Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2118/2020 10.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və X10 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onun vəkili X13 iştirakları ilə açıq məhkəmə iclasında, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-1814/2020 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-1814/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Rəşad Qoşqarlı) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı sabit pul məbləğində aliment və maddi yardım tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay 170 manat sabit pul məbləğində alimentin alınıb xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı verilməsi, iddia tələbinin maddi yardım hissəsində təmin edilməməsi, qətnamənin aliment hissəsində dərhal icra edilməsi qət edilmiş, cavabdehlər qətnamədən apellyasiya şikayəti vermişlər. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, xx xxxxxx 2020-ci il tarixdə İddiaçı iddia ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 onunla İ qrup əlil X5 birgə nikahlarından olan xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 300 manat məbləğində alimentin və onun hamiləlik dövrü üçün 200 manat məbləğində maddi yardımın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələblərini onunla əsaslandırmışdır ki, X11 ilə xx.xx.2015-ci ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və birgə nikahlarından xx.xx.2016-cı il tarixdə X8 anadan olmuşdur. Hazırda 33 həftəlik hamilə olmaqla Sumqayıt şəhər 2 saylı doğum evinin nəzdində yerləşən 3 saylı qadın məsləhətxanasında qeydiyyata alınmışdır. Ailə həyatı quran vaxt həyat yoldaşı İİ qrup əlil olmuş, xx.xx.2019-cu il tarixdən ərinə İ qrup əlillik dərəcəsi təyin olunmuşdur. Həyat yoldaşı Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsinə əsasən fəaliyyət qabiliyyətsiz hesab edilmişdir. Həyat yoldaşı səhhəti ilə bağlı aliment ödəmək qabiliyyətində deyildir, özü isə hamilədir, heç yerdə işləyə bilmir. Belə olan təqdirdə övladının saxlanılması və özünün hamiləlik dövrü üçün cavabdehlərdən-həyat yoldaşının valideynlərindən aliment tutulmasını tələb edir. Cavabdehlər qazanc və gəlirə malikdirlər. Belə ki, Cavabdeh1 Sumqayıt şəhər 25 saylı tam orta məktəbdə rus dili müəlliməsi işləyir və orta aylıq əmək haqqı 661,11 manat təşkil edir. Bundan başqa, ömürlük 326,67 manat pensiya alır və hazırda həmin gəlirlərdə artımlar olmuşdur. Digər Cavabdeh2 246,54 manat pensiya alır. Göründüyü kimi, hər iki cavabdeh övladının saxlanılması üçün zəruri gəlirə malikdirlər. Bundan əlavə, həyat yoldaşına məxsus pensiya kartı da cavabdehlərdədir, həmin kart üzrə həyat yoldaşının pensiyası 350 manat təşkil edir. Bu səbəbdən də cavabdehlərdən müştərək qaydada 300 manat alimentin və nəfinə 200 manat maddi yardımın tutulmasını məqsədəuyğun hesab edir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdehlər apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmənin qətnaməsini tamamilə qanunsuz və əsassız hesab edirlər. Belə ki, X11 xx xxxxxx 2015-ci ildə İddiaçı ilə nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahlarından xx xxxxxxxx 2016-cı il tarixdə X8 anadan olmuşdur. İddiaçı işləyir və övladını saxlamaq iqtidarındadır. X11 Azərbaycan Respublikası Əmək və X14 Nazirliyi X1 rəyi əsasında İ qrup əlildir və pensiya alır. Ona görə də nəvələrinə aliment oğlunun pensiyasından çıxılmalıdır. Belə ki, sabit pul məbləğində aliment valideynlərdən tutulmadıqda, nənə və babadan tutula bilər. Onların hər ikisi təqaüdçüdür və aldıqları təqaüd gündəlik qidalanmalarına, zəruri müalicələr alınmalarına kifayət etmir. İddiaçı özü işləyir və gəlir əldə edir. Bu isə o deməkdir ki, nəvəsi öz valideynlərindən saxlanmaq üçün maddi yardım ala bilirlər. Cavabdehlər apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında apellyasiya şikayətində göstərilənlərə uyğun izahatlar verdilər. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin aliment tələbinə aid hissədə dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə İddiaçı arasında olan nikah xx xxxxxx 2015-ci il tarixdə Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanılaraq 2406 sayla qeydə alınmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə İddiaçı nikahından xx xxxxxxxx 2016-cı il tarixdə X8 anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və X14 Nazirliyi X2 sonuncu müayinəyə dair xx.xx.2019-cu il tarixli məlumatın surətindən görünür ki, X11 birinci dərəcəli müddətsiz əlildir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi 1 saylı X18 Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli arayışından görünür ki, Lətifova X15 şəhər 25 nömrəli tam orta məktəbində rus dili müəllimi işləyir və orta aylıq əmək haqqı 661,11 manatdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər 2 nömrəli doğum evinin xx xxxxxx 2019-cu il tarixli məktubundan görünür ki, 1992-ci il təvəllüdlü İddiaçı 2 nömrəli doğum evinin nəzdində yerləşən 3 nömrəli qadın məsləhətxanasında hamiləliyə görə qeydiyyat götürülmüşdür, 22 həftəlik hamilədir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və X14 Nazirliyi yanında Dövlət X19 Sumqayıt şəhər şöbəsinin xx xxxxxx 2019-cu iltarixli məktubundan görünür ki, Cavabdeh2 həmin şöbədən yaşa görə xx.xx.2006-cı il tarixdən ömürlük 246,54 manat pensiya, Cavabdeh1 şöbədən yaşa görə xx.xx.2006-cı il tarixdən ömürlük 326,67 manat pensiya alır. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə ərizəçi İddiaçı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi təmin edilmiş,xx xxxxx 1981-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)-4010/2019 saylı qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayətləri təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)- 355/2020 saylı qərardadının surətindən görünür ki, İddiaçı X9 qarşı aliment tələbinə dair mülki işin icraatı cavabdeh X11 üzərində qəyyum təyin edilənədək dayandırılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və X14 Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət X22 publik hüquqi şəxsin 1 saylı Regional Ərazi filialının xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 həmin filialda xx.xx.2006-cı il tarixdən müddətsiz yaşa görə əmək pensiyası alan kimi qeydiyyatdadır və aylıq pensiyasının məbləği 380,90 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və X14 Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət X22 publik hüquqi şəxsin 1 saylı Regional Ərazi filialının xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh2 həmin filialda xx.xx.2006-cı il tarixdən müddətsiz yaşa görə əmək pensiyası alan kimi qeydiyyatdadır və aylıq pensiyasının məbləği 287,47 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və X14 Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət X22 publik hüquqi şəxsin 1 saylı Regional Ərazi filialının xx.xx.2020-ci il tarixli arayışından görünür ki, X12 həmin filialda xx.xx.2002ci il tarixdən müddətsiz İ qrup əlilliyə görə əmək pensiyası alan kimi qeydiyyatdadır və aylıq pensiyasının məbləği 228,64 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və X14 Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət X22 publik hüquqi şəxsin 1 saylı Regional Ərazi filialının xx.xx.2020-ci il tarixli arayışından görünür ki, X12 həmin filialda xx.xx.2019cu il tarixdən müddətsiz 1-ci qrup əlilliyə görə əmək pensiyası almaq hüququ olan bəzi kateqoriya şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü alan kimi qeydiyyatdadır və aylıq təqaüdünün məbləği 100 manatdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. “Uşaq hüquqları haqqında” qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” qanunun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 7 saylı protokolun 5-ci maddəsinə əsasən ər-arvad nikaha daxil olmaq və boşanmaq ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqa malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” qanuna əsasən 2020-ci ildə yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. İşdə iştirak edən şəxslərin izahatları və iş materialları ilə müəyyən edilmişdir ki, X11 ilə İddiaçı xx xxxxxx 2015-ci il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarlarından xx xxxxxxxx 2016-cı il tarixdə X8 anadan olmuşdur,Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsinə əsasən X11 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 89-cu maddəsinə əsasən yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Həmin Məcəllənin 93.1 və 93.2-ci maddələrinə əsasən bu Məcəllənin 88-92-ci maddələrində göstərilmiş şəxslərə aliment ödənilməsi qaydası və alimentin miqdarı tərəflər arasındakı sazişlə müəyyən oluna bilər. Tərəflər arasında belə saziş olmadıqda məhkəmə alimentin miqdarını hər bir ayrıca halda aliment tutulan şəxsin və aliment alan şəxsin maddi və ailə vəziyyətindən və tərəflərin diqqətəlayiq olan digər maraqlarından asılı olaraq hər ay ödənilən sabit pul məbləğində müəyyən edir. Göründüyü kimi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 89-cu maddəsinin mənasına görə yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr baba və nənədən aliment almaq hüququna o vaxt malik olurlar ki, öz valideynlərindən maddi yardım ala bilməsinlər və baba və nənə aliment ödəmək üçün zəruri vəsaitə malik olsunlar. İşdən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası Əmək və X14 Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət X22 publik hüquqi şəxsin 1 saylı Regional Ərazi filialında xx.xx.2006-cı il tarixdən müddətsiz yaşa görə əmək pensiyası alan kimi qeydiyyatdadır və aylıq pensiyasının məbləği 380,90 manat təşkil edir. Cavabdeh2 Azərbaycan Respublikası Əmək və X14 Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət X22 publik hüquqi şəxsin 1 saylı Regional Ərazi filialında xx.xx.2006-cı il tarixdən müddətsiz yaşa görə əmək pensiyası alan kimi qeydiyyatdadır və aylıq pensiyasının məbləği 287,47 manat təşkil edir. X12 həmin filialda xx.xx.2002-ci il tarixdən müddətsiz İ qrup əlilliyə görə əmək pensiyası alan kimi qeydiyyatdadır və aylıq pensiyasının məbləği 228,64 manat təşkil edir. X12 həmin filialda xx.xx.2019-cu il tarixdən müddətsiz 1-ci qrup əlilliyə görə əmək pensiyası almaq hüququ olan bəzi kateqoriya şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü alan kimi qeydiyyatdadır və aylıq təqaüdünün məbləği 100 manatdır. Göründüyü kimi, X12 uşağının saxlanması üçün zəruri vasaitə malikdir. Məhkəmə kollegiyası onu qeyd edir ki, İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməzdən əvvəl X9 qarşı aliment tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-355/2020 saylı qərardadı ilə həmin mülki işin icraatı cavabdeh X11 üzərində qəyyum təyin edilənədək dayandırılmışdır. Digər tərəfdən, İddiaçı müəllimə işləyir, uşağı saxlamaq onun da valideynlik borcudur. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” qanuna əsasən 2020-ci ildə pensiyaçılar üçün yaşayış minimumu 157 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, cavabdehlər yaşayış minimumu üçün müəyyən edilmiş məbləğdən az miqdarda yüksək olan pensiya alırlar və onların nəvələrinin saxlanması üçün kifayət qədər zəruri vəsaitə malik olması iş materialları ilə öz təsdiqini tapmır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2.2-ci maddəsinə görə bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad, buna zəruri vəsaitə malik olan ərin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Həmin Məcəllənin 86-cı maddəsinə əsasən aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Qeyd olunan maddələrin mənasına görə alimentin ödənilməsi barədə saziş olmadıqda, ərarvaddan biri digərindən o halda aliment tələb edə bilər ki, tələb edən arvadın (ərin) əmək qabiliyyəti olmasın, maddi yardıma ehtiyacı olsun və aliment tələb olunan şəxsin buna zəruri vəsaiti olsun. Qanun hər üç halın birgə mövcudluğunu tələb edir. İş üzrə cavabdehlər isə valideyn deyil, uşağın nənə və babasıdır. İddiaçı iddia ərizəsində cavabdehlərin nəvələrinin saxlanması üçün zəruri gəlirə malik olmalarını göstərsə də, bu barədə hər hansı bir sübutu iddia ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyası yuxarıda göstərilən halları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393, 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-1814/2020 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı sabit pul məbləğində aliment və maddi yardım tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Zaur Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-2118/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2118/2020
10.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver