Məhkəmə qərarları › İş №2(105)-211/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-211/2023

30.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-211/2023 30.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “məhkəmənin müəyyən etdiyi aliment miqdarının və tutulma qaydasının dəyişdirilməsi” tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli, 2(027)-1894/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “məhkəmənin müəyyən etdiyi aliment miqdarının və tutulma qaydasının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2(027)-193/2020 nömrəli qətnaməsi ilə ondan xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay əmək haqqının 1/4 hissəsi məbləğində tutulan alimentin azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli qətnaməsi ilə onun xx.xx.2013-cü il təvəllüdlü X1 atası olması faktının müəyyən edilməsi, ondan xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay əmək haqqının 1/4 hissəsi məbləğində alimentin tutularaq Cavabdeh verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, qətnamənin aliment hissəsində dərhal icra edilməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-437/2022 saylı iş üzrə, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə onun apellyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2(027)-193/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Onun nikahda olduğu X6, Rəvan və Fəqan adlı 3 uşağı vardır. O, bir ata olaraq onları yetkinlik yaşına çatanadək saxlamağa borcludur. Belə ki, onun 4 övladı var və nəzərə alınsa ki, Ailə Məcəlləsinin 76.1.3-cü maddəsinə əsasən, 3 və daha çox uşağa görə qazancın (başqa gəlirlərin) yarısı miqdarında məhkəmə tərəfindən hər ay aliment tutulur, bir uşağa görə alimentin miqdarı qazancın (başqa gəlirlərin) 1/8 hissəsindən çox olmamalıdır. Sonradan İddiaçı məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Quba Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2(027)-193/2020 nömrəli qətnaməsi ilə ondan xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay əmək haqqının 1/4 hissəsi məbləğində tutulan alimentin Quba Rayon Məhkəməsinə müraciət edildiyi tarixdən hesablanaraq azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli, 2(027)-1894/2022 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “məhkəmənin müəyyən etdiyi aliment miqdarının və tutulma qaydasının dəyişdirilməsi” tələbinə dair iddia tələbinin təmin edilməməsi qət edilmişdir (hakim Rahim Həsənov). Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli, 2(027)-1894/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və Quba Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2(027)-193/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının azaldılması, rəsmi və qeyri-rəsmi nikahından olan yetkinlik yaşına çatmamış 4 övladının arasında əmək haqqının 50 faizinin bölüşdürülməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 dekabr 2022-ci il tarixli, 2(105)-2281/2022 nömrəli qərardadı ilə mülki iş üzrə icraat Sumqayıt Apellyasiya Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2(105)-437/2022 nömrəli qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayətinə baxılması ilə əlaqədar dayandırılmışdır. İş materiallarından görünür ki, Quba Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2(027)-193/2020 nömrəli qətnaməsinə əsasən iddanın qismən təmin edilməsi, İddiaçı xx.xx.2013-cü il təvəllüdlü X1 atası olması faktının müəyyən edilməsi, İddiaçı xx.xx.2013cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay əmək haqqının ¼ hissəsi məbləğində alimentin tutularaq Cavabdeh verilməsi, qətnamənin aliment hissəsində dərhal icra edilməsi qət edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2(105)-437/2022 nömrəli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2(027)-193/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-74/2023 nömrəli, 17 yanvar 2023-cü il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 may 2022-ci il tarixli, 2(105)-437/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 fevral 2023-cü il tarixli, 2(105)-211/2023 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “məhkəmənin müəyyən etdiyi aliment miqdarının və tutulma qaydasının dəyişdirilməsi” tələbinə dair mülki üzrə icraat təzələnmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə onun rəsmi nikahından yetkinlik yaşına çatmamış 3 övladının onun himayəsində olduğunu və onları tək başına böyütdüyünü nəzərə almamışdır. Cavabdeh Quba Rayon Məhkəməsinə verdiyi izahat və müraciətləri formal mülahizələrdən ibarət olduğundan əsassız hesab edir. Qeyd edir ki, onun cavabdehlə rəsmi nikahı olmamış və bu onun bir yalanıdır. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin əsas vəzifələrinə görə heç bir halda valideynlik hüququndan valideyn sui-istifadə edə bilməz. Göründüyü kimi Cavabdeh formal münasiblərinə olmayacaq dərəcədə don geyindirib yalan ifadələr vermişdir. Bundan əlavə bildirir ki, o, Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Abşeron Rayon Polis şöbəsinin Qobu polis bölməsində sahə müvəkkili olaraq xidmət edir. Onun aylıq əmək haqqı himayəsində olan ailə tərkibinin xərclərinə, normal qida tibb və s. təlabatlarına ancaq çatır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)- 193/2020 nömrəli qətnaməsindən görünür ki, İddiaçı xx.xx.2013-cü il təvəllüdlü X1 atası olması faktı müəyyən edilərək İddiaçı xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay əmək haqqının 1/4 hissəsi məbləğində alimentin tutularaq Cavabdeh verilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(105)-437/2022 nömrəli qətnaməsindən görünür ki, İddiaçı şikayət təmin edilməmiş və Quba rayon Məhkəməsinin bu iş üzrə xx.xx.2020-ci il tarixli, 2(027)- 193/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, İddiaçı Seyfəl oğlunun xx.xx.2012-ci il təvəllüdlü X3, xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2008-ci il təvəllüdlü X5 adında övladları vardır. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən olunmuşdur ki, Quba Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2(027)-193/2020 nömrəli qətnaməsi ilə İddiaçı xx.xx.2013-cü il təvəllüdlü X1 atası olması faktı müəyyən edilərək İddiaçı xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay əmək haqqının 1/4 hissəsi məbləğində alimentin tutulması qət edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(105)-437/2022 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2(027)-193/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi iddia tələbini əsassız hesab edərək təmin edilməməsi qənaətinə gəlmişdir. İddiaçı apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2(027)-193/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının azaldılması, rəsmi və qeyri-rəsmi nikahından olan yetkinlik yaşına çatmamış 4 övladının arasında əmək haqqının 50 faizinin bölüşdürülməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmiş və apellyasiya şikayətini onun başqa nikaha daxil olması və həmin nikahdan 3 övladının olması, eləcə də Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Abşeron Rayon Polis şöbəsinin Qobu polis bölməsində sahə müvəkkili işləməsi və aldığı əmək haqqının onun himayəsində olan ailə tərkibinin təlabatlarının ödənilməsinə ancaq çatması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı apellyasiya baxışında yoxlanılan iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının azaldılmasından (dəyişdirilməsindən) ibarətdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən isə, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından, (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (AM-in 78.2-ci maddəsi). Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı alimentin miqdarının azaldılmasını tələb etməkdə haqlı olmamışdır. Belə ki, iddiaçı apellyasiya şikayətinin dəlili kimi onun başqa nikaha daxil olması və həmin nikahdan 3 övladının olması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, onun bu dəlilləri digər azyaşlı uşağının saxlanılmasında üzərinə düşən valideynlik vəzifəsinin icrasından, o cümlədən aliment öhdəliyindən azad etmir. Təyin olunmuş aliment uşağın maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət edir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Cavabdeh İddiaçı qarşı atalığın müəyyən edilməsi və aliment tələbinə dair iddiasına baxılarkən İddiaçı əvvəlki məhkəmə çəkişmələri zamanı da himayəsində digər rəsmi nikahdan uşaqlarının olduğunu apellyasiya şikayətinin dəlillərində bildirmiş və onun bu dəlillərinə məhkəmə instansiyalarında müvafiq qaydada hüquqi qiymət verilmişdir (i/v 10). Azərbaycan Respublikasının MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan əlavə iddiaçı apellyasiya şikayətinin dəlili kimi Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Abşeron Rayon Polis şöbəsinin Qobu polis bölməsində sahə müvəkkili işləməsi və aldığı əmək haqqının ancaq onun himayəsində olan ailə tərkibinin təlabatlarının ödənilməsinə çatması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası iddiaçının yetkinlik yaşına çatmayan uşağını saxlamaq üçün kifayət qədər maddi imkana malik olmaması barədə dəlilini qəbul edilən hesab etmir. Bu hal onu digər övladının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Belə ki, apellyasiya şikayətinə əlavə olunmuş Azərbaycan Respublikası DİN Abşeron Rayon Polis İdarəsi tərəfindən verilmiş 20 sentyabr 2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən Abşeron Rayon Polis İdarəsinin əməkdaşıdır. Abşeron Rayon Polis İdarəsinin ümumi ştat cədvəlinə uyğun olaraq aylıq əmək haqqı 852,23 (səkkiz yüz əlli iki manat iyirmi üç qəpik) manat təşkil edir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 30 dekabr 2022-ci il tarixli Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası, “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını əsas götürərək tutulacaq alimentin iddiaçının hər ay qazancının (başqa gəlirlərinin) ¼ (dörddə bir) hissəsi miqdarında müəyyən edilməsini ədalətli və ağlabatan hesab edir. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, buna görə apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Həmin məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli, 2(027)-1894/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar