Məhkəmə qərarları › İş №2(105)-2221/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2221/2022

28.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2221/2022 28.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X6 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Bəhruz Fizuli oğlu Mirzəzadənin katibliyi ilə, İddiaçı cavabdeh X2 qarşı alimentin təyin edilməsi tələbinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin 16 avqust 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Zəngilan Rayon Məhkəməsinin 16 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim G.K.İmanova) iddianın qismən təmin edilməsi, Cavabdeh xx.xx.2016-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment, uşaqların xəstəliyi ilə bağlı əlavə xərcləri üçün hər ay 25 manat məbləğində pul və hüquqi yardımla əlaqədar ödənilmiş 120 manat məbləğində xidmət haqqının tutularaq İddiaçı xeyrinə ödənilməsi, Cavabdeh 100 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh qarşı «alimentin təyin edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay hər bir uşaq üçün 200 manat, cəmi 400 manat məbləğində aliment, uşaqların əlavə xərcləri (müalicə, təhsil və s) nəzərə alınaraq, hər bir uşaq üçün əlavə hər ay 50 manat, cəmi 500 manat alimentin tutularaq ona verilməsi, eyni zamanda 120 manat vəkillə bağladığı müqavilə üzrə ödənişinin və mediatora ödədiyi 50 manat dövlət rüsumu olmaqla, cəmi 170 manat məbləğin Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2015-ci il tarixdə rəsmi nikahdan keçərək ailə həyatı qurmuşdur. Nikahlarını 1 saylı «Asan xidmət mərkəzi» qeydiyyat şöbəsi tərəfindən qeydiyyata alınmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2139 nömrəli akt qeydi icra olunmuşdur. Birgə nikahlarından xx.xx.2016-cı il tarixdə X7 və xx.xx.2017-ci il tarixdə X8 dünyaya gəlmişlər. Ailə həyatlarının əvvəlində cavabdehlə münasibətləri yaxşı olsa da, sonradan cavabdehin ona və övladlarına qarşı münasibəti dəyişmişdir. Belə ki, son müddət ərzində cavabdeh ona və uşaqlarına laqeyd münasibət göstərərək, öz ailəsinin qayğısına qalmamışdır. Cavabdeh uşaqların saxlanılmasında iştirak etmir. Övladlarının bütün xərcləri o və qohumları tərəfindən ödənilir. Hal-hazırda qızlarının 5 yaşı var, o, məktəbəqədər hazırlığa gedir. Bunun müqabilində o hər ay 70 manat ödəniş edir. Eyni zamanda qızının səhəttində olan problemlərlə əlaqədar o, psixoloqun seanslarından keçir. Hər seansın qiyməti 21 manat təşkil edir. Ayda uşaqların müayinə və müalicəsi ilə bağlı 50-100 manat xərcləyir. Göründüyü kimi, bütün bu xərcləri ödəmək üçün xeyli maddi vəsait tələb olunur. Lakin iddiaçı uşaqların tərbiyəsi və onlara baxılması ilə məşğul olduğundan işləmir və onun hər hansı bir qazanc yeri yoxdur. Cavabdehin öz ailəsinə bu cür laqeyd və məsuliyyətsiz münasibətin göstərilməsi, ailənin çətin maddi duruma salaraq, uşaqların tələbat və ehtiyaclarının ödənilməsinə imkan vermir. Cavabdehin iş yeri barədə isə məlumatları yoxdur. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmayıb. Hakim qərar qəbul edərkən, həmçinin Respublikası üzrə uşaqlar üçün qəbul edilmiş yaşayış minimumu barədə də uşaq hüquqları barədə qanunvericiliyin normalarını da pozmuşdur. Qətnaməyə əsasən, hər bir uşağa əlavə xərcləri daxil olmaqla aylıq cəmi 185 manat miqdarında aliment təyin edilmişdir. Uşaqlar balaca olduğu üçün o, işləmir və onun hər hansı bir gəliri yoxdur. Məhkəmə cavabdehin hər uşağa 150 manat verməyə hazır olmasını nəzərə almışdır. Məhkəmə tərəfindən onun tərəfindən ödənilmiş mediasiya haqqı da tutulmamışdır. Mediasiya prosesi ailə mübahisələri üçün məcburi olduğundan mediasiya xərcləri işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Zəngilan Rayon Məhkəməsinin 16 avqust 2022-ci il tarixli e-2(034)-394/2022 saylı qətnaməsini tam ləğv edib, iddia tələbinin tam olaraq təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək apellyasiya şikayətindən imtinanın qəbul edilməsini və icraata xitam verilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyərək, işdə olan sübutları, işin bütün faktiki hallarının araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, şikayətdən imtina edilməsi məhkəmə tərəfindən qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. İş materiallarından göründüyü kimi, İddiaçı şikayətdən imtina etməsi qanuna zidd deyildir, digər şəxslərin maraqlarına toxunmur və buna görə də, onun şikayətdən imtinası qəbul edilməli və iş üzrə apellyasiya icraatı xitam olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 263, 369.4-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair iş üzrə apellyasiya icraatı xitam olunsun. Qərardad elan edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar