Məhkəmə qərarları › İş №2(105)-238/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-238/2024

15.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-238/2024 15.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh və üçüncü şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı mülki iş üzrə (Açar sözlər: aliment borcunun silinməsi) X11 Süleymanovanın sədrliyi və məruzəsi, X12 Məmmədov və X6 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçı və nümayəndəsi və vəkili Vəkil, Cavabdeh, Üçüncü şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X8 iştirakları ilə, İddiaçı Cavabdeh və üçüncü şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı “aliment borcunun silinməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli 2(060)-4271/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən ona əsassız olaraq hesablanmış 8400 manat aliment borcunun ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə xx.xx.2008-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Rəsmi nikahdan iki uşaqları vardır. Cavabdehlə müəyyən narazılıqlar yarandığına görə, cavabdeh məhkəməyə müraciət etmiş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən ondan 2 uşağın saxlanması üçün hər 300 manat tutularaq cavabdehə verilməsi qət edilmişdir. Bu qətnamə mövcud olsa da, cavabdeh bu qətnamənin icrasını tələb etməmiş, yenidən barışaraq bir ailə kimi yaşamağa davam etmişlər. Bu müddət ərzində, nəinki uşaqların, həttta cavadehin də saxlanması onun üzərində olmuş, bir ailə kimi mehriban yaşayaraq birgə təsrrüfat idarə etmişlər. Hətta Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah qeydi ləğv edilsə də, yenə də bir yerdə yaşamağa davam etmişlər, yenidən nikahlarını rəsmiləşdirməsələr də, cavabdehin öz iştirakı ilə kəbin kəsdirmişlər (həmin kəbin kağızının əsli cavabdehdədir). Bu müddət ərzində tam mehribançılıq üçün hətta atasının mülkiyyətində olub, etibarnamə ilə onun istifadəsində olan avtomaşını da cavabdehin adına keçirmişdir. Bu müddət ərzində valideynləri onlar üçün əlavə tikdikləri Zeynalabdin qəsəbəsi, Ə.Vahid keçəsi, ev 4V ünvanda yerləşən evdə yaşamışlar. Son zaman münasibətlər yenidən pisləşmiş və bu zaman onlar yenidən ayrılmışlar. Bundan sonra cavabdeh qüvvədə olan məhkəmə qətnaməsini əsas gətirərək icra idarəsinə gəlib guya 3 il ərzində onun aliment ödəmədiyini bildirərək həmin dövrlər üçün aliment tələb etməyə başlamışdır. İcra məmuru onu icra idarəsinə dəvət edəndə o, bütün olanlar barədə yazılı izahat vermiş, sənədləri təqdim edib və bildirmişdir ki, bu dövrdə onlar bir ailə kimi yaşamışlar və o, həm uşaqların, həm də cavabdehin bütün tələbatlarını ödəmişdir. Lakin buna baxmayaraq icra məmuru ona xəbərdarlıq edərək həmin müddət üçün 8400 manat aliment borcu olduğunu bildirmiş və bu barədə rəsmi xəbərdarlığı təqdim etmişdir. O, həmin borcun ondan tutulmasının dayandırılmasını xahiş etsə də, icra məmuru bunu etməmiş və borcu onun əmək haqqısına yönəltmiş, hazırda həmin borc 70 faiz miqdarında olmaqla onun əmək haqqından tutulur. Bu isə onun hüquqlarını pozur, bu illər ərzində uşaqların təminatlarını təmin etdiyi halda, yenidən həmin dövr üçün məbləğlər ondan ikinci dəfə tutulur. Bu isə qanunsuzdur. Həmin təyin edilmiş aliment cavabdehə görə deyil, iki uşağın saxlanması üçün təyin edilmişdir. O, da bu dövr ərzində uşaqların bütün tələbatlarını təmin etmiş, cavabdehlə bir ailədə yaşamışlar, hətta cavabdehin də maddi tələbatlarını qarşılamışdır. Əgər o, cavabdehlə bir ailədə yaşayıb birgə təsərrüfat idarə etməsəydi, uşaqların maddi tələbatlarını ödəməsəydi, cavabdeh bu illər ərzində çoxdan icra məmurundan alimentini tələb edərdi və onun barəsində tədbir görülərdi. Lakin bu müddət ərzində cavabdeh bir dəfə də olsun aliment barədə icra məmuruna müraciət etməyib və aliment tələb etməyib. Bu hallar da sübut edir ki, o, uşaqların saxlanması üçün bütün xərcləri qarşılamışdır. Bu aliment də məhz uşaqların saxlanması üçün ondan alınmalıdırsa, o, bu məbləği, hətta ondan artığını ödəmişdir. Bu halda cavabdehin həmin məbləği ikinci dəfə ondan tələb etməsi əsassızdır və bu aliment borcu göstərilən hallara əsasən silinməlidir.

3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.

4. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X7 bildirmişdir ki, iddiaçı onun oğlu, cavabdeh keçmiş gəlini olub. Tərəflər boşansalarda, sonradan bir yerdə yaşamışdılar. Onlar nikahları pozulduqdan sonra iki il bir yerdə yaşamışdırlar. O, oğluna dəfələrlə aralarında barışıq olmasına baxmayaraq yaranmış aliment borcunu ödəməsini bildirmişdir. Bir müddət sonra cavabdeh iddiaçı barəsində yaranmış aliment borcuna görə polisə müraciət etmişdir. İddiaçı cavabdehlə yaşadığı iki il ərzində uşaqların və cavabdehin maddi və mənəvi təminatını ödəmişdır. Eyni zamanda atasına məxsus maşını iddiaçı cavabdehə bağışlamışdır.

5. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-801/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilərək, xx.xx.2019-cu il tarixdən hesablanmaqla xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdeh İddiaçı hər ay hər uşağa görə 150 manat olmaqla ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir.

6. Sumqayıt Şəhər Məhkəməsi 2(060)-6629/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2008-ci il tarixdə Sumqayıt şəhər Qeydiyyat şöbəsində 1096 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması və xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X3 iddiaçı Cavabdeh ilə qalması qət edilmişdir.

7. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, onun aliment borcu aprel ayı daxil olmaqla 8400 manat təşkil edir və könüllü icra üçün müəyyən olunmuş vaxtda icra olunmadığından qanunamüvafiq qaydada barəsində məcburi icra tədbirləri tətbiq olunacaqdır.

8. Cavabdeh 2-ci polis bölməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsinin surətindən görünür ki, hazırda yaşadığı ev qaynatası X2 məxsusdur. Zakir Mahmudov onu evdən çıxartmayacağı təqdirdə, nəvəsi, oğlu və keçmiş əri İddiaçı ona olan 7800 (yeddi min səkkiz yüz) manat aliment borcunu istəmir. Sərvərin onun yaşadığı evdən çıxması şərti ilə ondan 2023-cü ilin yanvar ayının 1-dən dövlətin uşağa kəsdiyi 300 (üç yüz) manat pulunu ödəməsini tələb edir. Sərvər yenədə onunla yaşamaq üçün evinə gəlsə ondan əvvəlki aliment borcunu da tələb edəcəkdir. Hal-hazırda onun keçmiş əri Sərvərə qarşı heç bir şikayət, iddia və maddi tələbi yoxdur. Odur ki, xx.xx.2023-cü il tarixdə 102 qaynar xəttinə etdiyi müraciət əsasında aparılan araşdırmanın dayandırılmasını xahiş etmişdir.

9. Cinayət işinin başlanmasının rədd edilməsi barədə 11 aprel 2023-cü il tarixli qərarın məzmunundan görünür ki, ərizəçi Cavabdeh şikayəti ərizəsi üzrə araşdırma aparılmış. Şikayətçi ərizəsində və verdiyi izahatında keçmiş əri İddiaçıla birlikdə yaşadığını, xx.xx.2023-cü il tarixə Sərvərlə aralarında olan mübahisə zamanı sonuncunun onu hədələdiyini göstərmişdir.

10. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı və Cavabdeh Sumqayıt 1 saylı Mediasiya Təşkilatının mediatoru X5 xx.xx.2023-cü il tarixində, 10:00 saatında təşkil etdiyi ilkin mediasiya sessiyasında iştirak etmişlər. Lakin, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etmədilər.

11. İddiaçı ilkin mediasiya sesiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

12. Sumqayıt Şəhər Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli 2(060)- 4271/2023 nömrəli qətnaməsi ilə (hakim Gülnarə Tağızadə) iddianın təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən İddiaçı əsassız olaraq hesablanmış 8400 (səkkiz min dörd yüz) manat aliment borcunun ləğv edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumu və mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş rüsumun İddiaçı özünə aid edilməsi qət edilmişdir.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsi, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 56.1, 107.1, 107.2-ci maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 220.5, 80, 106.1, 216-220 və 360-cı maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayəti və onun dəlilləri

14. Sumqayıt Şəhər Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli 2(060)- 4271/2023 nömrəli qətnaməsi ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının ona 8400 manat aliment borcu vardır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, guya bu illər ərzində onunla birgə təsərrüfat idarə etdiyini, uşaqların bütün maddi tələbatlarını ödədiyini əsas gətirərək həmin aliment borcunun silinməsini xahiş etmişdir. Məhkəmə də bu iddianı təmin etmişdir. Bu zaman məhkəmə onun iddiaçı ilə bir evdə yaşamasını onun birgə təsərrüfat idarə etməsi kimi qiymətləndirmiş və bununla da maddi və prosesual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, bir mənzildə yaşamaq hələ birgə təsrrüfat idarə etmək deyil. Bu gün bir çox ailələr digər yaşayış yerləri olmadığı üçün bir mənzildə yaşamağa məcburdurlar və bu faktı birgə təsərrüfat idarə etmək kimi qiymətləndirmək hüquqi cəhətdən əsassız və qanunsuz olmaqla, onun uşaqlarını yeganə yaşayış mənbəyi olan alimentdən məhrum etmişdir. Onu da qeyd edir ki, həqiqətən də iddiaçı barışmaq üçün tədbirlər görmüş, onun üçün hədiyyə almış, eləcə də evdə özünün də istifadə etdiyi soyuducu və başqa məişət əşyaları almışdır. Amma bütün bunlar iddiaçının onunla birgə təsərrüfat idarə etməsini və uşaqların maddi tələbatlarını tam ödəməsini təsdiq edən dəlil kimi qəbul edilə bilməzdi. Bundan əlavə, məhkəmə səhvən belə bir nəticəyə gəlmişdir ki, guya o, ərizə verərək 7800 manat aliment borcundan imtina etmişdir. Bu da səhv bir nəticədir. Çünki həmin ərizədə o, yazmışdır ki, əgər iddiaçının valideynləri evi onun adına keçirərlərsə, onda aliment borcundan imtina edər. Amma iş materiallarından və iddiaçının da izahatından görünür ki, onlar evi onun adına keçirməmişlər. Bu halda onun alimentdən imtina üçün irəli sürdüyü şərt yerinə yetirilmədiyi üçün avtomatik olaraq aliment borcu qüvvədə qalmışdır. Həm də onun o ərizəsi də təsdiq edir ki, iddiaçı özü də bu qədər borcu olmasını faktiki olaraq etiraf etmişdir və ondan xahiş etmişdir ki, alimenti tələb etməsin və bunun əvəzində yaşadıqları tikilini onun adına keçirəcəklərinə söz vermişlər. Lakin məhkəmə bu incə məqama düzgün hüquqi qiymət verməmişdir. Bundan əlavə, iş mteriallarında olan alqı-satqı müqaviləsindən də görünür ki, iddiaçı atasının avtomaşınını ona bağışlamamışdır, satmışdır. Amma qətnamədə gösətrilib ki, guya iddiaçı borcun əvəzinə ona avtomaşın bağışlamışdır. Bütün bu hallar təsdiq edir ki, məhkəmə işin hallarını düzgün araşdırmamış, müəyyən edilmiş hallar üzrə səhv nəticəyə gəlmişdir. Məhkəmə bu səhvlərə yol verməsəydi, iddianın rədd edilməsi barədə qətnamə qəbul etməli idi. Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment borcunun şəxsin xəstəliyi və digər səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Məhkəmə öz qətnaməsində bu maddəni tətbiq etsə də, həmin maddi normanın məzmununda olmayan bir əsasla-guya iddiaçının bu illər ərzində onunla birgə yaşayıb ailənin və uşaqların təminatını tam ödəməsi əsası ilə iddianı təmin edərək uşaqların haqqı olan alimenti silmişdir ki, bu halda məhkəmə qətnaməsi qanunsuz və əsassız hesab edilməli və qətnamə ləğv edilərək iddia rədd edilməlidir. İddianın məzmununa görə iddiaçı sübut etməli idi ki, bu illər ərzində alimentdə göstərilən məbləğləri ona verib. Amma iddiaçı bunu sübut etmək əvəzinə öz iddiasında və məhkəmədəki izahatında yalnız onunla bir evdə yaşayaraq guya birgə təsərrüfat idarə etməsini, evə məişət əşyaları almasını və sairəni sübut etməyə çalışmışdır. Bu isə iddianın təmin edilməsi üçün kifayət edə bilməzdi. Bir evdə yaşamaq hələ birgə təsərrüfat idarə etmək deyildir. Bundan əlavə, həmin aliment ona görə yox, uşaqların saxlanılması üçün tutulur. İddiaçı onunla barışmaq üçün ona telefon alıbsa, ya da evə məişət əşyaları alıbsa, hətta lap ona maşın da bağışlayıbsa (əslində isə satmışdır), bütün bunlar ona edilib, uşaqlara yox. Uşaqlara isə qidalanmaq üçün, paltar və dərs ləvazimatları almaq üçün pul lazımdır və iddiaçı həmin pulu uşaqlara xərclədiyini və ya ona verdiyini sübut edə bilməmişdir. Bu halda sübutetmə yükünü yerinə yetirmədiyi halda məhkəmənin onun iddiasını təmin etməsi qanunsuz olmuşdur və bu əsasla da qətnamə ləğv edilərək, iddia rədd edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

17. Cavabdeh apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Həmçinin bildirdi ki, məhkəmə iclasında tədqiq olunan fotşəkillər iddiaçı ilə birlikdə yaşadıqları evdə, istirahət məkanlarında gəzintidə olarkən çəkilmişdir. O, uşaqlarına görə iddiaçı ilə birlikdə istirahət yerlərinə getmişdir. O, dayə işləyərək 470 manat əmək haqqı almış, uşaqların təminatını tək özü qarşılamışdır.

18. İddiaçı apellyasiya şikayətinə etiraz edib, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

19. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edib, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

20. Üçüncü şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin İcra məmuru bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-801/2020 saylı, xx.xx.2020-ci il tarixli il tarixli icra sənədi icraata daxil olduqdan sonra, 21 yanvar 2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edərək tərəflərə məlumat verilmiş, borclu icra şöbəsinə dəvət edilmiş, müəyyən müddət aliment ödənilmişdir. Bir müddət sonra tələbkar ərizə ilə icra qurumuna müraciət edərək aliment borcunun olduğunu bildirmiş və alimentin ödənilməsini tələb etmişdir. Lakin borclu tələbkarla birlikdə yaşadığını, uşaqların təminatlarını ödədiyini bildirmişdir. İcra materiallarında alimentin ödənilməsi barədə heç bir təsdiqedici sənəd olmadığından tələbkarın aliment ödənişləri barədə verdiyi məlumatlar nəzərə alındıqdan sonra aliment borcunun məbləği 8400 manat müəyyən edilmişdir. Tələbkarın ərizəsi əsasında aliment borcunun tutulması borclunun əmək haqqına yönəldilmişdir. İcra məmuru həmçinin bildirdi ki, icra sənədinin icrası ilə bağlı icra hərəkətlərinin aparılmamasına səbəb tələbkarın tələb etməməsi ilə əlaqədar olmuşdur. Tələbkar üç il ərzində heç bir şikayət etməmiş, aliment ödənilməsini tələb etməmişdir. İcra qurumu tərəfindən tərəflərlə dəfələrlə telefon əlaqəsi saxlanılmış, tələbkar özü də borclu ilə birlikdə yaşadığını göstərmiş, alimentin ödənilməsini tələb etməmişdir, bu səbəbdən də icra tədbirləri həyata keçirilməmişdir. Tələbkar icra qurumuna müraciət etdiyi vaxtdan icra hərəkətlərinə başlanılmış, 27 aprel 2023-cü il tarixdə borcluya xəbərdarlıq məktubu göndərilmişdir.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh qətnamənin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Odur ki, kollegiya hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli 2(060)-4271/2023 nömrəli qətnaməsi tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 17. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

23. “Uşaq hüquqları haqqında” Konvensiya: Maddə 3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün. Maddə 27. Valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.

24. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. Uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının tə min edilməsinə yönəldilir. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

25. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 107.2. Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər.

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər; Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, tərəflərin izahatı və iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə İddiaçı əsassız olaraq hesablanmış 8400 (səkkiz min dörd yüz) manat aliment borcunun ləğv edilməsi hissədə dəyişdirilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

28. Apellyasiya şikayətinə ümumilikdə hüquqi qiymət verən kollegiya hesab edir ki, apellyasiya şikayətində qeyd olunanlar şikayətin tam təmin olunması üçün əsaslı olmasa da, qismən təmin edilməsi və ləğv edilməsi nəzərdən tutulan aliment borcunun miqdarı hissəsində qətnamənin dəyişdirilməsi üçün əsaslıdır.

29. Göründüyü kimi birinci instansiya məhkəməsi iddianın təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən İddiaçı əsassız olaraq hesablanmış 8400 (səkkiz min dörd yüz) manat aliment borcunun ləğv edilməsi barədə qətnamə qəbul etmişdir.

30. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarında olan fotoşəkillərdən və flaşkartdan da görünür ki, tərəflər rəsmi qaydada nikahları pozulsada, faktiki olaraq iki il bir ünvanda yaşayaraq birgə təsərrüfat aparmışlar və həmin müddət ərzində cavabdeh tərəfindən heç bir aliment tələbi olmamış, eyni zamanda cavabdehin iş materiallarında olan ərizəsindəndə görünür ki, o, iddiaçının 7800 manat qalan aliment borcundan imtina etmişdir. Eyni zamanda iddiaçı aliment borcunun əvəzi olaraq atasına məxsus avtomaşını cavabdehə bağışlamışdır. Bu səbəbdən də, məhkəmə hesab etmişdir ki, iddia təmin edilməli və iddiaçının 8400 (səkkiz min dörd) yüz manat aliment borcu silinməlidir.

31. Birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmayan cavabdeh aliment borcunun silinməsini mübahisələndirərək apellyasiya şikayəti vermişdir.

32. Məhkəmə kollegiyası aliment borcunun silinməsi ilə bağlı tələbin əsaslı olmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Bununla yanaşı iddia tələbinin əsaslığı ilə bağlı aşağıda şərh olunanları da qeyd etməyi zəruri bilir:

33. İlk növbədə kollegiya qeyd edir ki, aliment üzrə borc dedikdə, məhkəmə qətnaməsi və ya aliment ödənilməsi barədə sazişlə faktiki ödənilmədiyi üçün yığılıb qalan borclar başa düşülür. Qanunverici aliment borcundan azad olunmanın əsaslarını müəyyən etməklə şəxsin borcdan azad olunmasını istisna etmir.

34. Göründüyü kimi iddiaçı aliment borcunun olmadığını, göstərilən aliment borcunun əsassız olaraq hesablandığını iddia edir və həmin borc məbləğindən azad olunmasını tələb edir.

35. Mülki prosessual qanunvericiliyin tələblərinə görə hər bir tərəf istinad etdiyi halları məhkəmədə sübuta yetirmək vəzifəsi daşıyır. Bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür və təqdim edilən sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan irəli gəlməlidir.

36. X14 Məhkəməsinin qərarlarından formalaran hüquqi mövqeyə görə bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin uzərinə düşür prinsipi rəhbər tutulmalıdır.

37. Araşdırılan mübahisə üzrə iddiaçı iddianın əsası olaraq cavabdehlə nikahları pozulduqdan sonra da bir evdə yaşadıqlarını, rəsmi nikah bağlamasalar da faktiki olaraq ər-arvad münasibətlərinin davam etdiyini, bir ailə kimi yaşadıqlarını və birgə təsərrüfat apardıqlarını, ailənin, o cümlədən uşaqların bütün təminatını ödədiyini, bu müddət ərzində cavabdehlə aralarında aliment ödənişi ilə bağlı heç bir mübahisə olmadığını, cavabdehin ondan aliment tələb etməməsinin onların birgə yaşaması və onun uşaqların butun tələbatlarını qarşılaması ilə əsaslandırmışdır.

38. Məhkəmə kollegiyası iddiaçının tələbinin əsası olaraq istinad etdiyi halları hərtəfli, tam, qərəzsiz və tərəflərin bərabərliyi prinsipini əməl etməklə araşdıraraq aşağıda şərh olunanları qeyd edir:

39. Birinci - icra məmuru tərəfindən məhkəməyə təqdim edilərək tədqiq edilən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-801/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə materiallardan görünür ki, icra məmurunun xx.xx.2021-cı il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanılmış, borcluya öhdəliyin icrası barədə bildiriş göndərilmişdir. Tələbkar tərəfindən yalnız 11 yanvar 2023-cü il tarixdə ərizə ilə icra qurumuna müraciət edilərək icra sənədinin icra edilməsi ilə bağlı tədbirlər görülməsi tələb edilmişdir. 12056/20 saylı İcra işi nəzərdən keçirilən zaman müəyyən edildi ki, Cavabdeh tərəfindən 11 yanvar 2023-cü il tarixədək İddiaçı tərəfindən uşaqların saxlanılması üçün alimentin verilməməsi barədə heç bir şikayəti və ya ərizəsi mövcud deyildir.

40. İkinci - göründüyü kimi məhkəmə iclasında dindirilən icra məmuru Anar Hacıyev izahatında göstərdi ki, 11 yanvar 2023-cü il tarixədək, ötən üç il müddət ərzində cavabdeh aliment öhdəliyinin yerinə yetirilməməsi ilə bağlı heç bir şikayət etməmiş, bu baxımdan aliment öhdəliyinin yerinə yetirilməsi qənaətinə gələrək borclu barədə heç bir məcburi icra tədbirləri görülməmişdir.

41. Üçüncü – kollegiya araşdırması zamanı tədqiq edilən sübutlardan (fotoşəkillər, cavabdehin izahatı və s.) görünür ki, tərəflər birlikdə yaşamışlar, birgə istirahətlərini təşkil etmiş, istirahət yerlərində olmuşlar. Məhkəmə iclasında izahat verən cavabdeh qeyd olunan xüsusatı təsdiq edərək bildirdi ki, iddiaçı ilə birlikdə yaşamışlar, istirahət yerlərinə getmişlər, o, bunu uşaqların mənafeyinə görə etmişdir. Kollegiya hesab edir ki, müəyyən edilmiş bu hal iddiaçının cavabdehlə birgə ailə kimi yaşamaları, ailə təsərrüfatının idarə edilməsinə iştirak etməsinə dair göstərdiyi halların doğruluğunu təsdiq edir. Bunun əksi cavabdeh tərəfindən sübut edilməmişdir.

42. Dördüncü – məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallardan biri də iddiaçı tərəfindən birgə yaşadıqları dövrdə ailənin ehtiyacları ilə bağlı məişət əşyasının alınması ilə bağlıdır ki, kollegiya hesab edir ki, bu fakt da özlüyündə tərəflərin birgə yaşadıqlarını və iddiaçı tərəfindən ailənin təminatının qarşılandığını göstərir.

43. Qeyd olunmalıdır ki, qanunvericilikdə sübutetmə yükü bir qayda olaraq iddiaçıya aid vəzifə olaraq göstərilsə də cavabdehin də üzərinə öz etirazının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyulmuşdur (MPM 77.1).

44. Göründüyü kimi cavabdeh iddiaya etiraz edərək iddiaçı tərəfindən ümumilikdə bir il üçün aliment öhdəliyinin yerinə yetirildiyini, daha sonra aliment ödənilmədiyini, eləcə də birgə yaşasalar da uşaqların təminatının iddiaçı tərəfindən qarşılanmadığını, o, özü tək uşaqların təlabatını təmin etdiyini göstərsə də, etirazda istinad etdiyi hallarla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

45. Məhkəmə kollegiyasının qənaətincə cavabdehin dayə işləməklə aylıq qazancının 470 manat təşkil etməsi, ötən müddət ərzində ölkə ərazisində istehlak səbətinin dəyərinin bir neçə dəfə qalxması, orta bazar qiymətləri nəzərə alınmaqla həmin məbləğlə həm özünün həm də himayəsində olan iki uşağın təminatının minimum səviyyədə belə ödənilməsinin mümkünsüz olduğu halda, iddiaçı tərəfindən uşaqların təminatının qarşılanmadığı halda üç il ərzində aliment öhdəliyinin icra edilməməsi ilə bağlı bir dəfə də olsun şikayət etməməsi, öhdəliyin icrasını tələb etməməsi inandırıcı deyildir.

46. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

47. Beləliklə, məhkəmə kollegiyası ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirərək, məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktları hərtərəfli, tam və qərəzsiz məcmuu halda tədqiq edərək bu nəticəyə gəlir ki, iddiaçının aliment borcundan azad olunması ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

48. Lakin bununla yanaşı kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi silinməli olan aliment borcunun miqdarının hesablanmasında yanlışlığa yol vermiş, həmin miqdar işin faktiki hallarına uyğun olaraq müəyyən edilməmişdir.

49. Belə ki, göründüyü kimi Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, aliment borcu aprel ayı daxil olmaqla 8400 manat təşkil edir. Nəzərə alsaq kimi alimentin tutulması məhkəmə qətnaməsinə əsasən xx.xx.2019-cu il tarixdən hesablanır, bu zaman 2023-cü ilin aprel ayı daxil olmaqla (40 ay x 300 manat) aliment borcunun məbləği riyazi hesablamaya əsasən 12000 manat təşkil edəcəkdir. Lakin işin mübahisəsiz halı olaraq müəyyən edildi ki, iddiaçı tərəfindən bir il müddət üçün aliment ödənilmişdir. Bu faktı cavabdeh tərəf təsdiq etmişdir. Belə olan halda ödənilən məbləğ 12ay x 300manat=3600 manat təşkil edəcəkdir. Eyni zamanda tərəflərin izahatı, toplanmış sübutlarla müəyyən edildi ki, tərəflər məhkəmə qətnaməsinə əsasən xx.xx.2021-ci il tarixdə boşansalar da 2023-cü ili aprel ayınadək birlikdə yaşamışlar. Bununla yanaşı yenə də iş materialları ilə müəyyən edilir ki, cavabdeh xx.xx.2023-cü il tarixdə icra idarəsinə müraciət edərək aliment öhdəliyinin yerinə yetirilməsini tələb etmişdir. Kollegiya uşaqların mənafeyi, mübahisənin ədalətli həlli baxımından hesab edir ki, iddiaçının tərəfindən uşaqların təminatının ödənilməməsi müddəti həmin tarixdən (2023-cü ilin yanvar ayından) hesablanmalıdır. Belə olan halda 2023-cü ilin yanvar ayından 2023-cü ili aprel ayınadək ödənilməli aliment borcu 1200 manat təşkil edəcəkdir.

50. Bu şərh olunan xüsusatlar nəzərə alınmaqla kollegiya hesab edir ki, iddiaçının azad olunmalı aliment borcunun miqdarı (12.000-3600=8400manat; 8400-1200 manat= 7200manat) 7200 manat təşkil edir.

51. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

52. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq yuxarıda şərh olunanlara əsasən şikayətin dəlillərini məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsassız hesab edir.

53. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi aliment borcunun miqdarı hissədə dəyişdirilərək silinməli olan aliment borcunun miqdarı 7200 manat müəyyən edilməlidir. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

54. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.3, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli 2(060)-4271/2023 nömrəli qətnaməsi - Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən İddiaçı əsassız olaraq hesablanmış 8400 (səkkiz min dörd yüz) manat aliment borcu ləğv edilsin – hissədə dəyişdirilsin, həmin məbləğ 7200 (yeddi min iki yüz) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar