Məhkəmə qərarları › İş №2(105)-2289/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2289/2020

16.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2289/2020 16.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, cavabdeh X2 iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı birgə nikah dövründə tikilmiş evin tikintisinə sərf edilmiş pul məbləğinin müəyyən edilməsi və həmin məbləğdən payına düşən hissənin cavabdehdən alınıb ona verilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt şəhər məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-84/2020 saylı qətnaməsindən cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt şəhər məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.Behbudova) iddia tələbinin təmin edilməsi, tərəflərin birgə nikah dövründə əldə etdikləri Sumqayıt şəhəri, 49-cu məhəllə, 5-ci döngədə yerləşən 184 saylı fərdi yaşayış evinin tikinti-təmir işlərinin ümumi dəyərinin 20752 manat məbləğində müəyyən edilməsi, Sumqayıt şəhəri, 49-cu məhəllə, 5-ci döngədə yerləşən 184 saylı fərdi yaşayış evinin tikinti-təmir işlərinin ümumi dəyəri 20752 manat məbləğində pulun 1/2 hissəsinə İddiaçı, 1/2 hissəsinə Cavabdeh Umud oğlunun paylarının müəyyən edilməsi, Sumqayıt şəhəri, 49-cu məhəllə, 5-ci döngədə yerləşən 184 saylı fərdi yaşayış evinin tikinti-təmir işlərinin ümumi dəyəri 20752 (iyirmi min yeddi yüz əlli iki) manat məbləğində pulun ½ hissəsi yəni 10376 (on min üç yüz yetmiş altı) manat Cavabdeh Umud oğlundan alınıb İddiaçı verilməsi, Cavabdeh Umud oğlundan 30 (otuz) manat məbləğində dövlət rüsumu alınıb İddiaçı verilməsi, Cavabdeh Umud oğlundan ekspertiza tədqiqatının dəyəri qismində 100 (yüz) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN**********, Hesab AZ34CTRE********************) hesabına keçirilməsi qət edilmişdir. Cavabdeh X4 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh Umud oğluna qarşı birgə nikah dövründə tikilmiş evin tikintisinə sərf edilmiş pul məbləğinin müəyyən edilməsi və həmin məbləğdən payına düşən hissənin cavabdehdən alınıb ona verilməsi tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər məhkəməsinə müraciət edərək, birgə nikah dövründə Sumqayıt şəhəri, 49-cu məhəllə, 5-ci döngədə tikdikləri 184 saylı evin tikintisinə sərf edilmiş pul məbləğinin müəyyən edilməsi, həmin məbləğdən payının ayrılması və Cavabdeh Umud oğlundan alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o Cavabdeh Umud oğlu ilə xx.xx.2010-cu il tarixində nikah qeydiyyatından keçib ailə qurmuş, birgə nikahlarından iki övladları olmuşdur. Birgə nikah dövründə Sumqayıt şəhəri, 49-cu məhəllə, 5-ci döngədə ev tikmişlər. Ev özbaşına tikili olmaqla 3 otaqdan, mətbəxdən, hamam və sanuzeldən ibarətdir. Həmin evdə 2012-ci il tarixindən yaşamağa başlamışlar. 2016-cı ilin axırlarından cavabdeh onu azyaşlı uşaqla birlikdə evdən qovmuş və bir də evə yaşamaq üçün buraxmamışdır. O məcburiyyət qarşısında qalıb məhkəməyə evə köçürülməyi ilə bağlı müraciət etmiş, Sumqayıt şəhər məhkəməsi onu azyaşlı uşaqla birlikdə evə köçürmüşdür. Həmin özbaşına tikiliyə su verilməsi ilə bağlı cavabdeh X5 01.01,2009-cu il tarixində "Azərsu" ilə, qaz verilməsi ilə bağlı "xxxxxxxx" ASC-ilə xx.xx.2018-ci il tarixində müqavilə bağlanmışdır. Hesab edir ki, birgə nikah dövründə tikdirdikləri evə, yəni Sumqayıt şəhəri, 49-cu məhəllə, 5-ci döngədə yerləşən 184 saylı evin tikintisinə sərf edilmiş pul məbləği müəyyən edilməli, payına düşən hissə ayrılmalı və cavabdehdən alınıb ona verilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh X1 şəhər məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Məhkəmə qətnamə çıxararkən gəldiyi nəticə üçün mühüm faktiki hallar aydınlaşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdeh X4 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsini məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə evin onların birgə mülkiyyəti hesab olunması, Sumqayıt şəhəri, 49-cu məhəllə, 5-ci döngədə yerləşən 184 saylı fərdi yaşayış evinin tikinti-təmir işlərinin birgə nikah dövründə əldə etdikləri vəsait hesabına aparılması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni aşağıdakı əsaslara görə qanuni və əsaslı hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş xx xxxx 2020-ci il tarixli ekspert rəyinə əsasən Sumqayıt şəhəri, 49-cu məhəllə, 5-ci döngədə yerləşən 184 saylı fərdi yaşayış evi üzrə yerinə yetirilmiş tikinti-təmir işlərinin ümumi dəyəri 20752 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən ər-arvadın birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və ya intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.1 -ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 36.3. və 36.4-cü maddələrindən görünür ki, mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir və məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Həmin Məcəllənin 37.1 -ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2006-cı il tarixli qərarı). İşdən göründüyü kimi Sumqayıt şəhəri, 49-cu məhəllə, 5-ci döngədə yerləşən 184 saylı fərdi yaşayış evi məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında İddiaçı və cavabdeh Elçin Zülfüqarlının ümumi birgə mülkiyyəti sayılmışdır. Bu səbəbdən, Sumqayıt şəhəri, 49-cu məhəllə, 5-ci döngədə yerləşən 184 saylı fərdi yaşayış evinin tikinti-təmir işlərinə sərf edilmiş vəsait birgə nikah dövründə əldə etdikləri vəsait hesabına aparılmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının birgə nikah dövründə Sumqayıt şəhəri, 49-cu məhəllə, 5-ci döngədə tikdikləri 184 saylı evin tikintisinə sərf edilmiş pul məbləğinin müəyyən edilməsi, həmin məbləğdən payının ayrılması və Cavabdeh Umud oğlundan alınıb ona verilməsi barədə iddia tələbini təmin etməklə, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarı). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğvinə dair apellyasiya şikayətinin dəlilləri formal mülahizə kimi dəyərləndirilməli, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt şəhər məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar