Məhkəmə qərarları › İş №2(105)-2192/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2192/2021

09.09.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2192/2021 09.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı və Cavabdeh3 bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsi X2 iştirakları ilə açıq məhkəmə iclasında Quba Rayon Məhkəməsinin 22.04.2021-ci il tarixli, 2(027)-692/2021 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin 22.04.2021-ci il tarixli, 2(027)-692/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Vüqar Seyidov) İddiaçı cavabdehlər Quba regional “ASAN xidmət” mərkəzində notariat ofisinə, Cavabdeh2nə və Cavabdeh3 bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinə qarşı borcun tutulmasına dair icra qeydinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilməmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Quba regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş reyestrdə 8İ- 13821 nömrə ilə qeyd edilmiş 21 dekabr 2020-ci il tarixli borcun tutulması haqqında icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh3 bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyəti ilə bağlanmış 10 dekabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən 36 ay müddətinə, illik 20% ödəmək şərti ilə 2800 ABŞ dolları məbləğində kredit almışdır. O, kreditin çox hissəsini ödəmişdir. Bir müddət əvvəl ona məlum olmuşdur ki, barəsində icra qeydi verilmişdir. Həmin icra qeydinə əsasən ondan Cavabdeh3 bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə 1657 ABŞ dolları əsas borc, 394 ABŞ dolları cərimə, 20 manat dövlət rüsumu tutulmalıdır. İcra qeydində göstərilən məbləğlə razılaşmır. Borc məbləği həddindən artıq çox hesablanmış və süni olaraq şişirdilmişdir. Tələb olunan məbləğ üzrə icra qeydi o zaman verilə bilər ki, mübahisə olmasın. Hazırda borcun məbləği ilə bağlı mübahisə olduğu üçün icra qeydi ilə ondan pul tutula bilməz. İddiaçı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək Quba regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 8İ-13821 nömrə ilə qeyd edilmiş 21 dekabr 2020-ci il tarixli borcun tutulması haqqında ünvanına daxil olmuş icra qeydində, onun Cavabdeh3 bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətininə borclu olmağı barədə göstərilənlərin qanunsuz və əsassız olması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnaməni qanunsuz və əsassız hesab edir. O, Cavabdeh3 bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətindən 10 dekabr 2015-ci il tarixli, 449 nömrəli kredit müqaviləsinə əsasən 36 ay müddətinə 2800 ABŞ dolları məbləğində kredit götürmüşdür. Kredit götürdüyü 10 dekabr 2015-ci il tarixində məzənnəyə uyğun olaraq 1ABŞ dolları 1,05 manata bərabər idi. Həmin kredit müqaviləsinə əsasən o, krediti Cavabdeh3 bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinə 10 yanvar 2016-cı il tarixdən qaytarmağa başlamalı idi. Lakin kredit götürdüyü vaxtdan 10 gün sonra, yəni 21 dekabr 2015-ci il tarixdə valyuta məzənnələri dəyişmiş, 1ABŞ dolları 1,70 manat bərabər olmuşdu. O, borcunu kredit müqaviləsinin bağlandığı tarixdə, yəni 10 dekabr 2015-ci il tarixində mövcud olmuş məzənnəyə uyğun, yəni 1 ABŞ dolları 1,05 AZN məzənnəsi ilə qaytarmalı olduğunu Cavabdeh3 bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinə bildirmiş və hər ay krediti 1 ABŞ dolları 1,05 AZN məzənnəsinə uyğun olaraq ödəməyə başlamışdır. Bu qaydada o, cavabdehin hesabına 34 ay kredit üzrə hissə-hissə ödəniş etmişdir. Lakin kredit üzrə axırıncı 2 ayın ödənişləri qalmış, Cavabdeh3 bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyəti onun kredit müqaviləsi üzrə 3000 manatdan çox borcunun qaldığını bildirmişdir. Lakin o, hesab edir ki, kredit müqaviləsi üzrə onun cavabdehə təxminən 500 manat borcu qalmışdır. Kredit müqaviləsi üzrə qalıq borcun məbləği üstündə onunla cavabdeh arasında mübahisə olmuşdur. Cavabdeh3 bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyəti kredit müqaviləsi üzrə borcu qaldığı barədə onu rəsmi xəbərdar etmədən, kreditin ondan məcburi qaydada tutulması barədə cavabdeh Quba regional “ASAN xidmət” mərkəzində notariat ofisindən 21 dekabr 2020-ci il tarixli, 8İ-13821 reyestr nömrəli icra qeydi almışdır. Həmin icra qeydində onun Cavabdeh3 bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinə 2052 ABŞ dolları 10 sent borcu qaldığı göstərilmişdir. Lakin onun Cavabdeh3 bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinə təxminən 500 manat borcu qalmışdır. O, icra qeydində göstərilən 2052 ABŞ dolları 10 sent borcla razı deyildir. Buna görə də müvafiq ekspertiza təyin edilməsini məhkəmədən xahiş etmiş, lakin məhkəmə onun haqlı vəsatətini təmin etməmişdir. Apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və Quba regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 21 dekabr 2020-ci il tarixli, 8İ-13821 reyestr nömrəli icra qeydinin ləğv edilməsinə dair yeni qətnamə qəbul olunması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. Cavabdeh3 bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsi X4 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Cavabdehlər Quba regional “ASAN xidmət” mərkəzində notariat ofisi və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etmədiklərindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, Cavabdeh3 bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyəti ilə bağlanmış 10 dekabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı 36 ay müddətinə, illik 20% ödəmək şərti ilə 2800 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan Quba Regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən 21 dekabr 2020-ci il tarixdə verilərək reyestrdə 8İ-13821 nömrə ilə qeydə alınmış icra qeydinin surətindən görünür ki, İddiaçı Cavabdeh3 bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə vaxtında ödənilməmiş 1657 ABŞ dolları 50 sent borc, 394 ABŞ dolları 60 sent cərimə, 20 manat dövlət rüsumu tutulmalıdır. “Notariat haqqında” qanunun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161-ci hissəsinə əsasən borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. İş materiallarından görünür ki, Cavabdeh3 bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyəti icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borclu İddiaçı tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməmişdir. “Notariat haqqında” qanunun 76-cı maddəsinə görə borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”na əsasən pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər əsasında icra qeydi almaq üçün notariat qaydasında təsdiq edilmiş əqdin əsli təqdim olunur. Göründüyü kimi, pulun ödənilməsi barədə icra qeydi alınması üçün əsas olan sənəd notariat qaydasında təsdiq olunmuş əqddir. Lakin hazırki iş üzrə icra qeydi notariat qaydasında təsdiq olunmuş əqd üzrə deyil, Cavabdeh3 bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 10 dekabr 2015-ci il tarixli kredit müqaviləsi əsasında verilmişdir və həmin kredit müqaviləsi notariat qaydasında təsdiq olunmamışdır. Məhkəmə kollegiyası yuxarıda sadalanan halları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunsuz və əsassız olmaqla işin faktiki hallarına uyğun deyildir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci və 385.1.4-cü maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi əsasdır. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin 22.04.2021-ci il tarixli, 2(027)-692/2021 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Quba Regional “ASAN xidmət” mərkəzində notariat ofisi ofisinə, Cavabdeh2nə və Cavabdeh3 bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinə qarşı borcun tutulmasına dair icra qeydinin ləğv edilməsi barədə iddiası təmin edilsin. İddiaçı Cavabdeh3 bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə vaxtında ödənilməmiş 1657 ABŞ dolları 50 sent borc, 394 ABŞ dolları 60 sent cərimə, 20 manat dövlət rüsumu tutulmasına dair Quba Regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən 21 dekabr 2020-ci il tarixdə verilərək reyestrdə 8İ- 13821 nömrə ilə qeydə alınmış icra qeydi ləğv edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar