Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2188/2023 11.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: sabit pul məbləğində aliment) X9 Süleymanovanın sədrliyi və məruzəsi, X11 Məmmədov və Elman Məmməd oğlu Əhmədovdan ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "aliment" tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, e-2(060)-5280/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2014-cü ildən tərəflər faktiki nikah münasibətlərində olaraq ailə kimi yaşamışlar, birgə ailə həyatından iki övladları - 01 iyul 2015-ci il təvəllüdlü X10 və 13 iyul 2017-ci il təvəllüdlü X8 anadan olmuşdur. 2022-ci ilin mart ayının əvvəlindən cavabdeh onlardan ayrılmış, ailə münasibətləri kəsilmişdir. Daha sonra, cavabdeh 2023-cü ilin yanvar ayında ümumiyyətlə Azərbaycana qayıtmışdır. Onlardan ayrılandan cavabdeh uşaqların saxlanmasında iştirak etmir, yardım göstərmir. Uşaqların ehtiyaclarının ödənilməsində, o cümlədən özəl təhsillərinin ödənilməsində çətinliklər yaranmışdır. İddiaçı 350 ABŞ dollara kirayədə qalır. İddiaçı tək olaraq uşaqları saxlamaqda çox çətinlik çəkir. Göstərilənlərə əsasən hesablanması 05 iyul 2023-cü il tarixdən başlayaraq Cavabdeh birgə uşaqları X10 və X2 və digər zəruri xərclərinin qarşılanması üçün hər ay sabit pul məbləğində hər bir uşaq üçün 500 ABŞ dolların ödəniş gününə olan rəsmi məzənnəsinə uyğun manat ekvivalenti miqdarında alimentin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. Moskva VVAQ İdarəsinin Yujnıye Butovo VVAQ şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş “atalığın müəyyən edilməsi haqqında” şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh İddiaçı doğulmuş X7 atası hesab edilmiş və bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 2015-ci ilin 7-ci ayının 29-cu günündə 264 nömrə ilə qeyd edilmişdir.
5. Moskva VVAQ İdarəsinin Yujnıye Butovo VVAQ şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş “atalığın müəyyən edilməsi haqqında” şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh İddiaçı doğulmuş X4 atası hesab edilmiş və bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 2017-ci ilin 8-ci ayının 15-ci günündə 140 nömrə ilə qeyd edilmişdir.
6. Moskva VVAQ İdarəsinin Yujnıye Butovo VVAQ şöbəsi tərəfindən 29 iyul 2015-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X10 01 iyul 2015-ci il tarixdə Moskva şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır.
7. Moskva VVAQ İdarəsinin Yujnıye Butovo VVAQ şöbəsi tərəfindən 15 avqust 2017-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X8 13 iyul 2017-ci il tarixdə Moskva şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır.
8. Moskva şəhəri Təhsil və Elm Departamenti, Moskva şəhəri dövlət büdcəsi əsaslı ümumtəhsil müəssisəsi “1981 saylı məktəb” tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 02-04-285/23 saylı arayışdan görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X10 dövlət büdcə əsaslı ümumtəhsil müəssisəsi 1981 saylı məktəbin ŞK2 şagirdidir və xx.xx.2022-ci il tarixli 00-00029069 saylı, xx.xx.2033-cü ilədək olan müddətə bağlanmış müqaviləyə əsasən, “PU1994” kursu üzrə əyani təhsil alır. Aylıq xidmət haqqı 3750 rubldur və tədris planına və tabelə əsasən ödənilir.
9. İş materiallarında olan arayışdan görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X8 “Raduqa” İdman-Reabilitasiya Mərkəzində loqopedlə (8 məşğələ 6800 rubl) və məktəbə hazırlıqla (8 məşğələ 6000 rubl) məşğul olur.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
10. Sumqayıt Şəhər Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, e-2(060)- 5280/2023 nömrəli qətnaməsi ilə (hakim Şəbnəm Həxiyeva) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 01 avqust 2023-cü il tarixdən başlayaraq, xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, ümumilikdə 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, qətnamənin dərhal icra edilməsi, ödənilməmiş dövlət rüsumu olaraq 72,8 (yetmiş iki manat, səksən qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq dövlət gəlirlərinə alınması qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2, 29.1, 29.2, 56.1, 75 və 100.2-ci maddələri, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi, BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsi, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1 və 2-ci hissəsi, 17-ci maddəsi, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2, 9.4, 8.1.2-ci maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 77.1, 81, 89.3, 76.1, 234.2.1, 107, 216-220, 227, 233 və 360-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayəti və onun dəlilləri
12. Sumqayıt Şəhər Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, e-2(060)- 5280/2023 nömrəli qətnaməsi ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamə ilə müəyyən olunmuş aliment miqdarının dəyişdirilərək 01 iyul 2015-ci il tarixdə anadan olmuş X10 və 13 iyul 2017-ci il tarixdə anadan olmuş X1 üçün hər ay bir uşaq üçün 150 manat, cəmi 300 manat sabit pul məbləğində alimentin tutulub iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. Bildirir ki, ailəsinin dağılmasını istəmir, o, iddiaçıdan ayrılmamışdır. İddiaçı onu Moskva şəhərində yaşadıqları evdən çıxarmışdır. Aliment tələbi ilə bağlı hər ay hər uşağın saxlanılması üçün 150 manat, ümumilikdə 300 manat ödəməyə razıdır. Belə ki, o, hal-hazırda işsizdir. Bu barədə Sumqayıt şəhər Məşğulluq İdarəsində növbəyə alınmışdır. İşsiz olduğu üçün isə hazırda həmin məbləği ödəmək iqtidarında deyil. Rusiya Federasiyasından yeni gəldiyi üçün iş tapa bilmir, ölkədən çıxışa məhdudiyyəti olduğu üçün gedib orada işləyə də bilmir. 25 il Moskva şəhərində yaşamışdır. Hesab edir ki, məhkəmə alimentin miqdarını müəyyən edərkən onun maddi vəziyyətini, işsiz olmağını və diqqətəlayiq digər halları nəzərə almalı idi. Lakin Sumqayıt Şəhər Məhkəməsində işə baxılarkən bunlar nəzərə alınmamışdır. Hesab edir ki, uşağın saxlanılması üçün aliment tutulması barədə iddiaya baxarkən məhkəmə “Yaşayış minimumu haqqında” Qanunun yox, Ailə Məcəlləsinin tələblərinə əsasən mülki prosessual qanunvericiliyin normalarına müvafiq olaraq alimentin miqdarını müəyyən etməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il qərarında Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlmişdir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Ümumiyyətlə yaşayış minimumunun aliment münasibətlərinə aid edilməsi təcrübədə qeyri-müəyyənliklər yaradır, bu isə aliment ödəyən şəxsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinin təmin edilməsini çətinləşdirir. Belə ki, məhkəmələr tərəfindən alimentin təyin edilməsi ilə bağlı işlərə baxılarkən ailə qanunvericiliyinin tələbinə görə alimentin miqdarının müəyyən edilməsi üçün tərəflərin maddi və ailə vəziyyəti deyil, məhz “Yaşayış minimumu haqqında” Qanunun normaları əsas götürülür. Yaşayış minimumu isə ildən ilə müəyyən məbləğdə artır. Bütün bunlar isə aliment ödəməli olan şəxsi artıq qazanc əldə etməyə məcbur edir və bu da bir sıra neqativ halların baş verməsinə səbəb olur. Belə ki, məhkəmə təcrübəsində aliment ödəmək imkanı olmayan valideynlər barəsində məhkəmə qətnaməsini icra etməməyə görə inzibati və cinayət məsuliyyətinə cəlb edilməsi hallarına kifayət qədər rast gəlinir. Hesab edir ki, işə apellyasiya qaydasında baxılarkən bütün bunlar nəzərə alınmalı, ondan iddiaçının xeyrinə uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay bir uşaq üçün 150 manat olmaqla cəmi 300 manat aliment tutulmalıdır. Məhkəmə prosesin çəkişmə prinsipini təmin etməmiş, onun iştirakını təmin etmədən, qərarı özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmışdır. Halbuki, MPM-nin tələbinə görə məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. Tez-tələsik qərar verməklə onun qanunla qorunan hüququnu pozmuşdur.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
15. Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
16. İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh qətnamənin dəyişdirilərək, hər ay bir uşaq üçün 150 manat, cəmi 300 manat sabit pul məbləğində alimentin tutulub iddiaçıya verilməsi xahiş etmişdir. Kollegiya hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, e-2(060)-5280/2023 nömrəli qətnaməsi tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 17.İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
19. “Uşaq hüquqları haqqında” Konvensiya: Maddə 3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün. Maddə 27. Valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.
20. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. Uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının tə min olunmasına şərait yaratmalıdırlar. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
21. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
22. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli Qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
23. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2023-ci il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
26. Belə ki, məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, tərəflərin münasibətləri pozulmuş və ayrı yaşayırlar, tərəflər faktiki nikahlarından iki övladları vardır. İddiaçı cavabdehdən uşaqların saxlanılması üçün aliment tələb edir.
28. Göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 01 avqust 2023-cü il tarixindən başlayaraq, xx.xx.2015ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, ümumilikdə 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.
29. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı uşaqların saxlanılmaları üçün hər ay, hər uşağa 500 ABŞ dolları məbləğində aliment tutulmasını tələb etsə də, cavabdehin həmin məbləğdə aliment ödəməyə maddi imkanının olduğunu, eləcə də, məhz həmin məbləğdə alimentin tutulmasına zərurət olduğunu məhkəmədə sübuta yetirə bilməmişdir. Məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 01 avqust 2023-cü il tarixindən başlayaraq, xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, ümumilikdə 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
30. Birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmayan cavabdeh alimentin müəyyən edilmiş miqdarını mübahisələndirərək apellyasiya şikayəti vermiş, şikayətin dəlili olaraq hal-hazırda işsiz olduğunu, işsiz olduğu üçün məhkəmə tərəfindən təyin edilmiş alimenti ödəmək iqtidarında olmadığını göstərmişdir.
31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd olunan dəlillərini əsassız hesab edir və bildirir ki, bu hallar cavabdehin aliment öhdəliyindən azad olunması, alimentin apellyator tərəfndən tələb olunan şəkildə müəyyən edilməklə miqdarının azaldılması üçün əsas kimi çıxış edə bilməz.
32. Kollegiya hesab edir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Əmək qabiliyyətli valideyinin işsiz olması onun aliment öhdəliyindən azad olunması və ya hazırkı halda alimentin miqdarının azaldılması üçün əsas deyildir.
33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə qanunvericiliyin verdiyi bütün mümkün imkanlardan istifadə etməklə işi tam, hərtərəfli və obyektiv araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
34. Məhkəmə, cavabdehin bir valideyn kimi uşağını saxlamaq vəzifəsini, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olduqlarını, yetkinlik yaşına çatmamış uşağın təminatının mümkün qədər maksimal saxlanması və diqqətəlayiq olan digər halları, ölkə ərazisində uşaqlar üçün müəyyən edilən minimum dolanışıq xərclərinin miqdarını, təyin edilmiş məbləğin ağlabatan məbləğ olmasını nəzərə alaraq hesab edir ki, alimentin məbləğinin dəyişirib daha az məbləğin müəyyən edilməsi üçün əsas yoxdur.
35. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. İş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, e-2(060)-5280/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.