Məhkəmə qərarları › İş №2(105)-2121/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2121/2022

18.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2121/2022 18.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması və sabit pul məbləğində alimentin tutulması tələbinə dair mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli, 2(059)-253/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Siyəzən Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli, 2(059)-253/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında Sumqayıt “ASAN Xidmət” Mərkəzi qeydiyyat şöbəsində 17 sentyabr 2019-cu il tarixdə, 2712 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş 01 dekabr 2020-ci il təvəllüdlü X1 anası, İddiaçı himayəsində və yanında saxlanılması, 01 dekabr 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 05 mart 2022-ci il tarixdən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin tutulması, iddianın qalan hissədə təmin edilməməsi, qətnamənin aliment tutulmasına dair hissədə dərhal icraya yönəldilməsi, mediasiya xidmətinin göstərilməsi və iddia tələbi üzrə ödənilmiş cəmi 100 (bir yüz) manat məhkəmə xərcinin İddiaçı aid edilması qət edilmişdir (hakim Bəylər Ələkbərov). Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Siyəzən Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli, 2(059)-253/2022 nömrəli qətnaməsinin “01 dekabr 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 05 mart 2022-ci il tarixdən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin tutulması” hissəsində ləğv olunaraq yeni qətnamə qəbul olunmasını, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir . İŞİNHALLARİ: İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində alimentin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müraciət etdiyi vaxtdan başlayaraq, birgə nikahdan doğulmuş 01 dekabr 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra, İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddianı digər hissədə müdafiə etməklə yanaşı, onunla cavabdeh arasında Sumqayıt “ASAN Xidmət” mərkəzinin qeydiyyat şöbəsində 17 sentyabr 2019-cu il tarixdə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 2712 nömrə ilə qeyd edilmiş nikahın pozulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ : Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə qəbul olunmuş qətnamədən narazıdır. Bildirir ki, qətnamədə qeyd olunub ki, guya birinci instansiya məhkəməsində iddia tələbinin aliment hissəsində iddianı qismən qəbul edir, yəni hər ay iddiaçıya 100 manat aliment ödənilməsinə razıdır. Lakin o, iddianı qəbul etmir. Beləki “Üzvi mənşəli hallüsinoz davranış pozuntuları ilə” diaqnozu ilə Sumqayıt şəhər 3 saylı Xəstəxanada qeydiyyatdadır. Bunu 23 iyul 2022-ci il tarixli, 100 №-li arayış təsdiq edir. Səhhətində davranış pozğunluğu əlaməti olduğuna görə onu işə qəbul etmirlər. Valideyninin vəsaiti hesabına yaşayır. Təyin olunmuş alimenti işləmədiyi üçün ödəməyə imkanı yoxdur. Siyəzən Rayon Məhkəməsinin bu iş üzrə qəbul edilmiş 28 iyul 2022-ci il tarixli, 2(059)-253/2022 saylı qətnaməsinin “01 dekabr 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 05 mart 2022-ci il tarixdən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin tutulması” hissəsində ləğv olunaraq qətnamə qəbul olunmasını, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, iddiaçının evdən getməyinin səbəbi oğlunun işləməməsi olub. Oğlu xəstədir, məhkəmədə fikrini yayındırıblar, o da, deyib ki, 300 manat əmək haqqı alır. Oğlu psixoloji xəstədir, işləmir. Odur ki, Siyəzən Rayon Məhkəməsinin bu iş üzrə qəbul edilmiş 28 iyul 2022-ci il tarixli, 2(059)-253/2022 saylı qətnaməsinin “01 dekabr 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 05 mart 2022-ci il tarixdən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin tutulması” hissəsində ləğv olunaraq alimentin məbləğinin azaldılması barədə qətnamə qəbul olunmasını, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, birgə yaşadıqları müddətdə cavabdeh işləyirdi, ailəni cavabdeh özü, anası, qardaşı dolandırırdı. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsi, Siyəzən Rayon Məhkəməsinin bu iş üzrə qəbul edilmiş 28 iyul 2022-ci il tarixli, 2(059)-253/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayətində qətnamənin alimentin tutulmasına dair hissəsini mübahisələndirmişdir. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni mübahisələndirilən hissədə müzakirə edir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından müəyyən edilir ki, tərəflər xx.xx.2019-cu il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə evlənmiş, birgə nikahdan xx.xx.2020-ci il tarixdə Məhəmməd adlı uşaq doğulmuşdur. Sumqayıt “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən 17 sentyabr 2019cu il tarixdə verilmiş AZ-İİ seriyalı, 360446 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X5 17 sentyabr 2019cu il tarixdə, 2712 saylı akt qeydi ilə nikahlarını bağlamış və nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə " Bayramova" soyadı verilmişdir. İşdə olan Sumqayıt “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən 06 yanvar 2021-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 546664 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası Cavabdeh, anası İddiaçı olan X3 01 dekabr 2020-ci il tarixdə Sumqayıt şəhərində doğulmuşlar. İşdə olan mötəbər maliyyə sənədlərindən görünür ki, İddiaçı nikahın pozulmasına dair mediasiya xidmətinin göstərilməsi üçün 50 manat məbləğində mediasiya xərci ödəməklə, yanaşı dövlət rüsumuna görə 50 manat vəsait də sərf etmişdir. İşdən görünür ki, Siyəzən Rayon Məhkəməsi tərəfindən 25 aprel 2022-ci il tarixdə tərəflərə barışmaları üçün 3 (üç) ay vaxt verilməklə işin baxılması təxirə salınmış, lakin onlar nikah münasibətlərini bərpa etmək üçün cəhd göstərməmişlər. Bununla da, təsdiq olunur ki, iddiaçı ilə cavabdeh arasında ər-arvad münasibətləri faktiki olaraq kəsilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, məhkəmə tərəflərin birgə nikahdan olan uşaqların saxlanılması üçün cavabdehdən alimentin tutulması barədə gəldiyi nəticədə haqlı olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» 01 yanvar 2021-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının Qanununa əsasən uşaqlar üçün ölkə üzrə 2021-ci ildə yaşayış minimumu 175 manat məbləğində müəyyən edilmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi alimentin məbləğini müəyyən edərkən cavabdehin də vəziyyətini nəzərə alaraq alimentə dair iddianı qismən təmin etmiş və iddiaçı 175 manat aliment tələb etməsinə baxmayaraq uşaq üçün 150 manat alimentin tutulmasını müəyyən etmişdir. Məhkəmə kollegiyası məhkəmənin uşaq üçün 150 manat məbləğində alimentin tutulması barədə gəldiyi nəticəni də işin hallarına uyğun olmaqla qanuni və əsaslı hesab edir. Belə ki, birinci instansiya məhkəməsi alimentin məbləğini müəyyən edərkən qanunvericiliyin tələbləri ilə yanaşı, uşağın, eləcə də cavabdehin mənafeyini də nəzərə almışdır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Həmçinin “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 №-li Qərarında da (8.2-ci bənd) izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Göründüyü kimi qanunvericiliyin şərhi və tətbiqi təcrübəsi ilə bağlı qərarlarda valideyn rəsmi olaraq heç bir yerdə işləmədikdə və qazanca malik olmadıqda belə, o öz uşaqlarının qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatını ödəmək vəzifəsi daşıyır. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, cavabdehin işləməməsi onu aliment ödəməkdən azad etmir. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, Siyəzən Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli, 2(059)-253/2022 nömrəli mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, cavabdehin apellyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393? 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Siyəzən Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli, 2(059)-253/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar