Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-233/2024 24.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş vaxtından artıq vaxtda görülən işə görə əmək haqqının ödənilməsi tələbinə dair (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti X3) qarşı iş üzrə (Açar sözlər: iş vaxtından artıq vaxtda görülən işə görə əmək haqqının ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X8 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-2851/2023 nömrəli qətnaməsindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. xx.xx.2020-ci il tarixli əmək müqaviləsindən görünür ki, "xxxx" MMC ilə İddiaçı arasında müddətsiz əmək müqaviləsi bağlanmışdır.
2. xx.xx.2022-ci il tarixli işdən azad ərizəsindən görünür ki, İddiaçı "xxxx" MMC-nə müraciət edərək öz təşəbbüsü ilə xx.xx.2022-ci il tarixdən tutduğu vəzifədən azad edilməsi və onunla bağlanılmış əmək müqaviləsinı xitam verilməsini xahiş etmişdir.
3. xx.xx.2022-ci il tarixli, 57-İRD/X saylı işçinin əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin surətindən görünür ki, İddiaçı ehtiyat kadrlar bölməsinin 5-ci dərəcəli sürücüsü (avtobus) ilə bağlanmış əmək müqaviləsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə) əsasən, 18 may 2022-ci il tarixdən xitam verilməsi, 2021/2022-ci illərin əmək məzuniyyətinin istifadə etmədiyi 5 (beş) təqvim günü əvəzinə kompensasiya ödənilməsi əmr edilmişdir.
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx.xx.2023-cü il tarixli, 9/5109 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlər nəzərə alınmaqla hazırki ekspertiza tədqiqatı zamanı, iş materialları və cədvəl məlumatı nəzərə alınmaqla "xxxx" MMC tərəfindən İddiaçı əlavə iş saatlarına görə ödənilməli olan əmək haqqı məbləği ümumilikdə 360 manat müəyyən edilir.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin qüvvədə olduğu müddət üzrə işlədiyi və ödənilməyən iş vaxtından artıq hesablanmış iş saatlarına görə ödənilməli olan məbləğin – 4691,8 AZN təyin edilməsi və həmin məbləğin hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir.
6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2015-ci ildən rəsmi əmək müqaviləsi bağlamaqla "xxxx" MMC-yə 5-ci dərəcəli sürücü (avtobus) vəzifəsinə qəbul olunmuşdur. 2015-ci il tarixindən aprel ayının 2022-ci ilin tarixinədək o, "xxxx" MMC-də sürücü peşəsində işləmişdir. Əmək müqaviləsi üzrə iş günü 8 saat olmaqla həftəlik 40 saat müəyyənləşdirilmişdir. İstirahət günləri şənbə və bazar günü olmasına rəğmən ənənəvi olaraq həftənin şənbə günləri, bəzi hallarda isə bazar günləri də işə çağırılmışdır. Əmək müqaviləsinə görə iş vaxtı saat 09:00-dan 18:00-dək müəyyənləşdirilmişdir. İş həftəsinin ilk iki günündə iş saatı 07:00-dan gecə 00:40-dək davam etmişdir. Həftənin qalan günləri iş vaxtı səhər saat 08:00-dan 17:00-dək olmuşdur. 2015-ci il tarixindən başlayaraq 2019-cu illərdə işlədiyi həftənin ilk iki gün ərzində ona 8 saatdan artıq iş saatlarına görə heç bir ödəniş edilməmişdir. 2019-cu ilin dekabr ayından 2020-ci ilin sentyabr ayına kimi artıq işlənmiş iş saatlarına görə ikiqat ödəniş edilmişdir. 2020-ci ilin sentyabr ayından 2021-ci ilin sonunadək artıq işlənmiş iş saatlarına görə tarif (vəzifə) maaşının birqat məbləğində ödəniş edilmişdir. Bu da Əmək Məcəlləsinin 165.1-ci maddəsinə ziddir. Belə ki, "xxxx" MMC-də X1 “İşçilərin işə gəliş-gediş saatlarının təsdiqi cədvəli”nə görə sürücülər saat 07:40-dan saat 00:40-dək işdə olmuşlar (12 saat). Qeyd etmişdir ki, onunla bağlanmış əmək müqavilələrində iş vaxtından artıq işlərin görülməsinə görə əmək haqqının ödənilməsi nəzərdə tutulmuşdur. İstirahət günləri şənbə və bazar günü olmasına rəğmən, ənənəvi olaraq həftənin şənbə günləri, bəzi hallarda isə bazar günləri də işə çağırılmışdır. Əvvəllər düşünürdü ki işlədiyi artıq iş saatlarına görə ödənişlər olunacaq. 2019-cu ilin ortalarından sürücülərə artıq işlənilən iş saatları və bayram günləri işlənilən saatlar iki qat hesablamaqla ödənilirdi. 2015-ci il tarixdən 2020-ci ilədək uzunmüddətli müqavilə əsasında işləmişdir. Lakin "xxxx" MMC 2020-ci ildən birtərəfli müqaviləni ləğv edərək hər dəfə üç aylıq müvəqqəti əmək müqaviləsi bağlamışdır. May ayının 2020-ci il tarixindən onlara bildirilmişdir ki "xxxx" MMC tərəfindən hər hansı artıq ödəniş edilməyəcəkdir. Artıq işlədiyi iş saatlarına görə ödəniş tələb etsə də, müxtəlif bəhanələr gətirilərək bildirilirdi ki, struktur yenilənmələri səbəbindən mütləq əmək müqaviləsi başqa şirkətə keçirilməlidir. Bütün işçilər kimi o da bu şərtlə razılaşmışdır, əmək müqaviləsi başqa şirkətin adına keçirilib, dəyişdirilib. O, "xxxx" MMC-dən çıxdıqdan sonra son haqq-hesab hesablandığı zaman ona əlavə iş saatlarının da ödənilməli olduğunu bildirdi. Lakin bu ödənişin sonra ödəniləcəyi bildirildi. Artıq işlədiyi iş saatlarının ödənişi uzun müddət gecikdiyindən, ödənilmədiyindən, hazırda məhkəməyə “iş vaxtından əlavə işlənmiş iş saatlarına görə ödənişin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə müraciət edir. Əlavə iş saatlarına görə haqq cavabdeh "xxxx" MMC tərəfindən ona ödənilməlidir. Hesab edir ki, 2015-ci il tarixindən dekabr ayının 2019- cu il tarixədək olan dövrdə növbə zamanı artıq işlədiyi iş saatlarının məbləği iki qat ödənilməlidir. Həmçinin sentyabr ayının 2020-ci il tarixindən dekabr ayının 2021-ci il tarixinədək olan dövrdə növbədə işlədiyi əlavə iş saatlarına görə əmək haqqı da iki qat ödənilməlidir. Onun tərəfindən hesablanmış iş vaxtından artıq iş saatları və ödənişləri aşağıdakı şəkildədir: 1) 2020-ci il üçün: Sentyabr – 44 saat, 156 AZN; Oktyabr – 50 saat, 177 AZN; Noyabr – 72 saat, 255 AZN; Dekabr – 76 saat, 269 AZN olmaqla, ümumilikdə 857 AZN, 242 saat; 2) 2021-ci il üçün: Yanvar– 42 saat, 149 AZN; Mart – 64 saat, 227 AZN; Aprel – 30 saat, 106 AZN; May – 42 saat, 149 AZN; İyun – 38 saat, 134 AZN; İyul – 14 saat, 49 AZN olmaqla, ümumilikdə 814 AZN, 230 saat Sürücülərin işə gediş-gəliş saatlarının təsdiq cədvəli dispetçer Təranə xanım tərəfindən hazırlanırmışdır. "xxxx" MMC-nin daha bir əməkdaşı Məhərrəmov Hacı adlı şəxs mexanik peşəsində işləyirdi. STP MMC-nin qaydalarına əsasən hər bir sürücünün adına bir avtobus təşkil olunurdu. O, işlədiyi müddətdə sərnişin daşıdığı **-JL-*** nömrəli dövlət nişanlı avtobus idi. Bu avtobusun idarə olunması ona həvalə olunmuşdur. Hər bir sürücünün avtobusu Azercell tərəfindən GPRS-açarı sistemi ilə quraşdırılmışdır. Ona təhvil verilən 050310 nömrəli GPRS-açar idi. Sürücü işə başlarkən avtobusa daxil olmamışdan həmin açarla avtobusda GPRS-sistemi açarla əlaqələndirib sonra işə başlayır. Onun işlədiyi ünvan – STP-dən başlayaraq - Sumqayıt Şəhər 17-ci mkr, Elmarın kruqu deyilən ərazi Tağıyev küçəsi son məntəqə - nəqliyyat xətti olmuşdur. İşlədiyi bütün iş saatlarını, həmçinin artıq işlədiyi iş vaxtını sözügedən sistem vasitəsi ilə təsdiqləmək olar. “Paşa Bank” tərəfindən verilən çıxarışa əsasən ona xx.xx.2020-ci il tarixdən 539 manat məbləğində əmək haqqı müəyyən olunmuşdur və əlavə iş saatları üçün heç bir ödəniş olunmamışdır.
7. Cavabdeh "xxxx" MMC iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı "xxxx" MMC-nə qarşı ödənilməyən iş vaxtından artıq iş saatlarına görə əlavələrin hesablanaraq ödənilməsi barədə iddia tələbinin iddia müddəti ötürüldüyündən rədd edilməsi barədə məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir.
8. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-2851/2023 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh "xxxx" MMC-dən xx.xx.2020ci il tarixli əmək müqaviləsinin qüvvədə olduğu müddət üzrə işlədiyi və ödənilməyən iş vaxtından artıq hesablanmış iş saatlarına görə ödənilməli olan 360 manat təyin edilərək İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 manatın cavabdeh "xxxx" MMC-dən tutularaq X2 (Müxbir hesab: AZ34CTRE**********00003944, kod:210005, VÖEN:**********) ödənilməsi, cavabdeh "xxxx" MMC-dən 30 manat dövlət rüsumunun tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir (hakim Elmir Hüseynov).
9. Məhkəmə qeyd etmişdir ki, ekspertiza tədqiqatı zamanı, iş materialları və cədvəl məlumatları nəzərə alınmaqla "xxxx" MMC tərəfindən İddiaçı əlavə iş saatlarına görə ödənilməli olan əmək haqqı məbləği ümumilikdə 360 manat müəyyən edilir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7, 68, 165, 69-cu maddəsinin 2-ci bəndinə, 83-cü maddəsinin 2-ci bəndinə, 296-cı maddəsinin 4-cü bəndinə və 296-cı maddəsinin 4-cü bəndinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli qərarına və Azərbaycan Respublikaıs Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 119.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh "xxxx" MMC apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-2851/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri:
12. İşin hallarından açıq aydın olur ki, iddiaçı iddia ərizəsini iddia müddətinə riayət etməyərək təqdim etmişdir. Buna görə də, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixində iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir. Lakin, məhkəmə qətnamədə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 294-cü maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarına istinad etsə də, qanununvericiliyin tələblərini düzgün tətbiq etməyərək, iddianı qismən təmin etmişdir. Sumqayıt şəhər Məhkəməsinin e-2(060)-2851/2023 saylı qətnaməsi əsassız və qanunaziddir. Məhkəmə qətnamə qəbul edərkən qanunvericiliyin iddia müddəti ilə əlaqədar tələblərini nəzərə almamışdır. Belə ki, xx.xx.2023-cü il tarixində cavabdeh STP tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmə e- 2(060)-2851/2023 saylı qətnaməsində iddia müddətinin ötürülmədiyini bununla əsaslandırmışdır ki, işçinin əmək müqaviləsinə xitam verildiyi xx.xx.2022-ci il tarixində xitam verildiyindən iddia müddətinin axımı həmin tarixdən başlamalıdır. İddia müddətinin İddiaçı 2020-ci ilin sentyabr ayından 2021-ci ilin iyul ayına qədər iş vaxtından artıq işlərin görülməsinə cəlb olunduğunu iddia edərək, buna görə pulun hesablanaraq ödənilməsini tələb etmişdir. Belə ki, iddiaçının tələbi pul tələbi olmaqla 2020-ci ilin avqust ayından 2021ci ilin iyul ayına kimi üzrə iş vaxtından artıq işlərin görülməsinə cəlb olunduğu vaxt üçün əlavələrin hesablanaraq ona ödənilməsi ilə bağlıdır. Pul tələbləri ilə bağlı Azərbaycan Respublikası əmək qanunvericiliyi 1 (bir) illik iddia müddəti müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra: Əmək Məcəlləsi) “Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri” adlanan 296-cımaddəsinin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələbindən göründüyü kimi, iddia müddətinin axımı işçinin öz hüququnun pozulduğunu aşkar etdiyi gündən başlayır. Azərbaycan Respublikası əmək qanunvericiliyi “işçinin hüquqununun pozulduğunu aşkar etdiyi gün” anlayışını dəqiq müəyyən etməmişdir. Azərbaycan RespublikasıMülki Məcəlləsinin (bundan sonra: Mülki Məcəllə) 2.3-cü maddəsinə əsasən ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Göründüyü kimi, qanunverici iddia müddətinin axımının başlandığı günü müəyyən edərkən şəxsin öz hüquqlarının pozulduğunu bildiyi - aşkarladığı və ya bilməli olduğu aşkarlamalı olduğu gün anlayışlarını alternativ olaraq müəyyən edir. İddiaçı özünün 2020-ci ilin sentyabr ayından etibarən iş vaxtından artıq işlərin görülməsinə cəlb olunduğunu və buna görə əlavələrin hesablanaraq ödənilməsini iddia etmişdir. Deməli, İddiaçı ona iş vaxtından artıq işlərə cəlb olunduğuna görə əlavələrin hesablanıb ödənilmədiyini 2020-ci ilin sentyabr ayının sonuncu günü -30 sentyabr 2020-ci il tarixdə, sentyabr ayı üçün əmək haqqı məbləği ödənildiyi tarixdə aşkar etməli idi. Bu zaman iddia müddətinin axımının başlanğıc tarixi 01 oktyabr 2020-ci il götürüləcəkdir. Mülki Məcəllənin 368-ci maddəsinə əsasən, vaxt dövrü ilə müəyyənləşdirilmiş müddətin axımı təqvim tarixindən və ya müddətin başlanması üçün müəyyənləşdirilmiş hadisənin baş verməsindən sonrakı gün başlanır. Bu qaydaya uyğun olaraq iddiaçı 2020-ci ilin sentyabr, oktyabr, noyabr və dekabr ayları üçün iş vaxtından artıq işlərin görülməsinə görə əlavələri 2021-ci ilin sentyabr ayının 30-u, 2021-ci ilin oktyabr ayının 31-i, 2021-ci ilin noyabr ayının 30-u və 2021-ci ilin dekabr ayının 31-ə kimi tələb edə bilərdi. Həmçinin 2021-ci ilin yanvar, mart, aprel, may, iyun, iyul ayları üçün iş vaxtından artıq işlərin görülməsinə görə əlavələri də müvafiq olaraq 2022-ci ilin yanvar ayının 31-i, 2022-ci ilin mart ayının 31-i, 2022-ci ilin aprel ayının 30-u, 2022-ci ilin may ayının 31-i, 2022-ci ilin iyun ayının 30-u, 2022-ci ilin iyul ayının 31-i kimi tələb edə bilərdi. İddiaçının iş vaxtından artıq işlərə cəlb olunduğuna görə əlavələrin ödənilməsi barədə tələbi üzrə ilkin mediasiya təklifi xx.xx.2023-ci ildə STP-yə daxil olmuşdur. Deməli, İddiaçı tələb etdiyi ayları üçün əlavələrə görə iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, X7 Xidməti əmək qanunvericiliyində fərdi əmək mübahisələrinə baxan orqanların dairəsinə daxil edilmədiyindən, həmçinin yuxarıda qeyd olunan Əsasnaməyə görə təyinatı əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək olduğundan, o, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilməz. Fərdi əmək mübahisələrə baxan orqan dedikdə yalnız Azərbaycan Respublikasının məhkəmələri nəzərdə tutulur. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Lakin, Məhkəmə qətnamədə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 294-cü maddəsinə və Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarına istinad etsə də, qanununvericiliyin tələblərini düzgün tətbiq etməyərək, iddianı qismən təmin etmişdir.
13. Daha sonra, cavabdeh MMC apellyasiya şikayətinə əlavə təqdim edərək göstərmişdir ki, iş materiallarından göründüyü kimi iddiaçının iddia tələbi 2020-ci il sentyabr ayından 2021-ci ilin iyul ayı da daxil olmaqla həmin aylarda iş vaxtından artıq işlərin görülməsinə cəlb olunduğu vaxt üçün pulun ödənilməsi ilə bağlıdır. Bu zaman iddia müddətinin axımının başlanğıc tarixi 01 oktyabr 2020-ci il götürüləcəkdir. Mülki Məcəllənin 368-ci maddəsinə əsasən, vaxt dövrü ilə müəyyənləşdirilmiş müddətin axımı təqvim tarixindən və ya müddətin başlanması üçün müəyyənləşdirilmiş hadisənin baş verməsindən sonrakı gün başlanır. Bu qaydaya uyğun olaraq iddiaçı 2020-ci ilin sentyabr, oktyabr, noyabr və dekabr ayları üçün iş vaxtından artıq işlərin görülməsinə görə əlavələri 2021-ci ilin sentyabr ayınınu, 2021-ci ilin oktyabr ayının 31-i, 2021-ci ilin noyabr ayının 30-u və 2021-ci ilin ayının dekabr ayının 31-nə kimi tələb edə bilərdi. Həmçinin 2021-ci ilin yanvar, mart, aprel, may, iyun, iyul ayları üçün iş vaxtından artıq işlərin görülməsinə görə əlavələri də müvafiq olaraq 2022-ci ilin yanvar 31-i, 2022-ci ilin mart ayının 31-i, 2022-ci ilin aprel ayının 30-u, 2022-ci ilin may ayının 31-i, 2022- ci ilin iyun ayının 30-u, 2022-ci ilin iyul ayının 31-nə kimi tələb edə bilərdi. Bununla da "pozuntunun" iddiaçıya 2020-ci ilin sentyabr ayının 30dan məlum olduğunu və Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinə əsasən iddiaçının məhkəməyə müraciət etməsi üçün bir illik iddia müddəti 2022-ci ildə bitmişdir. Göründüyü kimi iddiaçının iddia ərizəsi məhkəməyə xx.xx.2023-cü il tarixində daxil olduğuna görə İddiaçı iddia müddəti barədə məcburi müddəaları nəzərdə tutan qüvvədə olan qanunvericiliyin tələblərinə riayət etməmiş və bununla da hazırkı iddia tələbi üzrə iddia müddətini ötürmüşdür.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
16. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçı və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
17. Maddə 35, İİ hissə. Əmək fərdi və ictimai rifahın əsasıdır.
Azərbaycan Respublikası Əmək Məcəlləsi
18. Maddə 69.2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.
19. Maddə 83.2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
20. Maddə 154.1. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
21. Maddə 165. 1İşçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində.
22. 165.2.Əmək müqaviləsində, kollektiv müqavilədə iş vaxtından artıq vaxt ərzində görülən işə görə işçilərə daha yüksək məbləğdə əlavə haqqın ödənilməsi nəzərdə tutula bilər. İş vaxtından artıq işlərin əlavə istirahət günü ilə əvəz edilməsinə yol verilmir.
23. Maddə 296.4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
27. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
28. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
29. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
30. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
31. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
33. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
34. Apellyasiya şikayətindən görünür ki, cavabdeh "xxxx" MMC Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-2851/2023 nömrəli qətnaməsinin qismən – iddianın təmin edilən hissəsində ləğv edilməsini xahiş etmişdir.
35. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsini mübahisələndirilən hissəsində yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
37. Belə ki, məhkəmə araşdırmaları ilə müəyyən edilmişdir ki, "xxxx"MMC ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixində müddətsiz əmək müqaviləsi bağlanmışdır. xx.xx.2022-ci il tarixdə İddiaçı ehtiyat kadrlar bölməsinin 5-ci dərəcəli sürücüsü (avtobus) ilə bağlanmış əmək müqaviləsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə) əsasən, 18 may 2022-ci il tarixdən xitam verilmişdir. İddiaçı hazırda cavabdeh "xxxx" MMC və onun tərəfindən xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin qüvvədə olduğu müddət üzrə işlədiyi və ödənilməyən iş vaxtından artıq hesablanmış iş saatlarına görə ödənilməli olan məbləğin – 4691,8 AZN təyin edilməsi və həmin məbləğin hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc ödənilməsini xahiş edir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlər nəzərə alınmaqla hazırki ekspertiza tədqiqatı zamanı, iş materialları və cədvəl məlumatı nəzərə alınmaqla "xxxx" MMC tərəfindən İddiaçı əlavə iş saatlarına görə ödənilməli olan əmək haqqı məbləği ümumilikdə 360 manat müəyyən edilir.
38. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddianın əmək haqqının ödənilməsi hissəsinin həlli sübutların qiymətləndirilməsindən asılıdır. Kollegiya hesab edir ki, əmək haqqının ödənilməsi ilə sübutların təqdim edilməsi işəgötürən olan cavabdeh şirkətin üzərinə qoyulmalıdır.
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.
41. X5 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.
42. Cavabdehin əsas dəlili iddia müddətinin tətbiq edilməsi olmuşdur ki, bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında əmək münasibətləri xx.xx.2022-ci il tarixdə pozulmuşdur, iddiaçı isə hazırkı tələblə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Beləliklə, kollegiya hesab edir ki, iddiaçı hüquqlarının pozulmasını bildiyi andan vaxtında 1 il ərzində məhkəməyə müraciət etməklə, iddia müddətini ötürməmişdir.
43. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla qismən sübut edə bilmiş, lakin cavabdeh apellyasiya şikayətinin dəlillərini sübuta yetirə bilməmişdir.
44. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
45. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, habelə tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.
46. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-2851/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-2851/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.