Məhkəmə qərarları › İş №2(105)-2100/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2100/2021

16.09.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2100/2021 16.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə açıq məhkəmə iclasında Quba Rayon Məhkəməsinin 08.04.2021-ci il tarixli, 2(027)-452/2021 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Quba Rayon Məhkəməsinin 08.04.2021-ci il tarixli, 2(027)-452/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim İlqar Məmmədov) İddiaçı Cavabdeh qarşı müqavilələrin və çıxarışların ləğv edilməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, Xaçmaz rayonu, Susayqışlaq kəndində yerləşən 0,91 ha torpaq sahəsinə dair Qusar rayon notarial kontorunda təsdiq edilmiş 08.08.2020-ci il tarixli, 4Ə-1509 reyestr nömrəli alqı-satqı müqaviləsi, Xaçmaz rayonu, Susayqışlaq kəndində yerləşən 1 ha torpaq sahəsinə dair Qusar rayon notarial kontorunda təsdiq edilmiş 08.08.2020-ci il tarixli, 4Ə-1511 reyestr nömrəli alqı-satqı müqaviləsi və Xaçmaz rayonu, Susayqışlaq kəndində yerləşən 0,605 ha torpaq sahəsinə dair Qusar rayon notarial kontorunda təsdiq edilmiş 08.08.2020-ci il tarixli, 4Ə-1510 reyestr nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi və həmin alqı-satqı müqavilələri əsasında Cavabdeh adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 14.09.2020-ci il tarixli, kod **********97 saylı çıxarış, 15.09.2020-ci il tarixli, kod **********96 saylı çıxarış və 14.09.2020-ci il tarixli, kod **********98 saylı çıxarışın ləğv edilməsi qət edilmiş, Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Xaçmaz rayonu, Susayqışlaq kəndində yerləşən 0,91 ha torpaq sahəsinə dair Cavabdeh ilə onun arasında bağlanmış Qusar rayon notariat kontorunda təsdiq edilmiş 08.08.2020-ci il tarixli, 4Ə-1509 reyestr nömrəli alqı-satqı müqaviləsinin, Xaçmaz rayonu, Susayqışlaq kəndində yerləşən 1 ha torpaq sahəsinə dair Cavabdeh ilə onun arasında bağlanmış Qusar rayon notariat kontorunda təsdiq edilmiş 08.08.2020-ci il tarixli, 4Ə-1511 reyestr nömrəli alqı-satqı müqaviləsinin və Xaçmaz rayonu, Susayqışlaq kəndində yerləşən 0,605 ha torpaq sahəsinə dair Cavabdeh ilə onun arasında bağlanmış Qusar rayon notariat kontorunda təsdiq edilmiş 08.08.2020-ci il tarixli, 4Ə-1510 reyestr nömrəli alqı-satqı müqaviləsinin və həmin müqavilələr əsasında ona məxsus torpaq sahələrinin Cavabdeh adına qeydiyyata alınması barədə Xaçmaz rayon 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş kod **********97 saylı, 15,09.2020-ci il tarixli çıxarışın, kod **********96 saylı, 14.09.2020-ci il tarixli çıxarışın və kod **********98 saylı, 14.09.2020-ci il tarixli çıxarışların ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddia tələblərini onunla əsaslandırmışdır ki, Cavabdeh təxminən iki ildir taniyır. Cavabdeh onun qardaşı ilə iş birliyi olmuş və buna görə cavabdehə inanmışdır. Cavabdeh 2020-ci ilin avqust ayında ona görməyə yaxşı bir iş olduğunu, ancaq pul lazım olduğunu, bir nəfər yaxın dostundan pul tapa biləcəyini, ancaq pul götürmək üçün torpaq sənədlərini girov qoymaq lazım olacağını bildirmişdir. Cavabdeh onun torpaq sahələrini girov qoymasını istəmiş, o da etiraz etməmişdir. Həmçinin cavabdeh təklif etmişdir ki, torpaqları pulu götürənədək öz adına keçirsin, bir-iki aya pulu da, torpaqları da qaytaracaqdır. O da buna inandığı üçün Xaçmaz rayonu, Susayqışlaq kəndində yerləşən 0,91 ha torpaq sahəsinə dair Qusar rayon notarial kontorunda təsdiq edilmiş 08.08.2020-ci il tarixli, 4Ə-1509 reyestr nömrəli, Xaçmaz rayonu, Susayqışlaq kəndində yerləşən 1 ha torpaq sahəsinə dair Qusar rayon notarial kontorunda təsdiq edilmiş 08.08.2020-ci il tarixli, 4Ə-1511 reyestr nömrəli və Xaçmaz rayonu, Susayqışlaq kəndində yerləşən 0,605 ha torpaq sahəsinə dair Qusar rayon notarial kontorunda təsdiq edilmiş 08.08.2020-ci il tarixli, 4Ə-1510 reyestr nömrəli alqı-satqı müqavilələri bağlamış və həmin torpaq sahələrini cavabdehin adına rəsmiləşdirmişdir. Lakin alqı-satqı müqavilələrində göstərilən satış məbləğləri ona ödənilməmiş, heç bir bank əməliyyatlarında iştirak etməmişdir. Sonrdan ona məlum olmuşdur ki, cavabdeh həmin torpaq sahələrinə çıxarışlar da almışdır. Göründüyü kimi, cavabdehin məqsədi həmin torpaqlara sahib çıxmaq olmuşdur, çünki onların arasında belə razılaşma olmamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, kürəkəni Cəsarətlə İddiaçı qardaşı arasında iş birliyi olmuş və həmin iş birliyi prosesində iddiaçının qardaşının səhlənkarlığı üzündən onlara 70000 manat ziyan dəymişdir. İddiaçının qardaşı onlara dəymiş ziyanı iki aya qaytaracağına söz versə də, pulu qaytarmamışdır. Sonradan iddiaçının qardaşı həmin pulun əvəzinə, qardaşı İddiaçı adına olan torpaq sahələrini onların adına keçirəcəyini demişdir. İddiaçı da buna razılığını bildirmiş və notarial qaydada onunla İddiaçı arasında alqı-satqı müqavilələri bağlanmış, borc əvəzinə torpaq sahələri onun adına keçirilmişdir. Lakin alqı-satqı müqaviləsi bağlanan zaman depozitə pul qoyma və pul ödənişi olmamışdır. Buna görə də alqı-satqı müqavilələri qanunauyğun tərtib edilmişdir. Məhkəmə gəlmiş olduğu hüquqi nəticəni əsaslandırmaq üçün Mülki Məcəllənin 337, 340-cı maddələrinə istinad etmişdir. Halbuki həmin maddələrin iddia tələbinə heç bir aidiyyəti yoxdur. İddia əqdin ləğvi barədə olduğu halda, məhkəmə əqdin etibarsızlığına dair maddi hüquq normalarını tətbiq etmişdir. Mülki Məcəllənin 423.2-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. İş materiallarından da göründüyü kimi, iddiaçı ona müqaviləni ləğv etmək barədə təklif göndərməmiş, bu barədə nə iddia ərizəsində, nə də məhkəmə iclasında hər hansı bir arqument irəli sürməmişdir. Belə olan halda, Mülki Məcəllənin 423.2-ci maddəsi tətbiq olunmaqla iddia tələbi rədd edilməli olduğu halda, məhkəmə əqdin etibarsızlığına dair maddi hüquq normaları əsasında əqdin ləğvi barədə qanunsuz qətnamə çıxarmışdır. Cavabdeh apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməklə iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlmədiyindən, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Qusar rayon notariat ofisi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Xaçmaz rayonu, Susayqışlaq kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,91 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında Şahbazov Eyvaz Hacıqulu oğlunun, X11 qızının, Şahbazova Qəndaf Şıxaydın qızının, İddiaçı, Şahbazov Səhhət Eyvaz oğlunun və X7 adlarına 12.03.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 152 nömrəli reyestr kitabının 78 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Xaçmaz rayonu, Susayqışlaq kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,605 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında Şahbazov Eyvaz Hacıqulu oğlunun, X11 qızının, Şahbazova Qəndaf Şıxaydın qızının, İddiaçı, X6 və X7 adlarına 12.03.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 152 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Xaçmaz rayonu, Susayqışlaq kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1,0 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında Şahbazov Eyvaz Hacıqulu oğlunun, X11 qızının, Şahbazova Qəndaf Şıxaydın qızının, İddiaçı, X6 və X7 adlarına 12.03.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 152 nömrəli reyestr kitabının 80 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 8 avqust 2020-ci il tarixdə Qusar rayon notariat ofisində təsdiq edilərək 4Ə-1509 sayla reyestrdə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı həm öz adından, həm də etibarnamə əsasında Şahbazov Səhhət Eyvaz oğlunun, X5, X4, X3 və X7 adlarından çıxış edərək Xaçmaz rayonu, Susayqışlaq kəndində yerləşən 0,91 ha torpaq sahəsini 4000 manata Cavabdeh satmışdır. İş materiallarında olan 8 avqust 2020-ci il tarixdə Qusar rayon notariat ofisində təsdiq edilərək 4Ə-1510 sayla reyestrdə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı həm öz adından, həm də etibarnamə əsasında Şahbazov Səhhət Eyvaz oğlunun, Şahbazov Eyvaz Hacıqulu oğlunun, X4, X3 və X7 adlarından çıxış edərək Xaçmaz rayonu, Susayqışlaq kəndində yerləşən 0,605 ha torpaq sahəsini 4000 manata Cavabdeh oğluna satmışdır. İş materiallarında olan 8 avqust 2020-ci il tarixdə Qusar rayon notariat ofisində təsdiq edilərək 4Ə-1511 sayla reyestrdə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı həm öz adından, həm də etibarnamə əsasında Şahbazov Səhhət Eyvaz oğlunun, Şahbazov Eyvaz Hacıqulu oğlunun, X11 qızının, X3 və X7 adlarından çıxış edərək Xaçmaz rayonu, Susayqışlaq kəndində yerləşən 1 ha torpaq sahəsini 5000 manata Cavabdeh satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Xaçmaz rayonu, Susayqışlaq kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,91 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh oğlunun adına 14.09.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 152 nömrəli reyestr kitabının 78 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Xaçmaz rayonu, Susayqışlaq kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,605 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına 15.09.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 152 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Xaçmaz rayonu, Susayqışlaq kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1,0 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh oğlunun adına 14.09.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 152 nömrəli reyestr kitabının 80 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddia ərizəsindən, iş materiallarından görünür ki, İddiaçı iddia tələbləri daşınmaz əmlakın alqı-satqı müqavilələrinin və həmin müqavilələr əsasında verilmiş çıxarışların ləğvi barədədir. Birinci instansiya məhkəməsi hazırki mübahisəyə Azərbaycan Respublikası MM-nin əqdlərin etibarsızlığını tənzimləyən normalarını tətbiq etməklə, daşınmaz əmlakın alqısatqı müqavilələrini və həmin müqavilələr əsasında verilmiş çıxarışları ləğv etmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi mübahisəyə tətbiq edilməli olmayan qanunu tətbiq etmişdir. Azərbaycan Respublikası MM-nin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 423-cü maddəsinə görə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göründüyü kimi, müqavilənin ləğvinin əsasları və qaydası qanunvericilikdə nəzərdə tutulmuşdur. Hazırki mübahisə üzrə daşınmaz əmlakın alqı-satqı müqavilələrinin və həmin müqavilələr əsasında verilmiş çıxarışların ləğvi üçün qanunda və ya müqavilələrdə nəzərdə tutulmuş hər hansı əsaslar olması məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393, 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin 08.04.2021-ci il tarixli, 2(027)-452/2021 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı müqavilələrin və çıxarışların ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar