Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2236/2020 01.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi X5, İddiaçı nümayəndəsi və vəkili X6, cavabdeh “Zaman-MN” məhdud məsuliyyətli cəmiyyətinin direktoru X1, onun nümayəndəsi və vəkili X8 iştirakları ilə açıq məhkəmə iclasında, Şabran Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(031)-70/2020 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şabran Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(031)-70/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Çingiz İsgəndərov) İddiaçı cavabdeh “Zaman-MN” məhdud məsuliyyətli cəmiyyətinə qarşı alqı-satqı əqdinin etibarsız sayılması tələbinə dair mülki iş üzrə iddia təmin edilməmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, xx xxxxxxxx 2019-cu il tarixdə İddiaçı iddia ilə məhkəməyə müraciət edərək X1 direktoru olduğu dövrdə İddiaçı torpaq sahələrini saxtakarlıq yolu ilə mənimsəməsi barədə hərəkətlərində cinayət tərkibi əməlinin mövcud olub-olmamasının araşdırılmasından ötrü prokurora xəbər verilməsi üçün qərardad, X1 Azərbaycan Respublikası DƏDRX-nin X18 tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, MH seriyalı, ******* saylı çıxarışına əsasən İddiaçınə məxsus 3,3887 ha torpaq sahəsini 15000 manata özünün təsisçisi olduğu “Zaman-MN” məhdud məsuliyyətli cəmiyyətinə satmasına dair Şabran rayon dövlət notariat kontorunun dövlət notariusu tərəfindən xx xxx 2011-ci il tarixdə 4Ə-163 reyestr nömrəsi ilə təsdiq edilmiş 267740 saylı müqavilənin etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, Şabran rayon dövlət notariat kontorunun dövlət notariusu tərəfindən xx xxx 2011-ci il tarixdə 4Ə-163reyestr nömrəsi ilə təsdiq edilmiş 267740 saylı müqaviləyə əsasən İbrahimov MənsurNəmətulla oğlu Azərbaycan Respublikası DƏDRX-nin X18 tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, MH seriyalı, ******* saylı çıxarışına əsasən İddiaçınə məxsus 3,3887 ha torpaq sahəsini 15000 manata özünün təsisçisi olduğu “Zaman-MN” məhdud məsuliyyətli cəmiyyətinə satmışdır. Qeyd olunan alqı-satqı müqaviləsinin həm satıcı, həm də alıcı kimi X7 imzalamışdır. Torpaq sahəsinin alqı-satqısına dair müqavilə bağlanarkən mülki qanunvericiliyin tələbləri pozulmuş, X7 faktiki olaraq qeyd olunan əqdi özü barəsində bağlamaqla özü-özünü varlandırmış, həmçinin İddiaçı direktoru kimi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə İddiaçı daşınmaz əmlakına sahiblənib mənimsəmiş və uzun müddət özü fayda əldə etmişdır. İddiaçı isə bu faydadan məhrum edilmişdir. X7 bağladığı əqd barəsində İddiaçı təsisçilərinin razılıqlarını almamış və əqd bağlanmasını onlardan gizlətmişdir. Qeyd olunan müqavilənin mövcudluğundan 2019-cu ilin əvvəllərində İddiaçı əmlakının mövcud vəziyyətinin yoxlanması zamanı məlumatları olmuşdur. Yoxlama zamanı İddiaçı torpaq sahələrinin digər hissələrinin də (təxminən 200 ha) X7 tərəfindən saxtakarlıq yolu ilə ələ keçirildiyi aşkarlanmışdır.X1 direktoru olduğu dövrdə İddiaçı torpaq sahələrini saxtakarlıq yolu ilə mənimsəməsi barədə hərəkətlərində cinayət tərkibi əməlinin mövcud olubolmamasının araşdırılması üçün xüsusi qərardad qəbul edilməklə prokurora xəbər verilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin iddia müddətinin keçməsi ilə bağlı gəldiyi qənaət əsassızdır və işin həqiqi hallarına uyğun olmayan nəticədir. Məhkəmə tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı nəticəyə gəlinərkən maddi və prosessual hüquq normalarının, Azərbaycan Respublikası Mülki Məcəllənin 373, 375 və 377-ci maddələrinin tələbləri hazırki mübahisəyə münasibətdə səhv tövsif edilmiş və iddia müddətinin axımının, yəni cəmiyyətin mülkiyyətçisi olduğu torpaq sahəsinə dair mülkiyyət hüququnun pozulmasını bildiyi vaxtın hansı tarixdən başlanması düzgün müəyyən edilməmişdir. Belə ki, cavabdeh Mənsur İbrahimov cəmiyyətin adından müqaviləni özünün təsisçisi olduğu “Zaman-MN” məhdud məsuliyyətli cəmiyyəti ilə bağlamış və bununla da təmsilçi kimi özünün xeyrinə əqd bağlamaqla özünü əsassız varlandırmışdır. Alqı-satqı əqdini həm satıcı, həm də alıcı kimi Mənsur İbrahimovun imzalaması və həm satıcı, həm də alıcı şəxsində yalnız Mənsur İbrahimovun iştirak etməsi halı həmin əqdin bağlandığı andan etibarsız olmasını açıq-aşkar təsdiq etdiyi halda, məhkəmə iddia müddətini tətbiq etməklə iddianın rədd olunması kimi düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə cəmiyyətin əqdin mövcudluğundan uzun müddət xəbərsiz olmasının səbəbləri ilə bağlı işin həqiqi hallarına düzgün hüquqi qiymət verməmişdir. Mənsur İbrahimov cəmiyyətin direktoru kimi özünün qulluq mövqeyi və vəzifəsindən sui-istifadə etməklə həm özünü varlandırmış, eyni zamanda torpaq sahəsinə dair əqd üzrə hüquqları qeydiyyata aldırmamaqla bu halın, yəni əqdin mövcudluğunun gizli qalmasına nail olmuşdur. Cəmiyyətin əqdin mövcudluğundan Mənsur İbrahimovu direktor vəzifəsindən azad etdikdən və cəmiyyətin daxilində dəvət etdiyi mütəxəssisin audit aparılması ilə bağlı aşkar etdiyi hallardan sonra xəbər tutmasına və beləliklə də iddia müddətinin axımının məhz həmin vaxtdan başlanmasına dair işin hallarına düzgün hüquqi qiymət verilməmiş, iddia müddətinin axımının tərəfin öz hüququnun pozulmasını bildiyi vaxtdan hesablanmalı olmasına dair normaların tələbləri pozulmuşdur. Cavabdehin iddia müddətinin tətbiq olunması barədə ərizəsinin məzmunu onun cəmiyyətin direktoru olduğu dövrdə cəmiyyətin fəaliyyətinə vicdanlı olmayan münasibətini tam təsdiq edir. Həmin ərizədə cavabdeh xx xxx 2011-ci il tarixli əqdi bağlamaqda məqsədinin mübahisəli torpaq sahəsinin özünün və ailə üzvlərinin, qardaşlarının və ailəsinin, anasının pay torpaqlarının cəmiyyətin adından notarial qaydada alqı-satqısı yolu ilə geri qaytarmaq olmasını təsdiqləyir. Məhkəmə mübahisələndirilən əqdi pis niyyətlə bağlaması barədə cavabdehin təsdiq etdiyi yazılı sübuta da düzgün hüquqi qiymət verməmiş, iddia tələbinin rədd olunması kimi əsassız qərar qəbul etmiş, bununla da maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin olunması barədə qətnamə və cavabdeh Mənsur İbrahimovun hərəkətlərində cinayət tərkibinin olubolmamasının araşdırılması məqsədi ilə prokurora göndərilməsi üçün qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X9 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh “Zaman-MN” məhdud məsuliyyətli cəmiyyətini direktoru X7 və nümayəndəsi X11 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatlarında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdilər. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Şabran rayon notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməli, iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı təşkilatın apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh “Zaman-MN” məhdud məsuliyyətli cəmiyyətinə qarşı alqı-satqı əqdinin etibarsız sayılmasına dair iddia ərizəsini icraata qəbul etmiş və işə mahiyyəti üzrə baxaraq yekun məhkəmə qətnaməsi qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanunsuz və əsassızdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin 3 saylı X16 tərəfindən verilmiş kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən xx.xx.2012-ci il tarixli çıxarışın surətindən görünür ki, İddiaçı xx.xx.2006-cı il tarixdə qeydiyyata alınmışdır və hüquqi ünvanı Şabran rayonu, Gəndob kəndidir. İş materiallarından görünür ki, İddiaçı nizamnaməsi xx.xx.2006-cı il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Xaçmaz bölgə şöbəsində 0406D3-159 nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin 3 saylı X16 tərəfindən verilmiş kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən xx.xx.2010-cu il tarixli çıxarışın surətindən görünür ki, “ZAMAN-MN” məhdud məsuliyyətli cəmiyyəti xx.xx.2010-cu il tarixdə qeydiyyata alınmışdır və qanuni təmsilçisi X2r. İş materiallarından görünür ki, “Zaman-MN” məhdud məsuliyyətli cəmiyyətinin nizamnaməsi xx.xx.2010-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 3 saylı X12 ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan xx xxx 2011-ci il tarixdə Şabran rayon dövlət notariat kontorunda bağlanılaraq 4Ə-163 sayla reyestrdə qeydə alınmış müqavilənin surətindən görünür ki, İddiaçı mülkiyyətində olan Şabran rayon Gəndob kəndində yerləşən 3,3887 ha torpaq sahəsini 15000 manata “Zaman-MN” məhdud məsuliyyətli cəmiyyətinə satmışdır, müqaviləni hər iki cəmiyyətin direktoru kimi X7 imzalamışdır. Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə görə mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Göründüyü kimi, mübahisənin məhkəmə aidiyyəti müəyyən edilərkən işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmalıdır və qanun bu meyarların hər üçünün qarşılıqlı bağlılığını tələb edir. Azərbaycan Respublikası MPM-nin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. İş materiallarından göründüyü kimi, hazırki mübahisə üzrə İddiaçı, cavabdeh isə “ZAMAN- MN” məhdud məsuliyyətli cəmiyyətidir və hər iki məhdud məsuliyyətli cəmiyyət kommersiya hüquqi şəxslərdir. İddiaçı alqı-satqı müqaviləsini mübahisələndirir və bu mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 26.1ci maddəsinə görə hazırki mübahisəyə mülki icraat qaydasında kommersiya məhkəməsində baxılmalıdır. Birinci instansiya məhkəməsi işə baxarkən qeyd edilən halları araşdırmamış, hazırki işə baxmağa hüququ olmadığı halda, işə baxaraq qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxs məhkəmə aidiyyəti ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.4-cü maddəsinə görə aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.2.1-ci maddəsinə görə işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları nəzərə alaraq belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarına əməl edilməmiş, məhkəmə aidiyyəti qaydaları pozulmuş, nəticədə işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxıldığı üçün apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməli, iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 397, 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Şabran Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(031)-70/2020 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh X3 qarşı alqı-satqı əqdinin etibarsız sayılması tələbinə dair iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qərardaddan kassasiya şikayəti verilməmişdirsə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(105)-2236/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2236/2020
01.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver