Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2292/2021 03.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı son haqq hesabın ödənilməsi, son haqq-hesabın gecikdirilməsinə görə faizin və mənəvi zərərin əvəzinin tutulması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, e-2(012)- 360/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Abşeron Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, e-2(012)-360/2021 saylı qətnaməsi ilə, iddia qismən təmin edilmiş, İddiaçı işdən azad olunarkən son haqqhesab olan ümumilikdə 10056 manat pulun cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia tələbi 345 gün son haqq-hesabın gecikdirilməsinə görə hər gün 1 faiz olmaqla 36225 manat pulun və 500 manat mənəvi zərərin cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməsi hissəsində rədd edilmişdir. (hakim E.Məmmədov) Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, onun ləğv edilməsini, iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-dən son haqq-hesab kimi 10056 manatın, son haqq-hesabın 120 gün gecikdirilməsinə görə hər gün 1 faiz olmaqla 12700 manat pulun, mənəvi zərərin əvəzi kimi 500 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə göndərərək, cavabdeh "xxxx" MMC-dən son haqq-hesab kimi 10056 manatın, son haqq-hesabın 345 gün gecikdirilməsinə görə hər gün 1 faiz olmaqla 36225 manat pulun və mənəvi zərərin əvəzi kimi 500 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, o, 25 iyun 2018-ci ildə "xxxx" MMC-də baş direktor məsləhətçisi vəzifəsində işə qəbul olunmuşdur. 21.12.2018-ci il tarixdə direktorun satış üzrə müavini-satış departamentinin rəisi vəzifəsinə təyin olunmuşdur. 29.10.2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin İİ bəndinə əsasən öz xahişiylə işdən azad edilmişdir. 19.10.2019-cu il tarixdə işdən azad olunan zaman son haqq-hesab kimi, ümumilikdə 10056 manat cavabdeh şirkət tərəfindən ona ödənilməmiş, bu barədə MMC rəhbərliyinə dəfələrlə müraciət etməsinə baxmayaraq heç bir nəticə əldə olunmamışdır. "xxxx" MMC ilə onun arasında olan əmək münasibətlərinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” bəndinə uyğun olaraq, yəni tərəflərdən birinin təşəbbüsü ilə xitam verilmiş, həmin Məcəllənin 69-cu maddəsinin 1-ci bəndinə uyğun olaraq o, öz ərizəsi əsasında işdən azad olunmuşdur. Həmin vaxt cavabdehlə onun arasında əmək mübahisəsi olmamışdır. Belə ki, Əmək Məcəlləsinin Xİ bölməsində qeyd edilən əmək mübahisələrindən heç bir hal tərəflər arasında baş verməmişdir. Bu səbəbdən də "xxxx" MMC gecikdirilmiş hər gün üçün ona əmək haqqının azı bir faizi məbləğində ödənc verməlidir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İş üzrə İddiaçı apelyasiya şikayətini bununla əsaslandırmışdır ki, məhkəmə işin faktiki hallarına düzgün qiymət verməmişdir. Belə ki, "xxxx" MMC-nin yeni direktoru V.Bağırov ona qarşı şəxsi qərəzliliyə keçmişdir. Son nəticədə o, 29.10.2019-cu il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. Dəfələrlə müraciət etməsinə baxmayaraq ümumilikdə 10056 manat son haqq- hesab məbləği cavabdeh şirkət tərəfindən ona ödənilməmişdir. O, işdən azad edildikdən sonra, təxminən 100 nəfərə yaxın işçi "xxxx" MMC-dən azad edilmiş və təxminən onların 90%-nə son haqq-hesab ödənilmişdir. Bu hal onu göstərir ki, şirkərin direktoru V.Bağırov ona qarşı qərəzli olmuş və ona əzab-əziyyət, mənəvi iztirab verməkdən ötrü bu yolu seçmişdir. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsinin məhkəmə iclasında iddianı qismən etiraf edib, son haqq-hesabın gecikdirilməsinə görə faizlərin və mənəvi zərərin cavabdeh şirkətdən tutulması hissəsini qəbul etməməsi əsassız və qanunsuzdur. Cavabdehin digər şəxslərdən ******* manat məbləğində borcunu ala bilməməsi ona ödəniləcək son haqq-hesab gecikdirilməsinə görə faizlərin ödənilməməsi üçün əsas ola bilməz. Cavabdehin bu dəlilləri Əmək Məcəlləsinin 172.5ci maddəsinin tələblərinə aiddir. Məhkəmə qətnamədə qeyd edir ki, Əmək Məcəlləsinin 172.5-ci maddəsinə istinad edərək cavabdeh "xxxx" MMC-nin ona son haqq-hesabı ödəməsini qəsdən gecikdirməsi və ya üzürlü səbəb olmadan gecikdirməsini sübuta yetirməmişdir. Bu nəticə qanunsuzdur. O, hal kifayət edir ki, dəfələrlə müraciət etməsinə baxmayaraq, bu günə qədər o, işdən azad olmaya görə son haqq-hesabı almamışdır. Cavabdeh "xxxx" MMC-nin son haqq-hesabı gecikdirməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Sumqayıt regional ərazi şöbəsinin 15 may 2020-cı il tarixli, **********3 saylı məktubu ilə bir daha təsdiq olunur. Belə ki, cavabdeh "xxxx" MMC bildirir ki, ona veriləcək son haqq-hesabın gecikdirilməsinin başlıca səbəbi şirkətin maliyyə imkanının məhdud olması və maddi vəsaitin olmaması ilə əlaqədardır. Əmək Məcəlləsinin 83.2-ci maddəsində göstərilən müddətdə ona son haqq-hesab işdən çıxdığı sonuncu iş günü ödənilmədiyi üçün "xxxx" MMC barəsində AR İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən 06 mart 2020-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göründüyü kimi, məhkəmənin onun son haqq-hesabı vaxtında ala bilməməsi və cavabdeh "xxxx" MMC-nin son haqq-hesabı gecikdirməsi onun tərəfindən guya sübuta yetirilməməsi yuxarıda qeyd edilən sübutlarla tam təkzib edilir. Cavabdehin uzun müddət işdən azad olduğuna görə son haqq-hesabı ödəməməsi ona maddi ziyan vurmuş və mənəvi cəhətdən onun əzab-əziyyət, iztirab keçirməsinə səbəb olmuşdur. Beləliklə, onun tərəfindən tam sübuta yetirilmişdir ki, cavabdeh "xxxx" MMC tərəfindən son haqq-hesab qərəzli surətdə qanunda nəzərdə tutulmuş müddətdə ödənilməmişdir və son haqqhesabı vaxtında ödəmədiyinə görə əlavə 36225 manat faiz ödəməlidir. Son haqq-hesab Ayaz Dadaşzadəyə vaxtında ödənilmədiyinə görə mənəvi ziyan dəymişdir və həmin zərərin əvəzi də ona verilməlidir. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil2 şikayəti müdafiə edərək onun təmin edilməsini xahiş etdi. O bildirdi ki, iddianın təmin edilmiş hissəsi onların mənafeyinə uyğundur və bu hissədə qətnaməni mübahisələndirmirlər. Apelyasiya baxışı zamanı məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 nümayəndəsi X7 bildirdi ki, konkret mübahisə üzrə iddiaçı haqlıdır və onun iddiası təmin edilməlidir. Cavabdeh "xxxx" MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarına əlavə olunan "xxxx" MMC tərəfindən verilmiş 29 oktyabr 2019cu il tarixli, AZT İR-1/292 saylı işdən azad olma haqqında əmrdən görünür ki, Cəmiyyətin direktorunun satış üzrə müavini-satış departamentinin rəisi İddiaçı əmək müqaviləsinə 29 oktyabr 2019-cu il tarixdən AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2ci bəndinin “a” bəndinə (işçinin öz xahişinə) əsasən xitam verilmişdir. Yenə iş materiallarında olan 06 mart 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC-nin direktoru V.Bağırov Əmək Məcəlləsinin 83.2-ci maddəsinin tələblərini pozmuş və İddiaçı son haqq-hesabları ödənilməmişdir. Nəticədə "xxxx" MMC-nin direktoru V.Bağırov tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Yenə də iş materiallarında olan son haqq-hesab cədvəlindən görünür ki "xxxx" MMC tərəfindən İddiaçı son haqq-hesab kimi 10054,83 manat pul ödənilməlidir. MƏHKƏMƏNİN HÜQUQİ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, iş üzrə çıxarılmış qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər əmək münasibətlərində olmuşlar və İddiaçı 25 iyun 2018-ci ildən 29 oktyabr 2019-cu ilədək "xxxx" MMC-də müxtəlif vəzifələrdə işləmişdir. "xxxx" MMC tərəfindən verilmiş 29 oktyabr 2019-cu il tarixli, AZT İR-1/292 saylı işdən azad olma haqqında əmrlə onun əmək müqaviləsinə 29 oktyabr 2019-cu il tarixdən AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” bəndinə (işçinin öz xahişinə) əsasən xitam verilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" MMC İddiaçı işdən azad olunan zaman son haqq-hesabını, yəni ümumilikdə 10056 manat pulunu ödəməmiş və cavabdeh təşkilatın nümayəndəsi iddianın son haq-hesab hissəsini etiraf etmişdir. Hazırda əsas mübahisə son haqq-hesabın 345 gün gecikdirilməsinə görə hər gün 1 faiz tətbiq edilmələ 36225 manat pulun və mənəvi zərərin əvəzi kimi 500 manat pulun tutulması barədədir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.5-ci maddəsinə görə əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə Məcəllənin “əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. İş materialları ilə müəyyən olunur ki, iddiaçıya verilməli son haqq-hesab "xxxx" MMC-nin təqsiri üzündən gecikdirilməmişdir. İşdən görünür ki, MMC bir neçə hüquqi şəxsə qarşı külli miqdarda pul tələbilə bağlı məhkəmədə iddialar qaldırmış və bu iddialar təmin edilmişdir. Məhkəmə kollegiyası da bu hallara qiymət verərək, hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya son haqq-hesabın ödənilməməsində MMC-nin maddi vəziyyətinin qənaətbəxş olmaması faktoru durur və belə olan halda, mübahisə üzrə işəgötürənin hər hansı təqsirindən söhbət gedə bilməz. Digər tərəfdən, İddiaçı bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Dəymiş mənəvi zərərin əvəzinin tutulması barədə tələbə gəldikdə isə, bu hissədə də məhkəmə kollegiyası hesab edir ki, tələb əsassızdır. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının 4-cü bəndində təsbit edilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər və zərər vuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Həmin qərarın 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarının və ya iş yerinin itirilməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi ailə və tibbi sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Yenə həmin qərarın 8-ci bəndində göstərilir ki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirilməsi, bunların cavabdehlərin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İş materiallarında cavabdehin qanunsuz hərəkətlərinin baş verməsi, bunun nəticəsində isə iddiaçının fiziki əzab çəkməsi və mənəvi sarsıntılar keçirməsi barədə mötəbər sübutlar yoxdur. Bu barədə sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə bu tipli əmək mübahisələrində başqa mövqenin tutulması düzgün olmayan məhkəmə presedenti yaratmaqla arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, faiz tətbiq edilməklə pulun verilməsi və mənəvi zərərin əvəzi kimi 500 manatın ödənilməsi barədə tələbinin əsasını İddiaçı sübuta yetirə bilməmişdir və həmin hissələrdə iddianın rədd edilməsi barədə məhkəmənin gəldiyi nəticə həm işin faktiki hallarına, həm də qüvvədə olan maddi hüquq normalarına uyğundur. Məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı son haqq-hesabın gecikdirilməsinə görə faiz tətbiq edilməklə pulun verilməsi və mənəvi zərərin əvəzi kimi 500 manatın ödənilməsi barədə tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, apelyasiya şikayətinin dəlillərinə dair məhkəməyə hər hansı mötəbər və legitim sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə də, məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, e-2(012)-360/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, e- 2(012)-360/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-2292/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2292/2021
03.09.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver