Məhkəmə qərarları › İş №2(105)-2309/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2309/2022

14.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2309/2022 14.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası üzrə Xaçmaz Rayon Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli, 2(067)-2232/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən xx.xx.2021-si il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 250 manat sabit məbləğdə alimentin və uşağın üç yaşına çatana qədər saxlanması üçün 100 manat məbləğində alimentin alınaraq ona verilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə xx.xx.2019-cu ildə ailə həyatı qurmuşdur. Birgə nikahlarından 1 uşaqları olmuşdur. Cavabdehdən ayrı yaşayır. Savabdeh bir ata kimi uşağına baxmır, qayğı göstərmir, uşağın maddi tələbatlarını ödəmir. Uşağı saxlamaqda çətinlik çəkir. Cavabdehin imkanı yaxşıdır, aylıq gəliri 1000-1500 manat təşkil edir. Xaçmaz Rayon Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli, 2(067)-2232/2022 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 06 iyul 2022-ci ildən başlayaraq Cavabdeh hər ay 130 manat sabit pul şəklində aliment və X2 3 yaşına çatanadək hər ay 40 manat məbləğində aliment alınaraq İddiaçı verilməsi, qətnamənin dərhal icra olunması qət edilmişdir (hakim Anar Sadıqov). Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli, 2(067)-2232/2022 nömrəli qətnaməsi dəyişdirilərək iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, cavabdehlə xx.xx.2019cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.2021-ci il təvəllüdlü X3 anadan olmuşdur. O, cavabdehdən ayrı yaşayır, cavabdeh uşağı ilə maraqlanmır, övladının bütün təminatlarını o, özü ödəyir. Övladının bəzi xərclərini çatdıra bilmir. Cavabdehin imkanı yaxşıdır, aylıq gəliri 1000-1500 manat təşkil edir. Lakin məhkəmə hesab etmişdir ki, cavabdeh iddianı qismən qəbul edir, uşağın saxlanması üçün 100-120 manat aliment ödəyə bilər. Məhkəmə uşağın saxlanması üçün 130 manat aliment kəsməklə haqlı olmamışdır. Absurd və ədalətsiz qərar çıxarmış, ölkə Prezidentinin 1 uşağın saxlanılması üçün 2022-ci il üçün 193 manat meyar müəyyən etməsinə baxmayaraq məhkəmə cəmi 130 manat sabit pul şəklində aliment və X3 3 yaşına çatanadək hər ay 40 manat məbləğində aliment kəsmişdir. Qarşı tərəfin yaxşı imkanı vardır. Məhkəmə 130 manat aliment kəsəndə onun maddi vəziyyətini və ailə vəziyyətini, uşağının maddi tələbatını nəzərə almamışdır. Məhkəmə 193 manat aliment kəsmək əvəzinə, qanunu kobud surətdə pozmuş və 130 manat aliment kəsmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərinin əsassız hesab edərək izahatında fəhlə işlədiyini, iddiaçının qeyd etdiyi qədər qazancının olmadığını, himayəsində yaşlı valideynlərinin olduğunu bildirərək apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış İddiaçı məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq apellyasiya şikayətini müdafiə etdiyini, alimentin artırılaraq 193 manat miqdarında müəyyən edilməsini və azyaşlı uşağı xəstə olduğundan məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası İddiaçı iştirak olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, cavabdehin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə alimentin 130 manat müəyyən edilməsi hissəsində dəyişdirilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Xaçmaz Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 370458 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh Əmirbala oğlu ilə İddiaçı arasında 09 noyabr 2019-cu il tarixdə nikah bağlanmış və həmin nikah 525 №-li akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada “Fətəhova” soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş Xaçmaz Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 643903 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından 14 avqust 2021-ci il təvəllüdlü X3 adlı uşaqları anadan olmuşdur. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə 09 noyabr 2019-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından 14 avqust 2021-ci il tarixdə X3 uşaqları anadan olmuşdur. Nikaha daxil olduqdan sonra ailə münasibətləri normal olsa da, sonradan münasibətləri pisləşmiş və iddiaçı uşağı ilə birlikdə cavabdehdən ayrı yaşayır. Cavabdeh uşağın saxlanmasında iddiaçıya maddi köməklik göstərmir. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğində alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 23 dekabr 2021-ci il tarixli Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 (bir yüz doxsan üç) manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının 8.2-ci bəndində göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Göründüyü kimi istinad olunan qanunvericilik aktının əsas istiqaməti ona yönəlmişdir ki, heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Məhkəmə kollegiyası iş materiallarını və məhkəmə araşdırması zamanı müəyyən edilmiş işin hallarını nəzərə alaraq hesab edir ki, iş üzrə Cavabdeh 14 avqust 2021-ci il təvəllüdlü X2 atası olması işin mübahisəsiz halıdır. Ona görə də, İddiaçı cavabdehə qarşı aliment tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası alimentin miqdarını müəyyən edərkən uşağın mənafeyini, onun təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, respublikada 2022-ci il üçün uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu məbləğini, eyni zamanda tərəflərin maddi və sosial vəziyyətini nəzərə alaraq hesab edir ki, tərəflərin azyaşlı uşaqları 14 avqust 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində alimentin tutulmasını uşağın mənafeyi baxımından məqsədəuyğun hesab edir. Məhkəmə kollegiyası alimentin hansı vaxtdan tutulması ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinə uyğun olaraq alimentin tutulmasının əvvəli məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, məhkəmə kollegiyası iddia tələbinin “uşaq üç yaşına çatanadək cavabdeh tərəfindən iddiaçının xeyrinə aliment tutulması hissəsi ilə bağlı qeyd edir ki, Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə əsasən, hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir. Məhkəmə kollegyiası, iddiaçının qeyd edilən tələbinin hüquqi əsasının qanunda nəzərdə tutulduğunu, eləcə də tərəflərin maddi və sosial vəziyyətini, işin diqqətəlayiq digər hallarını nəzərə alaraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni digər hissədə əsaslı hesab edir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi qismən dəyişdirilərək Xaçmaz Rayon Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli, 2(067)-2232/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılıb, 14 avqust 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməli və qətnamə - «X3 3 yaşına çatanadək hər ay 40 manat məbləğində aliment alınaraq İddiaçı verilsin» hissəsində dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır (MPM-nin 119.2-ci maddəsi). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 1000 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi miqdarında dövlət rumu ödənilir. Məhkəmə kollegiyası iddianın qismən təmin olunduğunu, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyini nəzərə alaraq və sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq apellyasiya şikayətinin verilməsi ilə əlaqədar cavabdehdən 15 (on beş) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə hesablanır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı verdiyi apellyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli, 2(067)-2232/2022 nömrəli qətnaməsi 130 manat alimentin tutulmasına dair hissədə dəyişdirilsin. 06 iyul 2022-ci il tarixdən hesablanmaqla 14 avqust 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. X1 3 yaşına çatanadək hər ay 40 manat məbləğində alimentin alınaraq İddiaçı verilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal icra edilsin. İddiaçının apellyasiya şikayətini verərkən ödəmədiyi (ödəməkdən azad olunduğu üçün) dövlət rüsumunun əvəzi qismində 15 (on beş) manat Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar