Məhkəmə qərarları › İş №2(105)-2298/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2298/2022

19.12.2022 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2298/2022 19.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X8 Tağızadənin sədrliyi və məruzəsi, X4 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Bəhruz Fizuli oğlu Mirzəzadənin katibliyi, Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı müqavilənin ləğv edilməsi, mənzilin boşaldılması və təhvil verilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakim H.Y.Əhmədov) iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı müqavilənin ləğv edilməsi, mənzilin boşaldılması və təhvil verilməsi tələbinə dair iddianın təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Akkord Sənaye Tikinti X3 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı müqavilənin ləğv edilməsi, mənzilin boşaldılması və təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı ilə Cavabdeh arasında Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi, 7 km, bina 1, blok 39, mərtəbə 5, 17 saylı (85.2 kv.m) saylı mənzilin alqı-satqısına dair bağlanmış xx.xx.2008-ci il tarixli, 6112 saylı müqavilənin ləğv edilməsi, mənzilin boşaldılaraq iddiaçı "xxxx" ASC-yə təhvil verilməsi və Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 10 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi 7 km, bina 1, blok 39, mərtəbə 5, 17 saylı (85.2 kv.m) mənzilin alqı-satqısına dair xx.xx.2008-ci il tarixli, 6112 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən mənzilin dəyəri 141000 manat müəyyən edilmiş və cavabdeh həmin məbləği 300 ay müddətində hər ay 470 manat olmaqla hər ayın 13-dək ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öhdəliklərini icra edərək mənzili cavabdehə təhvil vermişdir. Lakin cavabdeh uzun müddətdir ki, aylıq ödənişləri etməmiş, müqavilənin tələbləri pozulmuşdur. Cavabdehə edilmiş şifahi və rəsmi xəbərdarlıqların heç bir nəticəsi olmamışdır. Bu hal iddiaçıya müqavilənin 3.1.1.3 və 3.1.1.5-ci bəndlərinə əsasən yazılı xəbərdar etməklə müqaviləni birtərəfli qaydada ləğv etmək hüququ vermişdir. Müqavilənin 3.1.1.3-cü bəndinə əsasən alıcı bu müqavilənin bəndləri ilə müəyyən edilmiş öhdəliklərini, xüsusilə bu müqavilənin 2-ci bölməsində nəzərdə tutulmuş ödəniş qaydaları barədə müddəaları satıcının müqavilənin icrasından birtərəfli qaydada imtina etmək hüququ vardır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçının nümayəndəsi V.F.Süleymanov apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə heç bir qanuni əsas olmadan öz şəxsi mülahizəsinə əsasən onların cavabdehdən mənzilin qalıq borc ödənişinin pul tələbinə dair müstəqil iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququna izah edir. Mənzilin dəyəri müqaviləyə əsasən 141.000 manat olduğu halda nədənsə məhkəmə qətnamədə məzilin dəyərini də azaldılaraq 77.080 manat qeyd edir. Əslində mənzilin dəyəri müqaviləyə əsasən 141.000 manat müəyyən olunub və cavabdeh həmin məbləği hər ay 470 manat ödəniş etməklə 300 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh 27 dekabr 2021-ci il tarixinə qədər 77.080 manat ödəniş etməli oldugu halda 59.700 manat ödəniş etmişdir. Beləliklə, cavabdehin həmin tarixə olan qalıq borcu 17.380 manat təşkil edir. Göründüyü kimi cavabdeh müqavilə üzrə öhdəliklərini kobud şəkildə pozmuşdur. Məhkəmə öz qanunsuz və əsassız qətnaməsi ilə qanunvericiliyin bir çox maddi və prosessual hüquq normalarını pozmaqla yanaşı onların iddiasının təmin etməməklə onunda hüquqlarını pozmuşdur. Abşeron Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli 2(012)-439/2022 saylı qətnaməsini ləğv etməklə, iddia təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə iddiaçının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı rədd edərkən, tərəflər arasında müqaviləsinin olmasına, cavabdeh tərəfindən müqavilənin şərtlərinin pozulmamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış sübutlara tam uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsi V.Süleymanovun apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. X11 Tikinti X3 Səhmdar Cəmiyyəti ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 6112 saylı mənzilin alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Abşeron rayonu Xırdalan şəhəri Sumqayıt şossesi 7-ci km-də inşa etdirdiyi 1 saylı 39 blok, 3 otaqlı ümumi sahəsi 85.2 kv.m olan 17 saylı mənzili alıcıya satmağı, alıcı isə bu müqavilə ilə müəyyən edilmiş qaydada mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2-ci bəndinə əsasən, mənzilin qiyməti tərəflərin razılığı ilə 141000 manat müəyyən edilmiş, alıcı mənzilin dəyərini 300 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.4-cü bəndinə əsasən, satıcı inşa etdiyi binanı 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1.1.3-cü bəndinə əsasən, alıcı müqavilənin bəndləri ilə müəyyən edilmiş öhdəliklərini, xüsusi ilə müqavilənin 2-ci bölməsində nəzərdə tutulmuş hesablaşmaların həyata keçirilməsinə dair müddəaları pozduqda, buna görə alıcıya ən azı bir dəfə yazılı xəbərdarlıq edildikdə, müqavilənin icrasından birtərəfli qaydada imtina etmək hüququ vardır. Müqavilənin 3.2.2.1-ci bəndinə əsasən, alıcı mənzilin qiyməti kimi ödəniləcək ümumi məbləğin hər ay üçün müəyyən edilmiş məbləği olan 470 manat pulu hər ayın 13-dək ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 5.3-cü bəndinə əsasən, alıcı öhdəsinə götürdüyü aylıq ödəməni gecikdirirsə o zaman onun müqaviləyə əsasən ödəməli olduğu tarixdən etibarən 5 təqvim günü satıcı tərəfindən güzəştli gün kimi təyin edilir. 5 günlük güzəşt müddəti keçdikdən sonra aylıq ödəniş həyata keçirilməzsə alıcı hər gecikdirilmiş gün üçün gecikdirilmiş aylıq məbləğin 1 faizi məbləğində cərimə ödəməlidir. Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC-nin Cavabdeh ünvanlandığı xx.xx.2021-ci il tarixli 03-01/780 saylı təklifdən görünür ki, Korporasiya tərəfindən cavabdehə xx.xx.2008-ci il tarixli, 6112 saylı müqavilənin ləğv edilməsi barədə razılaşmanın (müqavilənin) 3 gün müddətində bağlanılması və mənzilin təhvil verilməsi təklif olunmuş, əks təqdirdə müqavilənin ləğv edilməsi, mənzilin boşaldılması və təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC-nin xx.xx.2021-ci il tarixli xxxx/1069 saylı arayışından görünür ki, Cavabdeh ilə "xxxx" ASC arasında xx.xx.2008-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi 7-ci km ünvanında yerləşən bina 1, blok 39, mərtəbə 5, mənzil 17, 3 otaqdan ibarət, ümumi sahəsi 85.2 kv.m olan mənzilin alınmasına dair 6112 saylı alqı-satqı müqaviləsi bağlanmış, mənzilin dəyəri tərəflərin razılığı ilə 141000 manat müəyyən olunmuş, alıcı mənzilin dəyərini 470 manat olmaqla 300 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Alıcı xx.xx.2021-ci il tarixinə qədər 77080 manat ödəniş məbləği ödəməli olduğu halda, 59700 manat aylıq ödəniş ödəmişdir. Alıcının 17380 manat qrafik borcu və ödəmədiyi aylıq ödənişlərə görə hesablanmış cərimə borcu mövcuddur. Alıcı xx.xx.2021-ci il tarixindən etibarən ümumiyyətlə ödəniş aparmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən "xxxx" ASCadlı quruma, VÖEN ********** dövlət qeydiyyatı nömrəsi ilə qeydə alınmış və xx.xx.2021-ci il tarixli, **********112800 nömrə ilə çıxarış verilmiş, qanuni təmsilçi X5r. xx.xx.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilmək üçün 10 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ. bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. bəndinə əsasən mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. bəndinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz, 43cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, iddiaçı-X11 Tikinti İnvestisiya Korporasiyası ASC-ti ilə cavabdeh-alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 6112 saylı mənzilin alqı-satqı müqaviləsinə əsasən, satıcı Abşeron rayonu Xırdalan şəhəri Sumqayıt şossesi 7-ci km ünvanında inşa edilmiş 1 saylı binanın 39 blok, 17 saylı 3 otaqdan ibarət ümumi sahəsi 85.2 kv.m olan mənzili alıcıya satmağı, alıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyəri olaraq, 141000 manatı 300 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə əsasında, iddiaçı öz öhdəliyini yerinə yetirərək mənzili cavabdehə təhvil vermiş, lakin cavabdeh mənzili təhvil alsa da müqavilə üzrə müəyyən olunmuş müddətlərdə və məbləğdə mənzilin dəyərindən ödənişləri gecikdirərək müqavilə şərtlərini pozmuşdur. Bu səbəbdən də iddiaçı Akkord Sənaye Tikinti X3 Səhmdar Cəmiyyəti müqavilənin ləğv edilməsi və mənzilin cavabdehdən alınaraq iddiaçıya təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq) 324.1 maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2 maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 389.1 maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2 maddəsinə görə müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 389.3 maddəsinə görə bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Mülki iş materiallarından göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, mənzilin alıcıya satılması və mənzilin dəyərindən ödənişlər edilməsi öhdəliklərini götürmüş tərəflər arasında mülki-hüquqi münasibətlərindən irəli gələn hüquq yaranmışdır. Belə ki, qanunvericiliyin tələblərinə uyğun olaraq, müqavilə tərəflərinin heç bir məcburiyyət tədbiri tətbiq olunmadan, könüllü iradə ifadələrinə uyğun olaraq bağlanmış həmin müqavilə imzalandığı gündən qüvvədə olmaqla müqavilə üzrə öhdəliklər yerinə yetirilənə qədər etibarlıdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Aztelekom” İstehsalat Birliyinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2003-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli Qərarına göstərilir ki, “... Mülki hüquq və vəzifələrin yaranması üçün əsaslardan biri əqdlərdir. Əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdin növlərindən biri kimi çıxış edən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə almalıdır...”. Mülki iş materiallarında olan, tərəflər arasında bağlanmış mənzilin alqı-satqısı müqaviləsinin şərtlərinə əsasən, alıcı mənzilin dəyərini 300 ay müddətinə olmaqla hər ayın 13-dək aylıq 470 manat ödəməyi öhdəsinə götürmüşdür. “X1 üçün Unidroit Prinsipləri”nin 7.1.7-ci maddəsinə əsasən müqavilənin icra edilməməsi o halda üzrlü hesab olunur ki, icraçı icra edilməmənin səbəbinin nəzarət edə bilmədiyi maneə ilə əlaqədar olmasını və müqavilə bağlanarkən maneənin ağlabatan formada nəzərə alınmasının, qarşısının alınmasının və nəticələrinin aradan qaldırılmasının mümkün olmadığını sübut etsin. Maneə müvəqqətidirsə, yalnız bu halda müqavilənin icrasına maneə olan təsir məqbul hesab olunan müddət üçün əsaslı hesab olunacaq. Əlavə olaraq məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarında göstərilir ki, “... Hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun...”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi müəyyənlik prinsipinə dair formalaşdırdığı hüquqi mövqedən görünür ki, bu prinsip hüququn ali prinsiplərindəndir. Yuxarıda istinad edilən Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı kredit müqaviləsi ilə bağlı olmasından asılı olmayaraq, məhkəmə hesab edir ki, bu müqavilə azadlığı sahəsində hüquqi müəyyənlik prinsipi, yəni müqavilənin mümkün qədər aydın olması və sadə şəkildə tərtibi bütün növ müqavilələr üzrə keçərlidir. Qanunvericiliyin tələblərindən və tərəflər arasında bağlanmış müqavilə şərtlərinə istinad edərək məhkəmə qeyd edir ki, satıcı alıcı tərəfindən müqavilə öhdəliyinin icra edilməməsi, mənzilin dəyərindən ödənişləri gecikdirdiyi təqdirdə satıcının müqaviləni birtərəfli qaydada ləğv etmək səlahiyyətini müəyyən etmişdir. Belə ki, müqavilənin 3.1.1.3cü bəndinə əsasən, alıcı müqavilənin bəndləri ilə müəyyən edilmiş öhdəliklərini, xüsusi ilə müqavilənin 2-ci bölməsində nəzərdə tutulmuş hesablaşmaların həyata keçirilməsinə dair müddəaları pozduqda, buna görə alıcıya ən azı bir dəfə yazılı xəbərdarlıq edildikdə, müqavilənin icrasından birtərəfli qaydada imtina etmək hüququ vardır. Lakin, müqavilənin 5.3-cü bəndinə əsasən, alıcı öhdəsinə götürdüyü aylıq ödəməni gecikdirirsə o zaman onun müqaviləyə əsasən ödəməli olduğu tarixdən etibarən 5 təqvim günü satıcı tərəfindən güzəştli gün kimi müəyyən edilmişdir. Məhkəmə, müqavilənin həmin bəndini rəhbər tutaraq, Mülki Məcəllənin 448.4-cü bəndinə istinad edərək qeyd edir ki, qanunvericilik, humanizm nöqteyi nəzərindən çıxış edərək müqavilə tərəfi üzrə borclu tərəfindən müqavilə şərtinin pozulmasının heç də bütün hallarda onun əleyhinə hüquqi nəticələr yaratmadığını xüsusi vurğulamışdır. Bu səbəbdən də, məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən, müqavilənin ləğv edilməsi şərtləri nəzərdə tutulsa da, həmin müqavilə öhdəliklərinin hazırki iş üzrə cavabdeh tərəfindən pozulmasının üzrlü hesab edilməsinə kifayət qədər əsaslar vardır. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq olunmuş arayışa əsasən müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən mənzilin müqavilə üzrə dəyərindən davamlı şəkildə ödəniş olunmuş, həmin mənzil sonuncunun qanuni sahibliyində və istifadəsində olmaqla həmin mənzilə “gözlənilən mülkiyyət hüququ” yaranmışdır. Belə ki, Mülki Məcəllənin 448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Məhkəmə kollegiyası iddiaçının iş üzrə birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının pozulması barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, qanunvericiliyin tələblərinə istinad edərək qeyd edir ki, iddiaçı Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC müqavilə üzrə cavabdeh tərəfindən ödənişlərin böyük bir qismi ödənildiyi halda, Mülki Məcəllənin 484.4-cü maddəsinə istinad edərək, müqavilə öhdəliyinin cavabdeh tərəfindən gecikdirilməsinin üzrlü hesab edilən hallarını araşdırmamış, müqavilə ödənişlərində güzəştə getməmiş, borcun 3 gün müddətində ödənilməsi təklifini xx.xx.2021-ci il tarixdə cavabdehə göndərməklə kifayətlənib, xx.xx.2021-ci il tarixdə isə müqavilənin ləğvi tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.2005-ci il tarixli 4 saylı qərarının Qərarın 1-ci bəndinə göstərilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Məhkəmə kollegiyası həmçinin, mülki iş materiallarına əlavə edilmiş, iddiaçı tərəfindən təqdim olunmuş maliyyə arayışını qiymətləndirərək qeyd edir ki, maliyyə arayışına əsasən, cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdən etibarən ödəniş edilmədiyi, müqavilə üzrə mənzilin dəyəri olaraq 77080 manat pul vəsaitindən 17380 manat borcunun qalması, nəticə etibarı ilə alıcının mənzilin dəyərinin yarı hissəsinin çoxunu ödəniş olaraq edilməsi müəyyən edildiyindən, qalıq qalmış pul vəsaitinin mövcudluğu cavabdehin müqavilə öhdəliklərindən qəsdən, qərəzli şəkildə yayınmadığını, müqavilə öhdəliklərini kobud şəkildə pozmadığını bir daha sübuta yetirir. Bu səbəbdən də məhkəmə iddiaçının müqavilənin ləğvi, mənzilin iddiaçıya təhvil verilməsi və cavabdehin mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə heç bir əsas görmür. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqlarının və X6 Haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi presedentlərinin tətbiqi haqqnıda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan Hüquqlarının və X6 Haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci il aprel ayının 15dən Konvensiya və onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyasının 46-cı maddəsinə əsasən Avropa Məhkəməsinin qərarları bu Konvensiyanı ratifikasiya etmiş dövlətlər üçün məcburidir. İnsan hüquqlarının və X6 haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Mülki Prosessual Məcəllənin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.2005-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun xx.xx.2019-cu il tarixli Qərarında deyilir ki, “... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir”. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə, mülki iş materiallarına istinad edərək qeyd edir ki, Cavabdeh qarşı müqavilənin ləğv edilməsi, mənzilin boşaldılması və təhvil verilməsi tələbinə dair iddia ərizəsi məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında həmin halların müqavilənin ləğvi üçün əsas olmadığından təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə kollegiyası tərəfin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməli, apellyasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçının nümayəndəsi X2 apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin bu iş üzrə 17 yanvar 2022-ci i il tarixli 2(012)- 439/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar