Məhkəmə qərarları › İş №2(105)-2150/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2150/2020

15.09.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2150/2020 15.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, cavabdeh “Cavabdeh” X1 İttifaqı Komitəsinin nümayəndəsi Ömərov Vaqif Xıdır oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh X1 İttifaqı Komitəsinə qarşı “pul” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-723/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-723/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim Almaz Süleymanova) Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdeh «Cavabdeh» İB-nin Həmkarlar İttifaqı Komitəsinə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14 il müddəti üçün, hər ilə 6 gün istifadə olunmamış məzuniyyət günləri üçün, cəmi 84 gün istifadə olunmayan məzuniyyət günləri üçün ödənilməli olan məbləğin hesablanaraq ona ödənilməsinə, xx.xx.2017-ci il tarixindən xx.xx.2017ci il tarixə kimi boşdayanmaya görə əmək haqqı hesablanmasına və ona ödənilməsi, xx.xx.2017ci il tarixdən xx.xx.2017-ci il tarixə kimi əmək haqqının hesablanaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçı iddia ərizəsinə dəqiqləşdirmə və iddia tələbinin artırılmasına dair ərizə ilə müraciət edərək, 14 il müddətində, hər ilə 6 gün istifadə olunmamış məzuniyyət günləri üçün, cəmi 84 gün istifadə edilməmiş məzuniyyət günü üçün ödənilməli olan məbləğin hesablanması və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixə kimi əmək kitabçasının verilməsinin gecikdirilməsinə görə orta əmək haqqının hesablanması və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixə kimi əmək haqqının hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixə kimi ona ödənilməli olan əmək haqqının gecikdirilməsinə görə gecikdirilmiş hər gün üçün gecikdirilmiş məbləğin 1% məbləğində ödənişin hesablanması və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, əmək fəaliyyətini xx.xx.2002-ci ildən “Cavabdeh” X2 Politilen zavodunun Həmkarlar İttifaqı Komitəsində davam etdirmiş və xx.xx.2017-ci il tarixində işdən azad olunmuşdur. İşdən azad olunan zaman istifadə etmədiyi məzuniyyət günləri üçün pul ödənilməmişdir. xx.xx.2013-cü il tarixdən etibarən ona verilmədiyi üçün istifadə edə bilmədiyi bütün iş illərindən qalmış (hər iş ilinə 6 gün) məzuniyyət günlərinə görə ona pul əvəzi ödənilməli olsa da, heç bir ödəniş almamışdır. AR Əmək Məcəlləsinin 119.2-ci maddəsinə əsasən əlilliyin qrupundan, səbəbindən və müddətindən asılı olmayaraq işləyən əlillərə və sağlamlıq imkanları məhdud olan 18 yaşınadək işçilərə əmək məzuniyyəti 42 təqvim günündən az olmayaraq verilir. Lakin ona xx.xx.2003-cü ildən xx.xx.2017-ci il tarixədək 36 gün məzuniyyət verilmişdir. Qarşı tərəf izahatında göstərmişdir ki, İİ qrup əlil olmas barədə onlara məlumat verməmişdir. Halbuki, əmək kitabçasında pensiyaya çıxmağı barədə müvafiq ştamp vurulmuş və tarix göstərilmişdir. Onun işəgötürənə bu barədə məlumat verməli olması barədə öhdəliyi qanunvericilikdə nəzərdə tutulmamışdır.Əmək kitabçasıdna bu barədə qeyd olduğundan işəgötürənə əlil olması məlumdur. xx.xx.2017-ci il tarixdə işdən azal olunsa da, əmək kitabçasını xx.xx.2017-ci ildə almışdır. Bu barədə akt da tərtib edilmişdir. Bundan başqa işdən çıxdıqdan sorna son haqq-hesab da tam şəkildə hesablanmamışdır. xx.xx.2017-ci il tarixdə işdən azad olsa da, ona xx.xx.2017-ci il tarixinə kimi əmək haqqı hesablanmışdır. xx.xx.2017-ci tarixdən xx.xx.2017-ci il tarixinədək olan dövr üçün əmək haqqı qanunsuz olaraq hesablanmamışdır. Odur ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-723/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında “Cavabdeh” X1 İttifaqı Komitəsinin nümayəndəsi Ömərov Vaqif Xıdır oğlu apelyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2010-cu il tarixli Sərəncamı ilə “xxxxxxxxxx” Dövlət Şirkəti ləğv edilərək, “xxxxxxxxxx” İstehsalat Birliyi yaradılaraq Azərbaycan Dövlət Neft Şirkətinin tabeliyinə verilmişdir. “Etilen-Polietilen” zavodu HİK-də çalışan işçilər xx.xx.2010-cu ilə qədər olan dövr üçün təşkilatın ləğvi ilə əlaqədar haqq-hesablarını tamamilə almışlar. xx.xx.2010-cu il tarixindən “xxxxxxxxxx” İB təşkilatlarında fəaliyyət göstərən HİK xx xxx 2010-cu ildə təsis olunmuş HİK-nin təşkilatının tərkibində fəaliyyət göstərməyə başlamışdır. İddiaçı xx.xx.1999-cu il tarixdən “Etilen-Polietilen” zavodunun “Təmir-Quraşdırma” idarəsində HİK-nin sədri vəzifəsində işləmişdir. xx.xx.2002-ci ildə idarənin ləğvi ilə əlaqədar işdən azad edilmişdir. xx.xx.2002-ci ildən “Etilen- Polietilen” zavodunun HİK-də təlimatçı işləmişdir. xx.xx.2010-cu ildə “Etilen-Polietilen” zavodu HİK-nə sədr seçilmişdir. xx.xx.2017-ci ildə AR ƏM-nin 68-ci maddəsinin “d” bəndinə əsasən səlahiyyət müddəti başa çatması və yenidən seçilmədiyi üçün tutduğu vəzifədən azad edilmişdir. Onun işdən əsassız olaraq azad edilməsi ilə əlaqədar 2017-ci ilin oktyabrından xx xxxxxxx 2019cu ilə qədər bütün səviyyələrdə məhkəmələrə müraciət etmiş, lakin onun tələbləri təmin edilməmişdir. xx.xx.2018-ci ildə İddiaçı kompensasiya verilməsi ilə əlaqədar Azərbaycan Neft və X4 Həmkarlar İttifaqı Respublika Komitəsinə müraciət etmişdir. Respublika Komitəsi tərəfindən ona cavab ərizədə göstərdiyi ünvanlara göndərilmişdir. O, bu ünvanlarda yaşamır, qeydiyyatda olduğu yataqxanadan cavablar geri qaytarılmışdır. İddiaçı 20-ci mikrorayonda yeni tikilmiş iki mərtəbəli evdə yaşayır. İddiaçı xx.xx.2002-ci ildə 2-ci qrup əlillik dərəcəsi verilmişdir. O dövrdə o, “Etilen-Polietilen” zavodu Təmir-Quraşdırma İdarəsində ştatlı HİK sədri vəzifəsində çalışmışdır. xx.xx.2002-ci ildən “Etilen-Polietilen” zavodu Həmkarlar İttifaqı Komitəsində təlimatçı vəzifəsində, xx.xx.2010-cu ildən isə “xxxxxxxxxx” İstehsalat Birliyi “Etilen-Polietilen” zavodu HİK-nin sədri vəzifəsinə seçilmişdir. Azərbaycan Neft və X4 Həmkarlar İttifaqı orqanlarında hesabat-seçkilərin keçirilməsi haqqında “Təlimata uyğun olaraq xx.xx.2012-ci ildə yenidən HİK sədri vəzifəsinə seçilmişdir. xx.xx.2017-ci ildə isə “Etilen-Polietilen” zavodu HİK-nin hesabat-seçki konfransında səlahiyyət müddəti bitdiyinə və yenidən HİK sədri vəzifəsinə seçilmədiyinə görə tutduğu vəzifədən azad edilmişdir. İddiaçı 2 əmək kitabçası vardır. Birinci əmək kitabçasında pensiyanın təyin olunması barədə vurulmuş ştamp olan vərəqənin görünməməsi üçün vərəqlər bir-birinə yapışdırılmış və görünməz olmuşdur. Həmkarlar Təşkilatında işlədiyi dövrdə yazılar 2-ci əmək kitabçasında aparıldığı üçün 1-ci əmək kitabçasına baxılmamışdır. İddiaçı işdən azad olunan zaman əmək kitabçasında qeyd aparılarkən, birinci əmək kitabçasının uzun müddət seyfdə saxlanıldığı üçün yapışqan qurumuş və çətinliklə də olsa belə yapışdırılmış vərəqləri bir-birindən ayıraraq yazıları oxumaq mümkün olmuşdur. Ümumiyyətlə, ikinci əmək kitabçasının yazılması yolverilməzdir və bu pozuntudur. İddiaçı işlədiyi müddətdə əlilliyi barədə heç bir sənəd təqdim etməmiş və bu barədə onunla işləyənlərin məlumatları yoxdur. Arayış təqdim edilmədiyi halda mühasibatlıq ona əsassız olaraq əlavə məzuniyyət hesablaya bilməzdi. Bunu iddiaçı özü Sumqayıt Şəhər Məhkəməsində də etiraf etmişdir. İİ qrup əlilliyi olan şəxslərə əmək məzuniyyəti Azərbaycan Respublikası Əmək Məcəlləsinin 119-cu maddəsinə əsasən 42 təqvim günündən az olmayaraq verilir. İddiaçı işçilərin qanuni hüquqlarını müdafiə edən şəxs kimi, eyni zamanda bu qaydalara riayət edilməsinə nəzarət etməli olduğu halda, özü bilərəkdən əlillik dərəcəsi olması barədə məlumatı daim gizli saxlamış və işlədiyi idarəyə bu barədə heç bir arayış təqdim etməmişdir. Bütün bunlar düşünülmüş olaraq gizlədilmişdir. 2017-ci ilin may ayında seçkilər ərəfəsində İddiaçı əvvəllər işlədiyi işə uyğun vəzifə və HİK-də aldığı əmək haqqından yüksək əmək haqqı olan iş təklif edilmişdir, lakin o, bu işlərdən imtina etmişdir. Əmək kitabçası ilə əlaqədar iddiaçıya dəfələrlə zəng edilmiş, əmək kitabçasını götürməsi təklif olunsa da iddiaçı bunu etməmişdir. Belə olan halda onun əmək kitabçası evlərinə göndərilmiş və həyat yoldaşı tərəfindən qəbul edilmişdir. İddiaçı tabeliyində işləyən təlimatçı X3 İİ qrup əlil olduğuna görə məzuniyyət zamanı əlil kimi bu güzəştlərdən istifadə etmişdir. Hər ay İddiaçı özünün və K.K.Mehdiyevin iş tabelini imzalayıb HİK-ə təqdim edirdi. Yəni, İddiaçı güzəştli məzuniyyətin olduğunu yaxşı bilirdi. İddiaçı işdən azad edilərkən məlum olan bütün kompensasiyalar hesablanıb onun bank hesabına köçürülmüşdür., İddiaçı əlil olduğu üçün əlavə məzuniyyətə görə ödəncin verilməsi barədə “xxxxxxxxxx” İB HİK-ə heç vaxt müraciət etməmişdir. Göstərilənləri nəzərə alaraq apelyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 723/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, cavabdehin nümayəndəsinin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan «Cavabdeh» İB-nin “Etilen-Polietilen” zavodu Həmkarlar İttifaqı Komitəsi tərəfindən tərtib edilmiş xx.xx.2017-ci il tarixli aktdan görünür ki, «Cavabdeh» İB-nin “Etilen-Polietilen” zavodu HİK-nin keçmiş sədri İddiaçı səlahiyyət müddəti bitdiyi və yenidən seçilmədiyi üçün tutduğu vəzifəsindən azad edilmişdir. İddiaçı bir neçə dəfə zəng edilərək əmək kitabçasını götürməli olduğu bildirilmişdir. Telefon zəngindən başqa onun özünə şəxsən deyilmiş, İddiaçı söz versə də gəlib əmək kitabçasını götürməmişdir. Hazırda onun yaşadığı evə gedib əmək kitabçasını götürməyi təklif edilmişdir.Həmin aktdan həmçinin görünür ki, iddiaçının həyat yoldaşı Mahmudova Aynisə imza etməklə əmək kitabçasını götürmüşdür. AT-İX seriyalı, ******* saylı əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2017-ci il tarixli “EP” zavodu HİK-nin seçki konfransı Protokoluna əsasən İddiaçı xx.xx.2017ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “d” bəndinə əsasən səlahiyyət müddətinin başa çatması ilə əlaqədar tutduğu vəzifədən azad edilmişdir. Müəyyən edilmişdir ki, işin müəyyən edilmiş mübahisəsiz və faktiki hallarına əsasən İddiaçı xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “d” bəndinə əsasən səlahiyyət müddətinin başa çatması ilə əlaqədar tutduğu vəzifədən azad edilmiş, əmək kitabçası xx xxxxxx 2017-ci il tarixdə təqdim edilmişdir. Hazırda iddiaçı işlədiyi müddətdə istifadə edə bilmədiyini iddia etdiyi məzuniyyət günlərinə, boşdayanmaya görə və ödənilməmiş əmək haqqı məbləğinin ödənilməsini tələb edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırma müddəti buraxıldığından iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2005-ci il tarixli 4 saylı Qərarının 2-ci bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. İş materiallarından görünür ki, iddiaçı apelyasiya şikayətinin dəlillərini təsdiq edən halları sübuta yetirib əsaslandıra, buna dair heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində göstərilən dəlillər qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvinə səbəb ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iş üzrə toplanılmış sübutlara məcmu halında qiymət verməklə belə nəticəyə gəlmişdir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Qusar Rayon Məhkəməsinin 2(060)-723/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar