Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-225/2021 29.01.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-792/2020 saylı, xx xxx 2020-ci il tarixli qətnaməsindən tərəflərin verdikləri apelyasiya şikayətlərinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Quba Rayon Məhkəməsinin 2(027)-792/2020 saylı, xx xxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq, xx.xx.2013cü il təvəllüdlü X1 və xx.xx.2017-ci təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün həy ay hər uşağa görə 120 (yüz iyirmi) manat, iki uşağa görə cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət olunmuşdur. (hakim İ.Məmmədov) Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 2(027)-792/2020 saylı, xx xxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və cavabdehdən iki uşağın saxlanılması üçün hər ay ümumilikdə 340 manat alimentin tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh da həmin qətnamədən apelyasiya şikayəti vermiş, Quba Rayon Məhkəməsinin 2(027)-792/2020 saylı, xx xxx 2020-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsini və ondan birgə nikahdan doğulmuş iki uşağın saxlanılması üçün hər ay ümumilikdə 160 manat alimentin tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahlarından xx.xx.2013-cü il tarixdə anadan olmuş X1 və xx.xx.2017-ci tarixində anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2012-ci il tarixdə rəsmi qaydada ailə qurmuş, birgə nikahdan xx.xx.2013-cü ildə Ləman və xx.xx.2017-ci ildə Leyla adında qızları dünyaya gəlmişdir. Cavabdehlə münasibətləri pozulduğundan xx.xx.2019-cu il tarixdə ayrılmışlar və hazırda o, valideynlərinə məxsus evdə yaşayır. Hər iki uşaq onun himayəsindədir. O, heç yerdə işləmir, uşaqları saxlamaqda çətinlik çəkir. Cavabdehin rəsmi iş yeri olmasa da, fərdi əməklə məşğul olaraq yaxşı pul qazanır, lakin uşaqların saxlanılması üçün ona heç bir köməklik göstərmir. Cavabdehin maddi vəziyyətini və uşaqların minimum ehtiyaclarının ödənilməsi üçün çəkilməli xərcləri nəzərə alaraq cavabdeh hər ay ona iki uşağın saxlanılması üçün cəmi 400 manat sabit pul məbləğində aliment ödəməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T L Ə R İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı apelyasiya şikayətini bununla əsaslandırmışdır ki, cavabdeh məhkəmədə izahat verərək, heç bir yerdə işləmədiyini, gələcəkdə nəzərdə tutulan qaydada aliment ödəyə bilmədiyi üçün, aliment məbləğini hər bir uşağa 120 (yüz iyirmi) manat ödəyə biləcəyini məhkəmədən xahiş etdi. Məhkəmə də cavabdehin şifahi çıxışlarını nəzərə alaraq hər bir uşağa 120 manat olmaqla, iki uşağa cəmi 240 manat alimentin tutulmasını qət etdi, iddianın qalan hissəsini isə rədd etdi. Həmin aliment qərarı ilə razı olmasa da, cavabdeh alimentin artırılması barədə apelyasiya şikayətinin verilməməsini ondan xahiş etdi və bildirdi ki, gələcəkdə maddi imkanı yaxşı olanda qanunla nəzərdə tutulan qaydada övladlarına aliment verəcəkdir. Lakin bir müddət keçdikdən sonra, aliment barədə məhkəmə icra və probasiya xidmətinə müraciət edəndə ona bildirdilər ki, Cavabdeh “alimentin azaldılması” barədə Sumqayıt Apellyasiya məhkəməsinə qətnamədən apelyasiya şikayəti vermişdir. Hazırkı şəraitdə uşaqların tələbatları nəzərə alınarsa qət edilən alimentin az olması şübhəsizdir. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minumumu haqqında Qanuna əsasən xx xxxxxx 2020-ci il tarixdən uşaqlar üçün bu məbləğ 170 manat müəyyən edilmişdir. Buna görə də, aliment cavabdehdən məhz bu məbləğdə tutulmalıdır. Cavabdeh apelyasiya şikayətini bununla əsaslandırmışdır ki, qət edilmiş alimentin məbləği olduqca yüksəkdir. O, hazırda “xxxx” MMC-nin yanacaq doldurma məntəqəsində operator işləyir və aylıq maaşı 260 manat təşkil edir. Aldığı maaş aylıq dolanışığına güclə çatır, başqa yerdən qazancı yoxdur. İki uşağa hər ay 240 manat aliment ödəməyə imkanı yoxdur. O, hər ay hər uşağa 80 manat olmaqla, cəmi 160 manat aliment ödəmək iqtidarındadır. İş üzrə yeni qətnamə qəbul edən zaman bu hallar mütləq nəzərə alınmalıdır. Tərəflər məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Birinci instansiya məhkəməsi işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiqlənmiş surətlərindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2013-cü il tarixdə X4 və xx.xx.2017-ci tarixində X5 anadan olmuşdur. Yenə iş materiallarında olan “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdən hazıra kimi “xxxx” MMC yanacaq doldurma məntəqəsində operator işləyir və aylıq maaşı 260 manat təşkil edir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayətləri təmin edilməməli, Quba Rayon Məhkəməsinin 2(027)-792/2020 saylı, xx xxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər xx.xx.2012-ci il tarixdə nikaha daxil olmuş, tərəflərin birgə nikahından xx xxxx 2013-cü ildə Ləman və xx xxxx 2017-ci ildə Leyla adlı uşaqları anadan olmuşdur. Tərəflər faktiki olaraq ayrılmışlar və azyaşlılar Ləman və Leyla analarının himayəsindədir. Hazırda İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından anadan olmuş hər iki uşağın saxlanılması üçün hər ay 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, məhkəmə bu məbləği 240 manat müəyyən etmiş, tərəflər isə bunu mübahisələndirərək, iddiaçı həmin məbləğin 340 manata qaldırılmasını, cavabdeh isə 160 manata endirilməsini xahiş etmişlər. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ hissəsinə görə analıq, atalıq, uşaqlıq qanunla qorunur. Həmin maddənin İV hissəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd edilmişdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələblərinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən uşaqlar üçün yaşayış minimumu 2020-ci ildə 170 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, istinad olunan qanunvericilik aktlarının əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Məhkəmə kollegiyası hesab edir ki, aliment təyin olunarkən tərəflərin hər ikisinin maddi vəziyyəti, azyaşlıların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması nəzərə alınmalı, alimentin tutulması barədə tərəflərin hər birinə münasibətdə balanslaşdırılmış qətnamə çıxarılmalıdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin müəyyən etdiyi, tərəflərin birgə nikahından doğulmuş azyaşlı Ləman və Leylanın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün, aliment məbləği hər iki tərəfə münasibətdə ədalətli və ağlabatandır. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, tərəflər apelyasiya şikayətlərinin əsaslarına dair dəlillərini sübut edə bilməmişdir. Təyin edilmiş alimentin məbləğinin hazırkı mərhələdə apelyasiya qaydasında artırılmasına və ya azaldılmasına məhkəmə kollegiyası heç bir zərurət görmür. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı iddianı qismən təmin edərkən düzgün hüquqi nəticəyə gəlmişdir və tərəflərin hər birinə münasibətdə balanslaşdırılmış qətnamə çıxarmışdır. Valideynlərin öz uşaqları barədə aliment öhdəlikləri davam edən münasibətlər sırasına daxil olduğundan və buna görə də gələcəkdə, əmlak vəziyyətinə uyğun, alimentin miqdarına dair yeni iddia verilməsi imkanlarının mümkünlüyünü nəzərə alaraq məhkəmə kollegiyası hazırki halda birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikasının MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən saxlanması, apelyasiya şikayətlərinin isə təmin edilməməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, AR MPM-nin 119-cu maddəsinin tələblərinə görə apelyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayətləri təmin edilməsin. Hazırkı iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-792/2020 saylı, xx xxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün Cavabdeh ödədiyi 15,40 manat dövlət rüsumu onun özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-225/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-225/2021
29.01.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver