Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2399/2020 28.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, İddiaçı: İddiaçı, İddiaçının vəkili: X1, Cavabdehin nümayəndəsi: X3 iştirakları ilə, İddiaçı cavabdeh Şamaxı rayon Dəmirçi Bələdiyyəsinə qarşı müqavilə üzrə ödənilməmiş əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi A.M.Şükürov tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim E.Z.Hümbətov) iddianın təmin edilməsi, İddiaçı 6333,54 manat ödənilməmiş əmək haqqı cavabdeh Şamaxı rayonu Dəmirçi Bələdiyyəsindən alınaraq İddiaçı (Kapitalbankdakı hesabına köçürülsün) verilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı cavabdeh Şamaxı rayon Dəmirçi kənd Bələdiyyəsinə qarşı müqavilə üzrə ödənilməmiş əmək haqqının ödənilməsi tələbinə dair iddia qaldıraraq, cavabdeh Dəmirçi bələdiyyəsinin üzərinə vəzifə olaraq ona çatası 6333,54 manat məbləğində 2 illik əmək haqqının onun Kapitalbankdakı hesabına köçürülməsini təmin etməklə 2 illik əmək haqqının ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2015-ci ilin yanvar ayının 27-dən 2020-ci ilin yanvar ayının 15-nə kimi Dəmirçi bələdiyyəsinin sədri vəzifəsində işləmişdir. 2019-cu ildə keçirilən seçkilər zamanı bələdiyyə üzvü seçilməmişdir. Seçkilərdən bir az əvvəl bələdiyyənin maaş alan üzvləri və texniki işçilərinin əmək haqqları poçta köçürülmüşdü, lakin pulu poçt şöbəsi hansı səbəbdənsə buraxmadı. Sonra isə bələdiyyə seçkiləri oldu X4 bələdiyyənin sədri oldu. Yanvar ayından bələdiyyələr fəaliyyətə başlamışlar. Dəfələrlə hesablanmış, lakin onlara ödənilməmiş 2 illik əmək haqqlarının əmək haqqı kartınıza köçürülməsini xahiş etmiş, lakin indiyə kimi bir nəticəsi olmamışdır. Bələdiyyəyə rəsmi olaraq müraciət etmiş, ona cavab vermişlər ki, araşdırılır. Başa düşə bilmir ki, nə araşdırılır. Maaşları hesablanıb, 2018-ci il üzrə onun 3143,94 manat, 2019-cu il üzrə 3189,60 manat əmək haqqı ödənilməmiş qalır. Bələdiyyə sədri həmin pulu bələdiyyənin poçtdakı hesabından kartına köçürməlidir, lakin köçürmür. Qəsdən bunu etmək istəmir. Çünki, onun atasını və qohumunu özbaşına torpaq zəbt etdiklərinə görə məhkəməyə vermişdir. Qardaşını isə əkdiyi taxıl sahəsinin hektarını azaltdığına və əkin növünü dəyişdiyinə görə məhkəməyə vermişdir. Bu səbəbdən Ariz maaşları buraxmır. Amma bu əmək haqqıdır. Heç kəsin haqqı yoxdur ki, əmək haqqını saxlasın. Əmək haqqı ödənilməlidir. Bundan əlavə Dəmirçi bələdiyyəsinə qarşı məhkəmədə ödənilməmiş əmək haqqının alınması barədə qaldırdığı iddia tələbilə bağlı cavabdehin nümayəndəsi A.Şükürov Bələdiyyə üzvlərinin iclasını çağırmadan, ərizə müzakirə edilmədən təkbaşına məhkəməyə etiraz ünvanlamışdır. Etirazda göstərilənlər iddiaya cavab deyil. Ərizədə hesablanmış, poçta köçürülmüş, lakin subyektiv səbəblər üzündən ləngidilərək verilməmiş əmək haqqları tələb edilir. Bu barədə müvafiq orqanlara şikayət olunub, orada araşdırma aparılır. Burada isə söhbət ödənilməmiş əmək haqqı məbləğindən gedir. Etirazda göstərilir ki, guya o, bələdiyyə sədliyindən çıxarkən ona heç bir sənəd təhvil verməmişdir. Həmin təhvil təslim aktlarının ikinci nüsxələri var. 2018-2019-cu illərə dair tabel və maaş cədvəllərini cavabdehə təhvil vermişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdehin nümayəndəsi A.M.Şükürov apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, keçmiş bələdiyyənin maaşların alınmaması barəsində yeni seçilmiş bələdiyyədə heç bir hüquqi akt və protokol yoxdur. Hətta İddiaçı təhvil-təslim prosesindən məqsədli şəkildə yayınmağa çalışmış və prosesi ləngitmişdir. Təhvil-təslim prosesində əmək haqqının alınmaması barəsində heç bir akt tərtib olunmamış və yeni bələdiyyənin üzərinə heç bir öhdəlik qoyulmamışdır. 2018-2019-cu illər ərzində "Nağdsız hesablaşmalar haqqında” xx.xx.2016-eı il tarixli Azərbaycan Respublikası Qanunu kobud şəkildə pozulmuşdur. Əmək Məcəlləsinin 172 maddəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq illik dövr üçün hesablanan işçilərə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Əlavə olaraq Əmək Məcəlləsinin 178-ci maddəsinə əsasən birinci növbədə işçilərin əmək haqqı, sosial müdafiə xarakterli bütün ödəmələri, o cümlədən istifadə etmədiyi məzuniyyətə görə pul əvəzi və s.verilməlidir. Qanunun tələblərinə baxmayaraq 1520.2 manat yanacaq xərci, şəxsi telefon və internet üçün 459.2 manat abunə haqqı və s. əmək haqqına aid olmayan xərclər əsas tutularaq nağd şəkildə 4400 manat vəsait İddiaçı tərəfindən çıxarılmışdır. Əlavə olaraq İddiaçı Bələdiyyə mülkiyyətində olan torpaqlardan aldığı icarə haqqları rəsmiləşdirilmədən mənimsəmiş, bələdiyyə mülkiyyətinə, aid olan NİVA markalı avtomobili yararsız vəziyyətə salaraq əsas ehtiyat hissələrini mənimsəmiş, vəzifə səlahiyyəti tərəfindən sui-istiladə edərək 2 hektara yaxın perspektiv ərazini çəpərləmişdir. Bələdiyyə ilə alqı-satqı ilə əldə eldiyi 98 ha torpaq sahəsi üçün 13 il ərzində bələdiyyəyə heç bir vergi ödəməmişdir. Bu və digər məsələlər barədə Şamaxı rayon prokurorluğuna rəsmi müraciət olunmuşdur. Məhkəmə qətnamədə göstərir ki, cavabdeh tərəfindən iddiaçıya xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək 24 ay olan müddət ərzində əmək haqqı hesablanmış, yəni 2018-ci il üzrə 3144,24 manat və 2019-cu il üzrə 3189,6 manat əmək haqqı hesablansa da iddiaçının həmin pulu alması barədə cavabdeh tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bələdiyyə sənədlərinin təhvil verilməsi ilə bağlı 22, 24 yanvar və xx xxxxxx 2020-ci il tarixli təhvil-təslim aktlarında alınmamış əmək haqqı barədə hər hansı bir bənd yoxdur. Əgər əmək haqqı borcu qalmışdırsa bu hal həmin aktlarda göstərilməli idi. Göstərilən dövrdə Bələdiyyənin sədri iddiaçı olmuşdur. İddiaçı tərəfindən məhkəməyə Bələdiyyənin sədri olduğu dövrdə əmək haqqını 2 il ərzində almaması barədə hər hansı bir sübut təqdim edilməmişdir. Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(074)-362/2020 saylı qətnaməsinin ləğv edilməsi və iş üzrə iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdehin nümayəndəsi A.M.Şükürov apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi, apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçı və vəkili F.M.İsgəndərov apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, iddia ərizəsinə uyğun izahat verib, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin edərkən, iddiaçının işlədiyi dövrdə əmək haqqı almamasının sübuta yetirilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin nümayəndəsi A.M.Şükürovun apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Şamaxı rayon Dəmirçi kənd Bələdiyyəsinin 2018-ci il üzrə İddiaçı ödəniləcək və ödənilmiş əmək haqqının hesabatı sənədindən görünür ki, ona 2018-ci il üzrə 12 X 262,02=3144,24 manat təşkil edir. İddiaçı əmək haqqını alması barədə həmin sənəddə hər hansı bir imza və qeyd yoxdur. İşə əlavə olan Şamaxı rayon Dəmirçi kənd Bələdiyyəsinin 2019-cu il üzrə İddiaçıluna ödəniləcək və ödənilmiş əmək haqqının hesabatı sənədindən görünür ki, ona 2019-cu il üzrə 12 X 265,80=3189,6 manat təşkil edir. İddiaçı əmək haqqını alması barədə həmin sənəddə hər hansı bir imza və qeyd yoxdur. İş materiallarında olan Şamaxı rayon Dəmirçi Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli ümumi iclasının 01 saylı protokolundan görünür ki, A.M.Şükürov Şamaxı rayonu Dəmirçi Bələdiyyəsinin sədri seçilməsi qərara alınmışdır. İşin araşdırılmış hallarından müəyyən olundu ki, İddiaçı Şamaxı rayon Dəmirçi Bələdiyyəsinin sədri vəzifəsində işlədiyi 2018-2019-cu illər üzrə yəni 24 ay müddət ərzində əmək haqqı almamışdır. Cavabdeh tərəf iddiaçının əmək haqqı almamasını onun qanun pozuntularına yol verərək işləməsi ilə əsaslandırmışdır. İş materiallarına əlavə olunmuş sənədlər daha təsdiq edir ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək (24 ay) olan müddət ərzində əmək haqqı hesablanmış, yəni 2018-ci il üzrə 3144,24 manat və 2019-cu il üzrə 3189,6 manat əmək haqqı hesablansada iddiaçının həmin pulu alması barədə cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1 və 77.3-cü maddələrinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Məhkəmə kollegiyası iclası zamanı A.Şükürov bildirmişdir ki, İddiaçı əmək haqqının ödənilməsi barəsində iddiasını qəbul edir, iddiaçının və digər qulluqçuların da əmək haqları verilmədiyi üçün, əmək haqqını hissə-hissə ödəməyə hazırdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır, apellyasiya şikayəti isə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin bu iş üzrə xx xxxx 2020-ci il tarixli 2(074)-362/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-2399/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2399/2020
28.09.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver