Məhkəmə qərarları › İş №2(105)-2096/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2096/2023

03.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2096/2023 03.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X5 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-3246/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-3020/2019 nömrəli, 14 noyabr 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh 12 aprel 2012-ci il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin məbləğini dəyişərək cavabdehdən hər ay hər uşaq üçün 220 manat, cəmi 440 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Sumqayıt Şəhər Məhkəməsinin 21 iyun 2023-cü il tarixli 2(060)-3246/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-3020/2019 nömrəli iş üzrə qəbul etdiyi 14 noyabr 2019-cu il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 12 aprel 2012-ci il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 220 (iki yüz iyirmi) manat olmaqla, ümumilikdə 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, Cavabdeh 30 (otuz) manat dövlət rüsumunun alınıb dövlət nəfinə ödənilməsi, iş üzrə mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 50 (əlli) manatın Cavabdeh alınaraq İddiaçı ödənilməsi, dəyişdirilən aliment məbləğinin tutulmasının qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanması qət edilmişdir.

3. Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 21 iyun 2023-cü il tarixli 2(060)- 3246/2023 nömrəli qətnaməsindən 25 avqust 2023-cü il tarixdə apellyasiya şikayəti vermiş və ərizə verərək apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir.

4. Ərizəni onunla əsaslandırmışlar ki, onun qeydiyyatı Lerik rayonu, Hovlu kəndi olsa da, faktiki yaşayış yeri Abşeron rayonu, Hökməli kəndidir. Qətnamənin mövcudluğu barədə icra şöbəsində məlumatı olmuşdur. Bununla əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin 21 iyun 2023-cü il tarixli 2(060)-3246/2023 nömrəli qətnaməsindən şikayət verilməsi üçün müəyyən edilmiş 1 aylıq müddətin üzrlü hesab edilərək, buraxılmış müddət bərpa edilməsi və apellyasiya şikayəti ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

5. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-3246/2023 nömrəli, 27 sentyabr 2023-cü il tarixli qərardadı ilə Cavabdeh tərəfindən verilmiş prosessual müddətin bərpası barədə ərizə təmin edilməmişdir.

6. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-3246/2023 nömrəli, 27 sentyabr 2023-cü il tarixli qərardadından Cavabdeh 06 oktyabr 2023-cü il tarixdə elektron qaydada şikayətlə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-3246/2023 nömrəli, 27 sentyabr 2023-cü il tarixli qərardadının ləğv edilməsi, əks təqdirdə işin baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

7. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-3246/2023 nömrəli, 09 oktyabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Şikayətin və ona qarşı etirazın dəlilləri

a) Şikayətin dəlilləri

8. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadın əsası kimi Sumqayıt Şəhər Məhkəməsinin 21 iyun 2023-cü il tarixli 2(060)-3246/2023 saylı qətnaməsinin Cavabdeh atası tərəfindən 05 iyul 2023-cü il tarixdə qəbul edilməsini və elektron kabinetə yerləşdirilməsini əsas kimi gətirmişdir. Cavabdehin atası ilə münasibəti yoxdur, atası ilə danışmır və hər hansı bir əlaqəsi yoxdur. Həmin qətnamənin atası tərəfindən alınması ilə bağlı 27 sentyabrda olan prosesdə məlumat almışdırlar. Böyükxan Rəhimovun elektron kabineti yoxdur. Ümumiyyətlə, elektron kabinetdən istifadə edə bilmir. Bir müddət Abşeron rayonu, Hökməli qəsəbəsində yaşamışdır. Hazırda isə 2-ci dəfə nikaha girdiyi insanla 2018-ci il tarixdən Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən fərdi yaşayış evində yaşayır. Buna dair arayışı Xocasən icra nümayəndəliyinin işçiləri məzuniyyətdə olduqlarından təqdim edə bilməmişdir. 09 oktyabr 2023-cü il tarixdə icra nümayəndəliyinin işçiləri işə çıxandan sonra elektron kabinetə yerləşdiriləcək.

b) Şikayətə qarşı etirazın dəlilləri

9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

10. Maddə 10-1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının elektron qaydada aparılması 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. (...)

11. Maddə 130. Prosessual müddətlərin buraxılmasının nəticələri 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. (...)

12. Maddə 133. Prosessual müddətlərin bərpası 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. (...)

13. Maddə 135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. [155] 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. 135.4. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. (...)

14. Maddə 360. Apellyasiya şikayətinin verilmə müddəti Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.

15. Maddə 363. Apellyasiya şikayətinin qaytarılması 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: (...) 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə;

16. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

17. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək (...)

18. Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

20. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

22. İlk öncə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir.

23. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri MPM-in 360-cı maddəsində apellyasiya şikayətinin verilməsi üçün müəyyən olunmiş müddətdir. Həmin normada apellyasiya şikayətinin qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilə bilməsi müəyyən olunur.

24. İş materiallarınan görünür ki, qətnamənin surəti cavabdehin “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılmış elektron kabinetində xx.xx.2023-cü il tarixdə yerləşdirilmişdir.

25. Məhkəmə kollegiyası qeyd edir ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

26. Birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılmış elektron kabinetinə xx.xx.2023-cü il tarixdə yerləşdirildiyindən, qətnamədən apellyasiya şikayətinin verilməsi müddəti həmin tarixdən hesablanmalıdır.

27. Qətnamədən apellyasiya şikayətinin verilməsi müddəti həmin tarixdən hesablandıqda, apellyasiya şikayəti xx.xx.2023-cü il tarixdə verildiyindən cavabdehin apellyasiya şikayəti verməsi üçün nəzərdə tutulmuş prоsessual müddəti buraхdığı müəyyən olunur.

28. Bundan başqa, iş materiallarınan görünür ki, qətnamənin surəti xx.xx.2023-cü il tarixli müşayiətedici məktubla rəsmi yaşayış yeri “Lerik rayonu, Hovil kəndi” ünvanına göndərilmiş, qətnamə cavabdehin atası tərəfindən xx.xx.2023-cü il tarixdə həmin ünvanda qəbul edilmişdir. Göründüyü kimi, hər iki halda cavabdeh müddəti ötürmüşdür.

29. Apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prоsessual müddətin üzrlü hesab edilməsi barədə cavabdeh tərəfin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, müddətin bərpası ilə bağlı vəsatətlərə baxılarkən yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, həmin səbəblərin mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı və şəxsin özü tərəfindən onların dəf edilməsi imkanı mümkün olmamalıdır.

30. Cavabdehin şikayətində göstərdiyi dəlillər üzrlü hesab edilə bilməz. Belə ki, qətnamənin surəti cavabdehə qanunla müəyyən olunmuş qaydada təqdim edilmişdir.

31. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, qətnamədən istənilən vaxt apelyasiya şikayəti verilməsi qətnamə ilə hüquqları bərpa edilən və ya təmin edilən şəxsin hüquqlarının realizəsini xəyali etmiş olacaqdır ki, bu da qanunun aliliyi və hüquq müəyyənlik prinsipləri ilə ziddiyyət təşkil edir.

32. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri iş üzrə birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas olmadığından, şikayət təmin olunmamalı, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-3246/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-3246/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar