Məhkəmə qərarları › İş №2(105)-2326/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2326/2020

03.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2326/2020 03.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), X3 və Abasov Şəmsəddin Rizalı oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı1 nümayəndəsi X1 iştirakı ilə açıq məhkəmə iclasında Qubadlı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(028)-149/2020 saylı qətnaməsindən İddiaçı1 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Qubadlı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(028)-149/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Vladimir Ruvinov) İddiaçı1 Cavabdeh1 qarşı alimentin miqdarının azaldılması tələbinə dair mülki iş üzrə iddia rədd edilmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı1 iddia ilə məhkəməyə müraciət edərək ondan bir uşağın saxlanılması uçun Cavabdeh1 məhkəmə tərəfindən müəyyən edilmiş alimentin məbləğinin azaldılıb ayda 50 manat müəyyən edilməsi, xəstə olduğuna görə yaranmış aliment borcunu ödəməkdən azad edilməyinə dair qətnamə çıxarılmasını xahiş etmiş və iddia tələblərini onunla əsaslandırmışdır ki, onun Cavabdeh1 xx.xx.2016-cı il təvəllüdlü Nazbəyim adlı uşağı vardır. Qubadlı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli icra vərəqəsinə əsasən ondan həmin uşağın saxlanması üçün Cavabdeh1 xeyrinə hər ay 154 manat aliment tutulmalıdır. Həmin vaxtdan sonra o, ağır xəstəliyə tutulmuşdur. İmişli rayon Mərkəzi Xəstəxanasının xx.xx.2020-ci il tarixli arayışına əsasən xx.xx.2019-cu il tarixdən ensefalopatiya qıcolma sindromu diaqnozu ilə həmin xəstəxananın poliklinika şöbəsində müalicə olunur. Bu fakt Respublika Klinik Xəstəxanasının xx.xx.2019-cu il tarixli məsləhət vərəqi və ambulator kitabçadan çıxarışla da təsdiq olunur. Xəstəliyi ilə bağlı o, işləyə bilmir, qazancı yoxdur. Alimenti verə bilmədiyinə görə borcu yaranmışdır. Qanuna görə uşağı saxlamaq hər iki valideynin borcudur. Belə halda, xəstə olmaqla işləyə bilmədiyi üçün hesablanmış aliment borcunu ödəməkdən azad edilməlidir. Qohumlarının köməyi ilə o, ayda 50 manat aliment verə bilər. Ona görə də ondan tutulan aliment azaldılmalıdır. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamədən narazıdır,məhkəmənin qətnaməsi əsassız və qanunsuzdur, məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Qətnamə yalnız məhkəmənin mülahizəsi, cavabdehin mənafeyi əsas götürülməklə qəbul olunmuş, xəstə bir şəxs kimi onun mənafeyi nəzərə alınmamış, işin faktiki hallarına qiymət verilməmişdir. Belə ki, onun Cavabdeh1 xx.xx.2016-cı il təvəllüdlü Nazbəyim adlı uşağı vardır. Qubadlı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli icra vərəqəsinə əsasən ondan həmin uşağın saxlanması üçün Cavabdeh1 xeyrinə hər ay 154 manat aliment tutulmalıdır. Həmin vaxtdan sonra o, ağır xəstəliyə tutulmuşdur. İmişli rayon Mərkəzi Xəstəxanasının xx.xx.2020-ci il tarixli arayışına əsasən xx.xx.2019-cu il tarixdən ensefalopatiya qıcolma sindromu diaqnozu ilə həmin xəstəxananın poliklinika şöbəsində müalicə olunur. Bu fakt Respublika Klinik Xəstəxanasının xx.xx.2019-cu il tarixli məsləhət vərəqi və ambulator kitabçadan çıxarışla da təsdiq olunur. Xəstəliyi ilə bağlı o, işləyə bilmir, qazancı yoxdur. Alimenti verə bilmədiyinə görə borcu yaranmışdır. Qanuna görə uşağı saxlamaq hər iki valideynin borcudur. Belə halda, xəstə olmaqla işləyə bilmədiyi üçün hesablanmış aliment borcunu ödəməkdən azad edilməlidir. Qohumlarının köməyi ilə o, ayda 50 manat aliment verə bilər. Ona görə də ondan tutulan aliment azaldılmalıdır. Məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş olunmuşdur. İddiaçı1 nümayəndəsi X4 məhkəmə iclasında apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, İddiaçı1 2013-cü ildən xəstədir, müxtəlif tibb müəssisələrində müalicə olunmuşdur, hazırda heç bir yerdə işləmir. İddiaçı1 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olanQubadlı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(028)-307/2018 saylı qətnaməsinin surətindən görünür ki,iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı1 qarşı atalığın müəyyən edilməsi və aliment tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, xx.xx.2016-cı il təvəllüdlü X5 atasının İddiaçı1 olması faktının müəyyən edilməsi, xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2018-ci il tarixdən başlayaraq İddiaçı1 hər ay 154 manat sabit pul miqdarında alimentin tutulub Cavabdeh1 verilməsi qət edilmişdir. İş materiallarında olan İmişli rayon Mərkəzi Xəstəxanasının xx.xx.2020-çi il tarixli, 291 saylı arayışından görünür ki, İddiaçı1 xx.xx.2019-cu il tarixdən “Ensefalopatiya qıcolma sindromu ilə” diaqnozu ilə xəstəxananın poliklinika şöbəsində ambulator müalicə alır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” qanunun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 7 saylı protokolun 5-ci maddəsinə əsasən ər-arvad nikaha daxil olmaq və boşanmaq ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqa malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə görə cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” qanuna əsasən 2020-ci ildə yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin mənasına görə alimentin müəyyən olunmuş miqdarı o vaxt dəyişdirilə bilər ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olsun. Həmçinin Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsi ödəmələrin miqdarının artırılması üçün ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən halların dəyişməsini nəzərdə tutur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzrlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətini bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onun həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan qanunun mənasından görünür ki, məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə onu həmin borcu ödəməkdən o halda azad edə bilər ki, bu borc şəxsin xəstəliyi və digər üzrlü səbəblərə görə əmələ gəlsin, aliment ödəməli şəxsin ailə və maddi vəziyyəti bu borcları ödəməyə imkan verməsin. İddiaçı1 iddia tələblərini xəstə olduğundan işləyə bilməməsi ilə əsaslandırmışdır. Akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının xx xxxxxx 2019cu il tarixli məsləhət vərəqinin surətindən görünür ki, İddiaçı1 “Ensefalopatiya qıcolma sindromu” diaqnozu ilə 2013-cü ildən xəstədir. Göründüyü kimi, qanuni qüvvəyə minmiş Qubadlı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(028)-307/2018 saylı qətnaməsi qəbul edildikdən sonra iddiaçının ailə və maddi vəziyyətində, eləcə də səhhətində hər hansı dəyişiklik olmamışdır və bu barədə də iş materiallarında heç bir sübut yoxdur. İddiaçı1 göstərdiyi xəstəlik onda Qubadlı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(028)-307/2018 saylı qətnaməsi qəbul edilməzdən 5 il əvvəl yaranmışdır. İddiaçı1 nə qədər aliment borcunun olması barədə iddia ərizəsinə və apellyasiya şikayətinə hər hansı sənəd əlavə etməmişdir. Məhkəmə kollegiyası qanunvericiliyin qeyd edilən normalarından çıxış edərək tərəflərin birgə nikahından olan azyaşlı uşağın cavabdehin himayəsində olmasını, uşağa qulluq, onun sağlamlıq, inkişaf, məişət qayğılarının çəkilməsi uşağın himayəsində olduğu cavabdehin üzərinə düşməsini nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. İddiaçı apellyasiya şikayətində məhkəmənin qətnaməsinin maddi hüquq normalarının tələblərinin pozulması ilə qəbul olunmasını qeyd etsə də, bunların nədə ifadə olunduğunu konkret göstərmədiyindən məhkəmə kollegiyası onun bu dəlili ilə razılaşmır. Belə ki, məhkəmə qətnaməsi maddi hüquq normalarının pozulması ilə qəbul edilməmişdir. İddiaçı apellyasiya şikayətində xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 50 manat məbləğində aliment ödəyə bilməsini göstərmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx xxxx 2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.13-cü bəndində göstərilir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddiaçının göstərdiyi məbləğdə alimentin tutulması uşağın mənafeyinə uyğun deyildir, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli sayıla bilməz və yuxarıda qeyd edilən qanunların tələblərinə ziddir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də hüquqi vəzifəsidir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı1 apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qubadlı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(028)-149/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Lətifə Məmmədova Şəmsəddin Abasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar