyd edilən əmlak bağışlanan zaman hədiyyə alan – Cavabdeh bağışlanan əmlak müqabilində üzərinə hər hansı öhdəlik götürməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1-ci maddəsinə əsasən hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1.hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. 673.2. hədiyyə verən bağışlamaq barəsində verdiyi vədi aşağıdakı hallarda ləğv edə və onun icrasından imtina edə bilər: 673.2.1. bu Məcəllənin 673.1-ci maddəsində nəzərdə tutulan hallarda; 673.2.2. vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır yükə çevirə biləcəyi dərəcədə dəyişdikdə; 673.2.3. vəd verildikdən sonra hədiyyə verənin ailə hüquq münasibətləri üzrə əvvəllər olmamış, yaxud çox cüzi həcmdə olmuş öhdəlikləri yarandıqda. 673.3. imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər.673.4. bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur. Həmin Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. İş materiallarından görünür ki, bağışlama müqaviləsi bağlanarkən hazırki iş üzrə İddiaçı1 anasının əvəzindən etibarnamə ilə iştirak etmiş, bağışlama müqaviləsini imzalamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə müəyyən edilir ki, mənzilin bağışlama müqaviləsi xx.xx.2017-ci iltarixdə bağlanmış, mənzilin sahibi X14 isə xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Göründüyü kimi, mənzilin mülkiyyətçisi Nurcahan Kərimova mənzili bağışladıqdan sonra təxminən 2 il 6 aydan çox müddət keçdikdən sonra vəfat etsə də, həmin müddət ərzində bağışlama müqaviləsini mübahisələndirməmişdir. Bu səbəbdən də bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün hər hansı əsas mövcud olmadığı üçün birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilmədiyi üçün cavabdeh X6 adına qeydiyyata alınmış və ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilərək mülkiyyət hüquqlarının bərpa olunması iddia tələbləri də təmin edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər qanuni və əsaslı olan qətnamənin ləğvi üçün əsas sayıla bilməz. Hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-410/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1 və 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-410/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 apelyasiya şikayəti təmin edilməsin. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Telman Quliyev Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar