Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2259/2023 25.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: sabit pul məbləğində aliment) X11 Süleymanovanın sədrliyi və məruzəsi, X10 Əhmədov və X3 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin sabit pul məbləğində tutulması” tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli 2(067)-1390/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yetkinlik yaşına çatmayan xx.xx.2019-cu il təvəllüdlü X1 üçün hər ay 300 manat sabit məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2019-cu il tarixdə rəsmi nikaha daxil olaraq evlənmişlər. Birgə nikahdan qızları, xx.xx.2019-cu il təvəllüdlü X7 anadan olmuşdur. Onlar hal-hazırda cavabdehlə ayrı yaşayırlar. Cavabdeh övladı ilə maraqlanmır. Bu günə qədər övladının bütün təminatlarını özü ödəyir. Ancaq baxır ki, ona bir ana kimi çətin olur. Cavabdehin imkanı yaxşıdır. Aylıq gəliri 1000-1500 manat təşkil edir. Cavabdeh evə ailəsinə baxmır. Övladının qayğısına qalmır. Buda onun üçün maddi cəhətddən çox çətin olur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. Xaçmaz Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilən AZ-İİ № 336718 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X4 ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə nikah qeydə alınmış, qadına Cabbarova soyadı verilmişdir.
5. AZ-İV № 321980 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X7 xx.xx.2019-cu ildə anadan olmuş, atası Cavabdeh, anası İddiaçı
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
6. Xaçmaz Rayon Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli 2(067)- 1390/2023 nömrəli qətnaməsi ilə (hakim Sərxan Səmədzadə) iddianın qismən təmin edilməsi, xx.xx.2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 190 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, Cavabdeh 42,8 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə köçürülməsi, Cavabdeh mediasiya xərcinə görə ödənilmiş 50 manat məbləğində pulun tutularaq, İddiaçı ödənilməsi, qətnamənin alimentə aid hissəsinin dərhal icra edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının himayəsində olan yetkinlik yaşına çatmayan uşağın mənafeyi və tərəflərin maddi vəziyyətləri nəzərə alınaraq, xx.xx.2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq 190 manat olmaqla sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi məqsədəuyğundur.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 3.0.4, 75.1, 78.1, 78.2 və 100.2-ci maddələri, Azərbaycan Respublikasının "Uşaq hüquqları haqqında" Qanunun 19-cu maddəsi, «Uşaq hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsi, «Uşaq hüquqları Bəyannaməsi»nin 2, 4 saylı prinsipləri, Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 9.1.2 və 9.4-cü maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 107, 113.1.3, 14.2, 77.1, 217.4, 218.3, 88, 117-220-ci və 360-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayəti və onun dəlilləri
9. Xaçmaz Rayon Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli 2(067)- 1390/2023 nömrəli qətnaməsi ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi, alimentin 100 manat sabit pul məbləğində müəyyən edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədən də göründüyü kimi o, məhkəmə iclasında iştirak etməmişdir. İddiaçının göstərdiyi kimi onun aylıq qazancı 1000-1500 manat təşkil etmir. İddiaçı həmin məbləği hansı mənbədən əldə etməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş və məhkəmənin qətnaməsində də belə bir sübuta istinad edilməmişdir. Məlum olduğu kimi sübut etmə yükü təkzib edən tərəfin deyil, iddia edən tərəfin üzərinə düşür. İddiaçı göstərdiklərini əsaslandırmaq üçün məhkəməyə sübut təqdim etməli idi. Məhkəmə bir uşağın saxlanılması üçün ondan tutulmalı alimentin məbləğini 190 manat müəyyən edərkən, onun maddi və ailə vəziyyətini, alimenti həmin məbləğdə ödəmək imkanının olub-olmamasını araşdırmamış, birtərəfli qaydada qərar qəbul etmişdir. Qazancı təsadüflərdən asılıdır. Ümumilikdə qazancı 350-400 manatdan yuxarı olmur. Bununla belə övladının saxlanılmasına görə iddiaçıya hər ay 100 manat aliment ödəməkdən imtina etmir. Məhkəmənin müəyyən etdiyi 190 manatı isə heç cür ödəmək iqtidarında deyil. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedibgetməməsi də nəzərə alınmalıdır. Məhkəmə alimenti ödəyicinin qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. Qətnamədə alimentin sabit pul məbləğində tutulması və hansı səbəbdən 190 manat müəyyən edilməsi əsaslandırılmamışdır. Qətnamədə göstərilir ki, məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Halbuki, ona məhkəmənin vaxtı və yeri barəsində məlumat verilməmişdir. Məhkəmə prosesin çəkişmə prinsipini təmin etmədiyinə görə, yəni onun iştirakı olmadan işə baxıb nəticə verdiyinə görə yuxarıda göstərilən halları məhkəməyə bildirə bilməmişdir. Onun iddiaçının göstərdiyi kimi hər ay 1000-1500 manat qazancının olması barədə məhkəməyə iddiaçı tərəfindən hər hansı sübut və dəlil təqdim edilməmişdir. Qanuna görə iddiaçı iddia etdiyi halları sübut etməlidir. Məhkəmə bir uşağın saxlanılmsı üçün ondan tutulmalı olan alimentin miqdarını 190 manat müəyyən etsə də, qeyd olunan alimentin tərəfindən ödənilə bilməmə ehtimalını nəzərə almamışdır.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
12. Cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
13. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
14. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh qətnamənin ləğv edilməsi, alimentin 100 manat sabit pul məbləğində müəyyən edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Odur ki, kollegiya hesab edir ki, Xaçmaz Rayon Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli 2(067)-1390/2023 nömrəli qətnaməsi tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 17. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
16. “Uşaq hüquqları haqqında” Konvensiya: Maddə 3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün. Maddə 27. Valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.
17. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. Uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
18. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
19. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli Qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 218.3 Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
22. Belə ki, məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, tərəflərin birgə nikahdan olan uşağı hazırda anasının himayəsindədir və cavabdeh bir ata kimi üzərinə düşən öhdəlikləri yerinə yetirmir. İddiaçı cavabdehdən uşağın saxlanılması üçün hər ay 300 manat alimentin tutulmasını tələb etmişdir.
24. Göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 190 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
25. Birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmayan cavabdeh alimentin müəyyən edilmiş miqdarını mübahisələndirərək apellyasiya şikayəti vermiş, şikayətin dəlili olaraq aylıq qazancının 350-400 manatdan yuxarı olmaması, bununla belə övladının saxlanılmasına görə iddiaçıya hər ay 100 manat aliment ödəməkdən imtina etməməsi, məhkəmənin müəyyən etdiyi 190 manatı heç cür ödəmək iqtidarında olmamasını göstərmişdir.
26. Məhkəmə kollegiyası şikayətin dəlilini əsaslı hesab etmir.
27. Belə ki, məhkəmənin qənaətincə cavabdehin qazancının göstərilən miqdarda olması onu hazırkı aliment öhdəliyindən azad olunması, yaxud alimentin miqdarının azaldırmasına əsas verən hal kimi çıxış edə bilməz.
28. Kollegiya hesab edir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir.
29. Məhkəmə, cavabdehin bir valideyn kimi uşağını saxlamaq vəzifəsini, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olduqlarını, yetkinlik yaşına çatmamış uşağın təminatının mümkün qədər maksimal saxlanması və diqqətəlayiq olan digər halları, ölkə ərazisində uşaqlar üçün müəyyən edilən minimum dolanışıq xərclərinin miqdarını, təyin edilmiş məbləğin minimum ehtiyac meyarı daxilində olmasını nəzərə alaraq hesab edir ki, alimentin məbləğinin müəyyən olunmuş hissədə ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Apellyasiya şikayətinin digər dəlili olaraq apellyator məhkəmə iclası barədə məlumatsız olmasını və onun iştirakı təmin edilmədən işə baxılmasını mübahisələndirmişdir.
31. Məhkəmə kollegiyası şikayətin dəlilini əsassız hesab edir. Belə ki, mülki işin 12 və 13-cü vərəqəsində olan bildiriş və SMS xəbərdarlığından görünür ki, Cavabdeh yaşayış yeri üzrə məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş göndərilmiş, 20-ci vərəqədə olan poçt xəbərnaməsindən görünür ki, cavabdehin qardaşı Pərvin Cabbarov tərəfindən həmin bildiriş rəsmi qaydada qəbul edilmişdir. Göründüyü kimi şikayətin qeyd olunan dəlili iş materialları ilə təkzib olunur. MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
32. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. İş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli 2(067)-1390/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamə dərhal qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.