Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2315/2021 15.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alqı-satqının bağlanmış hesab edilməsi tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 22.04.2021-ci il tarixli, 2(074)-375/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Şamaxı Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim N.İsmayılov) İddiaçı Cavabdeh qarşı alqı-satqının bağlanmış hesab olunması tələbinə dair iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında ona məxsus Şamaxı şəhəri 25-ci məhəllədə yerləşən 0,04 ha həyətyanı torpaq sahəsinə dair 28 avqust 2001-ci il tarixdə alqı satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh onun bacısının əridir. 2001-ci ilin avqust ayının 22-də uşaqlarına kiçik toy etmiş, Cavabdeh ailəsi ilə birlikdə toya gəlmiş, toydan sonra 5-6 gün onlarda qalmış, həmin vaxt Cavabdeh ona Şamaxı şəhərində yerləşən 0,04 ha həyətyanı torpaq sahəsini satmaq istədiyini və torpağı onun almasını bildirmişdir. O, əvvəlcə buna razı olmamış, lakin bacısı ilə Cavabdeh ona çox yalvarıbyaxarmış, onu həmin torpaq sahəsinə baxmağa aparmışlar. Onlar gedərək torpaq sahəsinə baxmışlar. Torpaq sahəsi Ağsu yolunun üstündə, Yolkalıq deyilən əraziyə yaxın bir yerdə yerləşirdi. O, 2001-ci ilin avqust ayının 28-də Cavabdeh 200000 manat pul vermiş, 20000 manatı da torpağı sənədləşdirdikdən sonra verəcəyi barədə razılaşmışdır. Lakin Cavabdeh onsuz evinə gedərək 20000 manat pulu da almış, o, dəfələrlə Cavabdeh torpağın sənədini istəsə də, Cavabdeh ona arxiv arayışı vermiş, həmin arayışa əsasən əmin olmuşdur ki, həqiqətən də torpaq Cavabdehdur. Həmin vaxtdan hal-hazıra qədər çalışsa da Cavabdeh sözügedən torpağı onun adına rəsmiləşdirməkdən boyun qaçırmışdır. Hətta ondan pul almasına və torpağı faktiki olaraq ona satmasına baxmayaraq gizli şəkildə Bəhlul adlı bir şəxsdən torpağı ona satmaq adı ilə 500 manat beh almışdır. Daha sonra o, Bəhlul adlı şəxsə Cavabdeh torpağı ona satdığını bildirdikdə Bəhlul adlı şəxs verdiyi behi geri almaq üçün dəfələrlə Cavabdeh xəbər göndərmiş, amma Rəşadət onun pulunu qaytarmır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Şamaxı Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, yeznəsi Cavabdeh Şamaxı rayonunda olan 4 sot torpaq sahəsini razılıq yolu ilə ona satmış, lakin onun adına sənədləşdirilməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsi ilə bağlı gəldiyi nəticəni məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün mövcudluğu tələb olunan zəruri hallardan biri olan müqavilənin yazılı formada tərtib edilməsi və mülki iş üzrə daşınmaz əmlak olan mübahisəli torpaq sahəsinin tərəflər arasında alqı-satqısı barədə yazılı müqavilənin olmaması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan iddiaçı bu nəticəni mübasihələndirərək, qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, tərəflər arasında mübahisə predmeti təşkil edən torpaq sahəsi ilə hüquq münasibəti 2001-ci ilin avqust ayında yarandığından, Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən mübahisənin həllinə həmin dövrdə qüvvədə olmuş Mülki Məcəllənin normaları ilə tətbiq edilməlidir. Mülki Prosessual Məcəllənin 217.2. maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında torpaq sahəsinin özgəninkiləşdirilməsindən ötrü müqavilənin bağlanmış hesab edilməsi ilə bağlı münasibətlərə hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan Mülki Məcəllənin 335ci maddəsinin müddəalarına uyğun hüquqi qiymət verilməlidir. Mülki Məcəllənin 335.2-ci maddəsinin tələbinə görə əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 22 mart 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, göstərilən müddəanın mahiyyətinə görə əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd olunan hüquqi mövqeyini bir sıra qərarlarında (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli Qərar, C.Abdullayevanın şikayəti üzrə 13 aprel 2007-ci il tarixli Qərar və s.) təsdiq etməklə göstərmişdir ki, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab etməsi üçün mütləq aşağıdakı hallar mövcud olmalıdır: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Sonuncu şərt qanunvericilikdə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Mülki qanunvericiliyin tələblərinə görə əmlakın (əşyanın) hüquqi müqəddəratını (qanunvericilik tərəfindən müəyyən edilən istisnalar nəzərə alınmaqla) yalnız mülkiyyətçi təyin edə bilər (İ.Rəcəbovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 22.03.2006-cı il tarixli qərarı). Hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir (Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qərarı). Göründüyü kimi tərəflər arasında mübahisə predmeti təşkil edən torpaq sahəsi ilə bağlı əqdin sadə yazılı formada tərtib edilməsinə riayət edilməmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (14.2., 77.1. və 88-ci maddələri). Mülki Məcəllənin 6-cı maddəsinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. (Mülki Məcəllənin 390.1., 390.3. maddələri). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2315/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2315/2021
15.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver