Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2211/2021 07.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Lətifə Məhyəddin qızı Məmmədova və Elman Gülbaba oğlu Rəhimovdan ibarət tərkibdə, məhkəmə katibi X1, İddiaçı iştirakı ilə Qusar Rayon Məhkəməsinin 19 iyul 2019-cu il tarixli, 2(029)-57/2019 saylı qətnaməsindən Cavabdeh2 verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Qusar Rayon Məhkəməsinin 19 iyul 2019-cu il tarixli, 2(029)-57/2019 saylı qətnaməsi ilə (hakim R.V.Kazımov) İddiaçı cavabdehlər Qusar rayonu Qalacıq Bələdiyyəsinə və Cavabdeh2 (üçüncü şəxlər Qusar rayonu Notariat Kontoru və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsi) qarşı müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilib, cavabdeh Qusar rayonu Qalacıq bələdiyyəsi və Cavabdeh2 arasında bağlanmış 12 yanvar 2012-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş Seriya RX ******* saylı, 25 may 2017-ci il tarixli daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh2 apelyasiya şikayəti vermişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 sentyabr 2020-ci il tarixli, 2(105)-1393/2020 saylı qətnaməsi ilə Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilib, Qusar Rayon Məhkəməsinin 19 iyul 2019-cu il tarixli, 2(029)-57/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin olunmuş və cavabdehlər Qusar rayonu Qalacıq bələdiyyəsi və Cavabdeh2 arasında bağlanmış 12 yanvar 2012-ci il tarixli alqı-satqı müqaviləsi Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən 11 iyul 2008-ci il tarixli, ******* qeydiyyat nömrəli şəhadətnamə ilə İddiaçı verilmiş 265.6 kv.metr qeyri-yaşayış binasının altında olan torpaq sahəsi ilə üst-üstə düşdüyü 83.5 kv.metr hissəsində etibarsız hesab edilmiş, həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş Seriya RX ******* saylı, 25 may 2017-ci il tarixli daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış qeyd edilən 83.5 kv.metr hissədə ləğv edilmişdir. Qətnamədən İddiaçı və Cavabdeh2 kassasiya şikayətləri vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 13 aprel 2021-ci il tarixli, 2(102)-2245/2021 saylı qərarı ilə İddiaçı və Cavabdeh2 kassasiya şikayətləri qismən təmin edilib, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 sentyabr 2020-ci il tarixli, 2(105)-1393/2020 saylı qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, Qusar rayonu ZDK İK-nın 12 iyun 1965-ci il tarixli 14 saylı iclas protokolunun qərarı ilə kooperativlər ittifaqı üçün yeməkxana tikməkdən ötrü Qalacıq kəndində meyvəçilik sovxozunun torpaq fondundan ona QusarXudat yolunun kənarında 0.7 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində o, tikinti altı torpaq sahəsi 303.8 kv.metr, ümumi sahəsi 265.6 kv.metr olan mağaza binası inşa etdirmişdir. Həmin torpaq sahəsi onun tərəfindən özəlləşdirilmiş və 11 iyul 2008-ci il tarixli ******* saylı qeydiyyat nömrəli şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Bu yaxınlarda həmin mağaza binasının qarşısında olan torpaq sahəsini Cavabdeh2 istifadə etməyə başlamış, o, cavabdehdən həmin torpaq sahəsinin boşaldılmasını tələb etmiş, lakin cavabdeh həmin yerdən 0.12 ha torpaq sahəsini Qalacıq bələdiyyəsindən satın aldığını bildirmişdir. O, məsələni araşdırmış və ona məlum olmuşdur ki, həqiqətən də Qusar rayonu Qalacıq bələdiyyəsi tərəfindən 12 yanvar 2012-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 0.12 ha torpaq sahəsi yaşayış məntəqələrinə aid torpaq sahəsi kimi Cavabdeh2 satılmışdır. Daha sonra isə Cavabdeh2 həmin alqı-satıqı müqaviləsinə əsasən öz adına Seriya RX ******* saylı, 25 may 2017-ci il tarxili çıxarış almışdır. Cavabdehə verilmiş torpaq sahəsinin müəyyən hissəsi onun adına rəsmiləşdirlmiş qeyri-yaşayış binasının üstünə düşür və cavabdeh tərəfindən həmin torpaq sahəsndə tikinti işləri aparılmışdır. Sözü gedən torpaq sahəsi 0.7 ha torpaq sahəsinin təyinatı həyətyanı torpaq sahəsi deyil, sahibkarlıq fəaliyyəti üçün nəzərdə tutulmuşdur. Bundan başqa həmin torpaq sahəsi bələdiyyə mülkiyyəti ola bilməzdi. Ona görə də, cavabdeh Qusar rayonu Qalacıq bələdiyyəsi ilə Cavabdeh2 arasında bağlanmış 12 yanvar 2012-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilənin əsasında Cavabdeh2 adına verilmiş Seriya RX ******* saylı 25 may 2017-ci il tarixli çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh2 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Qusar Rayon Məhkəməsi 19 iyul 2019-cu il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsini rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinin dəlillərinə etiraz edib birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdehlər Qusar rayonu Qalacıq Bələdiyyəsi, Cavabdeh2, müstəqil tələb irəli sürməyən üçüncü şəxlər Qusar rayonu Notariat Kontoru və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRXnin 5 saylı Ərazi İdarəsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən qeyd olunan tərəflərin və ya onların nümayəndələrinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdə olan Azərbaycan Repsublikasının Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 000994 nömrəli, 11.07.2008-ci il tarixli Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Qusar rayonu Bakı Rostov yolunun kənarı, Çoban yaşayış məntəqəsi ünvanında yerləşən 265.6 kv.m qeyri-yaşayış sahəsi üzərində hüquqları əldə etmişdir. 001315 saylı, 04 iyul 2008-ci il tarixli Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin müəssisə və obyektin daşınmaz əmlakının texniki pasportunun təsdiq olunmuş surətindən görünür ki, Qusar rayonu Bakı Rostov yolunun kənarı, Çoban yaşayış məntəqəsi ünvanında yerləşən qeyri yaşayış sahəsi-mağaza İddiaçı mülkiyyətinə verilmişdir. Tikinti altı sahə 303.8 kv.m, tikintinin sahəsi 265.6 kv.m-dir, faktiki torpaq sahəsi 303,8 kv.m-dir, torpağın sənədi yoxdur. DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 25 may 2017-ci il tarixli, A № 158808 saylı torpaq sahəsinin plan və ölçüsündən görünür ki, **********32 reyestr nömrəli 0.12 hektar Qusar rayonu Qalacıq kəndində yerləşən torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsusdur. DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Seriya MA № ******* saylı, **********68 reyestr nömrəli, hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Qusar rayonu Qalacıq kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə payı tam olmaqla Qusar rayon Qalacıq bələdiyyəsinə məxsusdur. AN-l № ******* saylı, 12 yanvar 2012-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Qalacıq bələdiyyəsi tərəfindən ünvan 2i ünvanında yerləşən 0.12 ha torpaq sahəsi Cavabdeh2 576 manata satılmışdır. 13 may 2008-ci il tarixli Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialı tərəfindən İddiaçı ünvanlanmış arxiv arayışından görünür ki, Qusar rayonu ZDS İK-nın 12 iyun 1965-ci il tarixli, 14 saylı icrakom iclas protokolunun qərarı ilə Qusar rayon kooperativlər ittifaqı üçün yeməkxana tikməkdən ötrü Qələcuq kəndində meyvəçilk sovxozunun torpaq fondundan Qusar-Xudat yolunun kənarından 0.7 ha torpaq sahəsi ayrılmışdır. DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Seriya RX № ******* saylı, **********32 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, ünvan 2ində yerləşən 0.12 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə payı tam olmaqla Cavabdeh2 məxsusdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 iyun 2019-cu il tarixli, 12217 nömrəli ekspert rəyindən görünür ki, Seriya RX ******* saylı, 25 may 2017-ci il tarixli Cavabdeh2 məxsus torpaq sahəsinin naturada ölçüləri 0.12 ha-dır. Həmin ölçülər hüquqmüəyyənedici sənədə uyğundur. Həmin torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən 11 iyul 2008ci il tarixli, ******* qeydiyyat nömrəli şəhadətnamə ilə İddiaçı verilmiş 265.6 kv.metr qeyriyaşayış binasının altında olan torpaq sahəsi ilə üst-üstə düşür və bu üst-üstə düşən hissə 83.5 kv.metr olduğu müəyyən edilmişdir. Hazırda iş üzrə iddiaçının tələbi cavabdeh Qusar rayonu Qalacıq bələdiyyəsi ilə Cavabdeh2 arasında bağlanmış 12 yanvar 2012-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilənin əsasında Cavabdeh2 adına verilmiş Seriya RX ******* saylı 25 may 2017-ci il tarixli çıxarışın ləğv edilməsi barədədir. İddiaçının etibarsızlığını tələb etdiyi alqı-satqı müqaviləsi torpağa dair cavabdeh bələdiyə ilə bağlanmış müqavilənin etibarsızılığ ilə bağlıdır. İşdən görünür ki, həmin torpaq sahəsinin alqı-satqısı həyata keçirilməmişdən əvvəl müvafiq bələdiyyənin müraciəti əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi 07 iyun 2011-ci il tarixli rəy verərək satılması nəzərdə tutulan torpaq sahəsinin müsabiqəyə çıxarılmasını məqsədmüvafiq hesab etmiş, həmin idarə torpaq sahəsinin plan və ölçüsünü hazırlamış və təsdiq etmiş, bundan sonra Qusar rayon Qalacıq kənd bələdiyyəsinin 09 iyun 2011-ci il tarixli iclas protokolunun 6 saylı qərarı ilə həmin torpaq sahəsinin satışa çıxarılması qərara alınmış və məhz həmin prosedurlardan sonra cavabdehlə torpağa dair 12 yanvar 2012-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Göründüyü kimi torpağın cavabdehə satılmasına dair müqavilənin əsasını yuxarıda qeyd olunan orqanların inzibati aktları təşkil edir. Torpaq sahəsinin ayrılması, müsabiqəyə çıxarılması və satılmasına dair aktlar inzibati məhkəmədə mübahisələndirilmədən iddianın təmin olunması əsaslı olmayacaq. Çünki iddiaçı əslində torpaq sahəsinin təyinatının dəyişdirilməsini, əsassız olaraq həyətyanı torpaq sahəsi kimi ayrılmasını, onun qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməsi əsası ilə hazırkı mübahisəni başlatmışdır. Cavabdehə ayrılmış torpaq sahəsinin plan və ölçüsünü hələ torpaq sahəsi ayrılmamışdan əvvəl Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi müəyyən etmiş və bununla bağlı kadastr planını təsdiq etmişdir. Yuxarıda sadalanan sənədlərlə təsdiq olunur ki, torpaq sahəsinin ayrlmasına əsas olan sənədlər bələdiyyənin inzibati aktı və inzibati orqanın müvafiq sənədləşmələri (rəy və torpağın plan və ölçüsı) olmuşdur. Ləğv olunması tələb olunan Çıxarışın kordinatları, hansıki iddiaçı onun torpaq sahəsi ilə üst-üstə düşməsini iddia edir, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinin tərtib etdiyi yuxarıda qeyd olunan plan və ölçü ilə müəyyən edilmişdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №-li Qərarının 6.1-ci bəndinə əsasən torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 6.2-ci bəndinə əsasən torpaqla bağlı müqavilələrdən (alqı-satqı, o cümlədən, torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır. Həmin qərarın 17-ci bəndinə əsasən daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Hazırkı qərarın 16-18-ci bəndlərində qed olunan Plenum qərarında deyilir ki, torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülkihüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Eyni zamanda həmin Plenum Qərarında qeyd edilir ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülkihüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi prosessual qanunverciliyin tətbiqində səhvə yol vermiş, məhkəmə aidiyyət qaydalarını pozmaqla səlahiyyətinə aid olmayan iddia tələbinə baxaraq yekun məhkəmə aktı qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1 və 2.2.2-ci maddələrinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) və inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının MPM-nin 3.1-ci maddəsinə əsasən məhkəmə icraatı işə baxılan zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası MPM-nin 261.0 və 261.4-cü maddələrinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 15.4-cü bəndinə əsasən inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, Mülki Prosesual Məcəllənin 261.0. 261.0.1-ci madələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.4-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətləri qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilib, iş üzrə icraata xitam verilməli və iddiaçıya həmin tələblə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0, 261.0.1, 263-264, 365, 384.0.4, 391, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh2 apelyasiya şikayəti qismən təmin edilsin. Qusar Rayon Məhkəməsinin 19 iyul 2019-cu il tarixli, 2(029)-57/2019 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Qusar rayonu Qalacıq Bələdiyyəsinə və Cavabdeh2 (üçüncü şəxlər Qusar rayonu Notariat Kontoru və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsi) qarşı müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi barədə iddiası mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya həmin tələblə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən on gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-2211/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2211/2021
07.07.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver