Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-229/2023 11.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X29 (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X11 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, iddiaçı "xxxx" MTK-nın nümayəndəsi və vəkili Vəkil, cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh3 və Cavabdeh4 nümayəndəsi X6 iştirakı ilə Zəngilan Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 2(034)-105/2022 nömrəli qətnaməsindən İddiaçı MTK tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)4081/2021 nömrəli qətnaməsindən görünür ki, İddiaçı Mənzil Tikinti Kooperativi cavabdehlər X18, X30, X12, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh1 və Cavabdeh3 (üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X16 üzrə Dövlət Komitəsi) qarşı torpaq sahəsi və Əmlak kompleksinin boşaldılması vəzifəsinin cavabdehlərə həvalə edilməsi tələbinə dair iddia tələbi təmin edilmiş və mülkiyyət hüququ ilə İddiaçınə məxsus ünvan 1 ünvanda yerləşən 0.4288 ha torpaq sahəsi və həmin torpaq sahəsində olan 1050.1 kv.m Əmlak kompleksi cavabdehlər Cavabdeh4, X19 tərəfindən azyaşlı övladları X13 və X14 ilə birlikdə, Cavabdeh2, X20, X8, X9, X7, Cavabdeh5, X21, Cavabdeh6, X22, Cavabdeh1, X15, X4, Cavabdeh3 və X10 tarəfindən boşaldılması qət edilmişdir.
2. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(105)397/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 4081/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi cavabdehlər Cavabdeh2 və Cavabdeh4 münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
3. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-2952/2022 nömrəli qərarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-397/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
4. Azərbaycan Respublikası Qaçqınların və X16 üzrə Dövlət Komitəsi Repatriasiya Departamenti tərəfindən verilmiş məktubdan görünür ki, cavabdehlər Cavabdeh4 Məlik oğlu, Cavabdeh1, Cavabdeh2, X35, Cavabdeh6 və Cavabdeh3 məcburi köçkün ailələrinə yeni mənzillər verilməsinə baxmayaraq həmin məcburi köçkün ailələri əsasız iddalar irəli sürərək yeni mənzillərə köçməkdən imtina etmişdir.
5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 əmlak kompleksi kimi müəyyən xüsusi mülkiyyət kimi İddiaçı Mənzil Tikinti Kooperativinə məxsusdur.
6. İddiaçı Mənzil Tikinti Kooperativi ilə “X46 Azərbaycan“ Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 235022 nömrəli kredit müqaviləsinə əsasən illik 10% olmaqla, 250.000 məbləğində kredit götürmüşdür.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və maraqlı şəxs Azərbaycan Respublikası Qaçqınların və X16 üzrə Dövlət Komitəsinə qarşı «kompensasiyanın ödənilməsi tələbinə dair» iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyət hüququ ilə İddiaçınə məxsus ünvan 1 ünvanda yerləşən 0.4288 ha torpaq sahəsi və həmin torpaq sahəsində olan 1050.1 kv.m əmlak kompleksinin cavabdehlər tərəfindən vaxtında boşaldılmamasına görə yaranmış 35.974,36 manat (otuz beş min doqquz yüz yetmiş dörd manat, otuz altı qəpik) məbləğində kompensasiyanın və dövlət rüsumu olaraq ödənilmiş 198 manat pul vəsaitinin cavabdehlərdən tutularaq İddiaçı MTK-ya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı (bundan sonra MTK) xx.xx.2015-ci ildə Vergilər Nazirliyində qeydiyyatdan keçərək ********** nömrəli VÖEN əldə etmiş və hazırda Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun qaydada fəaliyyətini həyata keçirir. ünvan 1 ünvanda yerləşən 0.4288 ha torpaq sahəsi və həmin torpaq sahəsində 1050.1 kv.metr əmlak kompleksi mülkiyyət hüququ ilə "xxxx" MTK-ya məxsusdur. Əmlak kompleksi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterində xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınaraq çıxarış verilmişdir. Cavabdehlər və onların ailə üzvləri Azərbaycan Respublikası Qaçqınların və X16 üzrə Dövlət Komitəsi tərəfindən Bakı şəhəri, Qaradağ rayonu ərazisində inşa olunmuş “Qobu Park 3” yaşayış kompleksində yeni mənzillərlə təmin olunmalarına baxmayaraq MTK-ya məxsus əmlak kompleksindən çıxmamışlar. Tərəflərindən Qaçqınların və X16 üzrə Dövlət Komitəsinə ünvanlanmış müraciətə Komitənin Repatriasiya Departamentindən xx.xx.2021-ci il tarixli cavab məktubu göndərilmiş və həmin məktubda göstərilmişdir ki, ünvan 1 ünvanda yerləşən Əmlak kompleksi kimi müəssisənin ərazisində hal-hazırda məskunlaşan 9 məcburi köçkün ailəsinin ağır mənzil-məişət şəraiti nəzərə alınaraq komitə tərəfindən Bakı şəhəri, Qaradağ rayonu ərazisində inşa olunmuş “Qobu Park“ yaşayış kompleksində yeni mənzillərlə təmin olunmuşlar və həmin məcburi köçkün ailələrinə yeni mənzillər verilməsinə baxmayaraq, həmin məcburi köçkün ailələri əsassız iddialar irəli sürərək yeni mənzillərə köçməkdən imtina etmişlər. Həmçinin Qaçqınların və X16 üzrə Dövlət Komitəsi tərəfindən Füzuli, Qubadlı, Zəngilan və Cəbrayıl Rayon İcra Hakimiyyətlərinə müraciət edilərək həmin məcburi köçkün ailələri mənzil ilə təmin olunduqlarına görə adlarının xx.xx.2021-ci il tarixdən kommunal güzəşt siyahısından çıxarılması qeyd olunmuşdur. Göründüyü kimi cavabdehlər dövlət tərəfindən mənzillərlə təmin olunmasına baxmayaraq, əssasız bəhanələr gətirərək MTK-ya məxsus əmlak kompleksini tərk etmirlər. Onların bu cür hərəkətlər etməsinin səbəbi isə “məcburi köçkün” statusundan istifadə edərək MTK-nın əssasız olaraq varlanmaq niyyətləridir. Üstəlikdə də ki, həmin şəxslərə dövlət öz qayğısını göstərərək mənzillərlə təmin etmiş, həmçinin Ali Baş X2 cənablarının rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu işğalda olan bütün torpaqları düşməndən azad etmişdir. Tərəflərindən dəfələrlə cavabdehlərə xəbərdarlıq edilərək əmlakı könüllü şəkildə boşaltmaları tələb olunsa da, onlar müxtəlif bəhanələrlə bundan imtina etdikləri üçün məhkəməyə müraciət etmiş və Abşeron Rayon Məhkəməsinin 2(012)-4081/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, mülkiyyət hüququ ilə İddiaçınə məxsus ünvan 1 ünvanda yerləşən 0.4288 ha torpaq sahəsi və həmin torpaq sahəsində olan 1050.1 kv.metr əmlak kompleksinin cavabdehlər Cavabdeh4, X19 tərəfindən azyaşlı övladları X13 və X14 ilə birlikdə ,Cavabdeh2, X20, X8, X9, X1 Arif Şəfi oğlu, X21, Cavabdeh6, X22, X15, X4, Cavabdeh3 və X10 tərəfindən boşaldılması qət edilmişdir. Cavabdehlərin MTK-ya məxsus əmlak kompleksini boşaldaraq oradan çıxmamaqları MTK-ya külli miqdarla ölçülən ziyanın dəyməsi ilə nəticələnmişdir. Belə ki, MTK fəaliyyət istiqamətinə uyğun olaraq hündür mərtəbəli yaşayış binalarının tikintisini həyata keçirir. Həmin əmlak kompleksini də külli miqdarda vəsait ödəyərək almışdır ki, orada hündür mərtəbəli yaşayış binaları inşa edərək dövlətin iqtisadi siyasətinə tövhə verməklə yanaşı, həmçinin öz fəaliyyətini davam etdirib müəyyən gəlirlər əldə etsin. Lakin cavabdehlərin özbaşınalıqları səbəbindən MTK öz fəaliyyətini davam etdirə bilməyərək iflic vəziyyətə düşmüşdür. Belə ki,”SAS 2015”MTK “X46 Azərbaycan“ QSC-dən xx.xx.2021-ci il tarixli, 235022 nömrəli kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 10% olmaqla 400.000 manat və 250.000 məbləğində kredit götürmüşdür. Kredit məbləğinin götürülmə səbəbi ondan ibarət olmuşdur ki, Əmlak kompleksi sökülərək yerində hündürmərtəbəli yaşayış binalarının inşasına başlanılsın. Lakin cavabdehlərin Əmlak kompleksini boşaldaraq oradan çıxmamaqları MTK-nın götürdüyü kredit məbləğindən heç bir fayda götürmədiyi halda kreditin faizlərini ödəməsi ilə nəticələnir. Bu isə MTK-nın rentabelliyini aşağı salır. Qeyd olunan kredit məbləğinin faizləri cavabdehlərin özbaşınalıqları və Azərbaycan Respublikası Qanunlarına hörmət etməmələri səbəbindən MTK tərəfindən ödənildiyinə görə həmin faiz məbləğləri kompensasiya olaraq cavabdehlərdən tutularaq MTK-ya ödənilməlidir. Hesab edirlər ki, kompensasiya Əmlak kompleksi Dövlət reyestrində qeydiyyata alındığı, yəni xx.xx.2021-ci il tarixdə kreditin sonuncu ödəniş tarixiə, yəni xx.xx.2022-ci il tarixədək hesablanmalıdır. Həmin məbləğ isə 35.974.36 manat (22.036.47 manat+13.937.89 manat) təşkil edir. Hazırki tələblə bağlı tərəflərindən Abşeron Rayon Məhkəməsinə müraciət olunmuş, Abşeron rayon Məhkəməsinin 2(012)-7045/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Abşeron Rayon Məhkəməsinin cavabdehlərin mübahisəli əmlak kompleksindən çıxarılmaları ilə bağlı 2(012)-4081/2021 saylı,xx.xx.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişlər. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-397/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-4081/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi qüvvədə saxlanılsa da halhazırda cavabdehlər Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermişlər. Azəprbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-2952/2022 saylı qərarı ilə Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki K ollegiyasının 2(105)-397/2022 nömrəli mülki iş üzrə 18 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
9. Zəngilan Rayon Məhkəməsinin (hakim Gülsarə İmanova) 18 avqust 2022-ci il tarixli, 2(034)-105/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir.
10. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı ”SAS 2015” MTK “X46 Azərbaycan“ QSC–dən xx.xx.2021-ci il tarixli 235022 nömrəli kredit müqaviləsinə əsasən götürdüyü ümumilikdə 650.000 manat kreditin (təyinatını) götürülmə səbəbini mübahisəli əmlak kompleksinin sökülərək yerində hündürmərtəbəli yaşayış binalarının inşası olmasını və cavabdehlərin əmlak kompleksini boşaldaraq oradan çıxmamaları səbəbindən MTK-nın götürdüyü kredit məbləğindən heç bir fayda götürə bilmədiyini əsas gətirərək MTK-ya bu səbəbdən 35974.36 manat zərər vurulduğunu bildirmişdir.Lakin,iddiaçı tərəfindən götürülmüş kredit xx.xx.2021-ci il tarixdə sahibkarlıq məqsədləri üçün verilmişdir və mübahisəli əmlak kompleksi iddiaçının mülkiyyətinə xx.xx.2021-ci ildə keçmişdir,cavabdehlərin mənzil ilə təmin olunması təklifi cavabdehlərin dediyinə görə onların yaşadıqları kompleks satıldıqdan sonra baş vermişdir. Həmin vaxtdan da tərəflər arasında məhkəmə mübahisələri başlanmışdır.İddiaçı cavabdehlərin mübahisəli kompleksdən çıxmamaları ilə bağlı MTK-ya məhz 35974.36 manat məbləğində dəymiş ziyanın hansı meyarlardan hesablanmasını sübuta yetirə bilməmişdir. İddiaçının mülkiyyət hüququ ilə İddiaçınə məxsus ünvan 1 ünvanda yerləşən 0.4288 ha torpaq sahəsi və həmin torpaq sahəsində olan 1050.1 kv.m əmlak kompleksinin cavabdehlər tərəfindən vaxtında boşaldılmamasına görə yaranmış 35.974,36 manat məbləğində kompensasiyanın cavabdehlərdən tutulması ilə bağlı iddia tələbi əsassızdır. Belə ki, iddiaçı həmin məbləğin məhz cavabdehlərin hərəkətləri nəticəsində yaranması ilə bağlı heç bir möhtəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 21.3, 152.1, 152.5, 157.2-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri
12. İddiaçı "xxxx" MTK apellyasiya şikayəti verib, Zəngilan Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 2(034)-105/2022 nömrəli qətnaməsinin ləğv olunmasını və iddianın təmin olunmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qaçqınların və X16 üzrə Dövlət Komitəsinə ünvanlanmış müraciətə Komitənin Repatriasiya Departamentindən xx.xx.2021-ci il tarixli cavab məktubu göndərilmiş və həmin məktubda göstərilmişdir ki, ünvan 1 ünvanda yerləşən Əmlak kompleksi kimi müəssisənin ərazisində hal-hazırda məskunlaşan 9 məcburi köçkün ailəsinin ağır mənzil-məişət şəraiti nəzərə alınaraq Komitə tərəfindən Bakı şəhəri, Qaradağ rayonu ərazisində inşa olunmuş “Qobu Park 3” yaşayış kompleksində yeni mənzillərlə təmin olunmuşlar və həmin məcburi köçkün ailələrinə yeni mənzillər verilməsinə baxmayaraq həmin məcburi köçkün ailələri əsassız iddialar irəli sürərək yeni mənzillərə köçməkdən imtina etmişlər. Həmçinin Qaçqınların və X16 üzrə Dövlət Komitəsi tərəfindən Füzuli, Qubadlı, Zəngilan və Cəbrayıl Rayon İcra Hakimiyyətlərinə müraciət edilərək həmin məcburi köçkün ailələri mənzil ilə təmin olunduqlarına görə adlarının 1.06.2021-ci il tarixdən kommunal güzəşt siyahısından çıxarılması qeyd olunmuşdur.
14. Göründüyü kimi cavabdehlər dövlət tərəfindən mənzillərlə təmin olunmasına baxmayaraq əsassız bəhanələr gətirərək MTK-ya məxsus Əmlak kompleksini tərk etmirlər. Onların bu cür hərəkətlər etməsinin səbəbi isə “məcburi köçkün” statusundan istifadə edərək MTK-nın hesabına əsassız olaraq varlanmaq niyyətləridir.
15. MTK fəaliyyət istiqamətinə uyğun olaraq hündürmərtəbəli yaşayış binalarının tikintisini həyata keçirir. Həmin Əmlak kompleksini də külli miqdarda vəsait ödəyərək almışdır ki, orada hündürmərtəbəli yaşayış binaları inşa edərək dövlətin iqtisadi siyasətinə töhvə verməklə yanaşı, həmçinin öz fəaliyyətini davam etdirib müəyyən gəlirlər əldə etsin. Lakin cavabdehlərin özbaşınalıqları, daha doğrusu iddiaçının mülkiyyət hüquqlarını kobud şəkildə pozması səbəbindən MTK öz fəaliyyətini davam etdirə bilməyərək iflic vəziyyətə düşmüşdür. Belə ki, İddiaçı MTK “X46 Azərbaycan” QSC-dən xx.xx.2021-ci il tarixli, 235022 nömrəli kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 10% olmaqla 400.000 manat və 250.000 məbləğində kredit götürmüşdür. Kredit məbləğinin götürülmə səbəbi ondan ibarət olmuşdur ki, Əmlak kompleksi sökülərək yerində hündürmərtəbəli yaşayış binalarının inşasına başlanılsın. Lakin cavabdehlərin Əmlak kompleksini boşaldaraq oradan çıxmamaqları MTK-nın götürdüyü kredit məbləğindən heç bir fayda götürmədiyi halda kreditin faizlərini ödəməsi ilə nəticələnmişdir. Bu isə MTK-nın rentabelliyini aşağı salmışdır. Qeyd olunan kredit məbləğinin faizləri cavabdehlərin özbaşınalıqları və Azərbaycan Respublikası Qanunlarına hörmət etməmələri səbəbindən MTK tərəfindən ödənildiyinə görə həmin faiz məbləğləri kompensasiya olaraq cavabdehlərdən tutularaq MTK-ya ödənilməli idi.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
16. Cavabdehlər tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı "xxxx" MTK-nın nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, cavabdehlərin mübahisəli ərazinin boşaldılması barədə qanuni qüvvədə olan məhkəmə qətnaməsinin mövcud olmasına baxmayaraq, sonuncular qətnaməni icra etməkdən yayınırlar. Məhz cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçının mülkiyyət hüququ pozulmaqla yanaşı, həm də sahibkar kimi xeyli ziyana düşmüşdür. Hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını obyektiv araşdırmamışdır. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını xahiş edir.
18. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh3 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, 30 ildir ki, həmin əmlakda məskunlaşmışlar. Hazırda onlara heç bir mənzil təqdim olunmayıb. Hesab edir ki, şikayət tam əsassızdır. Ona görə də apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir.
19. Məhkəmə iclasında iştirak etmiş cavabdehlər Cavabdeh1, Cavabdeh6 və Cavabdeh4 nümayəndəsi X19 ayrı-ayrılıqda izahat verərək, apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişlər.
20. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə digər cavabdehlər və 3-cü şəxsin nümayəndəsi səbəb və mümkünsüzlüyü barədə məhkəməyə məlumat vermədən, məhkəmə iclasına gəlməmişlər.
21. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21.1 – 21.3. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
23. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.2. Əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Madə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya şikayətindən görünür ki, apellyator Zəngilan Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 2(034)-105/2022 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
25. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan məhkəmənin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
27. İddia tələbinin mahiyyətindən görünür ki, tələb cavabdehlər tərəfindən vurulmuş maddi ziyanın tələb edilməsi barədədir.
28. İddiaçı tələbinin faktik əsası kimi ona istinad edir ki, mübahisəsi gedən əmlak mülkiyyət hüququ ilə iddiaçı tərəfə məxsus olmasına, cavabdehlərin həmin əmlakın boşaldılması barədə qanuni qüvvədə olan məhkəmə qətnaməsinin olmasına baxmayaraq, sonuncular məskunlaşdığı əmlakdan çıxmaq istəmirlər ki, bu da iddiaçı tərəfin mülkiyyət hüququnu pozur.
29. İddiaçı tərəf mövqeyini həm də onunla əsaslandırır ki, onlar sahibkarlıq fəaliyyəti ilə (hündür mərtəbəli binaların inşası ilə) məşğul olur və bu fəaliyyətdən irəli gələn məsələ ilə bağlı Banklardan faizlə kredit götürmüşlər. Lakin cavabdeh tərəfin qanunsuz hərəkətlərinin nəticəsi olaraq işə başlaya bilmirlər ki, bu da Bank faizlərinin şişməsinə gətirib çıxarır.
30. Cavabdehlər isə iddiaçı tərəfin sərgilədiyi mübahisə ilə razılaşmır və öz mövqelərini onunla əsaslandırırlar ki, onların qeyd olunan yaşayış sahəsindən başqa, digər yerdə yaşamağa (məskunlaşmağa) yerləri yoxdur və öz doğma ata-baba torpaqlarında məskunlaşma aparıldığı təqdirdə mübahisəli əmalakı boşaldacaqlar.
31. Göründüyü kimi mövcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından yəni “bərpaedici” funksiyasından istifadə edir. Çünki məhz bu funksiyanın əsas məqsədi törədilmiş hüquq pozuntusu nəticəsində zərərçəkənin düşdüyü zərərin əvəzinin ödənilməsindən ibarətdir.
32. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür.
33. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya bildirir ki, baxılan iddianın təmin olunması üçün ilk növbədə zərərin vurulması, zərər vurulması sübut olunduğu halda həmin zərərin məhz cavabdehlə səbəbli əlaqəsi sübut olunmalıdır. Əgər zərərin vurulması təsdiq olunmursa, digər əsaslar üzrə araşdırma aparılmasına ehtiyac qalmır, yox əgər zərərin vurulması təsdiq olunursa, bu halda mütləq həmin zərərin vurulmasında qarşı tərəfin (hazırki halda cavabdeh tərəfin) bilavasitə günahkar olması və məsuliyyət məsələsi həll olunmalıdr.
34. Kollegiya qeyd edir ki, bu halda işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
35. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
36. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi, iddiаnın təmin оlunmаsı və yeni qətnаmə qəbul edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçıya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 405.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı "xxxx" MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zəngilan Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 2(034)-105/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (elektron kabinet və vəkil vasitəsilə) verilə bilər . Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.