Məhkəmə qərarları › İş №2(105)-2350/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2350/2021

02.08.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2350/2021 02.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X6 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçı: İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı əmək haqqının, son haqq-hesabın və zəzərin tutulub alınması tələbinə dair ilk, "xxxx" MMC-nin İddiaçı qarşı ziyan barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim S.A.Səmədzadə) ilk iddia ərizəsinin qismən təmin edilməsi, ilk iddia üzrə cavabdeh "xxxx" MMC-dən 1250 manat məbləğində əmək haqqı və 30 manat məbləğində dövlət rüsumunun alınaraq ilk iddia üzrə İddiaçı ödənilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-dən 1250 manat məbləğində əmək haqqının, 3000 (üç min) manat məbləğində zərərin və 30 manat məbləğində dövlət rüsumunun alınıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC-nin 02 aprel 2020cı il tarixli Əmək Müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişinə, həmçinin müəssisənin direktoru X2 əmrinə əsasən aylıq əmək haqqı 250 (iki yüz əlli) manat olmaqla "xxxx" MMC-ə suvarma üzrə fəhlə işinə qəbul olunmuşdur. Müəsisənin 01 sentyabr 2020ci il tarixli əmri ilə (X2) əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a’ bəndinə əsasən xitam verilmişdir. Belə ki, cavabdeh "xxxx" MMC (direktor X4) ilə əmək müqaviləsi bağlanldığı andan işlədiyi bütün vaxtı ona çatacaq əmək haqqını ödəməkdən yayınmış və nəticə olaraq öz ərizəsi ilə əmək müqaviləsinə xitam verilmişdir. Lakin buna baxmayaraq cavabdeh MMC-nin direktoru bu günə kimi ona çatası əmək haqqını və son haqq-hesabı ödəməmişdir. Bununla bağlı ərizə ilə AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Quba regional şöbəsinə ərizə ilə müraciət etmişdir. Regional şöbənin 11.11.2020-ci il tarixli **********6 saylı **********6 nömrəli 17 dekabr 2020-ci il tarixli arayışından müəyyən olunur ki, həqiqətən cavabdeh MMC-nin direktoru onun əmək haqqını və son haqq-hesabını ödəməmiş və AR Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-hissəsini və 172-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozması səbəbindən cavabdeh barəsində AR İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən 20 noyabr 2020-ci il tarixli, M ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin arayışdan müəyyən olunur ki, cavabdeh MMC-nin direktoruna ona çatacaq əmək haqqı və son haqq-hesabın hesablanaraq ödənilməsi barədə göstəriş xarakterli məktub da göndərilmişdir. Lakin cavabdeh MMC-nin direktoru müxtəlif bahanələrlə ona çatacaq əmək haqqı və son haqqhesab hesablanaraq ödənilməsini qəsdən təmin etmir. Bundan əlavə, cavabdehin öhdəliyi lazımınca icra etməməsi səbəbindən ona keçən müddətdə zərər vurmuşdur. Belə ki, borclu əmək haqqını ödəməməsi səbəbindən ona həmin pula istifadəsində olan 1.0 hektar əkin sahəsində yonca toxumu və sair məhsulları almaq üçün maddi imkanı olmamış növbəti il üçün alacağı məhsuldan əldə edəcəyi gəlirdən məhrum edərək zərər vurmuşdur, yəni növbəti il yuxarıda qeyd edilən yonca məhsulunun satıb əldə edəcəyi qazancdan məhrum etmişdir. Adi hesablamaya əsasən keçən il bir bağlama yonca 3-4 manat civarında olmuş və cavabdeh bir hektardan alacağı ən aşağı 1000 ədəd yonca bağlamanın satıb əldə edəcəyi (1000 X 3 manat) = 3000 (üç min) manat məbləğində vurduğu zərər cavabdehdən alınıb verilməlisini xahiş etmişdir. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəmə müraciət edərək ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 2050 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı "xxxx" MMC-nin direktoru kimi ona qarşı “əmək haqqının, son haqq-hesabının və zərərin tutulub alınması” tələbinə dair iddia qaldıraraq ondan 1250 manat əmək haqqının, 3000 manat məbləğində zərərin və 30 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsindən də göründüyü kimi İddiaçı "xxxx" MMC-də 02.04.2020-ci il tarixdən 01.09.2020-ci il tarixədək suvarma üzrə aylıq əmək haqqı 250 manat olmaqla fəhlə işləmiş, öz ərizəsinə əsasən işdən azad olunmuşdur. Cavabdeh F.B,Bayraqdarov "xxxx" MMC-də suvarma üzrə fəhlə işlədiyi dövrdə istifadəsində olan aşağıda adları göstərilən əmlakları özbaşına olaraq aparmaqla şirkətə maddi ziyan vurmuşdur. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İlk iddia üzrə cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı özü şəxsən xahiş etmişdir ki, ona çatacaq aylıq 250 manat əmək haqqını şəxsən özünə verək, kartına otuzdurmayaraq. Razılaşmaya əsasən onun işlədiyi dövr üçün yəni 02 aprel 2020-ci il tarixdən 01 sentyabr 2020-ci il tarixədək hər ay 250 manat pulu almışdır. Məhkəmə iclasında iddiaçı dəfələrlə bildirdi ki, maddi imkanı çətindir, himayəsində uşaqları var, aylıq 250 manat onun üçün böyük məbləğdir və s., belə halda guya qarşılıqlı iddia ərizəsində tələb etdiyi 2050 manat dəyərində predmetlərin öz vəsaiti hesabına alması barədə iddiaçının göstərdikləri tamamilə əsassız hesab edilməlidir. Qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təstiq edilməli olan işin halları başqa sübutlarla təstiq oluna bilməz. Xaçmaz Rayon Məhkəməsinin bu iş üzrə çıxardığı 20 aprel 2021-ci il tarixli 2(067)-973/2021 saylı qətnaməsini təmin olunmuş hissədə ləğv edərək İddiaçı həmin hissədə də iddiasının təmin edilməməsi, "xxxx" MMC-nin qarşılıqlı iddiasının təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İlk iddia üzrə İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və apellyasiya şikayətinin təmin olunmamasını məhkəmədən xahiş etdi. İlk iddia üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə yaxud məhkəmə tərəfin icraatı qəsdən yubatdırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə ilk iddia ərizəsini qismən təmin edərək, qarşılıqlı iddia tələbini təmin etməyərkən, cavabdeh tərəfindən iddiaçıya çatası haqq-hesabın verilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğun olmuşdur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə cavabdeh A.T.Şahmurad oğlunun apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. Belə ki, iş materiallarınada olan “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi”ndən görünür ki, İddiaçı 02.04.2020-ci il tarixdə "xxxx" MMC-də suvarma üzrə fəhlə vəzifəsinə təyin olunub. Aylıq əmək haqqının məbləği 250 manat təşkil edir. İşdə olan İnzibati tənbeh vermə haqqında MN № ******* saylı Qərarın surətindən görünür ki, "xxxx" MMC-nin direktoru A.T.Şahmurad oğlu Azərbaycan Respublikası İXMnin 192.4-cü maddəsinə əsasən 700 (yeddi yüz) manat məbləğində cərimə olunmuşdur. İlk iddia üzrə İddiaçı tərəfindən məhkəməyə təqdim olunan və iş materiallarına əlavə edilən ******* saylı 02.04.2020-ci il tarixli qaimə fakturadan görünür ki, 738 manat 50 qəpik məbləğində suvarma işlərini görmək üçün müxtəlif növ əşyalar alınmışdır. İlk iddia üzrə İddiaçı tərəfindən məhkəməyə təqdim olunan və iş materiallarına əlavə edilən ******* saylı 03.04.2020-ci il tarixli qaimə fakturadan görünür ki, 523 manat məbləğində suvarma işlərini görmək üçün müxtəlif növ əşyalar alınmışdır. İş materiallarında olan 3 saylı Ərazi Vergi İdarəsi tərəfindən verilmiş hüquqi şəxslərin reyestrin **********287300 nömrəli çıxarışdan görünür ki, "xxxx" MMC 11.02.2020-ci ildə dövlət qeydiyyatına alınmış, Dövlət qeydiyyat nömrəsi (VÖEN) **********-dir, təşkilatihüquqi forması Məhdud Məsuliyyətli Cəmiyyətdir, Hüquqi ünvanı AZ2731, Xaçmaz rayonu, X9, qanuni təmsilçisi A.T.Şahmurad oğludur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 2-ci hissəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 83-cü maddəsinin 2-ci hissəsinə görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə kollegiyası cavabdehin iş üzrə ödənişlərin iddiaçının maddi vəziyyətinin agır olması ilə nəgd şəkildə ödənilməsi barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, iş materiallarından və tərəflərin verdikləri izahatlardan məlum olur ki, həqiqətən də, ilk iddia üzrə İddiaçı 02.04.2020-ci il tarixdən etibarən "xxxx" MMC-də suvarma işləri üzrə fəhlə qismində işə başlasa da, ona rəsmi əmək haqqı kartı verilməmişdir və aylıq əmək haqqı ödənilməmişdir. İddiaçı "xxxx" MMC-dən işdən azad olunduqdan sonra, onunla son haqq-hesab aparılmamış və qanunla müəyyən edilmiş pul məbləği ödənilməmişdir. İş materiallarında olan 27541 saylı qəbzdən görünür ki, İddiaçı məhkəmə xərcləri ilə bağlı 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Lakin, ilk iddia üzrə İddiaçı ilk iddia üzrə cavabdeh "xxxx" MMC-dən tələb etdiyi 3000 manat məbləğində zərərin ödənilməsinə əsas ola biləcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin İddiaçı 2050 manat pulun alınaraq ona ödənilməsi tələbinə dair məhkəmə mötəbər sübutlar təqdim etməmişdir. Qarşılıqlı iddia ərizəsində qeyd olunan əşyaların həqiqətən də, MMC-nin hesabına alınması və MMC-nin balansında olmasını təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir Ona görə də, hazırki mübahisə üzrə mərhum nənəsindən və xalasından miras qalmış miras əmlakı qəbul etməsini sübutetmə yükü ərizəçinin üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İlk iddia üzrə cavabdeh X3 apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin bu iş üzrə 20 aprel 2021-ci il tarixli 2(067)-973/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar