Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2398/2020 14.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Siyəzən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim B.R.Ələkbərov) İddiaçı Cavabdeh qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiasının əsassız olduğundan təmin edilməməsi, iddia tələbi üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun İddiaçı özünə aid edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənəvi zərər olaraq 5000 manat pulun cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh həmkəndlisidir. Təxminən 7-8 il bundan əvvəl cavabdehlə birlikdə toyuq saxlamışlar. Belə ki, o, cavabdehin həyətində onun vəsaiti ilə alınmış cücələri saxlayıb böyütmüş, əldə olunmuş gəliri isə aralarında bölmüşlər. 2019-cu ildə də cavabdehin evinin bünövrə işlərini görmüş, lakin sonuncu ona dəfələrlə müraciət etməsinə baxmayaraq, 300 manat zəhmət haqqını ödəməkdən imtina etmişdir. Bundan əlavə, xx xxxxxx 2019-cu il tarixdə cavabdehin Sevər və Sara adlı qızları ailə üzvləri ilə birlikdə yaşadığı Siyəzən rayonu, Qara Siyəzən kəndində yerləşən evinə gələrək onu və arvadı Mehparə Əliyevanı söyüb təhqir etmişlər. xx xxxxxx 2019-cu il tarixdə isə cavabdehin Həvva adlı qızının istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən Kənan adlı şəxs ona zəng edərək pulunu Cavabdeh tələb etdiyinə görə ona hədə-qorxu gəlmişdir. Lakin, bu müddət ərzində nə cavabdehin özü ilə qarşılaşmış, nə də sonuncu onu telefon vasitəsilə təhqir etmişdir. Cavabdehin ailə üzvləri tərəfindən təhqir olunmasını bütün kənd əhalisi bilir. Belə ki, cavabdehin qızları evinin darvazası üzərinə onun barəsində təhqiramiz sözlər yazmışdılar. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh onun şərəf və ləyaqətinə xələl gətirmişdir. Mənəvi zərərin ödənilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2008-ci il tarixli qərarında açıqlama vermişdir. Lakin məhkəmə bunları nəzərə almamışdır. Siyəzən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(059)-143/2020 saylı qətnaməsini ləğv edilməsini və iddianın təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh məhkəməyə teleqram göndərərək, apellyasiya şikayətinin dəlillərini qəbul emədiyini və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərkən, cavabdeh tərəfindən iddiaçıya mənəvi ziyanın vurulmasının sübuta yetirilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İşdə olan Siyəzən rayon Polis Şöbəsinin xx xxxxxx 2020-ci il tarixli, 1xx-xx-1120 saylı və xx xxxxxx 2020-ci il tarixli, 183-962-1220 saylı məktublarının surətlərindən görünür ki, iddiaçının şikayəti əsasında toplanmış materialda cinayət və inzibati xətanın tərkibi olmamışdır. Bununla belə, iddiaçıya şərəf və ləyaqətinin müdafiəsi ilə bağlı mülki qanunvericiliyin tələblərinə uyğun təhqir olunması barədə rayon məhkəməsinə müraciət etmək hüququ izah olunmuşdur. İşə əlavə olan xx xxxxxx 2020-ci il tarixli qəbzdən görünür ki, İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Bu mənada məhkəmə iclasında iddiaçının izahatı, eləcə iş materiallarında olan digər mötəbər sübutlarla müəyyən edildi ki, iddiaçı mülki qanunvericiliyin tələblərini pozmaqla Cavabdeh hazırkı tələb üzrə cavabdeh qismində cəlb etdiyindən, o cümlədən sonuncu cavab verməli şəxs olmadığından ona münasibətdə iddia tələbinin təmin edilməsi istisna edilir. Belə ki, məhkəmə Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin İ və İİ hissəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Bu Məcəllənin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Beləliklə, sübutların tədqiqi zamanı iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, o cümlədən Cavabdeh hüquqla və ya qanunla müdafiə edilən İddiaçı qarşı sonuncuya birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əmələ yol verməsi məhkəmə iclası zamanı öz təsdiqini tapmamışdır. Çünki, iddiaçının özü də, məhkəmə iclasında cavabdehin xeyrinə iş gördükdən sonra görülmüş işin pulunu tələb etsə də, onunla qarşılaşmadığını, bu və ya digər formada əlaqə saxlamadığını, əksinə cavabdehin birbaşa özü yox ailə üzvləri tərəfindən qanunsuz hərəkətlərə məruz qaldığını etiraf etmişdir. Belə olan təqdirdə cavabdeh iddiaçı qarşısında mülki hüquq məsuliyyəti daşıya bilməz. Bununla da, hazırda Cavabdeh tərəfindən İddiaçı qanunla qorunan hüquqlarının və maraqlarının pozulması halı müşahidə edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə görə iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Siyəzən Rayon Məhkəməsinin bu iş üzrə xx xxxx 2020-ci il tarixli 2(059)-143/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-2398/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2398/2020
14.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver