Məhkəmə qərarları › İş №2(105)-2349/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2349/2021

06.07.2021 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2349/2021 06.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı nümayəndə və vəkili Vəkil, cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə və “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı mənzilin alqı-satqı müqaviləsinin və ipoteka müqaviləsinin ləğv edilməsi, maddi zərərin ödənilməsinə dair mülki iş üzrə iddia ərizəsinin baxılmamış saxlanmasına dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli, 2(012)-852/2020 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə və “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı mənzilin alqı-satqı müqaviləsinin və ipoteka müqaviləsinin ləğv edilməsi, maddi zərərin ödənilməsinə dair iddia ilə məhkəməyə müraciət edərək onunla “xxxx” MMC arasında bağlanmış 07 mart 2015-ci il tarixli mənzilin alqı-satqısı müqaviləsinin, “xxxx” ASC ilə bağlanmış 10 mart 2015-ci il tarixli ipoteka müqaviləsinin ləğv edilməsi, “xxxx” MMC-dən dəymiş zərərin əvəzi olaraq 77750 manat pul vəsaitinin alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək onunla “xxxx” MMC arasında bağlanmış 07 mart 2015-ci il tarixli mənzilin alqı-satqısı müqaviləsinin, “xxxx” ASC ilə bağlanmış 10 mart 2015-ci il tarixli təminatlı kredit müqaviləsinin ləğv edilməsi, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında yerləşən “xxxx” yaşayış massivindəki 28 saylı küçədə inşa edilən 5 saylı yaşayış binasında yerləşən 65.4 kv.metrdən ibarət 2 otaqlı 55 nömrəli mənzilin dəyəri olaraq ödənilmiş 42510 manat, kredit müqaviləsinə görə faiz olaraq ödənilmiş 5700 manat, kirayə haqqı olaraq ödənmiş 17400 manat, yeni mənzilin alınması üçün çəkilmiş xərc 12 000 manat, hüquqi yardım 110 manat, iddia ərizəsinə görə ödənilmiş 30 manat, ümumilikdə maddi zərər üçün 77 750 manat pulun “xxxx” MMC-dən alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək onunla “xxxx” MMC arasında bağlanmış 07 mart 2015-ci il tarixli mənzilin alqı-satqısı müqaviləsinin, “xxxx” ASC ilə bağlanmış 10 mart 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti, 167 ünvanında yerləşən “xxxx” yaşayış massivindəki 28 saylı küçədə inşa edilən 5 saylı yaşayış binasında yerləşən 65.4 kv.metrdən ibarət 2 otaqlı 55 nömrəli mənzilin dəyəri olaraq ödənilmiş 42510 manat, kredit müqaviləsinə görə faiz olaraq ödənilmiş 5700 manat, əldən çıxmış faydaya görə 23450 manat, yeni mənzilin alınması üçün çəkməli olduğu əlavə xərcə görə 3270 manat, hüquqi yardıma görə ödənilmiş 110 manat, iddia ərizəsinə görə ödənilmiş 30 manat, ümumilikdə maddi zərər üçün 75070 manat pulun “xxxx” MMC-dən alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonuncu dəfə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onunla “xxxx” MMC arasında bağlanmış 07 mart 2015-ci il tarixli mənzilin alqı-satqısı müqaviləsinin, “xxxx” ASC ilə bağlanmış 10 mart 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında yerləşən “xxxx” yaşayış massivindəki 28 saylı küçədə inşa edilən 5 saylı yaşayış binasında yerləşən 65.4 kv.metrdən ibarət 2 otaqlı 55 nömrəli mənzilin dəyəri olaraq ödənilmiş 42510 manat, kredit müqaviləsinə görə faiz olaraq ödənilmiş 18238.92 manat, əldən çıxmış faydaya görə 23450 manat, yeni mənzilin alınması üçün çəkməli olduğu əlavə xərcə görə 3270 manat, hüquqi yardıma görə ödənilmiş 110 manat, iddia ərizəsinə görə ödənilmiş 30 manat, ümumilikdə maddi zərər üçün 87 608.92 manat pulun “xxxx” MMC-dən alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında yerləşən “xxxx” yaşayış massivindəki 28 saylı küçədə inşa edilən 5 saylı yaşayış binasında yerləşən 65.4 kv.metrdən ibarət 2 otaqlı 55 nömrəli mənzilə dair 07 mart 2015-ci il tarixli mənzilin alqısatqısı müqaviləsinin ləğv edilməsi,həmin mənzilə görə ödənilmiş 42510 manat məbləğində ödənilmiş pul,maddi ziyan olaraq 3896.75 manat, vəkil xərci 80 manat və dövlət rüsumuna görə 20 manat, cəmi 46 506.75 manat məbləğində pul “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən alınıb İddiaçı qaytarılması,iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Eyni zamanda, Abşeron Rayon Məhkəməsinin 2(012)-852/2020 saylı, 23 noyabr 2020-ci il tarixli qərardadına əsasən İddiaçı cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə və “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı, iddia tələbinin “xxxx” ASC ilə bağlanmış 10 mart 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi hissəsi baxılmamış saxlanılmışdır. Bundan sonra, iddiaçının vəkili-nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək Abşeron Rayon Məhkəməsinin 2(012)-852/2020 saylı, 23 noyabr 2020-ci il tarixli qərardadının ləğv edilərək, iddia tələbinin həmin hissədə təzələnməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ipoteka müqaviləsinin ləğvi barədə banka müraciət olunmuşdur. Abşeron Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçının vəkili və nümayəndəsi və cavabdeh “xxxx” MMC tərəfindən apelyasiya şikayəti verilmişdir. Abşeron Rayon Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli qərardadı ilə ərizə geri qaytarılmış, bundan sonra iddiaçının vəkili-nümayəndəsi yenidən ərizə ilə məhkəməyə müraciət edərək məhkəmənin 27 yanvar 2021-ci il tarixli qərardadının ləğv edilməsini və iddia tələbinin baxılmamış saxlanması barədə hissəsində təzələnməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir.Onun bu ərizəsi təkrarən verildiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi hüququ ona məktubla izah edilmişdir. İş üzrə tərəflərin apelyasiya şikayətinə apelyasiyası instansiyasında baxılarkən iş üzrə Abşeron Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə MPM-nin 269-cu maddəsinə əsasən baxılması üçün işin apelyasiya baxışından çıxarılıb birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-852/2020 saylı, 27 yanvar 2021-ci il tarixli qərardadından iddiaçının vəkili-nümayəndəsi Vəkil tərəfindən verilən ərizə- şikayətni təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 2(012)-852/2020 saylı, 27 yanvar 2021-ci il tarixli qərardadının ləğv edilməsi, iddiaçının vəkili-nümayəndəsi Vəkil Abşeron Rayon Məhkəməsinin 2(012)- 852/2020 saylı, 23 noyabr 2020-ci il tarixli qərardadının ləğvi barədə ərizəsi-şikayətin təmin edilməməsi, ,ərizə- şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndə və vəkili Vəkil şikayəti müdafiə edərək göstərdi ki, Abşeron Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli, 2(012)-852/2020 saylı qərardadına əsasən, İddiaçı cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə və “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia tələbinin “xxxx” ASC ilə bağlanmış 10 mart 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi hissəsi baxılmamış saxlanılmışdır. Qərardadın qəbul edilməsinin hüquqi əsası kimi göstərilmişdir ki, iddiaçı iddia ərizəsində digər tələblərlə yanaşı ipoteka müqaviləsinin ləğvini də tələb etmiş, lakin iddia tələbinin dəqiqləşdirilməsi barədə sonrakı ərizələrində isə ipoteka müqaviləsinin deyil, yalnız kredit müqaviləsinin ləğvini məhkəmədən xahiş etmişdir. Həmçinin qeyd edilmişdir ki, “xxxx” ASC ilə bağlanmış 10 mart 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi ilə bağlı ilkin olaraq banka müraciət edilməmişdir və bu barədə iş materiallarında hər hansı sənəd mövcud deyildir. Bu səbəbdən də məhkəmə qeyd etmişdir ki, ərizə geri qaytarılmalıdır. İddiaçı tərəfindən qərardaddan şikayət verilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)- 852/2020 saylı, 27.01.2021-ci il tarixli qərardadına əsasən Abşeron Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli, 2(012)-852/2020 saylı qərardadının ləğv edilməsinə dair tərəfindən verilmiş ərizə geri qaytarılmışdır. İddiaçı tərəfindən təkrarən şikayət göndərilmişdir. Abşeron Rayon Məhkəməsinin 09.03.2021-ci il tarixli göndərilmiş məktubla Prosessual qanunvericiliyin tələbləri kobud surətdə pozularaq ümumi iddia icraatı qaydasında yenidən həmin tələblə məhkəməyə müraciət etmək hüququ olduğu izah edilmişdir. Məhkəmə tərəfindən hansı maraqla “xxxx” ASC-nin hüquqlarının müdafiəsinin üzərinə götürüldüyü aydın deyildir. Digər tərəfdən 2(012)-852 saylı və 2(012)-853 saylı mülki iş üzrə qərardaddan şikayət üzrə cavab məktubları bir zərfdə göndərilmişdir. Qeyd olunanlara əsasən şikayətin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli, 2(012)-852/2020 saylı qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 şikayəti qəbul etmədən onun təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli, 2(012)-852/2020 saylı qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən qeyd edilən nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apelyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, şikayəti araşdırıb, hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Barəsində şikayət verilən qərardaddan görünür ki, iddiaçının tələbinin iddiaçı ilə “xxxx” ASC ilə bağlanmış 10 mart 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi iddiaçı kredit müqaviləsinin ləğv üçün ilkin olaraq “xxxx” ASC-yə müraciət etməli olduğu halda etməmişdir,lakin bu qaydanı tətbiq etmək imkanı isə itirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1 maddəsinə görə məhkəməyə müraciət etmiş iddiaçı işin məhkəmədən kənar (pretenziya) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə, və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə iddia ərizəsi baxılmamış saxlanılır. Hazırki işdən də görünür ki, iddiaçı “xxxx” ASC ilə bağlanmış 10 mart 2015-ci il tarixli kredit müqaviləsinin ləğv üçün ilkin olaraq “xxxx” ASC-yə müraciət etməli olsa da, müraciət etməmiş, müraciət etməsinə dair hər hansı sübutu təqdim etməmişdir. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini araşdırıb belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini formal mülahizələr kimi qəbul edərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qanuni və əsaslı qərardadının ləğvi üçün əsas sayıla bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəradadı prosessual hüquq normalarının tələblərinə uyğundur və onun ləğvi üçün heç bir əsas yoxdur. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli, 2(012)-852/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 264, 398.0.1, 400 və 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Abşeron Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli, 2(012)-852/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. İddiaçı şikayəti təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar