Məhkəmə qərarları › İş №2(105)-2394/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2394/2021

15.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2394/2021 15.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1 iştirakı ilə Quba Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2(027)-964/2021 saylı qətnaməsindən İddiaçı verdiyi apelyasiya şikayətinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Quba Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2(027)-964/2021 saylı qətnaməsi ilə (hakim R.T.Həsənov) İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verib, Quba Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2(027)-964/2021saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, X5 ilə 18 dekabr 2007-ci il tarixli nikahlarından dünyaya gəlmiş 14 fevral 2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X3 nənəsi Cavabdeh 200 manat məbləğində aliment tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, X5 ilə 2001-ci ilin iyul ayında eladəti üzrə ailə həyatı qurmuş və nikahlarını 18 dekabr 2007-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından 29 mart 2003-cü il tarixdə X4, 14 fevral 2005-ci il tarixdə isə X6 anadan olmuşdur. Quba Rayon Məhkəməsinin 2(027)-939/2012 saylı, 30 oktyabr 2012-ci il tarixli qətnaməsi ilə aralarında bağlanmış 18 dekabr 2007-ci il tarixli nikah pozulmuş, birgə nikahlarından doğulmuş 29 mart 2003-cü il təvəllüdlü X4 və 14 fevral 2005-ci il təvəllüdlü X6 onun yanında saxlanılmış, 29 mart 2003-cü il təvəllüdlü Nərmin və 14 fevral 2005-ci il təvəllüdlü Cəmilin yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh X2 hər uşaq üçün hər ay 50 manat olmaqla, cəmi 100 manat məbləğində alimentin alınaraq ona verilməsi müəyyən edilmişdir. R.M.Aslanov aliment borcunu ödəmədiyi üçün Quba Rayon Məhkəməsinin 1(027)-80/2020 saylı, 09 sentyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hazırda R.M.Aslanovun aliment borcu 8000 manat məbləğində təşkil edir. Onun 29 mart 2003-cü il təvəllüdlü qızı X4 artıq yetkinlik yaşına çatmışdır. Lakin qət edilmiş aliment məbləğini Rəməş Aslanov hələ də ödəməmişdir. Bu illər ərzində Rəməş Aslanov uşaqlara baxmağa heç bir köməklik etməmişdir. Ona görə də uşaqların nənəsi Cavabdeh aliment alınması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsi 04 may 2021-ci il tarixli qətnaməni qəbul edərkən maddi və posessual qanunvericiliyinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada tərəflərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialları ilə müəyyən olur ki, İddiaçı və X5 2001-ci ilin iyul ayında eladəti üzrə ailə həyatı qurmuş və nikahlarını 18 dekabr 2007-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından 29 mart 2003-cü il tarixdə X4, 14 fevral 2005-ci il tarixdə isə X6 anadan olmuşdur. Quba Rayon Məhkəməsinin 2(027)-939/2012 saylı, 30 oktyabr 2012-ci il tarixli qətnaməsi ilə aralarında bağlanmış 18 dekabr 2007-ci il tarixli nikah pozulmuş, birgə nikahlarından doğulmuş 29 mart 2003-cü il təvəllüdlü X4 və 14 fevral 2005-ci il təvəllüdlü X6 onun yanında saxlanılmış, 29 mart 2003-cü il təvəllüdlü Nərmin və 14 fevral 2005- ci il təvəllüdlü Cəmilin yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh X2 hər uşaq üçün hər ay 50 manat olmaqla, cəmi 100 manat məbləğində alimentin alınaraq ona verilməsi müəyyən edilmişdir. Quba Rayon Məhkəməsinin 1(027)-80/2020 saylı, 09 sentyabr 2020-ci il tarixli hökmü ilə X5 Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib, 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, 130 manat sosial müaviət aldığını, həyat yoldaşının xəstə olduğunu, iddiaçının uşağı ona göstərmədiyini qeyd edərək iddianın təmin edilməməsini xahiş etmişdir. Hazırda İddiaçı himayəsində olan bir nəfər azyaşlı uşağın saxlanılması üçün keçmiş əri X2 aliment ala bilmədiyinə istinad edib onun anası, yəni keçmiş qayınanası Cavabdeh aliment tələb edir. Azərbaycan Respublikası Konstıtusiyasının 17-ci maddəsinin İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbryə etmək valideyinlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin İV-cü bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin etdirilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1 və 78.2-ci maddələrinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəmdəyişən olarsa, ya da qazancı (gəliri) natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 17-ci bəndinin mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideyinləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideyinlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideyinlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarından görünür ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Göründüyü kimi istinad olunan qanunvericilik aktlarının əsas istiqaməti ona yönəlmişdir ki, heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 89-cu maddəsinə əsasən yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Qeyd edilən maddi hüquq normasının tələbindən də, göründüyü kimi baba və nənə nəvələrinə o halda aliment ödəmək vəzifəsi daşıyır ki, onların zəruri vəsaitləri olsun. İddiaçı cavabdehin zəruri vəsaitə malik olması və əlavə gəlirləri barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmiş, tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası işin hallarına və tərəflərin qarşılqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. İddiaçı apelyasiya şikayətinin dəlillərini təsdiq edən və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsinə dair heç bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutlarla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Azərbaycan Respublikası MMP-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən, apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də apelyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402- 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı verdiyi apelyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2(027)-964/2021saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar