Məhkəmə qərarları › İş №2(105)-2181/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2181/2021

27.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2181/2021 27.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli 2(012)-1668/2021-008 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim H.Əhmədov) iddianın qismən təmin edilməsi, Cavabdeh 06.08.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 01.02.2021-ci il tarixdən başlayaraq hər ay 175 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması, Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməsi, qətnamə alimentin tutulması hissədə dərhal icra olunması qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, 06.08.2018-ci ildə doğulmuş X1 üçün hər ay 300 manat aliment məbləğinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 01.12.2017-ci il tarixdə nikaha daxil olmuş və birgə nikahlarından 06.08.2018-ci ildə doğulmuş X4 anadan olmuşdur. Cavabdehlə evliliklərinin ilk vaxtlarında münasibətləri normal olsa da, sonradan səbəbsiz olaraq mübahisələr mütəmadi hal almışdır. Hamilə olduğu ilk aylardan etibarən ona qarşı kobud davranışlar sərgiləyirdi. Bundan başqa cavabdeh uzun müddətdir ki, səbəbsiz olaraq evdə dava-dalaş edərək ailədə gərginlik yaradırdı. Cavabdehin hər gün evdə gərginlik yaratması, evdə əşyaların sındırması kimi kobud hərəkətləri uşağının tərbiyəsinə və psixologiyasına mənfi təsir etməkdədir. Cavabdeh dəfələrlə ona fiziki zor tətbiq etmiş və vuraraq xəsarətlər yetirmişdir. Cavabdeh üçün ailə anlayışı yoxdur. Cavabdeh uşağın qayğısına qalmır, uşağın səhhəti ilə maraqlanmır. Uşaq dəfələrlə xəstəxanada olduqda cavabdeh onun çağırışına heç bir münasibət bildirməyərək uşaqla ümumiyyətlə maraqlanmırdı və onu zəng etməyinə görə nalayiq küçə söyüşləri ilə təhqir edirdi. Uşağın saxlanması üçün heç bir maddi təminatı ödəmir. Cavabdeh tüfeyli həyat yaşayırdı, əxlaqsız qadınlarla gecələr vaxt keçirirdi., evə gecə saat 3-4-də gəlirdi. O, uşaqla anasıgildə olduğu zaman, onun evdə olmadığından istifadə edərək hətta evə əxlaqsız qadınlar gətirməsi barədə faktları baş vermişdir. Belə şəraitdə cavabdehlə birgə yaşamaq mümkün deyildir. Hal-hazırda cavabdehlə faktiki olaraq ayrı yaşayır, 06.08.2018-ci il təvəllüdlü X4 isə onun yanında, onunla birgə yaşayır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Sadıqov X3 Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddia tələbini qismən təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni tərəflərin birgə nikahından olan uşağın mənafeyini, o cümlədən, tərəflərin diqqətəlayiq maraqlarını nəzərə alması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsini, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17 maddəsinin İİ hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İV hissəsinə görə ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Ailə Məcəlləsinin 56.1. maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar (Ailə Məcəlləsinin 58.1. və 58.2. maddələri). “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 18-ci maddəsinin 1-ci bəndinə görə bu məsuliyyət hər iki valideyn üçün, onların harada yaşamalarından asılı olmayaraq ümumi və məcburi olmalıdır. Konvensiya bu məsuliyyəti “əsas” hesab edir. Valideynlərin uşaqlarının hüquq və mənafelərinin təmin edilməsinə görə məsuliyyətinin xüsusi əhəmiyyəti bununla müəyyən olunur. Eyni zamanda, uşağa görə məsuliyyət hissinin formalaşmasına, uşağın tərbiyəsinə təsir göstərir. Ailə tərbiyəsinin keyfiyyəti əhəmiyyətli dərəcədə onun tam olmadığından asılıdır. Həmin konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosila inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Qeyd edilən maddi hüquq normalarının məzmununa görə ailə tərbiyəsi ilə əlaqədar hərəkətlərin və əməllərin mümkün olan hədləri müəyyən olunur. Bu elə bir istiqamətdir ki, onu həm gündəlik həyatda, həm də uşaqların tərbiyəsi ilə əlaqədar yaranmış mübahisənin və sualların həlli zamanı tutmaq lazımdır. Belə ki, qanunvericilik diqqəti ona yönəldir ki, valideynlər üçün əsas amil öz maraqlarının deyil, uşaqlarının bir şəxsiyyət olaraq maraqlarının təmin edilməsi olmalıdır. Valideynlər uşaqlarının hüquq və mənafelərinin ziyanına həyata keçirilən özlərinin hüquq və vəzifələrinə görə məsuliyyət daşıyırlar. Bununla belə bu halda tək valideyn hüquqlarından sui-istifadə deyil, həm də valideynlərin uşaqlarının hüquq və mənafeylərinə ziyan vuran, yaxud ziyan vura biləcək digər hərəkət və əməlləri nəzərdə tutulur. Valideynlərin qayğısından yararlanmaq uşaqların hüququ olduğu kimi uşaqların təlim-tərbiyəsi ilə onların şəxsiyyət kimi formalaşmasını və inkişaf etməsi üçün zəruri şəraitin yaradılması təmin etmək valideynin borcudur. Övladın kamil şəxsiyyət kimi formalaşması üçün fiziki cəhətdən sağlam mənəvi inkişafına görə valideynlər məsuliyyət daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (Ailə Məcəlləsinin 75.1. və 75.4. maddələri). Həmin Məcəllənin 78.1. maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2. maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, aliment uşağın saxlanılması üçün bir valideynin digər valideynə uşağın tələbatının ödənilməsi üçün müəyyən edilən müavinətdir. Alimentin miqdarı müəyyən edilərkən ilk növbədə uşağın marağı təmin edilməlidir. Tərəflərin birgə nikahından olan 06.08.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmə qətnaməsi ilə hər ay 175 manat məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. Bütün maddi və mənəvi yükün ananın üzərində qalması, iddiaçının mənafeyinin əsaslı şəkildə məhdudlaşdırılmasını qaçılmaz edir. Halbuki övladın saxlanılması üçün hər iki valideyn birgə məsuliyyət daşıyır. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyindən, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edildiyindən, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar