Məhkəmə qərarları › İş №2(105)-2170/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2170/2021

12.07.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2170/2021 12.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X5 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasəf oğlu Məmmədovun katibliyi, İddiaçı: İddiaçı, Cavabdehin nümayəndəsi: X2 iştirakları ilə, İddiaçı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə qarşı zaminlik müqaviləsinə xitam verilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.M.Kazımov) İddiaçı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə qarşı zaminlik müqaviləsinə xitam verilməsi tələbinə dair iddianın təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh1 ASC-yə qarşı (Abşeron rayon 1 saylı notariat ofisinin xüsusi notariusu X3 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ASCnin Xırdalan filialı ilə onun arasında bağlanmış CC/04608/4 nömrəli zaminlik müqaviləsinə xitam verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 15 iyul 2014-cü il tarixdə Cavabdeh1 ASCnin Xırdalan filialı ilə Şükürov Afət Nüşrəvan oğlu arasında CC/04608/43/23 №-li kredit sazişi imzalanmış və bank sonuncuya 24 ay müddətinə illik 28 % hesablanmaq şərtilə 2540 ABŞ dolları məbləğində kredit vermişdir. O, həmin öhdəliyin təminatı olaraq A.Şükürova zamin dayanmış və zamin qismində öz öhdəliyini dərk edir. Lakin hesab edir ki, bank əsas borclu ilə bağlı lazımi hüquqi prosedurları tam yekunlaşdırmamış Abşeron rayon 1 saylı notariat ofisinin xüsusi notariusu Bahadur İsmayılova müraciət etmiş, notarius onun barəsində icra qeydi aparmış və həmin icra qeydi icraya yönəldilmişdir. Bütün bu proseslər həyata keçirilərkən ona məlumat verilməmiş, həmçinin heç bir araşdırma aparılmamışdır. Əgər notarius bankın təqdim etdiyi sənədləri diqqətlə araşdırmış olsaydı, o zaman bank tərəfindən həm müqavilə üzrə ümumi iddia müddətini, həm də zaminə qarşı iddia irəli sürmə müddətini ötürmüş olduğunu aşkar edərdi. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. Qətnamədə müvafiq şərh olunaraq qeyd edilir ki, zaminlik müqaviləsində onun verilmə müddəti təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdıgı gündən bir il ərzində, əsas öhdəliyin icrası müddəti göstərmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə birlikdə zaminliyə zaminlik müqaviləsinin bağlandıgı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Qətnamədə vurgulanır ki, hazırkı halda tərəflər arasında bağlanmış zaminlik müqaviləsində onun verilmə müddəti konkret təyin edilmişdir. Abşeron Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli 2(012)-1496/2021 saylı qətnaməsinin ləgv edilməsini və iddianın təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, ona oxşar izahat verdi və onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdehin nümayəndəsi V.N.İsgəndərov apellyasiya şikayətinin dəlillərini qəbul etmədi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərkən, hazırda icra qeydinin qüvvədə olmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İşdə olan 15 iyul 2014-cü il tarixli, CC/04608/43/23 saylı kredit sazişindən görünür ki, A.N.Şükürov Cavabdeh1 ASC-dən kredit müqaviləsi üzrə 24 ay müddətinə illik 28% olmaqla 2540 ABŞ dolları məbləğində kredit götürmüşdür. Kredit müqaviləsi üzrə borclunun öhdəliyi zaminliklə təmin edilmiş və zamin İddiaçı borclunun öhdəliyinin tamamilə icra etməsi üçün kreditor qarşısında məsuliyyəti öz üzərinə götürmüşdür. İşə əlavə olan Abşeron rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu B.S.İslamov tərəfindən verilmiş 05 avqust 2020-ci il tarixli icra qeydindən görünür ki, İddiaçı Cavabdeh1 ASC-nin xeyrinə 2153,28 ABŞ dollarında məbləğin tutulmasına dair icra qeydi aparılmışdır. İddiaçı tərəfindən Cavabdeh1 ASC-yə ünvanlanmış 19 yanvar 2021-ci il tarixli ərizədən görünür ki, iddiaçı bankla aralarında bağlanmış CC/04608/4 nömrəli zaminlik müqaviləsinə xitam verilməsi barədə banka müraciət etmişdir. Beləliklə, işin müəyyən edilmiş hallarından görünür ki, borclu A.N.Şükürov 15 iyul 2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdeh bankdan kredit götürmüşdür. İddiaçı bankla aralarında bağlanmış zaminlik müqaviləsinə əsasən borclu Şükürov Afət Nüşrəvan oğlunun kredit müqavilə üzrə öhdəliyinin təminatı olaraq, yəni tam icra olunması üçün kreditor qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Borclu tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilməmiş, buna görə də kreditor tərəfindən borcun tutulması ilə bağlı icra qeydinin aparılması ilə bağlı notariusa müraciət olunmuş və “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən Abşeron rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu B.S.İslamov tərəfindən 05 avqust 2020-ci il tarixdə İddiaçı Cavabdeh1 ASC-nin xeyrinə kredit müqaviləsi üzrə yaranmış 2153,28 ABŞ dollarında məbləğin tutulmasına dair icra qeydi aparılmış və həmin icra qeydi icraya yönəldilmişdir. Hazırkı iddia tələbi üzrə iddiaçı bankla aralarında bağlanmış zaminlik müqaviləsinin xitam verilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1, 472.2 və 472.3-cü maddələrinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Qanunun normasından aydın olur ki, zaminlik müqaviləsində onun verilmə müddəti təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Hazırkı halda tərəflər arasında bağlanmış zaminlik müqaviləsində onun verilmə müddəti konkret təyin edilmişdir. İddiaçı borclu ilə cavabdeh bank arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliyin icrası vaxtının çatdığı gündən, yəni kredit müqaviləsinin 15 iyul 2014-cü il tarixdə 24 ay müddətə bağlandığını və həmin müddətin bitdiyi tarixdən bir il ərzində kreditorun zamin olaraq ona qarşı iddia irəli sürmədiyi əsası ilə zaminliyə xitam verilməsini tələb edir. İkinci əsas olaraq isə bank tərəfindən həmçinin müqavilə tələbləri üzrə müəyyən edilmiş üç illik iddia müddətinin ötürüldüyünü göstərmişdir. Məhkəmə iddiaçının iddia müddətinin ötürülməsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, mülki qanunvericilik müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığını təmin etməklə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarım və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəaları nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399-cu maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Tərəflər müəyyənləşdirə bilərlər ki, bağladıqları müqavilənin şərtləri onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilir. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Məhkəmə qeyd edir ki, kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtımı tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qeyd etmişdir ki, Mülki Məcəllənin 377.1-ci maddəsində iddia müddətinin axımının başlanmasının ümumi qaydası müəyyən edilmişdir. Həmin maddə müqavilədən irəli gələn öhdəliklərlə bağlı iddia müddətlərini deyil, müqavilədənkənar öhdəliklərin icrası ilə bağlı iddia müddətlərinin axımının başlanması hallarını ehtiva edir. Kredit müqaviləsinin öhdəlikləri üzrə iddia müddətinin axımının başlanması üçün, kreditorun bu öhdəliklərlə bağlı tələb hüququnun pozulduğunu və hətta belə bir hüququnun mövcud olduğunu bilməsi ilə şərtləndirilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 373.3-cü maddələrinə əsasən müqavilə tələbləri üzrə, eləcə də vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 374.1-ci maddəsinə əsasən əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Belə olan halda Cavabdeh1 ASC ilə borclu A.N.Şükürov arasında 15 iyul 2014-cü il tarixdə bağlanmış kredit müqaviləsi, həmin kredit müqaviləsinin təminatı olaraq bağlanmış zaminlik müqaviləsi həmin müqavilə tərəflərinin öz öhdəliklərini tam həcmdə yerinə yetirməsinə qədər qüvvədədir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, 05 avqust 2020-ci il tarixli İcra qeydi hazırda qüvvədədir və iddiaçı tərəfindən həmin icra qeydi mübahisələndirilməmişdir. Qeyd edilən hal müqavilə üzrə tərəflərin öz aralarında iddia müddətini müəyyən etdikləri və onu öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə qədər qüvvədə olması ilə razılaşdırmaları anlamına gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yenə də həmin Məcəllənin 217.4cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş ziyanın əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə ziyanın əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin iş üzrə 28 aprel 2021-ci il tarixli 2(012)-1496/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar