Məhkəmə qərarları › İş №2(105)-2111/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2111/2021

30.07.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2111/2021 30.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X4, İddiaçı MMC-nin nümayəndəsi X2 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(012)-2309/2021 saylı qətnaməsindən İddiaçın direktoru R.Tağıyevin verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(012)-2309/2021 saylı qətnaməsi ilə (hakim M.A.Abbasova) İddiaçı MMC-nin Cavabdeh qarşı ödənilmiş məbləğ qaytarılmaqla müqavilənin ləğvi tələbinə dair iddia təmin edilib, Cavabdeh və İddiaçı MMC arasında bağlanmış 12 dekabr 2017-ci il tarixli, 004 №-li müqavilə və kassa mədaxil orderinin qəbzləri ləğv edilmiş, Cavabdeh tərəfindən İddiaçı MMC-yə ödənilmiş 31158 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən Cavabdeh geri qaytarılması, Cavabdeh 10 (on) manat məbləğində dövlət rüsumuna görə pul tutulub İddiaçı MMC-yə ödənilməsi və Abşeron Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2(012)-2309/2021 saylı qərardadı ilə iddianı təmin etmə tədbiri qətnamə icra edilənədək qüvvədə saxlanılması qət edilmişdir. İddiaçın direktoru R.Tağıyev apelyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(012)-2309/2021 saylı qətnaməsinin qismən – 5118 manat məbləğində puldan artıq ödənilməsi hissəsində ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandımışdır ki, İddiaçı MMC və Cavabdeh arasında ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 4-cü blokunun 15-ci mərtəbəsində ümumi sahəsi 120,69 kv.m olan 3 otaqlı 272 №-li mənzilin tikintisi haqqında 12 dekabr 2017-ci il tarixli, 004 №-li müqavilə bağlanmışdır. Həmin müqavilənin 3-cü bəndinə əsasən, mənzilin hər kv.m-nin dəyəri 600 manat olmaqla, ümumilikdə 72414 manat məbləğində qiymətləndirilmişdir. Cavabdeh tərəfindən İddiaçı MMC-yə 2017-ci ildə ilkin olaraq 26000 manat, 2018-ci ildə isə 5158 manat olmaqla, cəmi 31158 manat vəsait ödənilmişdir. Həmin vəsaitin ödənilməsi barədə cavabdehə 12 dekabr 2017-ci il tarixli, 06 fevral 2018-ci il tarixli və 24 fevral 2018-ci il tarixli kassa mədaxil orderinin qəbzləri verilmişdir. Müqavilənin 3.5-ci və 3.6-cı bəndlərinə əsasən, cavabdeh mənzilin dəyərinin qalan hissəsini hər ay 2579 manat olmaqla, 18 ay müddətinə İddiaçı MMC-yə ödəyəcəyi barədə öhdəlik götürmüşdür. Lakin cavabdeh mənzilin dəyərinin qalan hissəsi olan 41256 manat pulu iddiaçıya ödəməmişdir. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və bununla da cavabdeh müqavilə şərtlərini pozmuşdur. Ona görə də, İddiaçı MMC və Cavabdeh arasında bağlanmış 12 dekabr 2017-ci il tarixli, 004 №-li müqavilənin və kassa mədaxil orderinin qəbzlərinin 31158 manat pulun cavabdehə qaytarılmaqla ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçın direktoru R.Tağıyev apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi 05 aprel 2021-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, cavabdeh İddiaçı MMC-yə Cəmiyyətin ünvan 2 ünvanda inşa edilən yaşayış binasının 4-cü bloku 15-ci mərtəbəsində, ümumi sahəsi 120,69 kv.metr, 3 otaqlı 272 nömrəli mənzil üçün cəmi 5 118 (beş min yüz on səkkiz) manat məbləğində pul vəsaiti ödəmişdir. Birinci instansiya məhkəməsi iddiaçının xəbəri və iştirakı olmadan işə baxaraq qətnamə qəbul etməsi səbəbindən, iddiaçı iş üzrə digər sübutlarla yanaşı iddianın dəqiqləşdirilməsi ərizəsini məhkəməyə təqdim etmək hüququndan məhrum olmuşdur. İddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsində (digər sənədlərdə də) və onun mətnində bu iddianı tərtib etmiş şəxsin diqqətsizliyi səbəbindən guya cavabdehin 31.158 manat məbləğində pul vəsaitini İddiaçı MMC-yə ödəməsi göstərilmişdir. Əslində isə anlaşılmazlıq və iddianı tərtib edən şəxsin məsələnin dəqiqliyinə varmaması səbəbindən iddia ərizəsinin mətnində və “xahiş edirik” hissəsində 31 158 manat pulun cavabdehə qaytarılmalı olması yazılmışdır. Cavabdeh tərəfindən 31.158 pul vəsaitindən cəmi 5.118 manat MMC-yə ödənilsə də, onun 26.000 manat pul vəsaitini MMC-yə ödəməsi icra olunmamışdır. İddianı tərtib edən şəxs elə başa düşmşdür ki, 5.118 manatla yanaşı 26.000 pul vəsaiti də MMC-yə ödənilmişdir. İddia ərizəsinin mətnində cavabdeh tərəfindən mənzilə görə cəmi 31.158 pul vəsaitinin ödənilməsi göstəriləndən sonra qeyd olunmuşdur “26.000 manat dəyərində tikinti materialı olan armatur Cəmiyyətin ünvan 3 ünvanda inşa edilən yaşayış binasının yaxınlığına gətrilərək boşaldılıb və qısa zamandan sonra başqa bir şirkət gələrək həmin armaturun onlara məxsus olması və səhvən lıənıin ünvana gətrilməsi bildirilərək həmin armatur yığışdırılaraq aparılıb”. Əslində isə cavabdehin adına 2017-ci ildə ilkin olaraq 26.000 manat vəsitin ödənilməsi barədə verilmiş kassa mədaxil orderinin qəbzi və 12 dekabr 2017-ci il tarixli, 004 nömrəli müqavilə, tikinti materialı olan armatur Cəmiyyətin ünvan 3 ünvanda inşa edilən yaşayış binasının yaxınlığına gətrilərək boşaldılıb sonra yazılaraq verilmişdir. Tikinti materialı olan armaturu Cəmiyyətə cavabdehin əri X3, onun Şamil və Faiq adlı tanışları ilə birlikdə gətirilərək boşaldılıb və Fazil Əmrullayev mənzilə dair müqaviləni, 26.000 vəsaitin ödənilməsi barədə kassa mədaxil orderi qəbzini götürərək getmişdir. 26.000 manat dəyərindən olan armatur İddiaçı MMC-nin iş icraçısı Təyyar Nəbiyev tərəfindən qəbul edilsə də az müddət sonra X1 Şamil və Faiq adlı tanışları gələrək Fazilin onların, pulunu vermədiyini bildirərək həmin armatur yığışdırılaraq aparmışlar. İddianı və digər sənədləri tərtib etmiş şəxs elə başa düşmüşdür ki, 31.158 manat pul vəsaiti ödənildikdən sonra 26.000 manat dəyərindən olan armatur İddiaçı MMC-nin inşa etdiyi əraziyə gətrilmişdir. İddia ərizəsi Cəmiyyətin rəhbərliyi tərəfindən imzlanıb məhkəməyə göndərilərkən yuxarıda göstərilən xüsusatlar diqqətsizlik səbəbindən iddianın mətnində düzgün göstərilməyib və “xahiş edirik" hissəsində də səhvən 31158 manat pul vəsaitinin cavabdehə qaytarılması göstərilmişdir. Göstərilən səhv iddia ərizəsi məhkəməyə təqdim olunandan sonra aşkarlanıb və sonradan iddia tələbinin dəqiqləşdirilməsi ərizəsinin məhkəməyə təqdim olunacağı qərara alınmışdır. Lakin məhkəmə iddiaçının məhkəmə iclasının keçrilməsi barədə xəbər verməyib və onun iştirakı olmadan işə baxaraq iddiada göstərilənlərlə bağlı qətnamə qəbul edilmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən – 5118 manat məbləğində puldan artıq ödənilməsi hissəsində ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi T.B.Rüstəmov apelyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada Cavabdeh məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddiaçı apelyasiya şikayəti verib, birinci instansiya məhkəməsinin qətnaməsini qismən - yalnız 5118 manat məbləğində puldan artıq ödənilməsi hissəsində mübahisələndirmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi qeyd olunan hissədə araşdırılır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki işin materiallarında olan İddiaçı MMC və Cavabdeh arasında bağlanmış 12 dekabr 2017-ci il tarixli, 004 №-li müqaviləyə əsasən İddiaçı MMC qiyməti 72414 (yetmiş iki min dörd yüz on dörd) manat məbləğində müəyyən edilmiş ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 4-cü blokunun 15-ci mərtəbəsində ümumi sahəsi 120,69 kv.m olan 3 otaqlı 272 №-li mənzili Cavabdeh verməyi, Cavabdeh isə həmin mənzil üçün 18 ay müddətinə 2579 manat məbləğində aylıq ödəniş etməyi öhdəsinə götürmüşdür. 12 dekabr 2017-ci il tarixli, 06 fevral 2018-ci il tarixli və 24 fevral 2018-ci il tarixli kassa mədaxil orderi qəbzlərinin surətindən görünür ki, Cavabdeh ümumilikdə İddiaçı MMC-yə 31158 manat məbləğində ödəniş etmişdir. İş materiallarından görünür ki, cavabdehə İddiaçı MMC-yə qalan borcunu ödəməsi barədə müvafiq qaydada xəbərdarlıq olunmuşdur. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən olunmuşdur ki, "xxxx" MMC və Cavabdeh arasında bağlanmış 12 dekabr 2017-ci il tarixli, 004 №-li müqaviləyə əsasən İddiaçı MMC qiyməti 72414 (yetmiş iki min dörd yüz on dörd) manat məbləğində müəyyən olunan ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 4-cü blokunun 15-ci mərtəbəsində ümumi sahəsi 120,69 kv.m olan 3 otaqlı 272 №-li mənzili Cavabdeh verməyi, Cavabdeh isə həmin mənzilin hər kv.metri üçün 600 manat olmaqla aylıq ödəniş etməyi öhdəsinə götürmüş, ilkin olaraq həmin mənzil üçün 26000 (iyirmi altı min) manat ödəniş etmiş, qalan borcunu isə 18 ay müddətində ayda 2579 (iki min beş yüz yetmiş doqquz) manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh iddiaçıya cəmi 31158 manat ödəniş etmiş, lakin sonradan maddi vəziyyəti pisləşdiyindən ödəniş edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 324.1-ci maddəsinin tələblərinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.2-ci maddəsinin tələblərinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur (MM-nin 325.1-ci maddəsi). Qeyd olunan Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir (MM-nin 390.1-ci maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin həmin Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcbur etməyə yol verilmir. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir (MMnin 390.4-cü maddəsi). Həmin Məcəllənin 404.1 və 404.2-ci maddələrinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə almır. Həmin Məcəllənin 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı MMC və Cavabdeh arasında bağlanmış 12 dekabr 2017-ci il tarixli 004 №-li müqavilə ləğv edilməli və Cavabdeh tərəfindən İddiaçı MMC-yə ödənilmiş 31158 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən Cavabdeh geri qaytarılmalıdır. Mənzil tikintisi haqqında müqavilənin 3.4 və 3.5-ci maddələrinə əsasən «Payçı» ilkin olaraq 26.000 manat məbləğində avans ödəmiş və «Payçı» mənzilin dəyərinin dəyərinin qalan hissəsini hər ay 2579 manat olmaqla, 18 ay müddətində Cəmiyyətə ödəməsi barədə öhdəlik götürmüşdür. Hazırki vəziyyətdə isə iddiaçı qeyd olunan müqavilənin həmin əsasla ləğv edilməsi hissəsi ilə razılaşıb, qətnamənin həmin hissəsini mübahisələndirməmiş, lakin apelyasiya şikayəti verərək həmin müqavilənin 3.4-cü bəndində qeyd olunmuş ilkin olaraq ödənilmiş 26.000 manat məbləğində hissəsini mübahisələndirmişdir. İddiaçı apelyasiya şikayətinin dəlillərini təsdiq edən və birinci instansiya məhkəməsinin qətnaməsinin qismən mübahisələndirilən hissəsində ləğv olunmasına dair heç bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutlarla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Tərəflər arasında yaranmış mübahisə üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən və apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apelyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçın direktoru R.Tağıyevin verdiyi apelyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(012)-2309/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar