Məhkəmə qərarları › İş №2(105)-2348/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2348/2021

06.07.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2348/2021 06.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Musayev Elvin İsrafil oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər “xxxx” MMC-yə və “xxxx” ASC-yə qarşı mənzilin alqı-satqı müqaviləsinin ləğv edilməsi, maddi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron rayon məhkəməsinin 23 noyabr 2020-ci il tarixli, 2(012)-853/2020 saylı qərardadından iddiaçının nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron rayon məhkəməsinin 23 noyabr 2020-ci il tarixli qərardadı ilə (hakim C.Səfiyeva) İddiaçı cavabdehlər “xxxx” MMC-yə və “xxxx” ASC-yə qarşı iddia tələbinin “xxxx” ASC ilə bağlanmış 10 mart 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi hissəsi baxılmamış saxlanılması qət edilmişdir. İddiaçının nümayəndəsi Vəkil qərardaddan şikayət vermişdir. Abşeron rayon məhkəməsinin 05 may 2021-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə və “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı mənzilin alqı-satqı müqaviləsinin və ipoteka müqaviləsinin ləğv edilməsi, maddi zərərin ödənilməsinə dair iddia ilə məhkəməyə müraciət edərək onunla “xxxx” MMC arasında bağlanmış 07 mart 2015-ci il tarixli mənzilin alqı-satqısı müqaviləsinin, “xxxx” ASC ilə bağlanmış 10 mart 2015-ci il tarixli ipoteka müqaviləsinin ləğv edilməsi, “xxxx” MMC-dən dəymiş zərərin əvəzi olaraq 77750 manat pul vəsaitinin alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 28 saylı küçədə inşa edilən 5 saylı yaşayış binasında yerləşən 65.4 kv.metrdən ibarət 2 otaqlı 56 nömrəli mənzilə dair 07 mart 2015-ci il tarixli mənzilin alqısatqısı müqaviləsinin ləğv edilməsi, həmin mənzilə görə ödənilmiş 42510 manat məbləğində ödənilmiş pul, maddi ziyan olaraq 3896.75 manat, vəkil xərci 80 manat və dövlət rüsumuna görə 20 manat, cəmi 46 506.75 manat məbləğində pul “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən alınıb İddiaçı qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-852/2020 saylı, 23 noyabr 2020-ci il tarixli qərardadına əsasən İddiaçı cavabdehlər “xxxx” MMC-yə və “xxxx” ASC-yə qarşı iddia tələbinin “xxxx” ASC ilə bağlanmış 10 mart 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi hissəsi baxılmamış saxlanılmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçının nümayəndəsi Vəkil Abşeron rayon məhkəməsinin 23 noyabr 2020-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizəsinin sonunda əlavə edilən sənədlər siyahısında 8-ci sənəd-ipoteka müqaviləsinin ləğvi barədə təklif məktubunun surəti və 9-cu sənəd ipoteka müqaviləsinin ləğvi barədə təklif məktubunun catdırılması barədə qəbzin əsli olmuşdur. İddia ərizəsi məhkəməyə təqdim edildikdən sonra iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək iddia ərizəsində təminatlı kredit müqaviləsi əvəzində texniki səhv olaraq ipoteka müqaviləsinin qeyd edildiyi bildirilmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. və 397.2. maddələrinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini dinləyib, şikayətin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Abşeron rayon məhkəməsinin 23 noyabr 2020-ci il tarixli və 05 may 2021-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (Mülki Prosessual Məcəllənin 4.1. maddəsi). İşdən görünür ki, İddiaçı cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə və “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı mənzilin alqı-satqı müqaviləsinin və ipoteka müqaviləsinin ləğv edilməsi, maddi zərərin ödənilməsinə dair hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi iddia tələbinin iddiaçı ilə “xxxx” ASC ilə bağlanmış 10 mart 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi hissəsinə münasibətdə iddiaçı kredit müqaviləsinin ləğv üçün ilkin olaraq “xxxx” ASC-yə müraciət etməli olduğu halda etmədiyindən, lakin bu qaydanı tətbiq etmək imkanı isə itirilmədiyindən, iddia tələbinin “xxxx” ASC ilə bağlanmış 10 mart 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi hissəsi baxılmamış saxlanılması, kredit müqaviləsinin ləğvi üçün ilkin olaraq banka müraciət etmək hüququnun iddiaçıya izah olunması qərara alınmışdır. İddiaçının işin 21-ci səhifəsindəki banka yazılı təklifindən görünür ki, həmin təklifdə cavabdehə təminatlı kredit müqaviləsinin deyil, ipoteka müqaviləsinin ləğvi barədə məhkəməyə müraciət ediləcəyi göstərilmişdir. Təminatlı kredit müqaviləsinin əvəzinə texniki səhv olaraq ipoteka müqaviləsinin qeyd edildiyi barədə iddiaçının şikayətində göstərdiyi dəlilinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı 17.02.2020-ci il tarixdə müraciət etsə də, sonuncunun məhkəməyə ilkin müraciəti 21.01.2020-ci il tarixdə olmuşdur. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı işin məhkəmədən kənar (pretenziya) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə, və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə iddia ərizəsi baxılmamış saxlanılır. Göründüyü kimi prosessual qanunvericilik bunun üçün qayda müəyyən etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin məhkəmədən kənar (pretenziya) həll edilməsi qaydasına əməl olunmaması əsası ilə iddia ərizəsinin baxılmamış saxlanılmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1. maddəsinə əsasən apellyasiya məhkəməsi məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçının nümayəndəsi Vəkil şikayəti təmin edilməsin. Abşeron rayon məhkəməsinin 23 noyabr 2020-ci il tarixli və 05 may 2021-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar