Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2334/2021 23.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Zümrüd Ruslan qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində alimentin tutulması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)- 2286/2021 saylı, 07 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-2286/2021 saylı, 07 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim M.Abbasova) iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 07 iyun 2019-cu il təvəllüdlü X4 və 07 iyun 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutulması və həmin uşaqların üç yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 50 (əlli) manat olmaqla, cəmi 100 manat sabit pul məbləğində alimentin tutulması, aliment tutulmasının əvvəlinin 01 mart 2021-ci il tarixdən hesablanması qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh ondan apelyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-2286/2021 saylı, 07 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və işin aidiyyəti üzrə Ağsu Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan anadan olmuş 07 iyun 2019-cu il təvəllüdlü X3 və 07 iyun 2019-cu il təvəllüdlü X1 üçün Cavabdeh hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində və uşaqlar üç yaşına çatana qədər hər ay hər uşaq üçün 70 manat olmaqla, cəmi 140 manat, ümumilikdə isə 540 manat miqdarında alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 20 may 2016-cı ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş və onun cavabdehlə birgə nikahından 07 iyun 2019-cu il təvəllüdlü X4 və 07 iyun 2019-cu il təvəllüdlü X5 adlı iki ekiz azyaşlı övladı vardır. Lakin hal-hazırda rəsmi nikahı pozulmasa da, onların ailə münasibətləri tamamilə pozulmuşdur və xeyli müddətdir ki, onlar ayrı yaşayırlar. Onların ər-arvad münasibətləri pozulduqdan və faktiki olaraq ayrıldıqdan sonra, birgə nikahdan anadan olmuş 07 iyun 2019-cu il təvəllüdlü X4 və 07 iyun 2019-cu il təvəllüdlü X5 onun himayəsində yaşayırlar və o, qızlarının bütün xərclərini təkbaşına çəkir. Cavabdeh isə uşaqların saxlanmaları üçün ona maddi cəhətdən kömək etmir. Buna görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur və göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi obyektiv olaraq çıxarılmamış, maddi və prossesual hüquq normalarına əsaslanmamışdır. Məhkəmə mühüm əhəmiyyəti olan faktiki halları aydınlaşdırmamış, tərəflərin mübahisəsini tənzimləyən qanunvericiliyin tələblərinə əməl etməmiş, nəticədə əsassız, qanunsuz və ədalətsiz qətnamə çıxarmaqla tərəflərin bərabərliyi prinsipini pozmuş, yalnız iddiaçı tərəfin mövqeyindən çıxış etmişdir. Belə ki, hər iki tərəf Ağsu rayonunda qeydiyyatda olsa da, işə ərazi aidiyyəti pozulmaqla baxılmışdır. Bundan başqa, o, heç bir yerdə işləmir və əlavə gəlir mənbəyinə malik deyildir. O, iki uşaq üşün cəmi 100 manat aliment ödəyə bilər. Lakin məhkəmə qətnamə qəbul edərkən bu hallara qiymət verməmiş, yalnız iddiaçının maraqlarını üstün tutmuş və onun mövqeyindən çıxış etmişdir. Buna görə də, Abşeron Rayon Məhkəməsinin 2(012)-2286/2021 saylı, 07 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və mülki iş baxılması üçün Ağsu Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh şikayəti müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Əlavə etdi ki, Ağsu rayonunda qeydiyyatda olsa da Abşeron rayonunda yaşayır, taksi fəaliyyəti ilə məşğuldur. Banka kredit ödəyir. Ona görə də maddi sıxıntıları vardır. Apelyasiya baxışı zamanı məhkəmə iclasında İddiaçı şikayətlə razılaşmadı və onun rədd edilməsini xahiş etdi. Əlavə etdi ki, Abşeron rayonu, Xırdalan şəhərində atasına məxsus evdə yaşayır və həmin evə də müvəqqəti qeydiyyatı var. Cavabdeh özü də Xırdalan şəhərində yaşayır. Hazırki mübahisə onların yaşayış yeri barədə yox, azyaşlı uşaqlara aliment tələbi barədədir. Hansı məhkəmə baxmasından asılı olmayaraq cavabdeh uşaqlar üçün aliment ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İşdə olan AZ-İİ 064221 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X7 arasında nikah Ağsu rayon Qeydiyyat Şöbəsində 20 may 2016-cı ildə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 150 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Abdullayeva” soyadı verilmişdir. Yenə işdə olan AZ-İV 231703 saylı və AZ-İV 231704 saylı doğum haqqında şəhadətnamələrin müvafiq qaydada təsdiq olunmuş surətlərindən görünür ki, 07 iyun 2019-cu il təvəllüdlü X5 və 07 iyun 2019-cu il təvəllüdlü X3 atası Cavabdeh, anası İddiaçıdır. Yenə də iş materiallarında olan müvəqqəti qeydiyyat vəsiqəsindən görünür ki, İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllədə 11 fevral 2022-ci ilədək müvəqqəti qeydiyyatdadır. MƏHKƏMƏNİN HÜQUQİ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddianın təmin edilməmiş hissəsində qətnamədən apelyasiya şikayəti verilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, hazırda bu hissədə qətnamə apelyasiya baxışının predmetini təşkil etmir. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli və iddia qismən təmin edilməlidir. Yaranmış mübahisə üzrə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, tərəflər nikaha daxil olmuşlar və birgə nikahdan onların 07 iyun 2019-cu il tarixdə Damla və Dəniz adlı əkiz uşaqları olmuşdur. Sonradan onların arasındakı münasibətlər pozulmuşdur. Nikah ləğv edilməsə də, tərəflər hazırda ayrı yaşayırlar və ekiz uşaqlar analarının himayəsindədir. Hazırda İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan anadan olmuş 07 iyun 2019-cu il təvəllüdlü X3 və 07 iyun 2019cu il təvəllüdlü X1 üçün Cavabdeh hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində və uşaqlar üç yaşına çatana qədər hər ay hər uşaq üçün 70 manat olmaqla, cəmi 140 manat, ümumilikdə isə 540 manat miqdarında alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmə isə alimenti daha öncə göstərilən qaydada müəyyən etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ hissəsinə görə analıq, atalıq, uşaqlıq qanunla qorunur. Həmin maddənin İV hissəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3cü maddəsinə əsasən, uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Yenə həmin Məcəllənin 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli, 236 saylı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul edilmiş “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən, hər bir uşaq fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazim olan həyat şəraitini öz bacarıqları və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. İstinad olunan qanunvericilik aktlarından da görünür ki, öz uşaqlarını saxlamaq valideynləri vəzifəsidir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması ilk növbədə və birmənalı olaraq uşaqların mənafelərinin qorunmasına yönəlmişdir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” AR Qanununa əsasən 2021-ci il üzrə ölkədə yaşayış minimumu uşaqlar üçün 175 manat müəyyən edilmişdir. İşdən göründüyü kimi tərəflər arasında münasibətlər pisləşdikdən sonra azyaşlı uşaqlar analarının yanında qalmış, onların yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün 01.03.2021-ci il tarixdən başlayaraq hər ay hər uşağa 150 manat olmaqla, ümumilikdə 300 manat sabit pul məbləğində aliment təyin edilmişdir. Cavabdeh apelyasiya şikayətində təyin edilmiş 300 manat alimentin məbləğinin dəyişdirərək 100 manat təyin edilməsinə dair qətnamə qəbul edilməsi xahiş etsə də, maddi imkanının az olması barədə məhkəməyə hər hansı mötəbər və legitim sübut təqdim edə bilməmişdir. Bu məbləğdən də az aliment tutulmasını isə məhkəmə kollegiyası azyaşlıların mənafeyi baxımından məqbul hesab etmir. Qüvvədə olan qanunvericiliyə əsasən şəxsin işsiz olması onu aliment ödəmək vəzifəsindən azad edən əsaslardan deyildir. Bu hissədə məhkəmə kollegiyası hesab edir ki, birinci instnasiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Tələbin maddi yardımın tutulması hissəsinə gəldikdə isə, məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Ailə Məcəlləsinin 84.1-ci maddəsinə görə ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2 və 84.2.2-ci maddələrinə əsasən bir-birinə köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad. Qeyd edildiyi kimi İddiaçı Cavabdeh onun xeyrinə 07 iyun 2019-cu il təvəllüdlü X4 və 07 iyun 2019-cu il təvəllüdlü X2 üç yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 70 manat olmaqla, cəmi 140 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etmiş, məhkəmə həmin tələbi qismən təmin edərək hər uşaq üçün 50 manat olmaqla, cəmi 100 manat aliment tutulması nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyasıməhkəmənin gəldiyi bu nəticə ilə razılaşmır. Əvvəla, bunun 300 manat aliment ödəməli olan cavabdehin maddi imkanları daxilində olub-olunmaması müəyyən edilməmişdir. Yəni istinad olunan maddənin əsas dispozitiv şərtinə görə belə aliment zəruri vəsaitə malik olan ərdən tələb oluna bilər. Cavabdeh məhkəmə iclasında maddi cəhətdən sıxıntı çəkdiyini, taksi fəaliyyəti göstərməklə çətinliklə dolandığını bildirdi. Məhkəmə kollegiyası mübahisəni həll edərkən, cavabdehin maddi vəziyyəti ilə yanaşı, əkiz uşaq saxlamalı olan iddiaçının da çətin vəziyyətini nəzərə alır və hesab edir ki, hazırki halda uşaqların 3 yaşına çatana qədər tutulmalı alimentin məbləği 50 manat müəyyən edilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən həmçinin nəzərə alır ki, qanunverici ərarvad arasında alimentin ödənilməsi məsələsini həll edərkən alimentin məbləğini uşaqların sayına görə yox, uşağa baxan anaya görə müəyyən edib. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları, Cavabdeh isə apelyasiya şikayətinin dəlillərini qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla qismən sübut edə bilmişlər. Ərazi aidiyyətinin pozulması ilə bağlı apelyasiya şikayətinin dəlili barədə məhkəmə kollegiyası qeyd edir ki, bu dəlil əsassızdır, çünki müvəqqəti qeydiyyat vəsiqəsindən göründüyü kimi, İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllədə 11 fevral 2022-ci ilədək müvəqqəti qeydiyyatdadır. Hazırkı tələb alimentin tutulması barədə olduğundan məhkəmə kollegiyası MPM-nin 36.3-cü maddəsinin tələblərinə əsasən hesab edir ki, birinci instansiya məhkəməsində mübahisəyə baxılarkən aidiyyət qaydaları pozulmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və normaları pozmuşdur ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında qismən ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, ləğv edilən hissədə yeni qətnamə qəbul edilərək iddia qismən təmin olunmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-2286/2021 saylı, 07 aprel 2021-ci il tarixli qətnaməsi birgə nikahdan 07 iyun 2019-cu il tarxidə doğulmuş uşaqların üç yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 50 (əlli) manat olmaqla, cəmi 100 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi hissəsində ləğv edilsin və bu hissədə yeni qətnamə qəbul edilsin. Cavabdeh İddiaçı xeyrinə 07 iyun 2019-cu il təvəllüdlü X4 və 07 iyun 2019-cu il təvəllüdlü X2 üç yaşına çatanadək saxlanmaları üçün, 01 mart 2021-ci ildən başlayaraq, hər ay 50 manat aliment tutulsun. Qalan hissələrdə, yəni Cavabdeh İddiaçı xeyrinə 01 mart 2021-ci ildən başlayaraq 07 iyun 2019-cu il təvəllüdlü X4 və X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin, həmçinin dövlət büdcəsinə 30 manat dövlət rüsumunun əvəzinin tutulması və alimentin tutulmasının dərhal icra edilməsi hissəsində qətnamə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh Cavabdeh özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-2334/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2334/2021
23.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver