Məhkəmə qərarları › İş №2(105)-2338/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2338/2021

02.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2338/2021 02.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı və Cavabdeh1 Əsgər oğlunun iştirakları ilə açıq məhkəmə iclasında, Quba Rayon Məhkəməsinin 25 sentyabr 2006-cı il tarixli, 2-510/2006 saylı qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Quba Rayon Məhkəməsinin 25 sentyabr 2006-cı il tarixli, 2-510/2006 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Ramiz Cəfərov) İddiaçı cavabdehlər Cavabdeh1 Əsgər oğluna, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X6 qarşı torpaq alqı-satqı əqdinin etibarlı hesab edilməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 Əsgər oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X3 JN 0073, kod 30319018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə onlara və azyaşlı uşaqları X7 və X8 verilmiş 3,24 ha torpaq sahəsindən 0,60 ha əkin və 1,0 ha meyvə bağı sahəsinin 20 aprel 2004-cü il tarixdə ona satmalarına dair aralarında bağlanmış alqı-satqı əqdinin etibarlı hesab edilməsi, həmin torpaq sahələrinin İddiaçı mülkiyyətinə verilməsi və torpaq sahəsinin onun adına dövlət qeydiyyatına alınaraq reyestrdən çıxarış verilməsinin DƏDRX-nın Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsi qət edilmiş, maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 Əsgər oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X3 JN 0073, kod 30319018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə onlara və azyaşlı uşaqları X7 və X8 verilmiş 3,24 ha torpaq sahəsindən 0,60 ha əkin və 1,0 ha meyvə bağı sahəsinin 20 aprel 2004-cü il tarixdə ona satmalarına dair aralarında bağlanmış alqı-satqı əqdinin etibarlı hesab edilməsi və həmin torpaq sahələrinin onun mülkiyyətinə verilməsi barədə qətnamə cıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, 20 aprel 2004-cü il tarixdə qardaşı Cavabdeh1 özünə və ailə üzvlərinə torpağa mülkiyyət hüququna dair aktı əsasında verilmiş torpaq sahəsindən 0,60 ha əkin və 1 hektar bağ sahəsini satmaq istədiklərindən o, cavabdehlərlə razılaşıb pulunu verərək torpaq sahələrini almış, bu barədə öz aralarında alqı-satqı müqaviləsi yazaraq imzaları ilə təsdiq etmişlər. Həmin vaxtdan aldığı torpaq sahəsinə baxıb becərmişdir. Cavabdehlərin bəzilərinin həmin vaxt şəxsiyyət vəsiqələri olmadığından notariat kontorunda alqı-satqı müqaviləsini rəsmiləşdirə bilməmişdilər. Cavabdehlər tez bir vaxtda şəxsiyyət vəsiqələrini düzəldib alqı-satqı müqaviləsini təsdiq etdirəcəklərinə söz vermişdilər. O da buna inanıb gözləmişdir. İndi isə cavabdehlər müxtəlif bəhanələrlə notariat kontoruna getməkdən boyun qaçırırlar. O, alıcı tərəf kimi öz üzərinə düşənləri icra etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnaməni əsassız və qanunsuz hesab edir. Belə ki, “Notariat haqqında” qanunun 17-ci maddəsinə əsasən əqdlərin təsdiq edilməsi notarius tərəfindən aparılan notariat hərəkətlərinə aiddir. Həmin qanunun 46-cı maddəsinə görə qeydiyyatdan keçməli olan əmlakın özgəninkiləşdirilməsi və girov qoyulması haqqında əqdlər özgəninkiləşdirilən və ya girov qoyulan əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər təqdim olunduqdan sonra təsdiq edilir. Yaşayış evinin, mənzilin, bağın, bağ evinin, qarajın, torpaq sahəsinin, digər daşınmaz əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında əqdlər təsdiq olunarkən əmlakın özgəninkiləşdirilməsinə qadağanın olub-olmaması və ya əmlaka həbs qoyulub-qoyulmaması yoxlanılır. Azərbaycan Respublikası MM-nin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56.9-cu maddəsinə əsasən xüsusi mülkiyyətdə olan torpaq sahələrinin özgəninkiləşdirilməsi, habelə istifadəyə və ya icarəyə verilməsi tərəflər arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan və notarial qaydada təsdiq olunan müvafiq müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası MM-nin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1-ci bəndinə görə torpağın alqı-satqısı yazılı müqavilə tərtib edilməklə notariatda təsdiq edilməli və həmin Məcəllənin 67-ci maddəsinin birinci bəndinə əsasən dövlət qeydiyyatından keçməlidir. Azərbaycan Respublikası MM-nin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanmış əqd etibarsızdır. Bu Məcəllənin 407.2-ci maddəsinə əsasən notarial qaydada təsdiq edilməli müqavilə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Qətnamədə göstərilən 3,24 ha torpaq sahəsinə dair JN 0073, Kod 3 ******* saylı dövlət aktı 5 saylı Xaçmaz Ərazi İdarəsinin məlumat bazasında olan xəritə üzərində, o cümlədən ləğv edilmiş DTXK-nın Quba rayon şöbəsindən təhvil alınmış dövlət aktlarının qeydiyyat kitablarında 2,63 ha ölçüdə əks olunmuş və qeydə alınmışdır. Qətnamədə göstərilən alqı-satqı olunmuş dövlət aktının 0,60 ha hissəsi Ərazi İdarəsinin arxiv və xəritə üzərində öz əksini tapmamışdır. Bundan əlavə, JN 0073, Kod 30319018 saylı torpağa mülkiyyət hüqununa dair dövlət aktında göstərilən azyaşlı uşaqlar X2 və X14 oğluna məxsus payları Ailə Məcəlləsinin 55-ci maddəsinə zidd olaraq satılmışdır. Apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh1 Əsgər oğlu məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X9 və maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən, maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, maraqlı şəxsin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan JN-0073 saylı, kodu 30319018 olan torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Quba rayonu Aqrar İslahat Komissiyasının 10 iyun 1997-ci il tarixli, 06 saylı qərarı ilə Cavabdeh1 Əsgər oqlunun, X4, Cavabdeh3, Cavabdeh4, X3, X7 və X5 mülkiyyətlərinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 3,24 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan sadə yazılı formada tərtib edilmiş 10 aprel 2004-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh1 Əsgər oğlu və ailə üzvləri X10, Cavabdeh3, Cavabdeh4 və X9 JN-0073 saylı, kodu 30319018 olan torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə onlara və azyaşlılar Gülnarə və Pərvinə verilmiş 3,24 ha torpaq sahəsindən 0,60 ha əkin və 1,0 ha meyvə bağı sahəsini öz razılıqları ilə İddiaçı sataraq pullarını almışlar. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsində göstərilir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasındakı hazırki alqısatqı hüquq münasibətləri 01 sentyabr 2000-ci il tarixdən sonra əmələ gəldiyindən, hazırki hüquq münasibətlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməklə, hüquqi qiymət verilməlidir. İddiaçı iddia ərizəsində Azərbaycan Respublikası MM-nin 335.2-ci maddəsinə istinad etmişdir. Tərəflər arasında mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası MM-nin 335.2-ci maddəsinə görə tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırarsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu etibarlı hesab etməyə haqlıdır. Bu halda əqdin notariat tərtibatı tələb olunmur. Azərbaycan Respublikası MM-nin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 144.2-ci maddəsinə görə sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 394-cü maddəsinə görə bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 646-cı maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Göründüyü kimi, daşınmaz əmlakların, o cümlədən torpaq sahələrinin alqı-satqı müqavilələrinin etibarlı sayılması üçün qanunvericilik zəruri şərtlər kimi onların yazılı formada bağlanmasını və notariat qaydasında təsdiqlənməsini nəzərdə tutmuşdur. Hazırki mübahisə üzrə qanunvericilikdə nəzərdə tutulan həmin şərtlər mövcud deyildir. “İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 03 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konsitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konsitusiya Məhkəməsi Plenumunun 22 mart 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MM-nin 335.2-ci maddəsinin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Tərəflər arasında JN-0073 saylı, kodu 30319018 olan torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 3,24 ha pay torpaq sahəsinin 0,60 ha və 1,0 ha hissələrinin alqısatqısına dair sadə yazılı formada müqavilə bağlansa da, həmin müqavilə daşınmaz əşyaların alqı-satqısına dair əqdin formasına uyğun deyildir və notariat qaydasında təsdiqlənməmişdir. Məhkəmə kollegiyası yuxarıda sadalanan maddi hüquq normalarının tələbləri baxımından hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdırıb, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, məhkəmə qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin 25 sentyabr 2006-cı il tarixli, 2-510/2006 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 Əsgər oğluna, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X6 qarşı torpaq alqı-satqı əqdinin etibarlı hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar