Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-233/2021 27.01.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-332/2020 saylı qətnaməsindən Cavabdeh verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-332/2020 saylı qətnaməsi ilə (hakim R.N.Qoşqarlı) İddiaçı Cavabdeh qarşı valideynlik hüququnun həyata keçirilməsi tələbinə dair mülki iş üzrə iddia tələbi qismən təmin edilib, xx.xx.2014-cü ildə doğulmuş X3 atası İddiaçı Fəzail oğlu ilə hər həftənin bazar günü saat 11:00-dan 18:00-dək, bayram günləri saat 11:00-dan 15:00-dək Cavabdeh iştirakı olmadan ünsiyyətdə olmaq hüququnun verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi və iş üzrə ödənilmiş 10 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-332/2020 saylı qətnaməsinin dəyişdirilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx xxxxxx 2014-cü il tarixdə rəsmiləşdirməklə ailə həyatı qurmuş və birgə nikahdan xx.xx.2014-cü il tarixdə Mələk doğulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə nikahları ləğv edilmiş və azyaşlı Mələk anasının himayəsində saxlanmışdır. Cavabdeh onu öz övladı ilə ünsiyyətdə olmasına maneçilik törədir, dəfələrlə uşağı ilə görüşüb ünsiyyətdə olmasına cəhtlər etməsinə baxmayaraq buna imkan verməmişdir. Ona görə də xx.xx.2014-cü ildə doğulmuş X3 hər həftənin altıncı, tətil, bayram, toy-nişan və ad günlərində saat 10:00-dan növbəti gün saat 18:00-dək yanında qalmaqla ünsiyyətdə olmaq hüququnun verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi xx xxxx 2020-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçını özündən ayrı yaşayan xx xxxxxx 2014-cü il təvəllüdlü qızı - Mələk ilə ünsiyyətdə olmasına heç bir etirazı yoxdur, lakin hər həftənin şənbə günü təyin edilən yeddi saat ünsiyyət vaxtı çoxdur. Bu müddətin iki saat müəyyən edilməsi kifayətdir. Bununla yanaşı uşaq azyaşlı olduğundan ünsiyyət zamanı onun da iştirakı təmin olunmalı və iddiaçı uşağını onun yanında görməlidir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsini, xx.xx.2014-cü ildə doğulmuş X3 atası İddiaçı Fəzail oğlu ilə hər həftənin şənbə günü saat 11:00-dan 13:00-dək onun iştirakı ilə ünsiyyət vaxtının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Sumqayıt “ASAN xidməti” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxxx 2019-cu il tarixdə verilmiş AZ-T seriyalı, 111938 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx xxxxxx 2014-cü il tarixdə Sumqayıt şəhərində doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 1834 nömrə ilə qeydiyyat aparılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tatixli, 2(060)-4989 saylı qətnaməsi ilə X5 və Ziyadova (Ramazanova) Günel Məhərrəm qızı arasında Sumqayıt şəhər Qeydiyyat şöbəsində xx xxxxxx 2014-cü il tarixdə bağlanmış və 88 nömrə ilə qeyd edilmiş nikah qeydi pozulmuş, xx xxxxxx 2014-cü il təvəllüdlü X3 anası Ziyadova (Ramazanova) Günel Məhərrəm qızının himayəsində saxlanması, X2 xx xxxxxx 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx xxxx 2019-cu il tarixdən başlayaraq hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq Ziyadova (Ramazanova) Günel Məhərrəm qızına verilməsi qət edilmişdir. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx xxx 2020-ci il tarixli, 103 saylı rəyindən görünür ki, mövcud ailə qanunvericiliyinin tələblərinə əsasən uşağın birgə və ya ayrı yaşamasından asılı olmayaraq öz valideynləri və yaxın qohumları ilə ünsiyyətdə olmaq hüququ vardır. Bu qanun normalarında hər hansı bir valideynə ünsiyyətdə üstünlük hüququ verilməmişdir. Qeyd olunanları nəzərə alaraq Komissiya hesab etmişdir ki, iddiaçının uşağı ilə ünsiyyətdə olması onun qanunvericiliklə tanınan hüququdur və onun uşaqla ünsiyyətdə olmasına mane törədən hal Komissiya tərəfindən aşkarlanmamışdır. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx xxxxxx 2020-ci il tarixli, 367 saylı müayinə aktı ilə müəyyən olunmuşdur ki, iddiaçının davranışında, səhhətində və mənəvi-əxlaqi keyfiyyətlərində uşaqla ünsiyyətinə maneə ola biləcək əks hal Komissiya tərəfindən aşkar edilməmiş və Cavabdeh Komissiyaya gəlmədiyindən mövqeyi öyrənilmədən mübahisə ilə bağlı obyektiv rəyin verilməsi qeyri-mümkün olmuş və komissiya uşağın mənafeyi nəzərə alınmaqla məsələnin həllini məhkəmənin mülahizəsinə verdiyi bildirilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olur ki, İddiaçı və Cavabdeh xx xxxxxx 2014cü il tarixdə rəsmi nikaha daxil olaraq evlənmiş və birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü Mələk adlı bir nəfər övladları doğulmuşdur. Tərəflər arasında olan münasibətlər pozulmuş, iddiaçı özündən ayrı yaşayan övladı ilə ünsiyyətdə olmaq hüququnun müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişdir. İddia tələbi qismən təmin edilsə də, cavabdeh bununla razılaşmamış, ünsiyyət vaxtının çox olmasını və keçiriləcək ünsiyyə zamanı uşağın azyaşlı olmasına istinad etməklə ünsiyyətin onun iştirakı ilə müəyyən edilməsi barədə qətnamə qəbul eidlməsini xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Həmin Məcəllənin 50.2-ci maddəsinə əsasən valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. Həmin Məcəllənin 50.3-ci maddəsinə görə valideynlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir. Həmçinin, işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, hal-hazırda tərəflərin bir-birilə barışmaz mövqedə olması səbəbindən, iddiaçı anasının yanında qalan övladı Mələk ilə ünsiyyətdə olmaq hüququnu həyata keçirmək imkanından məhrum olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 61.2-ci maddəsinə əsasən uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Həmin Məcəllənin 61.3-cü maddəsinə görə uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında razılığa gələ bilmədikdə mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) iştirakı ilə məhkəmə tərəfindən həll edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.1-ci maddəsinə görə valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 60.2-ci maddəsinə əsasən valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 61.2-ci maddəsinə əsasən uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. «X7» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlilir. Həmin Qanunun 6-cı maddəsindən görünür ki, uşaqlar valideynlərinin hərəkətlərinə görə məsuliyyət daşımır və valideynləri ilə bağlı səbəblərə görə onların hüquqlarının məhdudlaşdırılmasına yol verilmir. “X7” Azərbaycan Respublikası Qanunun 18-ci maddəsinə əsasən valideynlərin hər ikisindən və ya birindən ayrı yaşayan uşağın onları tanımaq, habelə valideynləri ilə ünsiyyətdə olmaq hüququ vardır. BMT-nin Baş Məclisinin xx xxxxxx 1959-cu il tarixli, 1386 saylı qətnaməsi ilə elan edilmiş «X4»nin 6-cı prinsipində göstərilir ki, uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır, o, mümkün olduqda, valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir; azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır. İstinad edilən maddi hüquq normalarının dispozitiv şərtlərindən göründüyü kimi, iddiaçı uşağı ilə ünsiyyətdə olmaq, tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir və bu hüquq təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxx 2011-ci il tarixli “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Qərarının 2-ci bəndində göstərilmişdir ki, məhkəmələr uşaqla ünsiyyətdə olma vaxtını müəyyən edərkən işin bütün hallarını, o cümlədən ailədə neçə uşağın olmasını, onların yaşını, bağçaya, yaxud məktəbə gedib-getməməsini, səhhətini, hansı valideynə daha çox bağlılığını, onun mənəvi, psixi və fiziki inkişafına təsir edən digər amilləri nəzərə almalıdır. Tərəflərin qarşılıqlı münasibətləri, işin faktiki halları nəzərə alınmaqla məhkəmənin qətnaməsində uşaqla görüşün (ünsiyyətin) yeri, vaxtı, hansı şəraitdə keçirilməsi, eyni zamanda görüşdə iştirak edən şəxslərin dairəsi göstərilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı Fəzail oğlunun xx.xx.2014-cü ildə doğulmuş övladı X6 ilə hər həftənin bazar günü saat 11:00-dan 18:00-dək, bayram günləri ssaat 11:00-dan 15:00-dək Cavabdeh iştirakı olmadan ünsiyyətdə olmaq hüququnun müəyyən edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Cavabdeh hər həftənin şənbə günü saat 11:00-dan 13:00-dək ünsiyyət zamanının iki saat müddətinədək azaldılmasını və görüş vaxtı onun iştirakının təmin edilməsini xahiş etsə də, yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, İddiaçı özündən ayrı yaşayan azyaşlı övladı – Mələk ilə görüşüb ünsiyyətdə olmaq hüququ vardır və bu hüququnun məhdudlaşdırılmasına yönələn hərəkətlər əsassızdır. Bununla yanaşı nəzərə alınmalıdır ki, uşağın özündən ayrı yaşayan valideyni ilə görüş müddətinin müəyən edilərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin digər valideynin iştirakının təmin edilməsi barədə göstəriş nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olub, formal mülahizə xarakteri daşıyır və başqa sübutla öz təsdiqini tapmayıb, toplanmış sübutlarla təkzib olunduğuna görə təmin edilməməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən, apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apelyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402- 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh verdiyi apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-332/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №2(105)-233/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-233/2021
27.01.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver