Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2373/2020 21.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, İddiaçının vəkili: X10, Cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim A.M.Süleymanova) iddianın qismən təmin edilməsi, Cavabdeh bir ədəd xəz (şuba) dərinin, həmin əmlakı naturada qaytarmaq mümkün olmadıqda onun dəyəri olaraq 1800 manat pulun və dövlət rüsumunun əvəzi olaraq 30 manatın alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək dəyəri 1800 manat olan şubanın və ya onun dəyəri olan 1800 manat pulun, birgə nikah dövründə alınmış ** DG *** Pikar markalı avtomobilinin dəyərinin yarısını, yəni 11.000 manatın, cəmi 12.800 manat pulun ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehlə xx xxxxxxx 2013-cü il tarixdə nikah bağlayaraq ailə qurmuşdur. Aralarında bağlanmış nikah Sumqayıt şəhər Qeydiyyat şöbəsində xx xxxxxxxx 2018-ci il tarixdə 300466 saylı qeydiyyat şəhadətnaməsi ilə ləğv olunmuşdur. Lakin onun əmlakı olan, dəyəri 1800 manat təşkil edən qara rəngli, qolları və boynu qəhvəyi, dizdən olan şuba cavabdehdə qalmışdır. Onların birgə nikahları dövründə alınmış **-DG-*** dövlət qeydiyyat nömrəli, “PİKAP” markalı avtomobilin dəyəri 22000 manatdır, avtomobilin dəyərinin 50 faizi, yəni 11000 manat ona ödənilməlidir. Beləliklə, həmin əmlakların dəyəri 12800 manatdır. Dəfələrlə tələb etsə də, cavabdeh qeyd edilən əmlakları ona qaytarmır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, məhkəmə qətnaməsini iddia tələbinin təmin olunmamasına dair hissədə qanunsuz və əsassız hesab edir. Cavabdeh onun keçmiş həyat yoldaşıdır. O, cavabdehlə xx.xx.2013-cü il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuş, birgə nikahlarından xx.xx.2014-cü il tarixdə X8 və xx.xx.2017-ci il tarixdə X9 anadan olmuşlar. Birgə nikah dövründə cavabdeh ona 1800 manat dəyərində xəz dəri (şuba) hədiyyə almışdır. Həmçinin, cavabdehlə birgə nikahları dövründə, yəni 2017-ci ildə **-DG-*** dövlət qeydiyyat nişanlı, “Mıtsubıshı L200” markalı avtomaşın alınmışdır. Həmin avtomaşını 17.000 manata almışlar. Avtomaşının alınması üçün 10.000 manat məbləğində pul cavabdehin əmək haqqı və digər gəlirləri hesabına, yerdə qalan 5000 manat məbləğində pul isə onun oynadığı lotereya hesabına ödənilmişdir. Həmçinin, o, müəllimə işləyərək aldığı 300 manat məbləğində əmək haqqını evin məsrəflərinin ödənilməsinə sərf etmişdir. Daha sonra ona məlum olmuşdur ki, cavabdeh avtomaşını atasının adına sənədləşdirmiş, sonra isə satmışdır. Belə ki, “elan” bölməsində Cavabdeh avtomaşını 22.000 manata satışa qoyduğunu görmüşdür. Həmin 22000 manatın yarısı olaraq 11.000 manat məbləğində pulu cavabdehdən tələb etmişdir. Məhkəmə iclasında iddia tələbinin əsası kimi istinad etdiyi halları tam sübuta yetirsə də, məhkəmə onun iddia tələbini qismən təmin etmişdir. Halbuki, cavabdeh tərəf tamamilə əsassız arqumentlər gətirərək, guya avtomaşının dəyərinin 5000 manatını onun lotereya oynayaraq ödədiyinin doğru olmadığını, avtomaşının dəyərinin tamamilə atası ödəməklə etibarnamə üzrə aldığını, daha sonra öz adına sənədləşdirə bilmədiyi üçün formal olaraq cavabdehin adına qeydiyyata alındığını, lakin avtomaşının həmişə atasının istifadəsində olduğunu və sonra isə atası tərəfindən satıldığını iddia etsə də, bu xüsusatları təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Cavabdehdən fərqli olaraq o, öz iddia tələbinin əsası kimi istinad etdiyi halları tam sübuta yetirmişdir. Onların nikahı xx.xx.2018ci ildə pozulmuşdur. Avtomobil isə xx.xx.2017-ci ildə cavabdehin adına qeydə alınmışdır. Cavabdehin guya həmin avtomobili atasının etibarnamə ilə alması və bu səbəbdən öz adına keçirə bilmədiyi üçün onun adına keçirməsi barədə göstərdikləri doğru deyildir. Əgər avtomobil həqiqətən cavabdehin atası tərəfindən alınmış olsaydı, gələcəkdə atası həmin avtomobili öz adına keçirə bilməsi üçün etibarnaməni oğlu Cavabdeh adına alardı. Etibarnamə əsasında verilmiş əmlakı etibar edilmiş şəxs öz adına keçirə bilməz. xx.xx.2018-ci ildə cavabdehin avtomobili atasının adına keçirməsindən onun xəbəri olmamış və ola da bilməzdi. Çünki həmin vaxtda avtomobil cavabdehin özü tərəfindən idarə olunurdu. Həmin vaxtda ailə münasibətləri artıq pozulmağa doğru gedirdi və gec-tez boşanacaqları labüd idi. Ona görə də cavabdeh atası ilə əlbir olub tez avtomobili öz adından çıxarıb atasının adına keçirmişdir. Onlar boşandıqdan sonra, xx.xx.2019-cu il tarixdə avtomobil cavabdehin atası tərəfindən başqa şəxsə satılmışdır. Məhkəmə avtomobilin ümumi gəlirlər hesabına alınmaması barədə gəldiyi əsassız nəticəni hüquqi cəhətdən rəsmiləşdirmək istəyərkən maddi hüquq normalarını yarımçıq tətbiq etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(060)-4243/2019 saylı qətnaməsini iddia tələbinin təmin olunmamasına dair hissədə ləğv edərək, həmin hissədə iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı vəkili A.E.Qasımlı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin izahatını və vəkilin çıxışını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi qismən ləğv olunmalı, apellyasiya şikayəti isə qismən təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərkən, iddiaçı tərəfindən tələb olunan avtomobilin yarı pulunun birgə nikah dövründə əldə edilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin avtomobil hissəsində gəldiyi bu nəticə qanuni və əsaslı olmamaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7085/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşağın himayəyə verilməsi, aliment və maddi yardım tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında Sumqayıt şəhər Qeydiyyat şəbəsində xx.xx.2013-cü il tarixdə bağlanmış, 1726 nömrə ilə qeydə alınmış nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü G.Cavabdehnın və xx.xx.2017-ci il təvəllüdlü B.Cavabdehnın yetkinlik yaşına çatana qədər anası İddiaçı yanında qalmaları, xx.xx.2014-cü il təvəllüdlü G.Cavabdehnın və xx.xx.2017-ci il təvəllüdlü B.Cavabdehnın saxlanılması üçün Cavabdeh əmək haqqının 1/3 hissəsi miqdarında alimentin və xx.xx.2017-ci il təvəllüdlü B.Cavabdehnın 3 yaşına çatanadək 50 manat miqdarında maddi yardımın tutularaq İddiaçı verilməsi, alimentin tutulmasının əvvəlinin xx.xx.2018-ci il tarixdən hesablanması, qətnamənin aliment tələbinə aid hissəsinin dərhal icra edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşdə olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikahın pozulması xx.xx.2018-ci il tarixdə Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 287 sayla qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “MİTSUBİSHİ L200” markalı, 50-DG098 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi xx xxxx 2013-cü il tarixdən X6 olmuş, onun tərəfindən xx xxxxxx 2016-cı il tarixdə X2 etibarnamə verilmiş, B.A.Nurmammədov da etibar edilmiş etibaretmə qaydasında cavabdeh atası X7 xx xxxxxx 2017-ci il tarixdə Sabirabad «ASAN xidmət» mərkəzində Notariat Kontorunda təstiq edilmiş etibarnamə verilmişdir. Həmin etibarnamə əsasında da E.Cavabdeh xx xxxxxx 2017-ci il tarixdə “MİTSUBİSHİ L200” markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobili alqı-satqı müqaviləsi ilə oğlu olan Cavabdeh, xx xxxxxx 2018-ci il tarixli alqısatqı müqaviləsi ilə Cavabdeh avtomoili atası E.Cavabdeh, xx xxxxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsi ilə E.Cavabdeh avtomobili X1 və hazırda X.B.Bayramquliyevin mülkiyyətindədir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu hissədə gəldiyi nəticə ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2-ci maddəsinə görə ər-arvadın ümumi birgə mülkiyyətinəonların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ərarvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Azərbaycan Respublikası MM-nin 225.1-ci maddəsinə əsasən ərlə-ərvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Birinci instansiya məhkəməsi iddianı bu hissədə təmin etmədikdə, qeyd etmişdir ki, mübahisəli predmeti olan avtomobil tərəflərin birgə nikahı dövründə alınsa da, tərəflərin ümumi gəlirləri hesabına alınmamış və həmçinin, məhkəmə bu qənaətə gəlmişdir ki, avtomaşın tərəflərin birgə nikah dövründə özgəninkiləşdirilmiş, iddiaçı bundan xəbərdar olsa da həmin vaxt alqı-satqı müqaviləsini mübahisələndirməmişdir. İş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, tərəflər xx.xx.2013-cü il tarixdə nikahlarını bağlamışlar, onların arasında olan nikah Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7085/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Məhkəmə kollegiyası onu qeyd edir ki, iddiaçı nikah dövründə ev təsərrüfatı və uşaqlara qulluqla məşğul olduğuna görə, birgə gəlir hesabına alınmamış hər hansı bir əmlaka iddiaçının hüququ tanınmalıdır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2012-ci il tarixli qərarına görə Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ərarvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir:1) əmlakın ər-arvadın nikah müddətində əldə olunması; 2) əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası iddiaçının satılmış avtomobilinin dəyərinin 50%, yəni 11.000 manatın yarısını ona ödənilməsi barədə iddia irəli sürmüşdür. Məhkəmə kollegiyası bu hissədə iddianın qismən təmin edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, işdə olan nəqliyyat vasitəsinin xx xxxxxx 2018-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh özünə məxsus “MİTSUBİSHİ L200” markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobili 17.000 (on yeddi min) manata E.Cavabdeh satmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin Məcəllənin 107-ci maddəsində göstərilir ki. məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi avtomobilin dəyərinin 50% hissəsində tələbi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olmadığından və işdə, iş üzrə məhkəmə qətnaməsinin həmin hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olduğundan, iş üzrə məhkəmə qətnaməsi həmin hissədə ləğv edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə xx xxxx 2019-cu il tarixli 2(060)-4243/2019 saylı qətnaməsi iddia tələbinin təmin olunmamasına dair hissədə ləğv edilsin. İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə alınmış avtomobilinin dəyərinin 50% ona ödənilməsi barədə iddia qismən təmin edilsin. Cavabdeh 8.500 (səkkiz min beş yüz) manat alınıb İddiaçı verilsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verioldiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-2373/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2373/2020
21.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver