Məhkəmə qərarları › İş №2(105)-212/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-212/2022

27.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-212/2022 27.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı uşağın yaşayış yerinin müəyyən edilməsi və aliment tələbinə dair mülki iş üzrə çıxarılmış Xaçmaz Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(067)- 191/2021-001 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Xaçmaz Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim İ.Xəlilov) iddianın təmin edilməsi, tərəflərin birgə yaşayışından anadan olan 20.01.2011-ci il təvəllüdlü X6 anası İddiaçı himayəsində saxlanılması, 20.01.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün mülki iş məhkəməyə daxil olduğu tarixdən, yəni 09.09.2020-ci il tarixdən başlayaraq hər ay cəmi 170 (yüz yetmiş) aliment Cavabdeh İddiaçı xeyrinə tutulması, iddia ərizəsi verilərkən ödənilmiş 10 (on) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməsi, Cavabdeh əlavə 20 (iyirmi) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlə birgə nikahlarından anadan olan uşaqları 20.01.2011-ci il təvəllüdlü X2 onun himayəsində saxlanılması və uşağın saxlanması üçün cavabdehdən hər ay 170 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh sabiq həyat yoldaşıdır. Xaçmaz Rayon Məhkəməsinin 03.07.2014-ci il tarixli 2(067)-1308/2014 saylı qətnaməsi ilə 20.01.2011-ci il tarixdə anadan olmuş qızı X3 onun himayəsinə verilməsi və uşağın saxlanılması üçün cavabdehdən hər ay 103 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi qət edilmişdir. Həmin məhkəmənin 25.08.2018-ci il tarixli 2(067)-2177/2018 saylı qətnaməsi ilə alimentin miqdarı artırılaraq 120 manat müəyyən edilmişdir. Cavabdeh uşağın onun himayəsinə verilməsi və aliment ödənişindən azad edilməsi tələbinə dair Xaçmaz Rayon Məhkəməsində iddia qaldırmış, məhkəmənin 20.02.2019-cu il tarixli 2(067)-276/2019 saylı qətnaməsi ilə iddiası təmin edilməmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 16 iyul 2019-cu il tarixli 2(105)- 2275/2019 saylı qətnaməsi ilə cavabdehlə birgə nikahlarından olan 20.01.2011-ci il tarixdə anadan olmuş qızı Ülkərin cavabdehin himayəsinə verilməsi və onun alimenti ödəməsindən azad edilməsi qət edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının 27.01.2020-ci il tarixli 2(102)-521/2020 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 16 iyul 2019-cu il tarixli 2(105)-2275/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qərarlarında uşağın cavabdehin himayəsinə verilməsi əsası kimi uşağın internat məktəbində qalması və oxuması göstərilmişdir. O, məhkəmənin nəzərinə çatdırmışdır ki, Xaçmaz rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanlarının işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın 29.10.2019-cu il tarixli 19 saylı qərarına əsasən 20.01.2011-ci il təvəllüdlü qızı X2 Quba rayon Zərdabi qəsəbəsində yerləşən İnternat müəssəsindən geri alınaraq onun himayəsinə qaytarılmasına icazə verilmişdir. Qərara müvafiq olaraq Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının müavini Yetkinlik yaşına çatmayanlarının işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri cənab Samir Neymətovun 02.12.2019-cu il tarixi 1822 saylı məktubuna müvafiq olaraq uşağı internat məktəbindən götürmüşdür və uşaq həmin vaxtdan onunla birlikdə yaşayır. 2020-ci ilin fevral ayından etibarən 20.01.2011-ci il təvəllüdlü qızı X1 şəhər 7 saylı tam orta məktəbin Azərbaycan bölməsi üzrə dördüncü sinfində təhsil alır, bu da məktəb direktorunun 04.09.2020-ci il tarixli 1 nömrəli arayışı ilə təsdiq olunur. Uşaq özü də onunla yaşamaq istəyir və bu barədə özü də məhkəmədə bildirə bilər. Məlum olduğu kimi, hazırda bir uşağın saxlanması üçün yaşayış minimumu 170 manat təşkil edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Xaçmaz Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması ilə qəbul edilmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında əvvəlki dindirilən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verib, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən X6 məktəbin dördüncü sinfində oxuduğunu, 11 yaşının olduğunu, Azərbaycan dilini xoşladığını, riyaziyyatdan zəif olduğunu, anasının yanında qalmaq istədiyini, atasını istəmədiyini qeyd etmişdir. İş materiallarını araşdırıb, məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini nikahın formal xarakter daşıması, iddiaçının himayəndəsində olan azyaşlı uşağın mənafeyini, tərəflərin maddi vəziyyətlərini, diqqətəlayiq halları və uşağın saxlanılmasının hər iki valideynin borclu olması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Cavabdeh tərəfindən mübahisələndirilmiş, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır. Nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz. Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir (Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İ, İİ və İİİ hissələri). Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar (Ailə Məcəlləsinin 56.1., 58.1. və 58.2. maddələri). Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər (Ailə Məcəlləsinin 60.1. və 60.2. maddələri). Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5 və 19-cu maddələri). Ailə Məcəlləsinin 49.3. maddəsinə əsasən uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideyinlərdən hansının yanında qalması və uşaqlar üçün valideyinlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 saylı qərarına əsasən yetkinlik yaşına çatmayan uşaqların valideyinlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideyinlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideyinlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideyinlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edər digər hallar. Tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsi məqsədilə məhkəmə kollegiyası tərəfindən mülki iş üzrə məhkəmə psixoloji ekspertizası təyin edilmiş və ekspert rəyi alınması üçün mülki işin icraatı dayandırılmışdır. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10 mart 2022-ci il tarixli 11/26 №li ekspert rəyinə əsasən 20 yanvar 2011-ci il təvəllüdlü X2 hal-hazırda anası İddiaçı bağlılığı üzə çıxmaqla, atası Cavabdeh bağlılığı müəyyən olunmur. İddiaçı və Cavabdeh halhazırda fərdi-psixoloji xüsusiyyətlərində azyaşlı X2 emosional-iradi sferasına neqativ təsir göstərə biləcək aqressivlik əlamətləri müəyyən olunmur. 20 yanvar 2011-ci il təvəllüdlü X6 fikir və mülahizələrini iradələrinə uyğun ifadə etmək qabiliyyətinə malik olmaqla, onların psixikasında və davranışlarında hansı valideynin yanında qalmaları seçmələri ilə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunmur. Plenumun yuxarıda qeyd olunan qərarında həmçinin qeyd olunmuşdur ki, valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” ifadəsi uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə 10 yaşına çatmış uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir. Nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacı-qardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur. Valideynlərin qayğısından yararlanmaq uşaqların hüququ olduğu kimi uşaqların təlim-tərbiyəsi ilə onların şəxsiyyət kimi formalaşmasını və inkişaf etməsi üçün zəruri şəraitin yaradılmasını təmin etmək valideynin borcudur. Ailə münasibətləri davam etdiyi müddətdə bu vəzifə valideynlər tərəfindən birgə həyata keçirilir. Valideynlər arasında nikah münasibətlərinə xitam verilərkən uşaqların hansı valideynin yanında qalması həll olunduqdan sonra digər valideynin uşaqların qayğısına qalmaq hüququnun təmin edilməsi təmin edilməlidir. Nikahın ləğv edilməsi məsələsi həll edilərkən bu zaman uşağın hansı valideynin yanında qalması məsələsi uşağın yaşı, onun tələbatının təmin edilməsi təmin edilə bilməsi, valideynə bağlılığı nəzərə alınmaqla həll edilməlidir. Bu hal ona görə vacib və zəruridir ki, uşağın maddi tələbatının ödənilməsi ilə birgə mənəvi tələbatı da ödənilməsi təmin edilməklə, onun psixoloji cəhətdən mənəvi təsir edən hallardan azad edilməklə cəmiyyətdə bir şəxsiyyət kimi formalaşması təmin edilsin. Bu baxımdan məhkəmə kollegiyası uşağın ananın himayəsində saxlanılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsi). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.2. maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir valideyn övladını saxlamağa, onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etməyə borcludur. Əgər valideynlər ayrı yaşayırsa, övladı yanında yaşayan valideynə digər valideyn övladının maddi tələbatının ödənilməsinin təmin edilməsindən ötrü aliment ödəməlidir. Aliment uşağın saxlanılması üçün bir valideynin digər valideynə uşağın tələbatının ödənilməsi üçün müəyyən edilən müavinətdir. Alimentin miqdarı müəyyən edilərkən ilk növbədə uşağın marağı təmin edilməlidir. Hər iki valideynin övladın tələbatının ödənilməsində birgə məsuliyyət daşısa da, övladı yanında qalan valideyn övladının maddi və mənəvi tələbatının ödənilməsində daha artıq məsuliyyət daşıyır. Belə olan halda uşağın saxlanılması üçün müəyyən edilən minimum yaşayış minimumu həddinin valideynlər arasında bərabər bölünməsi də ədalətli hesab edilə bilməz. Bunu nəzərə alan birinci instansiya məhkəməsi uşaqların saxlanılması üçün hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin müəyyən edilməsi hər iki tərəfin o cümlədən uşağın mənafeyinə uyğundur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz . Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, uşağın saxlanılması üçün cavabdehdən hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutulması uşaqların mənafeyinə uyğun olmaqla, saxlanılması üçün uşaqların marağının əhəmiyyətli dərəcədə məhdudlaşdırmadığından, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Xaçmaz Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkəmə psixoloji ekspertizasının keçirilməsi ilə bağlı ekspertiza xərci 100 (bir yüz) manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X5, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (MPM-nin 119.1. maddəsi). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh ekspertiza xərci 100 (bir yüz) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X5, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar