Məhkəmə qərarları › İş №2(105)-2344/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2344/2021

27.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2344/2021 27.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(012)-1455/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(012)-1455/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 1000 manat məbləğində pul, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumu, nümayəndəyə etibarnamə verilməsinə görə 11 manat dövlət rüsumu və şəxsiyyət vəsiqəsinin surətinin notariusda təsdiq edilməsinə görə 5 manat dövlət rüsumunun alınıb İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim E.T.Məmmədov). Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi, iddianın rədd edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İ Ş İ N H A L LA R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1000 manat məbləğində pulun və ona vurduğu mənəvi zərərə görə 1000 manat məbləğində pulun, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun, nümayəndəyə etibarnamə verilməsinə görə 11 manat dövlət rüsumunun, şəxsiyyət vəsiqəsinin surətinin notariusda təsdiq edilməsinə görə 5 manat dövlət rüsumunun, ümumilikdə 2046 manat məbləğində pul vəsaitinin alınıb ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə iddiaçı ilə arasında olan pul məsələsi ilə bağlı polis şöbəsində aparılmış araşdırma zamanı ona olan borcunun 500 manat olduğunu bildirmişdir. Eyni zamanda işdə keçən rədd qərarında da bu əksini tapır. Məhkəmə iclasında da bununla bağlı müzakirələr aparmışlar. Yekun olaraq iddiaçı da borcun 500 manat olmasını qəbul etmişdir. Məhkəmə buna 1 cümlə ilə, rədd qərarında, məhkəmə iclasında qeyd olunmasına baxmayaraq bu pulun hansı qaydada geri ödənilməsinə tənqidi yanaşmışdır. Həmin pul məbləği ilə bağlı hakimə bildirmişdir və hakim proses zamanı tərəflərə və iddiaçının nümayəndəsi və vəkili olan şəxsə də bildirmişdir ki, onların arasında razlaşma 500 manat tələbin etiraf edilməsi ilə bağlı olmuşdur. Məhkəmədə hakim bu işlə bağlı elan belə etməmişdir. Sübut varsa məhkəmədə cavabdehin və vəkilinin iştirakı ilə baxılması zərurəti vardır. Vəkili ona bildirmişdir ki, hakim tərəflərə də məhkəmə prosesində 500 manat təmin edilməsi ilə bağlı mövqeyini və fikirini bildirmişdir. İşlə bağlı məhkəməylə əlaqə saxladıqda məlum olmuşdur ki, iddia qismən təmin olunmuş, 500 manat tutulmuşdur. Qətnaməni aldıqda isə 1000 manat pula münasibətdə iddianın tam həcmdə təmin olunduğunun şahidi olmuşdur. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(012)-1455/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(012)-1455/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən iş üzrə idiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Cavabdeh tərəfindən imzalanaraq 15.02.2019-cu il tarixində tərtib edilmiş izahatdan və Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin 04 mart 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarında göstərilən Cavabdeh izahatından görünür ki, o, Könül Ələsgərova ilə birlikdə yaşadığı dövrdə kiçik ticarətlə məşğul olmaq məqsədilə İddiaçı qaytarmaq şərti ilə 1000 manat pul almışdır. Lakin ticarət uğurlu olmadığından 500 manat pulu İddiaçı qaytarmışdır. Müəyyən edilmişir ki, işin mübahisə edilməyən faktiki hallarına əsasən həqiqətən də Cavabdeh 1000 manat məbləğində pulu İddiaçı almışdır. Lakin cavabdeh həmin 1000 manatdan 500 manatını iddiaçıya qaytarıldığını iddia etsə də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Ona görə də məhkəmə haqlı olaraq hesab etmişdir ki, 1000 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla isra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarından görünür ki, İddiaçı iddia tələbində əsas borcdan əlavə vurulmuş mənəvi ziyana görə 1000 manat pulun alınaraq ona verilməsi tələbini irəli sürmüş, lakin bununla bağlı əsaslı sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarına əsasən mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İnsan Haqları üzrə Avropa Məhkəməsinin də mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi ücün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən aşlıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək ücün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri - inamsızlıq, narahatlıq və məyusluq hisslərini nəzərə alır. Məsələn, Avropa Məhkəməsi “Koinq Almaniyaya qarşı” işdə ərizəçiyə “mənəvi narahatlıq yetirilməsinə”, “Artiko İtaliyaya qarşı” işdə “tənhalıq və kimsəsizlik hisslərinə” “Younq, James və X1rşı” işdə isə “alcaldıcı və təhqiredici hərəkətlərə" görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Lakin iş materillarından görünür ki, iddaçı iddiasını mənəvi ziyana dair hissədə sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın qismən təmin edilməsinə dair nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməsi barədə gəldiyi nəticə də Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən qanuni və əsaslıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və tətbiq etdiyi qanunvericilik normaları işin hallarına uyğun olmaqla qanuni və əsaslıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətində göstərilən dəlilləri ümimi ifadələr olduğu üçün formal mülahizələr kimi qiymətləndirir və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin həlli ücün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli və Abşeron Rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(012)-1455/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(012)-1455/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar