Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2225/2021 26.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı və Cavabdeh iştirakları ilə açıq məhkəmə iclasında Qubadlı Rayon Məhkəməsinin 07.04.2021-ci il tarixli, 2(028)-135/2021 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Qubadlı Rayon Məhkəməsinin 07.04.2021-ci il tarixli, 2(028)-135/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Vladimir Ruvinov) İddiaçı Cavabdeh qarşı aliment və maddi yardım tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Cavabdeh olundan 06 yanvar 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün Qubadlı Rayon Məhkəməsinin 17.02.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, hər ay 130 manat sabit pul məbləğində alimentin qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulub İddiaçı ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək birgə nikahlarından olan 06 yanvar 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin və uşağın 3 yaşına çatanadək hər ay 150 manat məbləğində maddi yardımın tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddia tələblərini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 12 yanvar 2018-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahlarından 06 yanvar 2019-cu il tarixdə X10 anadan olmuşdur. Cavabdehlə bir müddət mehriban yaşasalar da, sonradan münasibətləri pisləşmiş və bərpası mümkün olmamışdır. Cavabdehlə nikahları 30 iyul 2020-ci il tarixdə ləğv olunmuşdur. Qubadlı Rayon Məhkəməsinin 2(028)-87/2020 saylı, 17 fevral 2020-ci il tarixli qətnaməsi ilə onun cavabdeh X5 qarşı aliment və maddi yardım tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh hər ay qazancının və ya başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin 16.01.2020-ci il tarixdən başlayaraq tutulub 06.01.2019-cu il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün ona verilməsi, Cavabdeh hər ay 50 manat miqdarında maddi yardımın 16.01.2020-ci il tarixdən başlayaraq 06.01.2022-ci il tarixədək tutulub ona verilməsi, qalan hissədə iddianın rədd edilməsi, alimentə dair hissədə qətnamənin dərhal icra edilməsi qət edilmişdir. Cavabdeh “AZFEN” BM-də sürücü vəzifəsində işləmiş, hazırda işsizdir. Alimentin tutulması cavabdehin qazancına və başqa gəlirlərinə yönəldiyi üçün 4 aydır aliment və maddi yardım ödəmir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə qəbul olunmuş qətnamədən narazıdır. Qətnamə qəbul edilərkən onun imkansızlığı, işsiz olmağı, himayəsində İ qrup əlil övladı olmağı nəzərə alınmamışdır. Belə ki, birinci nikahından 1992ci ildə anadan olmuş X7 məhkəmə qətnaməsi ilə onun yanında saxlanılmışdır. X13 anadangəlmə serebral iflic xəstəsidir, kənar şəxslərin yardımına ehtiyacı vardır və özünü sərbəst idarə edə bilmir. Bu səbəbdən də qızına o baxır və buna görə də işləmir. X13 hər ay xəstəliyi ilə əlaqədar olaraq 150 manat pensiya alır və onun yeganə qazancı qızına verilən 150 manat pensiyadır. Buna görə də hər ay iddiaçıya 50 manat aliment ödəməyə razıdır. Onun digər bir yerdən qazancı yoxdur, gələcəkdə işləyərsə, alimenti yüksək məbləğdə ödəməyə etiraz etmir. Məhkəmə qeyd edilənləri araşdırmadan, qeyri-qanuni qətnamə qəbul etmişdir. Cavabdeh apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin qismən ləğv edilməsi və ondan 06.01.2019-cu il təvəllüdlü X1 üçün hər ay 50 manat alimentin tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, heç bir yerdə işləmir, buna görə də 6 aya yaxındır aliment ödəmir. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsini alimentin məbləğinə aid hissədə dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi alimentin məbləğinə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin faktiki olaraq alimentin məbləğinin dəyişdirilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahından 06.01.2019-cu il tarixdə X10 anadan olmuşdur. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikahın pozulması 30 iyul 2020-ci il tarixdə Qubadlı rayon qeydiyyat şöbəsində 52 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Qubadlı Rayon Məhkəməsinin 2(028)-87/2020 saylı, 17 fevral 2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X3 cavabdeh X5 qarşı aliment və maddi yardım tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh hər ay qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin 16.01.2020-ci il tarixdən başlayaraq tutulub 06.01.2019-cu il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün X6 verilməsi, Cavabdeh hər ay 50 manat miqdarında maddi yardımın 16.01.2020-ci il tarixdən başlayaraq 06.01.2022-ci il tarixədək tutulub X6 verilməsi, qalan hissədə iddianın rədd edilməsi, alimentə dair hissədə qətnamənin dərhal icra edilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin 13 saylı Tibbi Sosial Ekspert Komissiyasının arayışının surətindən görünür ki, X7 birinci dərəcəli əlildir, əmək qabiliyyətsizdir, daim kənar şəxsin qulluğuna ehtiyacı var. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. “Uşaq hüquqları haqqında” qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” qanunun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 7 saylı protokolun 5-ci maddəsinə əsasən ər-arvad nikaha daxil olmaq və boşanmaq ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqa malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə görə cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə kollegiyası qanunvericiliyin qeyd edilən normalarından çıxış edərək və iş materiallarının araşdırılmasına əsasən belə nəticəyə gəlir ki, iddiaçı alimentin miqdarının dəyişdirilməsi barədə iddia tələbi irəli sürməkdə haqlı olmuşdur və birinci instansiya məhkəməsinin qətnaməsi alimentin məbləğinə aid hissədə qanuni və əsaslıdır. Belə ki, iş materiallarından görünür ki, Qubadlı Rayon Məhkəməsinin 2(028)-87/2020 saylı, 17 fevral 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh hər ay qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin 16.01.2020-ci il tarixdən başlayaraq tutulub 06.01.2019-cu il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün X6 verilməsi qət edilmişdir. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” qanuna əsasən 2020-ci ildə yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Qubadlı Rayon Məhkəməsinin 2(028)-87/2020 saylı, 17 fevral 2020-ci il tarixli qətnaməsi qəbul edildikdən sonra cavabdehin maddi vəziyyətində dəyişiklik olmuşdur, hazırda işləmir. Məhkəmə kollegiyası nəzərə alır ki, 06 yanvar 2019-cu il təvəllüdlü X10 iddiaçının himayəsindədir, uşağa qulluq, onun sağlamlıq, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.13-cü bəndində göstərilir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə kollegiyası qeyd edilən halları nəzərə alaraq hesab edir ki, cavabdeh hər ay uşağa görə 130 manat miqdarında aliment ödəmək iqtidarındadır. Cavabdeh apellyasiya şikayətində ondan uşağın saxlanması üçün hər ay 50 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin göstərdiyi miqdarda, yəni hər ay 50 manat məbləğində alimentin tutulması uşağın mənafeyinə uyğun deyildir, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli sayıla bilməz və yuxarıda qeyd edilən qanunların tələblərinə ziddir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər iş üzrə məhkəmə qətnaməsinin alimentin məbləğinə aid hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi alimentin məbləğinə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qubadlı Rayon Məhkəməsinin 07.04.2021-ci il tarixli, 2(028)-135/2021 saylı qətnaməsi alimentin məbləğinə aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2225/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2225/2021
26.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver