Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2121/2021 26.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Zümrüd Ruslan qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində alimentin tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2(060)-4084/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı birgə nikahdan doğulmuş Cavidan və Xatirə adlı uşaqların saxlanmaları üçün cavabdehdən hər ay cəmi 350 manat sabit məbləğdə alimentin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2(060)-4084/2021 saylı qərardadı ilə İddiaçı yuxarıda qeyd edilən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. (hakim Ə.Ələkbərov) İddiaçı qərardadla razılaşmamış, ondan şikayət verərək qərardadın ləğv edilməsi və mübahisəyə mahiyyəti üzrə baxılmasının təmin edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 08 may 2021-ci il tarixli, 2(060)-4084/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki iş ilə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İş materialları birinci instansiya məhkəməsində olarkən iddiaçının qərardaddan verdiyi şikayətdən imtina etməsi barədə ərizəsi 24 may 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, TƏRƏFLƏRİ N İZAHATLARİ : İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, qərardad qanunsuz və əsassızdır. Cavabdeh uşaqlarına və ailəsinə qayğı və maddi yardım göstərmədiyinə görə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin məhkəmə əsassız olaraq yuxarıda göstərilən qərardadı çıxarmışdır. Məhkəmə qərardadında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.5-ci maddəsinə əsasən iddiaçının yanında yetkinlik yaşma çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə, nikahın pozulması haqqındakı iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər. Həm o, həm də cavabdeh həqiqətən ünvan 1 ünvanında qeydiyyatdadırlar. Lakin ailə-məişət münaqişəsi zəminində o, həmin ünvanı məcburən tərk edib faktiki olaraq Sumqayıt şəhərində valideynlərinin yanında yaşayır və yetkinlik yaşına çatmayan uşaqlar da onun yanındadırlar. İddia ərizəsinə əlavə edilmiş rəsmi arayışdan da görünür ki, o, ünvan 3 ünvanında qeydiyyatsız yaşayır. Elə bu səbəbdən də cavabdehə qarşı iddia ərizəsini Sumqayıt Şəhər Məhkəməsinə təqdim etmişdir və bu zaman aidiyyət qaydaları pozulmamışdır. Məhkəmənin qərardadı hazırki vəziyyətdə qanuni və əsaslı sayıla bilməz. Göstərilənlərə əsasən qərardad ləğv edilməli, iddia ərizəsinə mahiyyəti üzrə baxılmanın təmin olunması barədə qərardad çıxarılmalıdır. Tərəflər məhkəmə kolegiyasının iclasına dəvət edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır: İş materiallarında olan İddiaçı 24 may 2021-ci il tarixli ərizəsindən görünür ki, o, cavabdehlə barışmışdır və buna görə də mülki işə mahiyyəti üzrə baxılmadan şikayətinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. MƏHKƏMƏNİN HÜQUQİ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2(060)- 4084/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. İşdən görünür ki, iddiaçı birinci instansiya məhkəməsinin məlum qərardadından şikayət vermiş, bu şikayət MPM-nin 269-cu maddəsinə əsasən 08 may 2021-ci il tarixdə yenə həmin məhkəmədə müzakirə edilmiş və əsassız hesab olunaraq baxılması üçün yuxarı instansiya məhkəməsinə göndərilmiş, lakin iddiaçı şikayətindən 22 may 2021-ci ildə imtina etmişdir. Mülki-Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Konkret hazırkı mülki iş üzrə apelyasiya baxışı mərhələsində qərardaddan şikayətdən imtinanın həll edilməsi qaydası qanunvericilikdə nəzərədə tutulmadığından məhkəmə kollegiyası analoji münasibətləri tənzimləyən hüquq normalarına istinad edir. AR MPM-nin 363.1 və 363.1.4-cü maddələrinə əsasən apellyasiya şikayətinin icraata qəbul edilməsi haqqında qərardad işdə iştirak edən şəxslərə göndərilənədək şikayəti verən şəxsin onun geri qaytarılması haqqında ərizəsi daxil olmuşdursa, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası hesab edir ki, mülki iş materialları Sumqayıt Apelyasiya Məhkəməsinə daxil olarkən iddiaçı qərardaddan verdiyi şikayətinin geri qaytarılmasını xahiş etdiyindən bu şikayətin mümkünlüyü məsələsinə baxılmasına zərurət yoxdur. Belə olan halda isə, məhkəmə kollegiyası yuxarıdakı prosessual hüquq normasına istinad edərək hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2(060)-4084/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 363 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində alimentin tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2(060)-4084/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət geri qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-2121/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2121/2021
26.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver