Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2169/2021 13.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı1, iddiaçı və digər İddiaçı4 nümayəndəsi İddiaçı3 və Cavabdeh iştirakı ilə, iddiaçılar İddiaçı1 və digərlərinin Cavabdeh qarşı mənzilin bağışlanması müqaviləsinin ləğv edilməsi və əmlak bölgüsü tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2(060)-2009/2021 saylı qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2(060)-2009/2021 saylı qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı Cavabdeh ilə X6 arasında bağlanmış Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 9/25, mənzil 11-in bağışlanması müqaviləsinin ləğv edilməsi və həmin əmlak üzərində iddiaçıların hüquqlarının bərpa edilərək qanun üzrə birinci dərəcəli vərəsələr kimi paylarının bölünməsi barədə iddiaları təmin edilməmişdir (hakim E.A.Abdullayev). Qətnamədən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2(060)-2009/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İŞİN H A L L A R İ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh və mərhum ataları X6 arasında bağlanmış Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 9/25, mənzil 11-ə görə bağlanmış mənzilin bağışlanması müqaviləsinin ləğv edilməsi və həmin əmlak üzərində hüquqlarının bərpa edilərək qanun üzrə birinci dərəcəli vərəsələr kimi paylarının bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında İddiaçı1 apelyasiya şikayətinin dəlillərini müdafiə edərək göstərmişdir ki, Cavabdeh qardaşıdır. X1 21.09.2009-cu ildə, atası X6 19.09.2017ci ildə ölmüşlər. Atası ölümündən 2 il qabaq mülkiyyətində olan Sumqayıt şəhəri, 8-ci mikrorayon ünvanında yerləşən 9/25 saylı evin 11-ci mənzilini qardaşı, yəni Cavabdeh bağışlamışdır. Mənzil Cavabdeh ona görə bağışlanmışdır ki, o, atalarına baxmalı, ona qulluq göstərməli idi. Lakin cavabdeh atalarına baxmamış, onun qayğısına qalmamış, müalicəsi ilə məşğul olmamışdır. İddiaçılar atalarının baxımsız qaldığını görüb onu hazırki iddia üzrə iddiaçı olan İddiaçı2 evinə gətirmək məcburiyyətində qalmışlar. Atası ömrünün son 6 ayını İddiaçı2 evində keçirtmiş və 19 sentyabr 2017-ci ildə həmin ünvanda dünyasını dəyişmişir. Qeyd etdiyi kimi iddiaçıların razılığı ilə atasına məxsus mənzilin ona baxmaq şərti ilə cavabdehin adına bağışlama qaydasında rasmiləşməsinə etiraz etməmişlər. Atasının vəfatından 2 il sonra iddiaçılar cavabdehdən tələb etmişlər ki, öz övladlıq borcunu yerinə yetirmədiyinə görə mərhum atalarına məxsus mənzili sataraq onun dəyərini vərəsələr arasında bərabər bölsün. Cavabdeh əvvəlcə buna razılaşmış və mənzili satmaq məqsədilə mənzilin açarını İddiaçı3 verərək bildirmişdir ki, onun vaxtı yoxdur, mənzili satıb ona düşən payı da versinlər. Bundan sonra mənzilin satılması üçün iddiaçılar onu satışa çıxarmışlar. Atası sağlığında Azərbaycan Beynəlxalq Bankının Sumqayıt filialının hesabına depozit qoymuşdur. Cavabdeh depozit hesabında olan pulun ona aid olan hissəsindən şifahi şəkildə imtina etmişdir. Lakin pul bankdan alınıb bölünərkən miras əmlakda o, öz payını götürərək mənzilin açarını onlardan geri tələb etdi. Əlacsız qalıb mənzilin açarını ona təhvil vermişlər. Sonradan onlar cavabdehi mübahisənin həll üçün dəvət etsələr də o bundan imtina etmişdir. Cavabdeh öz sözünün üstündə dayanmamış, iddiaçıları aldatmışdır. Qeyd edilənlərə əsasən apelyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2(060)-2009/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iddiaçı və digər İddiaçı4 nümayəndəsi İddiaçı3 apelyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2(060)-2009/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətini qəbul etməyərək bildirir ki, ona qarşı qaldırılmış iddia tamamilə əsassızdır. Ev heç bir qanun pozuntusu olmadan, iddiaçıların hər biri məlumatlı olduğu halda ona bağışlanılıb. Əmlaka mülkiyyət hüququnu təsdiq edən çıxarışı var. İddiaçılar da evdən heç vaxt pay istəməyiblər. Sadəcə olaraq işlədiyi yerdən ona "xxxx" MMC-dən 3 otaqlı ev hədiyyə verilmişdi. Bundan sonra iddiaçılar dedilər ki, artıq onun evi var, atadan qalan əmlak bərabər bölünməlidr, o, isə bununla razı deyil. Qeyd edilənlərə əsasən apelyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2(060)-2009/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə iddiaçı İddiaçı2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə qeyd edilən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçıların, cavabdehin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən edilir ki, İddiaçı2 xx.xx.1969-cu ildə, İddiaçı1 xx.xx.1981ci ildə, İddiaçı3 xx.xx.1974-cü ildə, İddiaçı4 29.12.1970-ci ildə, cavabdeh xx.xx.1968-ci ildə anadan olmuşlar. Doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, tərəflərin ataları X6, anaları isə X2r. İddia ərizəsinə əlavə edilmiş sənədlərlə, eyni zamanda məhkəmə sorğusu əsasında Sumqayıt şəhər 1 saylı Notariat Ofisi tərəfindən məhkəməyə göndərilmiş 4ə-354 saylı bağışlama işinin materialları ilə müəyyən edilir ki, X6 ilə X5 arasında 30 noyabr 1968-ci il tarixdə nikah bağlanmışdır. Ölüm haqqında şəhadətnamənin surətlərindən görünür ki, tərəflərin anaları X3 21.09.2009-cu il tarixdə, ataları X6 19.09.2017-ci il tarixdə vəfat etmişlər. Müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 9/25, mənzil 11 (bundan sonra – mübahisəli mənzil) qeydiyyat vəsiqəsinə əsasən Kamal Bayramova məxsus olmuş və 14.06.2012-ci il tarixli bağışlama müqaviləsinə əsasən onun tərəfindən cavabdehə bağışlanmışdır. İş materiallarında olan Daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən mübahisəli mənzil cavabdehin adına 29.06.2012-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur (666.1.). Həmin Məcəllənin 668.1.1.-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır. Həmin Məcəllənin 670.1-ci maddəsinə əsasən bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Həmin Məcəllənin 670.3-cü maddəsinə əsasən bağışlama müqaviləsinə uyğun olaraq hədiyyə verən və onun vərəsələri hədiyyə alanın götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi barədə iddia verə bilərlər. Əgər öhdəliyin icrası ilə ictimai mənafelərə riayət edilirsə, hədiyyə verənin ölümündən sonra icranı müvafiq icra hakimiyyəti orqanı tələb edə bilər. İş materiallarından görünür ki, iddiaçılar iddianı onunla əsaslandırmışlar ki, mübahisəli mənzil cavabdehə bağışlansa da cavabdeh sonradan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və onların atalarına baxmamışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19.12.2012-ci il tarixli Qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Yəni bu növ müqavilələr müəyyən öhdəliklə şərtləndirildiyi halda belə, hədiyyə alanın hədiyyəni qəbul etməyə razılığının mövcud olması müqavilənin bağlanmış hesab olunması üçün vacibdir. Bağışlama müqaviləsi üzrə öhdəlik hədiyyə verəndə yaranır və hədiyyə predmetinin hədiyyə alana verilməsində ifadə olunur. Müqavilə üzrə hüquq və vəzifələrin icra edilməsi halları qeyri-müəyyənlik əlamətinə malik olduqda bağışlama müqaviləsi şərtlərlə bağlanmış müqavilə hesab edilir. Əgər şərt kimi qaçılmaz (labüd) olaraq yaranacaq hal göstərilmişsə, belə müqavilə şərtli bağışlama müqaviləsi hesab edilə bilməz. Bu əvvəlcədən bəlli olan, müəyyən vaxtdan hədiyyəni bağışlamaq vədini özündə əks etdirən sadə şərtsiz bağışlama müqaviləsidir. MM-in 670.3-cü maddəsinə əsasən bağışlama müqaviləsinə uyğun olaraq hədiyyə verən və onun vərəsələri hədiyyə alanın götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi barədə iddia verə bilərlər. Əgər öhdəliyin icrası ilə ictimai mənafelərə riayət edilirsə, hədiyyə verənin ölümündən sonra icranı müvafiq icra hakimiyyəti orqanı tələb edə bilər. Beləliklə, hədiyyə alan öhdəliklə şərtləndirilən bağışlama müqaviləsini bağlamışsa və sonradan onun icrasından imtina etməmişsə, müqavilənin tam və lazımınca icrasına görə məsuliyyət daşıyır. Belə öhdəliyin icra edilməməsi və lazımınca icra edilməməsi hədiyyə verənə, onun vərəsələrinə, eləcə də müvafiq icra hakimiyyəti orqanına (ictimai mənafe tələb etdikdə) iddia qaldırmaqla pozulmuş hüquqlarının bərpa edilməsini tələb etmək hüququ verir. Bununla yanaşı nəzərə alınmalıdır ki, bağışlama müqaviləsi şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməklə bağlandıqda müqavilə üzrə hədiyyə alan üzərinə götürdüyü öhdəliyi icra etməlidir. İş materiallarından müəyyən edilir ki, 14.06.2012-ci il tarixli bağışlama müqaviləsi hər hansı öhdəliyin yerinə yetirilməsi ilə bağlı şərtləndirilməmişdir. Yəni, həmin müqaviləyə əsasən cavabdeh öz üzərinə hər hansı öhdəlikləri yerinə yetirmək vəzifəsi götürməmişdir. Bu isə Kamal Bayramovun vərəsələri olan iddiaçılara həmin müqaviləni mübahisələndirmək üçün əsas vermir. Müqavilənin ləğvi ilə bağlı mülki qanunvericilikdə nəzərdə tutulmuş ümumi əsaslara gəldikdə isə qeyd edilməlidir ki, Mülki Məcəlləyə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür (421.1). Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur (421.2). Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur (422.1). Qeyd edilənlərə əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, 14.06.2012-ci il tarixli bağışlama müqaviləsinin ləğvi üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş ümumi əsaslardan da hər hansı biri mövcud deyildir. Bu səbəbdən iddia əsaslı sayıla və təmin edilə bilməz. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin əmlak üzərində iddiaçıların hüquqlarının bərpa edilərək qanun üzrə birinci dərəcəli vərəsələr kimi paylarının bölünməsi hissəsi tələbin 14.06.2012-ci il tarixli bağışlama müqaviləsinin ləğvi ilə bağlı olduğundan və həmin hissədə iddia tələbi təmin edilmədiyindən əmlak üzərində payların bölünməsinə dair hissədə də təmin edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni haqlı hesab etmişdir. "Mahmudov Rusiyaya qarşı" iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin "Qavazov Bolqarıstana qarşı" 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı «Məhkəmə qətnaməsi» haqqında Qərarının 2.4-cü bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların apelyasiya şikayəti əsassız olduğu üçün təmin oluna bilməz. İş materiallarından görünür ki, iddiaçılar apelyasiya şikayətinin dəlillərini əsaslandıra bilməmişdir. Belə ki, apelyasiya şikayətinin dəlilləri iş materialları ilə təkzib edilir. Apelyasiya şikayətində qeyd olunan dəlillər məhkəmə tərəfindən araşdırılaraq ona hüquqi qiymət verilmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2(060)-2009/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2169/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2169/2021
13.07.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver